Dəyişən
zamanda dəyişməyən həqiqətlər romanı
Azərbaycan
müstəqillik qazanandan bəri ədəbi-bədii
axtarışla bağlı müxtəlif ziddiyyətli fikirlər söylənməkdədir.
Ədəbi-nəzəri və tənqidi fikri incələyənlər
bunu daha aydın görür və vaxtaşırı
münasibət bildirirlər. Lakin nə qədər
çoxfikirlik və ziddiyyətli mülahizələr ortada
olsa da, bu bir faktdır ki, Azərbaycanda ədəbi proses
inkişaf etməkdə, özünün yenilikləri ilə
maraq doğurmaqdadır. Bu mənada Azərbaycan ədəbi
prosesindəki monotonluğu, təqlidçiliyi, epiqonçuluğu,
süni və saxta hissiyyat mənzərələrini,
aşırı pafos və
şüarçılığı, obrazlardakı sxematizmi,
ideya-bədii düşüncədəki qeyri-müəyyənliyi
və s. çağdaş ictimai və milli-mədəni
ehtiyaclar mövqeyindən tənqid edənlərimiz yalnız
imtina etməklə məhdudlaşmır, onlar həm də
müasir mənəvi-əxlaqi
və sosial-siyasi tələblərimizə, intellektual
hazırlığımıza cavab verən çoxsaylı əsərlərin
janrından və həcmindən asılı olmayaraq qiymətini
verir, onları tənqid və təhlil edir. Deyilən tələbləri,
ictimai-mədəni ehtiyaclarımızı ödəmək
baxımından Yunus Oğuzun həm bədii əsərləri-romanları,
həm də elmi-nəzəri araşdırmaları diqqətəlayiqdir.
Çağdaş Azərbaycan nasirləri içərisində
tarix duyumu ilə maraq doğuran Yunus Oğuz rəsmi tarixdən
gizli qalan, onun kölgəsində gizlənən fakt və
hadisələrə nə qədər böyük həvəs
göstərsə də, salnamələrin
xronologiyasını da pozmur, tarixin dumanları arasında
baş verən hadisələri canlandırmaq
zövqünü oxucusuna təqdim edir. Bu baxımdan etnopsixoloji
yaddaş enerjisinə arxalanan yazıçının tarixi
fakt və hadisələrə, həqiqətlərə «can
vermə», onları yenidən milli düşüncə və
yaşam müstəvisinə qaytarma üsulları cazibədardır.
Əmir Teymurun yalnız fateh deyil, həm də «islamın
hamisi», haqq və ədalət tərəfdarı kimi təqdim
olunması deyilənləri təsdiqləyir.
Yazıçının təqdimatında bunu aydın
görmək mümkündür. O bildirir ki, “Teymurun
qoşununda qeydiyyat işləri çox dəqiq
aparılırdı. Hətta qeydiyyat vərəqini itirdikdə
və ya əsgər öldürüldükdə belə onun
şəxsi əşyaları və topladığı _ qənimət
mənimsənilmir, ailəsinə
çatdırılırdı. Ortanın qənimət
payından saxlangah işçilərinə və
keşikçilərinə ən yüksək məvacib
verilirdi. Bu məvacib onların rüşvət almasına və
ya kimisə aldatmasına ehtiyac saxlamır, onlarda qalib
qoşunun tərkibində olmağa, qənimət toplamaga da həvəs
oyatmırdı. Vaxtilə dolandırıcılıq
hallarına görə çox biləklər kəsilmiş,
çox başlar üzülmüşdü.
Qoşunda
nizam-intizamı qoruyan sərt və ədalətli qaydalarla
yanaşı təbliğat işi də hər zaman diqqətdə
idi və buna məsul olan çıxışçılar
da vardı. Onlar tez-tez əsgər
yığnaqlarına, tonqalüstü toplantılara dəvət
edilir, orada yürüşlərin ibrətamiz cəhətləri,
Əmirin ədaləti və tələbkarlığı, həlak
olmuş qəhrəmanlar və həm də qanun-qaydaların
pozulmasına görə verilmiş cəzalar barəsində
söhbətlər edirdilər. Bu söhbətlərin
çoxu artıq o qədər dəyişilmiş, əlavələr
edilmişdi ki, tamam başqa bir əhvalat yaranmışdı.
