Azərbaycan və Türk Diaspor Təşkilatlarının Koordinasiya Şurası

 

Qardaş ölkələrin diasporları arasında körpü

 

Müasir tarixi situasiya, dünyada baş verən bir sıra mühüm geosiyasi hadisə və proseslər, milli-mədəni inkişaf tendensiyaları, qloballaşmanın nəticələri Türk xalqları arasında əməkdaşlığın möhkəmləndirilməsini və davamlı inkişafını şərtləndirən əsas amillər kimi çıxış etməkdədir. Təqdirəlayiq haldır ki, xalqlarımız bu tarixi zərurəti layiqincə qiymətləndirərək, qarşılıqlı əlaqələrini inkişaf etdirir, siyasi, iqtisadi, sosial-mədəni və digər sahələrdə tərəfdaşlığı dərinləşdirməyə çalışır, ən mühüm strateji məsələlərdə bir-birini cəsarətlə dəstəkləyirlər. Son illərdə Türkdilli xalqların diaspor təşkilatları da bu prosesdə fəal iştirak edirlər.

2007-ci ilin mart ayında Bakı şəhərində keçirilmiş Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin I Forumu iki qardaş xalqın tarixində mühüm hadisə olmaqla, diasporların həyatında yeni bir səhifə açmışdır. Forumun qəbul etdiyi qərarlar Azərbaycan və Türk xalqlarının yalnız vahid etnomilli mədəniyyətə və tarixə deyil, həm də ortaq strateji maraqlara malik olduğunun parlaq təsdiqi olmuşdur. 2007-ci ilin noyabr ayında Bakı şəhərində keçirilmiş Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayı Azərbaycan və Türk xalqları arasında əməkdaşlığın daha geniş coğrafiyanı əhatə etdiyini, digər türkdilli xalqların da bu əməkdaşlıq zəncirinə daxil olduğunu göstərdi.

Məhz həyata keçirilən düzgün siyasətin nəticəsidir ki, müasir dövrümüzdə Azərbaycan və türk diasporları arasında genişlənən əməkdaşlıq hər ötən gün yeni bir mərhələyə qədəm qoyur. Müntəzəm olaraq iki ölkənin diaspor təşkilatlarının birgə keçirdiyi görüş qarşıdakı hədəflərin müəyyənləşdirilməsi, ümummilli maraqlar istiqamətində birgə addımların atılması üçün yaxşı imkanlar yaradır. İki ölkənin diaspor təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsində Azərbaycan və Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının mühüm əhəmiyyəti var. Məlumat üçün qeyd edək ki, Azərbaycan və Türk Diaspor Təşkilatlarının Koordinasiya Şurasının iclası 2008-ci il, mart ayının 27-də Almaniyanın paytaxtı Berlin şəhərində baş tutub. Azərbaycan Respublikası prezidenti İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan və Türk Diaspor Təşkilatları Rəhbərlərinin 2007-ci ilin mart ayında Bakı şəhərində keçirilmiş I forumunun Bakı Bəyannaməsinə uyğun olaraq keçirilən iclasda Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi məsələlər şöbəsinin müdiri cənab Əli Həsənov, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurası İdarə Heyətinin sədri, Azərbaycan  Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov, eləcə də millət vəkilləri iştirak ediblər. Toplantıya Azərbaycan və Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının üzvləri, o cümlədən Azərbaycan, Türk, İraq türkmənləri, Ahıska, Şimali Kipr türklərinin  nümayəndələri də qatılıb.  Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov toplantıda çıxışı zamanı yeni tarixi mərhələdə – qloballaşma proseslərinin vüsət aldığı, xalqlar arasında qarşılıqlı inteqrasiyanın zərurətə çevrildiyi müasir dövrümüzdə Azərbaycan və türk diasporları qarşısında duran vəzifələr haqqında danışıb.  O, bu gün Türk dünyasının qarşısında – torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi, Şimali Kiprin beynəlxalq təcriddən çıxarılması, İraq türkmənlərinin hüquq və azadlıqlarının bərpası, Ahıska türklərinin öz tarixi  Vətəninə qayıdışı və digər taleyüklü problemlərin dayandığını, bu problemlər barədə dünya ictimaiyyətinin məlumatlandırılması, onların həllinə nail olmaq üçün beynəlxalq aləmdə yeni etibarlı tərəfdaşların tapılmasında diasporların da önəmli rola malik olduğunu söyləyib.

Nazim İbrahimov qeyd edib ki, Azərbaycan və türk icmaları yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirak etməlidir ki, burada söz sahibi olsunlar, Azərbaycanın, Türkiyənin və digər türkdilli ölkələrin problemlərini həmin ölkələrin gündəminə çıxara bilsinlər, qarşılıqlı münasibətlərin inkişafında iştirak etsinlər. Eyni zamanda diasporlarımız ölkələrimizin iqtisadi inkişafına da töhfə vermək imkanına malikdirlər və bu imkanlardan istifadə etməyin səmərəli yollarını tapmaq zəruridir.

