Dəyişən
zamanda dəyişməyən həqiqətlər
romanı
Azərbaycan müstəqillik qazanandan bəri ədəbi-bədii
axtarışla bağlı müxtəlif ziddiyyətli fikirlər söylənməkdədir.
Ədəbi-nəzəri və tənqidi fikri
incələyənlər bunu daha aydın görür və
vaxtaşırı münasibət bildirirlər. Lakin nə qədər çoxfikirlik
və ziddiyyətli mülahizələr ortada
olsa da, bu bir faktdır ki, Azərbaycanda ədəbi proses
inkişaf etməkdə, özünün
yenilikləri ilə maraq
doğurmaqdadır. Bu mənada Azərbaycan ədəbi prosesindəki monotonluğu, təqlidçiliyi, epiqonçuluğu, süni
və saxta hissiyyat mənzərələrini,
aşırı pafos və
şüarçılığı, obrazlardakı sxematizmi, ideya-bədii düşüncədəki
qeyri-müəyyənliyi və s. çağdaş ictimai və
milli-mədəni ehtiyaclar mövqeyindən
tənqid edənlərimiz yalnız imtina etməklə məhdudlaşmır, onlar həm də müasir mənəvi-əxlaqi və sosial-siyasi tələblərimizə, intellektual hazırlığımıza cavab verən çoxsaylı əsərlərin
janrından və həcmindən asılı olmayaraq
qiymətini verir, onları tənqid və
təhlil edir. Deyilən
tələbləri, ictimai-mədəni ehtiyaclarımızı
ödəmək baxımından Yunus Oğuzun həm bədii əsərləri-romanları,
həm də elmi-nəzəri araşdırmaları diqqətəlayiqdir.
Çağdaş Azərbaycan nasirləri
içərisində tarix duyumu
ilə maraq doğuran
Yunus Oğuz rəsmi
tarixdən gizli qalan, onun kölgəsində
gizlənən fakt və hadisələrə
nə qədər böyük həvəs
göstərsə də, salnamələrin
xronologiyasını da pozmur,
tarixin dumanları arasında baş verən hadisələri canlandırmaq zövqünü oxucusuna
təqdim edir. Bu baxımdan etnopsixoloji yaddaş
enerjisinə arxalanan yazıçının
tarixi fakt və hadisələrə,
həqiqətlərə «can vermə»,
onları yenidən milli düşüncə
və yaşam müstəvisinə qaytarma üsulları cazibədardır. Əmir
Teymurun yalnız fateh deyil, həm də «islamın hamisi»,
haqq və ədalət tərəfdarı
kimi təqdim olunması deyilənləri
təsdiqləyir. Yazıçının təqdimatında bunu aydın görmək mümkündür.
O bildirir ki,
“Teymurun qoşununda qeydiyyat işləri çox
dəqiq aparılırdı. Hətta qeydiyyat
vərəqini itirdikdə və ya əsgər
öldürüldükdə belə onun
şəxsi əşyaları və topladığı _ qənimət
mənimsənilmir, ailəsinə
çatdırılırdı. Ortanın qənimət
payından saxlangah işçilərinə
və keşikçilərinə ən yüksək məvacib
verilirdi. Bu məvacib onların rüşvət almasına və
ya kimisə aldatmasına ehtiyac
saxlamır, onlarda qalib
qoşunun tərkibində olmağa,
qənimət toplamaga da
həvəs oyatmırdı. Vaxtilə
dolandırıcılıq hallarına görə çox biləklər kəsilmiş, çox başlar üzülmüşdü.
Qoşunda
nizam-intizamı qoruyan sərt və ədalətli
qaydalarla yanaşı təbliğat işi də hər zaman
diqqətdə idi və buna
məsul olan
çıxışçılar da
vardı. Onlar
tez-tez əsgər yığnaqlarına, tonqalüstü toplantılara dəvət edilir, orada
yürüşlərin ibrətamiz cəhətləri, Əmirin
ədaləti
və tələbkarlığı, həlak olmuş
qəhrəmanlar və həm də qanun-qaydaların
pozulmasına görə verilmiş cəzalar
barəsində söhbətlər edirdilər. Bu söhbətlərin çoxu
artıq o qədər dəyişilmiş,
əlavələr edilmişdi ki, tamam başqa
bir əhvalat yaranmışdı. Bəzilərinə
hətta Əmirin özü də maraqla qulaq asırdı”.
(“Zirvəyə dogru”, s.243-244).