Bəzilərinə hətta Əmirin özü də maraqla
qulaq asırdı”. (“Zirvəyə dogru”, s.243-244).
Yunus Oğuz Əmir Teymuru
ümumtürk dahisi, dövlət xadimi, müdrik şəxsiyyət
kimi qiymətləndirməklə məhdudlaşmır, onu
islamın təməl faktorlarına-ehkamlarına əməl
edən inamlı bir şərqli, “islam dininin hamisi” kimi, habelə
yeniliyə meylli, milləti və dinin müasir həyatla
ayaqlaşmasına çalışan mütəfəkkir kimi
təqdim edir. Bu isə müasir Azərbaycan vətəndaşının
ideya dəyərlərinə, azərbaycançılıq
prinsiplərinin tələblərinə, daha dəqiq desək
«türkləşmək, islamlaşmaq, müasirləşmək»
düsturuna tam uyğun gəlir. Həmin üçlü
prinsipə əsaslanan düsturun müasir və müstəqil
Azərbaycan dövlətinin bayrağında üç rənglə
rəmzləşdiyini nəzərə alsaq
yazıçı Yunus Oğuzun vətəndaşlıq
mövqeyi haqqında birmənalı fikir söyləmək
olar.
Yazçının
tarixə bədii ekskurslarındakı obyektivliyin, hadisələrin
cərəyan etdiyi möhtəşəm coğrafiyada Azərbaycan
həqiqətlərinə həssas münasibətin, ümumtürk
dəyərlərinə ehtiramın roman boyunca qorunması
deyilənlərə parlaq sübutdur. O deyir: “Əlincə
qalası on bir ildən çox idi ki, teymurilər tərəfındən
mühasirədə idi. Əmir Teymur Azərbaycanın cənub
torpaqlanı öz imperiyasının tərkibinə
qatdıqdan sonra 1387-ci ildə Naxçıvandakı Əlincə
qalasına yaxınlaşmış, burada İlyas Xoca
naxçıvanlıların müqavimətini çətinliklə
qıra bilmişdi. Naxçıvanın məhz Gərni və
Sürməli isteh-kamları dağıdıldıqdan sonra Əlincə
qalası mühasirəyə alınmışdı.
Bu
qala Əlincə çayı sahilində yüksək
sıldırım qaya üzərində
salınmışdı. Qalaya yalnız şərq və qərb
tərəflərdən iki yol vardı. Ancaq onlar da çox
dar və yoxuşlu idi. Qalanın divarları və bürcləri
çox möhkəm tikilmişdi. Qalanın üstündən
Naxçıvanın düzən yerləri
görünür, bu onu daha əhəmiyyətli edirdi.
İlanlı dağı ilə üzbəüz duran Əlincədən
havanın
dumansız-çənsiz vaxtı Ağrıdağı da
görmək mümkün olurdu. İstehkam hasarlarının
içərisində və dağın döşündə
üzümlüklər, bağ və əkin yerləri,
otlaqlar, çoxlu su mənbələri
salınmışdı. Qalanın uzunmüddətli
mühasirəyə davam gətirməsi üçün su
anbarları, ovdanlar tikilmiş, quyular taxılla
doldurulmuşdu. Cəlalilər qalanın əhəmiyyətini
nəzərə alaraq, onu həmişə daha da möhkəmləndirirdilər.
Teymur Azərbaycana yürüş edəndə Sultan Əhməd
cəlarilərin xəzinəsini, ailəsini,
yaxınlarını və oğlu Əmir Tahiri Əlincə
qalasına göndərib, qalanın rəisliyini Əmir Altuna
tapşırmışdı.
Əmir
Altun neçə illərdi ki, Əlincəyə rəhbərlik
etdiyindən, qalanın gizli yollarını, hər
künc-bucağını, hər dolanbacını
gözübağlı tanıyırdı” (“Zirvəyə
dogru”, s.341-342).
Romanlarında
tarix həqiqətləri və onların mahiyyətindəki
dramatizm elementlərinə meyl östərən Yunus Oğuz
gerçəklər və xəyallar olmuşlar və
olacaqlar haqqında bədii düşüncələrini millət,
xalq və vətən taleyi ilə bağladığına
görə onun əsərləri böyük maraqla oxunur.
