Diasporalobbi fəaliyyətini uğurla həyata keçirən qurum

 

Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu

 

Azərbaycan diasporasının inkişafı və lobbi quruculuğu istiqamətində təkcə Diasporla İş üzrə Dövlət Komitəsi deyil, eləcə də ayrı-ayrı qeyri hökumət təşkilatları, gənclər qurumları uğurlu fəaliyyət göstərir, bu sahənin inkişafına öz töhfələrini verirlər. Belə çoxsaylı təşkilatlardan biri də (ASAİF)-Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumudur. 2001-ci ildən başlayaraq Azərbaycanda xaricdə təhsil alan gəncləri bir araya toplamaq məqsədi ilə illik yay forumları keçirən ASAİF-in ilk yarandığı gündən müxtəlif adları olmuşdur. 2010-cu ildə artıq 8-cisi keçirilən illik yay forumunda təşkilatın adı “ASAİF – Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu olaraq qərarlaşdırılmışdır. Hər zaman xaricdə təhsil alan və məzun olmuş gəncləri bir araya toplamaq, onları ortaq azərbaycançılıq dəyərləri ətrafında birləşdirmək məqsədi daşıyan təşkilat 2010-cu ildə fəaliyyətini rəsmiləşdirmək və strukturlaşmaq qərarına gəlmişdir. Bu məqsədlə 2010-cu il, sentyabrın 15-də ASAİF-in təsis toplantısı təşkil edilmişdir. Toplantıda dünyanın 15 müxtəlif ölkəsindən onlarla gənc iştirak etmişdir.

Xaricdə Təhsil Almış və Məzun Olmuş Azərbaycanlı Tələbələrin Beynəlxalq Forumu şəbəkələşmə istiqamətində də fəaliyyətini çox uğurla qurub və ötən müddət ərzində bu istiqamətdə bir sıra nailiyyətlərə imza atıb. Formalaşmağa başladıqdan bugünədək ASAİF təşkilatı daha uğurlu təqdimat və fəaliyyət üçün istər Azərbaycanda, istərsə də böyük Avropa paytaxtlarında təşkil edilmiş müxtəlif şəbəkələşmə görüşlərində Azərbaycan gənclərinin gündəlik məsələlərilə əlaqəli olan görüşlərin əsas təşkilatçısı kimi fəaliyyət göstərmişdir. Fəaliyyət dövrü ərzində  ASAIF təşkilatı Brüssel, Berlin, Strasburq, London, Afina, İstanbul, Waşinqton, Paris və s. kimi şəhərlərlə yanaşı 2010-uncu ilin avqust ayında, xaricdə oxuyan gənclərin 8-ci görüşünü Azərbaycanın paytaxtında keçirmişdir. Sözügedən tədbirin şəbəkələşmə və təcrübə mübadiləsi prosesində 32 ölkədən 200-dən çox azərbaycanlı gənc iştirak etmişdir. ASAIF forumlarının iştirakçıları Amerika Birləşmiş Ştatlarından başlayaraq Yaponiyaya qədər fərqlənən müxtəlif dünya ölkərinin ən qabaqcıl universitetlərini tələbə olaraq təmsil etmişlər. ASAİF təşkilatı dünyanın ən qabaqcıl universitetlərində təhsillərini davam etdirən və məzun olmuş Azərbaycanlı gənclərin şəbəkələşməsində əvəzsiz xidmət göstərmişdir. Bu görüşlərin məntiqi nəticəsi və tələbi olaraq isə ASAİF təşkilatının rəsmi qeydiyyatı və davamlı fəaliyyəti baş tutmuşdur. Bu zaman ərzində Azərbaycan, onun mədəniyyəti və dəyərləri haqqında dünya ictimaiyyətini məlumatlandırmaq prosesinə ASAİF öz töhvələrini vermişdir. ASAIF Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən praktiki müzakirə və fikirlər üçün isə ən önəmli görüş yeri olaraq özünü sübut etmişdir.  Bu səbəbdən, 2010-cu ilin dekabr ayında ASAIF hökumət rəsmiləri ilə birlikdə London, Paris və İstanbul şəhərlərində oxuyan Azərbaycan tələbələrilə onların elmi üstünlüklərinə verilən qiyməti nümayiş etdirmək üçün görüşmüş və ölkəmiz uğruna daha faydalı fəaliyyətə dəstək göstərmək üçün bir araya toplaşmışdır. Bütün bunlarla yanaşı ASAİF uğurlu hazırlıqlar sonrası gənclər üçün şəbəkələşmə strategiyası hazırlamış və gələcək Amerika, Avropa və Asiya görüşləri zamanı tələbələr ilə paylaşacaqdır. Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Tələbələrin Beynəlxalq Forumu hesab edir ki, şəbəkələşmə prosesi əsl istək və etibar tələb edir və bu proses davamlı olacaqdır. Bunun nəticəsində formalaşmış şəbəkə isə ölkəmizin daha gözəl təmsil edəcək və ərazisinin 20 faizi işğal altında olduğu halda Dağlıq Qarabağ mövzusunda Azərbaycana qarşı istifadə edilən ikili standartlara qarşı mübarizə aparacaqdır. Təşkilat ümid edirik ki dövlətimiz Azərbaycanın xaricdə uğurlu təmsili üçün gəncləri güvənilir bir güc olaraq qəbul edəcəkdir. Şübhəsizki  şəbəkələşmə bu vacib və şərəfli missiyada Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Tələbələrin Beynəlxalq Forumunun ən böyük qüvvəsi olacaqdır.