Yunus
Oğuz Əmir Teymuru ümumtürk dahisi, dövlət xadimi,
müdrik şəxsiyyət kimi qiymətləndirməklə
məhdudlaşmır, onu islamın təməl
faktorlarına-ehkamlarına əməl edən inamlı bir
şərqli, “islam dininin hamisi” kimi, habelə yeniliyə
meylli, milləti və dinin müasir həyatla
ayaqlaşmasına çalışan mütəfəkkir kimi
təqdim edir. Bu isə müasir Azərbaycan vətəndaşının
ideya dəyərlərinə, azərbaycançılıq
prinsiplərinin tələblərinə, daha dəqiq desək
«türkləşmək, islamlaşmaq, müasirləşmək»
düsturuna tam uyğun gəlir. Həmin üçlü
prinsipə əsaslanan düsturun müasir və müstəqil
Azərbaycan dövlətinin bayrağında üç rənglə
rəmzləşdiyini nəzərə alsaq
yazıçı Yunus Oğuzun vətəndaşlıq
mövqeyi haqqında birmənalı fikir söyləmək
olar.
Yazıçının
tarixə bədii ekskurslarındakı obyektivliyin, hadisələrin
cərəyan etdiyi möhtəşəm coğrafiyada Azərbaycan
həqiqətlərinə həssas münasibətin, ümumtürk
dəyərlərinə ehtiramın roman boyunca qorunması
deyilənlərə parlaq sübutdur. O deyir: “Əlincə
qalası on bir ildən çox idi ki, teymurilər tərəfındən
mühasirədə idi. Əmir Teymur Azərbaycanın cənub
torpaqlarını öz imperiyasının tərkibinə
qatdıqdan sonra 1387-ci ildə Naxçıvandakı Əlincə
qalasına yaxınlaşmış, burada İlyas Xoca
naxçıvanlıların müqavimətini çətinliklə
qıra bilmişdi. Naxçıvanın məhz Gərni və
Sürməli istehkamları dağıdıldıqdan sonra Əlincə
qalası mühasirəyə alınmışdı.
Bu qala Əlincə
çayı sahilində yüksək sıldırım qaya
üzərində salınmışdı. Qalaya yalnız
şərq və qərb tərəflərdən iki yol
vardı. Ancaq onlar da çox dar və yoxuşlu idi.
Qalanın divarları və bürcləri çox möhkəm
tikilmişdi. Qalanın üstündən
Naxçıvanın düzən yerləri
görünür, bu onu daha əhəmiyyətli edirdi.
İlanlı dağı ilə üzbəüz duran Əlincədən
havanın dumansız-çənsiz vaxtı
Ağrıdağı da görmək mümkün olurdu.
İstehkam hasarlarının içərisində və
dağın döşündə üzümlüklər,
bağ və əkin yerləri, otlaqlar, çoxlu su mənbələri
salınmışdı. Qalanın uzunmüddətli
mühasirəyə davam gətirməsi üçün su
anbarları, ovdanlar tikilmiş, quyular taxılla
doldurulmuşdu. Cəlalilər qalanın əhəmiyyətini
nəzərə alaraq, onu həmişə daha da möhkəmləndirirdilər.
Teymur Azərbaycana yürüş edəndə Sultan Əhməd
cəlarilərin xəzinəsini, ailəsini,
yaxınlarını və oğlu Əmir Tahiri Əlincə
qalasına göndərib, qalanın rəisliyini Əmir Altuna
tapşırmışdı.
Əmir
Altun neçə illərdi ki, Əlincəyə rəhbərlik
etdiyindən, qalanın gizli yollarını, hər
künc-bucağını, hər dolanbacını
gözübağlı tanıyırdı” (“Zirvəyə
dogru”, s.341-342).
Romanlarında
tarix həqiqətləri və onların mahiyyətindəki
dramatizm elementlərinə meyl göstərən Yunus Oğuz
gerçəklər və xəyallar olmuşlar və
olacaqlar haqqında bədii düşüncələrini millət,
xalq və vətən taleyi ilə bağladığına
görə onun əsərləri böyük maraqla oxunur. Çünki
o tarixin sosial-fəlsəfi mahiyyətini təhlil yolu ilə
müasir həqiqətlərin şərhini verməyi vacib
sayır, bu gündə tarixi, tarixdə bu günü görməyi
bacarır.