Çünki o tarixin sosial-fəlsəfi mahiyyətini təhlil
yolu ilə müasir həqiqətlərin şərhini verməyi
vacib sayır, bu gündə tarixi, tarixdə bu günü
görməyi bacarır.
Yazıçının
romanlarında bir əhəmiyyətli cəhət də ondan
ibarətdir ki, o kütləvi səhnə və mənzərələrin
yaradılmasında mahirdir. Yunus Oğuz Əmir Teymurun ordusunun
manevrlərini, fərdi və kütləvi döyüş
prosesini elə aydın təsvir edir, elə detallarla verir ki,
onlar bütün tərəfləri ilə yadda qalır. Bu
baxımdan Əmir Teymurun
Hindistana yürüşü və Ankara vuruşu ən
yüksək zirvəni təşkil edir. Yazıçı
hökmdarın döyüş hazırlığı, onu
idarə etməsi, prosesi başa çatdırması və nəticələr
haqqında yalnız müfəssəl məlumat verir, həm
də epik lövhələr yaradır, ordugahın-əsgər
düşərgələrindəki əhval-ruhiyyənin,
psixoloji durumun belə fərqinə varır, döyüşən
tərəflərin qüvvələrindəki tənasübü
izah edir, onların doğurduğu tarixi dramatizmi
aydınlaşdırır. Bu mənada 1402-ci ilin Ankara
döyüşü xarakterikdir. Əmir Teymuru və
İldırım Bəyazid kimi iki qüvvətli və təcrübəli
türk hökmdarının qaçılmaz müharibəyə
düçar olduğunu bildirən Yunus Oğuz yazır:
«Tarixi
miladdan öncəyə gedib çıxan Ankara
qalasının yaxınlığında Bent, İncəsu və
Çubuk çayları bir-birinə qovuşur. Bu qala hetlərin,
romalıların,
bizansların və səlcuqların zamanında strateji əhəmiyyətli
sayılırdı. Qala iki hissəyə
bölünürdü; iç və bayır qalalara...
İdırım
Bəyazid də Əmir Teymurla sonuncu döyüşə
çıxmaq üçün qərargahını Ankara
qalasında yerləşdirmişdi. O burada boş dayanmır,
diplomatik yazışmalar aparır, kəşfiyyatı və
çuğulları dinləyib göstərişlər
verirdi. Rumelindən və Anadoludan buraya axın-axın gələn
əsgəri bölükləri qala ətrafında müxtəlif
istiqamətlərdə yerləşdirirdi. O, əsgərlərin
sərkərdələrinə, ordunun qorxubilməz qartal və
şahinlərinə, dəniz sahillərində yerləşən
alicənab və döyüşkən süvarilərə,
Qaraman atlılarına, Matanşa süvarilərinə,
Şaruxanın atlı igidlərinə, tümən əmirlərinə,
sancaq bəylərinə, Bursa və Ədirnə
arasındakı bütün şəhər və əyalətlərin
hakimlərinə, qala oxçularına, yunanlara və
başqalarına xəbər göndərmişdi ki, bu əmri
alan kimi hər kəs işini dayandırıb silahlansın və
Ankaraya toplaşsın» «Dünyanın hakimi» (s.297).