Azərbaycan və Türk Diaspor Təşkilatlarının Koordinasiya  Şurasının Berlin toplantısının yekunu olaraq bəyannamə qəbul edildi ki, bu da iki ölkənin diaspor təşkilatlarının gələcəkdə birgə əməkdaşlığı üçün gözəl zəmin yaradırdı. Bəyannamədə yer alan müddəalar belə deməyə əsas verir. Sənəddə qeyd olunurdu ki, Azərbaycan və Türk diaspor təşkilatları Koordinasiya Şurasının 2008-ci ilin mart ayının 27-də Berlin şəhərində keçirilən illik iclasının iştirakçıları Türkdilli xalqlar və onların diasporları arasında əlaqələrin inkişafı sahəsində nəzərə çarpan müsbət tendensiyaları yüksək qiymətləndirirlər. Koordinasiya Şurası Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin I Forumunun Bakı Bəyannaməsinin, habelə həmin forumda qəbul olunmuş «Azərbaycan və Türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası»nın müddəalarını; Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayının qərarlarını; türkdilli dövlətlərin ortaq strateji maraqlarını; dünyada, xüsusilə də türkdilli xalqların yaşadığı regionlarda cərəyan edən mürəkkəb geosiyasi proseslərin hazırkı nəticələrini və mümkün inkişaf istiqamətlərini; yeni tarixi şəraitdə türkdilli xalqların qarşısında duran mühüm sosial, siyasi, ideoloji vəzifələri dərindən dərk edir, bu istiqamətdə ardıcıl fəaliyyətini davam etdirməyi qarşıya məqsəd qoyur. Bəyannamədə Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayında irəli sürülmüş Azərbaycan və Türkiyə Parlamentlərarası Assambleyasının yaradılması təşəbbüsü dəstəklənir, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayında səsləndirdiyi Türk dünyasının birliyi haqqında bəyanat yüksək qiymətləndirilir. Sənəddə Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı idi. Bildirilirdi ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi faktının beynəlxalq birliyə çatdırılması üçün türkdilli xalqların diaspor təşkilatları tərəfindən daha qətiyyətli, ardıcıl, müasir təbliğat texnologiyaları əsasında tədbirlər görülməsi vacibdir. İclasda Azərbaycan və Türk diaspor təşkilatları arasında əməkdaşlığın inkişafı sahəsində görülmüş işlər qənaətbəxş hesab edilir, bununla yanaşı, bu əməkdaşlığın inkişaf etdirilməsi üçün aşağıdakı tədbirlərin görülməsi məqsədəuyğun hesab olunur. Xarici ölkələrdə yaşayan azərbaycanlıların və türklərin ictimai-siyasi fəallığının artırılması üçün Koordinasiya Şurasına üzv təşkilatlar tərəfindən xüsusi proqramların hazırlanması və növbəti forumda müzakirəyə çıxarılması da toplantı iştirakçıları tərəfindən məqsədəuyğun hesab edilir. Həmçinin Avropanın mərkəzi şəhərlərindən birində türkdilli xalqların tarixi və mədəniyyətini nümayiş etdirən muzeyin yaradılması barəsində Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayında qəbul olunmuş qərarın həyata keçirilməsi istiqamətində Azərbaycan və Türk icmalarının fəaliyyətinin səfərbər edilməsi sənəddə öz əksini tapır. Azərbaycan və Türk Diaspor Təşkilatlarının Koordinasiya Şurasının Berlin toplantısının qəbul etdiyi qərarların icrası istiqamətdə görülən işləri təftiş etmək, qarşıda duran növbəti vəzifələri müəyyənləşdirmək məqsədilə bir il sonra şuranın növbəti iclası keçirilir. 2009-cu il, noyabrın 21-22-də  Almaniyanın Frankfurt şəhərində baş tutan toplantı Avropa Azərbaycanlıları Konqresi ilə birgə təşkil edilir. Həmin dövrdə Diasporla İş üzrə Dövlət Komitəsi Avropa Azərbaycanlıları Konqresinin və Avropanın müxtəlif ölkələrindəki türk icmalarının Dövlət Komitəsinə ünvanladığı müraciətləri nəzərə alaraq belə bir tədbirin keçirilməsi təşəbbüsü ilə çıxış edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən ikigünlük toplantıda Avropa Azərbaycanlıları Konqresi və Azərbaycan–Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının üzvləri ilə yanaşı Azərbaycanın dövlət rəsmiləri və millət vəkilləri də iştirak edib. Avropa Azərbaycanlıları Konqresi və Azərbaycan–Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının iclası üç paneldən ibarət olub. Birinci panel “Azərbaycan -Türkiyə: Ortaq, Tarix, Ortaq Maraqlar və Ortaq problemlər”, ikinci panel  “Azərbaycan və Türkiyənin Qloballaşan Dünyada İnteqrasiyası: Reallıqlar, Problemlər və Perspektivlər”, üçüncü panel isə  “Azərbaycan və Türk Diaspor Təşkilatlar Arasında Əməkdaşlıq Müasir İnkişaf Səviyyəsi və Perspektivləri” adlı mövzularda keçirilən müzakirələrlə yadda qalıb.

Avropa Azərbaycanlıları Konqresi və Azərbaycan və Türk Diaspor Təşkilatlarının Koordinasiya Şurasının toplantısı çərçivəsində “Avropa Azərbaycan İnformasiya Mərkəzi”nin təqdimat mərasimi də keçirilib. Bu mərkəzin yaradılması barədə ideyanı və layihəni Benilüks Azərbaycanlıları Konqresi irəli sürüb. Belə bir mərkəzin yaradılması Avropadakı Azərbaycan diasporunun təbliğat imkanlarını genişləndirməyə xidmət edir. Mərkəz ölkəmizin tarixi və bu günkü reallıqları haqqında əsasən avropalılara informasiya ötürməklə məşğul olur.

Avropa Azərbaycanlıları Konqresi və Azərbaycan–Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının birgə toplantısı çərçivəsində həmçinin Avropa Azərbaycan Qadın Təşkilatları Birliyinin Təşəbbüs Qrupu yaradılıb. Avropa ölkələrində yaşayan azərbaycanlı xanımlar Azərbaycan mədəniyyətini, ədəbiyyatını, incəsənətini, milli adət-ənənələrini təbliğ etmək üçün bir araya gələrək belə bir qurum yaratmaq təklifi ilə çıxış ediblər.

 

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

 

Olaylar.- 2012.- 26 sentyabr.- S.15.