Yazıçının
romanlarında bir əhəmiyyətli cəhət
də ondan ibarətdir ki,
o kütləvi səhnə və mənzərələrin
yaradılmasında mahirdir. Yunus Oğuz Əmir Teymurun ordusunun manevrlərini,
fərdi və kütləvi döyüş
prosesini elə aydın təsvir edir, elə detallarla verir ki, onlar
bütün tərəfləri ilə yadda qalır. Bu
baxımdan Əmir Temurun Hindistana
yürüşü və Ankara vuruşu ən
yüksək zirvəni təşkil edir. Yazıçı hökmdarın döyüş
hazırlığı, onu idarə etməsi,
prosesi başa
çatdırması və nəticələr haqqında
yalnız müfəssəl məlumat verir,
həm də epik lövhələr
yaradır, ordugahın-əsgər düşərgələrindəki
əhval-ruhiyyənin, psixoloji durumun belə fərqinə varır,
döyüşən tərəflərin qüvvələrindəki
tənasübü izah edir,
onların doğurduğu tarixi
dramatizmi aydınlaşdırır. Bu mənada 1402-ci ilin Ankara döyüşü
xarakterikdir. Əmir Teymuru
və İldırım Bəyazid kimi iki qüvvətli və təcrübəli türk hökmdarının qaçılmaz
müharibəyə düçar olduğunu bildirən Yunus
Oğuz yazır:
«Tarixi miladdan öncəyə
gedib çıxan Ankara
qalasının yaxınlığında Bent,
İncəsu və Çubuk
çayları bir-birinə qovuşur. Bu qala hetlərin, romalıların, bizansların və səlcuqların
zamanında strateji əhəmiyyətli
sayılırdı. Qala iki
hissəyə bölünürdü; iç və bayır qalalara...
İldırım Bəyazid də Əmir
Teymurla sonuncu
döyüşə çıxmaq üçün
qərargahını Ankara qalasında yerləşdirmişdi.
O burada boş
dayanmır, diplomatik yazışmalar
aparır, kəşfiyyatı və çuğulları dinləyib
göstərişlər verirdi. Rumelindən
və Anadoludan buraya
axın-axın gələn əsgəri bölükləri qala ətrafında müxtəlif istiqamətlərdə
yerləşdirirdi. O, əsgərlərin sərkərdələrinə,
ordunun qorxubilməz qartal
və şahinlərinə, dəniz sahillərində yerləşən
alicənab və döyüşkən süvarilərə, Qaraman atlılarına, Matanşa
süvarilərinə, Şaruxanın atlı igidlərinə,
tümən əmirlərinə, sancaq bəylərinə,
Bursa və Ədirnə arasındakı
bütün şəhər və əyalətlərin hakimlərinə,
qala oxçularına, yunanlara
və başqalarına xəbər göndərmişdi ki, bu əmri alan kimi hər kəs işini dayandırıb silahlansın və Ankaraya toplaşsın» «Dünyanın hakimi» (s.297).
Tarixi çox qədimlərə gedən nifaq və «mənəm»lik iddiası romanın
səhifələrində, mətnaltı qatda,
yazıçının təhtəlşüurunda birmənalı
qiymətləndirilmir, pislənmir, tənqid olunmur.
O əsərin dramatik səhnələrini
yaratmağa impuls verir, hadisələrin cərəyanında bütün aydınlığı ilə ifadə
olunur. Və bu
mövqedə dayanması yazıçı Yunus
Oğuzu Əmir Teymur
haqqında yazan digər qələm sahiblərindən
fərqləndirir. Hökmdarı mif, nağıl və rəvayət pərdəsi
arxasından çıxararaq gerçək dastan-roman
prinsipləri ilə təqdim edən Yunus
Oğuz onu «hərb
allahı» (Hüseyn Cavid)
kimi yox, gözlənilmədən
yaranan çətinliklərdən, döyüş vəziyyətindən məharətlə
çıxmağı bacaran sərkərdə,
ordu başçısı, dövlət
rəhbəri, əzabkeş türk, islam təssübkeşi kimi
qiymətləndirir. Lakin nə qədər
bədii ustalıq və istedada arxalansa da
yazıçının qarşılaşdığı tarix həqiqəti-müharibə
qaçılmazdır. Beləliklə, oxucunu tərəflərin döyüş
düşərgələri ilə tanış edən Yunus Oğuz bildirir: «Əmir Teymur sağ cinaha şahzadə
Ömər Şeyxi, Taş
Temur oğlanı, Yusif
Moğolı, Xoca Əlini, Dövlət Temuru, Məhəmməd Kavçini,
Saray Mülk
Tavaçını, Elçi
Buğanı, Məhəmməd
Tavaçını, Sufi Xəlili, Şeyx Məhəmmədi, Qaramanı,
Cahanşahı, sol cinaha
isə Cəlal əl-İslamı, Şah
Vəli Sevincəyi, Tanrıvermişi, Lukmən
Tavaçını, Sultan Barlası,
Hacı Seyfəddini, Şeyx Arslanı,
Dövlət Xoca Barlası, Seyid Xocanı, Osman Tavaçını
və başqa bəyləri, şahzadələri,
əmirləri təyin etdi. Ordunun
avanqardında isə şahzadə Məhəmməd Sultan durdu.