Tarixi
çox qədimlərə gedən nifaq və «mənəm»lik
iddiası romanın səhifələrində, mətnaltı
qatda, yazıçının təhtəlşüurunda birmənalı
qiymətləndirilmir, pislənmir, tənqid olunmur. O əsərin
dramatik səhnələrini yaratmağa impuls verir, hadisələrin
cərəyanında bütün aydınlığı ilə
ifadə olunur. Və bu mövqedə dayanması yazıçı
Yunus Oğuzu Əmir Teymur haqqında yazan digər qələm
sahiblərindən fərqləndirir. Hökmdarı mif,
nağıl və rəvayət pərdəsi arxasından
çıxararaq gerçək dastan-roman prinsipləri ilə
təqdim edən Yunus Oğuz onu «hərb allahı» (Hüseyn
Cavid) kimi yox, gözlənilmədən yaranan çətinliklərdən,
döyüş vəziyyətindən məharətlə
çıxmağı bacaran sərkərdə, ordu
başçısı, dövlət rəhbəri, əzabkeş
türk, islam təssübkeşi kimi qiymətləndirir. Lakin
nə qədər bədii ustalıq və istedada arxalansa da
yazıçının qarşılaşdığı
tarix həqiqəti-müharibə qaçılmazdır. Beləliklə,
oxucunu tərəflərin döyüş düşərgələri
ilə tanış edən Yunus Oğuz bildirir: «Əmir Teymur
sağ cinaha şahzadə Ömər Şeyxi, Taş Temur
oğlanı, Yusif Moğolı, Xoca Əlini, Dövlət
Temuru, Məhəmməd Kavçini, Saray Mülk
Tavaçını, Elçi Buğanı, Məhəmməd
Tavaçını, Sufi Xəlili, Şeyx Məhəmmədi,
Qaramanı, Cahanşahı, sol cinaha isə Cəlal əl-İslamı,
Şah Vəli Sevincəyi, Tanrıvermişi, Lukmən
Tavaçını, Sultan Barlası, Hacı Seyfəddini,
Şeyx Arslanı, Dövlət Xoca Barlası, Seyid Xocanı,
Osman Tavaçını və başqa bəyləri,
şahzadələri, əmirləri təyin etdi. Ordunun avanqardında isə
şahzadə Məhəmməd Sultan durdu.
Gətirilən
fillərin üstünə zireh çəkildi, köşklər
quruldu və ən mahir oxçular bu köşklərdə
yerləşdirildi.
Rum
elinin bütün məşhur döyüşçülərini
və bəylərini başına toplayan İldırım Bəyazid
də öz qoşununu sıraya düzdü. Sağ cinah
yalnız qara paltarda olan, bütünlükdə zirehə
bürünmüş, bu səbəbdən yalnız gözləri
görünən iyirmi min serb
döyüşçüsünə başçılıq
edən Stefana tapşırıldı. Şahzadə Çələbi
sol cinaha təyin edildi. Onun oğlanlari İsa, Musa, Mustafa
arxada dayandı. Digər bəylər, əmirlər - Fərəh
paşa, İgidbəy, Temurtaş, Xoca Firuz, İsabəy, Həsən
paşa, Murad paşa, Əli paşa, Yaqub, Yusif, Eltarban,
Başıaçıq, Eldəgiz və başqaları də
öz yerlərini tutdular. («Dünyanın hakimi», s.313-314).
Əmir
Teymurun cahangirlik-fatehlik iddialarından daha çox onun haqq, ədalət
arzularına, islamın qanunları ilə yaşamaq prinsiplərinə
aydınlıq gətirən yazıçı Yunus Oğuz
romanda ümumtürk RUH-unu ayrı-ayrı tip, xarakter və şəxsiyyətlər
miqyasında-ölçüsündə ifadə etmir. Əksinə
onu ordu birlikləri, nəsil şəcərəsi və Turan
coğrafiyasında işıqlandırır. Belə
olduğuna görədir ki, hadisələrin axarında Əmir
Teymur və onun əsgərləri, elçiləri,
dilmancları, tacirləri, müttəfiqləri, ordu
başçıları, casusları və sair özünəməxsus
keyfiyyətləri ilə maraq doğururlar. Bu isə
romanın təsir gücünü artırır, süjet xəttinin
dinamikasını sürətləndirir, hadisələrin
çoxşaxəli inkişafını müəyyənləşdirir
və ziddiyyətlərin artmasına səbəb olur, əsərin
dramatik situasiyalarla zənginləşməsinə meydan
açır. Bunun ən parlaq ifadəsi isə heç
şübhəsiz ki, Ankara uğrunda döyüşə gətirib
çıxaran səbəblər əsasında
yaranmış ziddiyyət və onun təsvirinə, təhlilinə
həsr olunan səhifələridir. Yaranmış vəziyyəti
ətraflı şəkildə aydınlaşdıran
yazıçı vəziyyətin gərginliyini bildirmək
üçün yalnız tarixi həqiqətləri, arxiv sənədləri,
rəvayət və salnamələrdə bildirilən məlumatlara
deyil, həm də yazıçı təxəyyülünə
arxalanaraq geniş meydan hadisələrini
işıqlandırır. Bunun üçün
döyüşən qrupların obrazını
yaratmağı, onların birlikdə vuruşmaq əzmini və
kütləvi səhnələri canlandırmağı vacib
bilən yazıçı deyir: «Əmir Teymur Avnikdə
Osmanlı elçilərıni təəcübləndirmək
və ordunun gücünü göstərmək
üçün orduya baxış keçirdi. Bunu "Yer
üzündə bu çoxmillətli orduya qarşı
heç kim duruş gətirə bilməz" fikrini
elçilərə aşılamaq üçün edirdi.