Yixarıda qeyd etdiyimiz kimi ASAİF-in əsas fəaliyyət istiqamətlərindən biri də lobbiçilik istiqamətində qurulub. Daha dəqiq desək lobbiçilik və diaspora fəaliyyətləri ASAİF təşkilatının ən vacib fəaliyyət istiqamətlərindən sayılır. Bu səbəbdən ASAİF təşkilatı Azərbaycanın xaricdə təhsil alan gəncləri tərəfindən icra edilən lobbiçilik və diaspora fəaliyyətlərinin peşəkar inkişafına əhəmiyyət verməkdədir. Lobbiçilik fəaliyyəti zamanı əsas hədəf Azərbaycanın tarixi, mədəniyyəti, inkişafı, Dağlıq Qarabağ və eyni zamanda ölkəmizi əlaqələndirən mövzular ətrafında dünya ictimaiyyətini məlumatlandırmaqdır. ASAİF təşkilatı da öz növbəsində sadalananların əsasında yaranan ehtiyacları və reallıqları nəzərə alaraq lobbiçilik və diaspora fəaliyyətləri üçün yeni yanaşma tərzləri və strategiyalar hazırlamaqdadır. Buna əlavə olaraq, fəaliyyət istiqamətlərindən digəri, xaricdə keçiriləcək tədbirlərin daha keyfiyyətli və nəticə etibarı ilə səmərəli təşkili üçün düzgün strategiyaların müəyyən olunması və fəaliyyət planlarının hazırlanmasıdır. Daha öncə bir çox təşkilatın fəaliyyətlərindən fərqli olaraq tədbirlər Avropa ölkələri üzrə məhdudlaşmır, əksinə əsas Avropa şəhərləri ilə yanaşı digər qitə şəhərlərində də Azərbaycanın və Azərbaycan gəncliyinin müxtəlif sahələrdə olan maraqları əsas götürülərək müxtəlif xarakterli tədbirlərin təşkil edilməsi nəzərdə tutur. Təşkilat Azərbaycanı təmsil edən zaman mərhələli üsullardan istifadə edərək irəliləyiş və müsbət rəyin formalaşması üçün təhsil mərkəzlərilə yanaşı düşüncə quruluşları ilə əməkdaşlıq vasitəsilə, müxtəlif şəhər və ölkələrdə öz fəaliyyətimizi genişləndirir. Azərbaycanlı tələbələrin təhsil aldığı nüfuzlu ali məktəblərdə “Azərbaycan günləri” və eyni zamanda “Erməni təcavüzünü durdurun” adlı aksiyalar ASAİF təşkilatının dəstəklədiyi vacib tədbirlərdəndir. ASAİF təşkilatı dünyanın ən qabaqcıl universitetlərində təhsil alan və məzun olmuş  Azərbaycanlı gənc tələbə, alim və araşdırmaçıların bir araya gəlməsindən yaranmışdır. ASAİF təşkilatı gənc alim və araşdırmaçıları yuxarıda sadalanan problemləri faktlar əsasında araşdırmaq üçün dəvət edir və bu öz növbəsində gənclərin akademik araşdırma nəticələrinin mövcud problemlərin həlli və hazırki şəraitin daha da təkmilləşməsi istiqamətində fəaliyyət istiqamətini müəyyən edir. Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Tələbələrin Beynəlxalq Forumu inanır ki, fəaliyyəti problemlərə konseptual yanaşma tərzini formalaşdıracaq və Azərbaycan haqqında daha düzgün məlumatlandırılmış cəmiyyət quracaq. ASAİF hesab edir ki, lobbiçilik fəaliyyətlərinin əsas istiqaməti olaraq Dağlıq Qarabağ problemi ilə yanaşı, Azərbaycanın mədəniyyəti, tarixi, enerji ehtiyatlarının Avropanın enerji təhlükəsizliyində rolu, regiona və ümumilikdə Azərbaycana səfər etmək istəyənlər üçün turizm imkanları kimi sıralamaq məqsədyönlü olacaq. Fəaliyyətlərin ümumi uğuru və layihələrin ilkin icra müddəti ərzində internet resurslarından istifadə, xarici kütləvi informasiya mərkəzlərinə çıxış, vacib fərdi əlaqələrin qurulması və inkişafı mühüm rol oynamaqdadır. Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Tələbələrin Beynəlxalq Forumu  Azərbaycanın təmsilini ən ali vəzifə olaraq qəbul etmiş və ölkəmiz haqqında daim müsbət təsviri əldə etmək üçün bütün vasitələrdən istifadə edir.

Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Tələbələrin Beynəlxalq Forumunun diqqət yetirdiyi mühüm sahələrdən biri də diaspora fəaliyyətidir. Gənclərimiz təhsil aldıqları ölkələrdə əsas etibarı ilə bir neçə illik təmsilçi xarakteri daşıdıqları halda, həmin ölkələrdə yaşayan etnik azərbaycanlılar vardır ki, Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu  onlarla işin qurulması ASAİF təşkilatının prioritet saydığı sahələrdən biridir. Təcrübə göstərir ki, xaricdə təhsil alan tələbələr ilə orda yaşayan diaspora nümayəndələrinin qarşılıqlı münasibətinin düzgün qurulması, Azərbaycan diaspora və lobbiçilik işlərinin daha səmərəli nəticələnməsinə gətirməkdədir. Məhz bu sahədə əlaqələrin qurulması, onların düzgün strategiya və konseptual yanaşma ilə tənzimlənməsi Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun əsas fəaliyyət istiqamətlərindəndir. Diaspora təşkilatları ilə Azərbaycanlı gənclərin arasında körpü rolunu oynamaq, onların ortaq dəyər ətrafında birləşib, ortaq tədbirlərini təşkil etmək də ASAİF-in fəaliyyət istiqamətlərindən hesab olunur.

Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu günümüzdə də diaspora və lobbi quruculuğu, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması prosesində öz uğurlu fəaliyyətini davam etdirir. İstər Xocalı soyqırımının ildönümü tarixləri, istərsə də 31 mart Azərbaycanlıların Soyqırım Günündə ASAİF müxtəlif ölkələrdə fəaliyyət göstərən şəbəkələri vasitəsilə zaman-zaman Azərbaycan xalqının başına gətirilən müsibətləri dünya ictimaiyyətinə çatdırır. Təşkilat Azərbaycanın təqvimində yer alan bayram günlərini də həm daxildə, həm də ölkəmizdən kənarda qeyd edir. Bu günlərdə Fransanın paytaxtı Paris şəhərində soydaşlarımızın Ermənistan səfirliyi qarşısında keçirilən etiraz aksiyasına da Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu yaxından dəstək verib.

 

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2012.- 27 sentyabr.- S.15.