Gətirilən
fillərin üstünə zireh çəkildi,
köşklər quruldu və ən mahir oxçular bu köşklərdə yerləşdirildi.
Rum
elinin bütün məşhur
döyüşçülərini və bəylərini
başına toplayan İldırım Bəyazid
də öz qoşununu
sıraya düzdü. Sağ
cinah yalnız qara paltarda olan, bütünlükdə
zirehə bürünmüş, bu səbəbdən yalnız gözləri
görünən iyirmi min serb
döyüşçüsünə başçılıq
edən Stefana tapşırıldı. Şahzadə Çələbi
sol cinaha təyin edildi. Onun oğlanlari İsa,
Musa, Mustafa arxada dayandı. Digər bəylər, əmirlər
- Fərəh paşa, İgidbəy, Temurtaş, Xoca Firuz, İsabəy, Həsən paşa, Murad paşa, Əli paşa, Yaqub, Yüsif, Eltarban, Başıaçıq, Eldəgiz və
başqaları də öz yerlərini tutdular. («Dünyanın hakimi»,
s.313-314).
Əmir Teymurun
cahangirlik-fatehlik iddialarından daha çox onun haqq, ədalət
arzularına, islamın qanunları ilə yaşamaq
prinsiplərinə aydınlıq gətirən
yazıçı Yunus Oğuz
romanda ümumtürk RUH-unu ayrı-ayrı tip, xarakter və şəxsiyyətlər
miqyasında-ölçüsündə ifadə etmir. Əksinə onu ordu birlikləri, nəsil şəcərəsi və
Turan coğrafiyasında
işıqlandırır. Belə olduğuna
görədir ki, hadisələrin
axarında Əmir Teymur və onun əsgərləri, elçiləri,
dilmancları, tacirləri, müttəfiqləri, ordu başçıları, casusları və
sair özünəməxsus keyfiyyətləri
ilə maraq doğururlar.
Bu isə
romanın təsir gücünü
artırır, süjet xəttinin
dinamikasını sürətləndirir, hadisələrin
çoxşaxəli inkişafını müəyyənləşdirir
və ziddiyyətlərin artmasına səbəb olur, əsərin dramatik situasiyalarla zənginləşməsinə meydan açır. Bunun
ən parlaq ifadəsi isə heç şübhəsiz ki,
Ankara uğrunda
döyüşə gətirib çıxaran səbəblər
əsasında yaranmış ziddiyyət və onun təsvirinə, təhlilinə həsr olunan səhifələridir. Yaranmış
vəziyyəti ətraflı şəkildə
aydınlaşdıran yazıçı vəziyyətin gərginliyini
bildirmək üçün yalnız tarixi həqiqətləri, arxiv
sənədləri, rəvayət və salnamələrdə
bildirilən məlumatlara deyil, həm də
yazıçı təxəyyülünə arxalanaraq geniş meydan hadisələrini işıqlandırır.
Bunun üçün döyüşən
qrupların obrazını yaratmağı, onların birlikdə
vuruşmaq əzmini və kütləvi səhnələri
canlandırmağı vacib bilən
yazıçı deyir: «Əmir Teymur Avnikdə Osmanlı elçilərıni
təəcübləndirmək və ordunun
gücünü göstərmək üçün orduya
baxış keçirdi. Bunu "Yer üzündə
bu çoxmillətli orduya
qarşı heç kim
duruş gətirə bilməz" fikrini elçilərə aşılamaq üçün edirdi. Ordunun sıralarında kimlər yox idi? Bura "Turan
əsgərləri", "Azərbaycan döyüşçüləri",
"Türküstanın bəbirləri",
"Balxşanın pələngləri", "Dəşt
və Xatanın şahinləri", "Moğolların
çalağanları", "Cətənin
qartalları", "Xocəntin ilanları", "Anadakanın
peyğəmbər çiçəkləri", "Xarəzmin
kərtənkələləri", "Curcanın
vəhşi heyvanları", "Zaqanın
qartalları", "Xazar Şadmanın
tazıları", "Xorasan və Mazandaranın
şirləri", "Cilin
kaftarları", vəhşi dağ
heyvanları, "Rüstəmdar və Talkanın
timsahları", "Xuz və
Kermanın aspid tayfaları, "İsfahan, Rey və Həmədanın
canavarları", "Hind, Sind və Multanın filləri", "Şur əyalətinin qoyunları", "Qordan dağ kəlləri",
"Şəhrizarın əqrəbləri", "Əsger-Makram
gürzələri" toplanmışdılar.