Ordunun sıralarında kimlər yox idi? Bura "Turan əsgərləri",
"Azərbaycan döyüşçüləri",
"Türküstanın bəbirləri",
"Balxşanın pələngləri", "Dəşt
və Xatanın şahinləri", "Moğolların
çalağanları", "Cətənin
qartalları", "Xocəntin ilanları", "Anadakanın
peyğəmbər çiçəkləri", "Xarəzmin
kərtənkələləri", "Curcanın vəhşi
heyvanları", "Zaqanın qartalları", "Xazar
Şadmanın tazıları", "Xorasan və Mazandaranın
şirləri", "Cilin kaftarları", vəhşi
dağ heyvanları, "Rüstəmdar və Talkanın
timsahları", "Xuz və Kermanın aspid tayfaları,
"İsfahan, Rey və Həmədanın
canavarları", "Hind, Sind və Multanın filləri",
"Şur əyalətinin qoyunları", "Qordan dağ
kəlləri", "Şəhrizarın əqrəbləri",
"Əsger-Makram gürzələri" toplanmışdılar.
Onlara
bir sürü goreşən qullar, türkmən bivecləri, ərəb
itləri, fars ağcaqanadları, atəşpərəst dəstəsi
və maqlar da əlavə olunmuşdu». («Dünyanın hakimi»
s.294).
Yunus
Oğuzun yazıçı-vətəndaş kimliyində
ortaq türklük ruhu və düşüncəsi
dominatlıq təşkil etdiyindən romanın hər səhifəsində
genetik yaddaşın hadisələri müşayiət
etdiyini görürük. Tarixçi-türkoloq alim kimi də
ictimaiyyətə
yaxşı tanış olan Yunus Oğuz türkoloji mənbələrin
informasiya bolluğundan istifadə edir, ortaq türklük
coğrafiyasındakı toponomik atlas haqqında təfərrüatlı
düşüncələr sərgiləyir, qədim dövr
türklərinin nəsl şəcərəsi barədə
elmi məlumatlarla bədii yaşantılarını vəhdətdə
oxucusuna çatdırır. Yazıçının bu romana
qədər qələmə aldığı eynitipli əsərləri
və Attila, Alp Ər Tonqa (Əfrasiyab), Çingizxan kimi dahi
sərkərdələr haqqındakı elmi-tarixi
yazıları əsas verir ki, o ədəbi qəhrəmanlarını
ümumtürk fenomeni kimi təqdim edə bilsin. Bir fikri
ayrıca vurğulamaq lazımdır ki, Yunus Oğuzun
düşüncələrində tarix yalnız «türklərlə
başlayıb» romantik müharibə uğurları ilə
davam etmir, burada yaşanan və ötən günlərin
iztirablı, əzablı anları yazıçının
maraq mərkəzindədir. Həmin səbəbdəndir ki, Əmir
Teymurun hökmdar, sərkədə-strateq, nəsil davamçısı
kimi fundamental obrazı əsərin hər səhifəsində
görünür. Hökmdarı filosof İbn Xaldunla
qarşılaşdıran yazıçı bildirir:
"Hökmdar özünə yer tapa bilmədi, ayağa
durdu. İbn Xaldun da ayağa qalxdı. Əmir fikirli-fikirli bir
qədər zalda gəzişdi, sonra gəlib alimin
qarşısında
dayandı, onun nurani sifətinə baxdı:
Bu
dediklərinin tarixi əsasları, dərin bilgiləri
varmı?
Var,
böyük hökmdar! Tarixi bilgilərə görə Nuh
peyğəmbərin üç oğlundan birinin adı Yafəs
olub. Yafəsin oğlunun adı Qamər, nəvəsinin
adı Tork, yaxud Turuk (Türk), nəticəsinin adı isə
Toqarmadır. - İbn Xaldun bir qədər susub sonra əlavə
etdi. - Mən yəhudilərin arxivində çalışarkən
əlimə Xəzər Xaqanının maraqlı məktubu
keçdi. Musəvilik dinini qəbul etmiş Xəzər
Xaqanı İosif ona Xəzər türklərinin mənşəyi
barədə verilən sualın cavabında bildirmişdi: xəzərlər
Toqarmanın on
oğlundan biri olmuş Xəzərəkin nəslindəndirlər.
Onun yazdığı məktubda xəzərlərə qohum
olan doqquz sayın adı çəkilir; Uyğur, Yanur, Bulqar,
Turis, Savur.- Yenə susdu. Sanki dediklərinin hökmdarın
hafizəsinə daha dərin yazılmasını istəyirdi.
– Başqa bir tarixi bilgidə göstərilir ki, Türk, Bulqar
və Xəzər Yafəsin oğullarıdır.
(«Dünyanın
hakimi» s.246-247).
Göründüyü
kimi Əmir Teymurun obrazı törəyişdən
üzü bəri yaddaş salnaməsi fonunda canlandırılır,
onun şəxsiyyət, xarakter və milli kimlik cizgiləri
yazıçını daha çox cəlb edir. Beləliklə
də başqalarından fərqli olaraq Yunus Oğuz Əmir
Teymuru yalnız «başkəsən, hərb allahı», «qəsbkar,
qantökən və gözçıxaran xinxar» kimi deyil, həm
də milli yaddaşı, dini və şəxsi arzuları
uğrunda çarpışan gerçək insan kimi təqdim
etməyə üstünlük verir, onun dili ilə deyir: «Nə
vaxta qədər baş kəsib qan tökməklə ad
çıxaracağıq». Bu meyl yazıçının Əmir
Teymurun öz müəllimi Seyid Beçke, Nəsimi, tacir
Ağababa və başqaları ilə görüşərkən,
eyni zamanda ölkə və qalalara hücum ərəfəsi
düşünərkən daha qabarıq ortaya
çıxır.
Həmin
düşüncələrin nəticəsidir ki, Əmir
Teymur «Diplomatiya bitən yerdə savaş başlayır» məntiqi
ilə yaşayır və inanır ki, «- Qələbə
qadın kimidir, o hər zaman sənin olmur… Ancaq onu əldə
etməyi və saxlamağı bacarmalısan!» («Zirvəyə
doğru» s.304).
Nəhayət,
Əmir Teymurun tarixi taleyinə işıq salan bu romanın dəyərini qısaca
xülasə edərək demək lazımdır ki,
-
Tarix yaradan şəxsiyyət haqqında epik təhkisi ilə
fərqlənən zamandır.
-
Ortaq türklük tarixini canlandıran bədii salnamədir.
-Süjet
və kompozisiyasında mükəmməlliyi maraq doğuran və
hadisələrin axarındakı vizual genişliyi,
aydınlığı ilə yadda qalan nəsr nümunəsidir.
-
Yalnız tarixi-təsvir və təhlil edən bədii əsər
deyil, həm də milli və xalq həyatına ayna tutan,
müəllifinin adını tarixə həkk edən
yaradıcılıq məhsuludur.
-
Çağdaş Azərbaycan nəsrinin inkişafını
təsdiqləyən və onun xüsusiyyətlərini parlaq
şəkildə əks etdirən, klassik dastan poetikası ilə
modern nəsr elementlərini birləşdirən romandır.
-
Dünəndən bu günə körpü salan əsərdir
və onun və onun müəllifi Yunus Oğuz dəyişən
zamanda dəyişməyən həqiqətlərin
yazarıdır. Çünki yazıçının bu və
digər romanları da həmin fikri təsdiqləyir.
Şamil Vəliyev,
filologiya elmləri doktoru,
professor
Olaylar.- 2012.- 27 sentyabr.- S.12.