Onlara bir sürü goreşən
qullar, türkmən bivecləri, ərəb
itləri, fars ağcaqanadları, atəşpərəst dəstəsi
və maqlar da əlavə
olunmuşdu». («Dünyanın hakimi» s.294).
Yunus Oğuzun yazıçı-vətəndaş
kimliyində ortaq türklük
ruhu və düşüncəsi
dominatlıq təşkil etdiyindən romanın hər səhifəsində
genetik yaddaşın hadisələri
müşayiət etdiyini görürük.
Tarixçi-türkoloq alim kimi də
ictimaiyyətə yaxşı tanış olan Yunus Oğuz
türkoloji mənbələrin informasiya bolluğundan
istifadə edir, ortaq türklük coğrafiyasındakı toponomik atlas haqqında təfərrüatlı
düşüncələr sərgiləyir, qədim dövr türklərinin nəsl şəcərəsi
barədə elmi məlumatlarla bədii
yaşantılarını vəhdətdə oxucusuna
çatdırır. Yazıçının bu romana qədər qələmə
aldığı eynitipli əsərləri
və Attila, Alp Ər
Tonqa (Əfrasiyab), Çingizxan
kimi dahi sərkərdələr
haqqındakı elmi-tarixi yazıları əsas
verir ki, o ədəbi qəhrəmanlarını ümumtürk fenomeni kimi təqdim edə bilsin.
Bir fikri ayrıca vurğulamaq
lazımdır ki, Yunus
Oğuzun düşüncələrində
tarix yalnız «türklərlə
başlayıb» romantik müharibə
uğurları ilə davam etmir,
burada yaşanan və
ötən günlərin iztirablı, əzablı anları
yazıçının maraq mərkəzindədir.
Həmin səbəbdəndir ki, Əmir Teymurun hökmdar, sərkədə-strateq,
nəsil davamçısı kimi fundamental obrazı əsərin hər səhifəsində
görünür. Hökmdarı filosof İbn Xaldunla qarşılaşdıran
yazıçı bildirir: "Hökmdar özünə yer
tapa bilmədi, ayağa
durdu. İbn Xaldun da ayağa
qalxdı. Əmir fikirli-fikirli bir qədər zalda gəzişdi,
sonra gəlib alimin qarşısında
dayandı, onun nurani
sifətinə baxdı:
Bu dediklərinin tarixi əsasları, dərin bilgiləri
varmı?
Var, böyük
hökmdar! Tarixi bilgilərə
görə Nuh peyğəmbərin üç oğlundan birinin adı Yafəs olub.
Yafəsin oğlunun adı Qamər, nəvəsinin
adı Tork, yaxud Turuk (Türk), nəticəsinin
adı isə Toqarmadır. - İbn Xaldun bir qədər susub sonra əlavə etdi. - Mən yəhudilərin arxivində
çalışarkən əlimə Xəzər
Xaqanının maraqlı məktubu keçdi.
Musəvilik dinini qəbul etmiş
Xəzər Xaqanı İosif ona Xəzər türklərinin mənşəyi
barədə verilən sualın cavabında bildirmişdi:
xəzərlər Toqarmanın on oğlundan biri olmuş Xəzərəkin nəslindəndirlər.
Onun yazdığı məktubda xəzərlərə
qohum olan doqquz sayın adı çəkilir; Uyğur, Yanur, Bulqar, Turis, Savur.- Yenə susdu. Sanki dediklərinin hökmdarın hafizəsinə
daha dərin yazılmasını istəyirdi.
– Başqa bir tarixi bilgidə göstərilir ki, Türk, Bulqar və Xəzər Yafəsin
oğullarıdır.
(«Dünyanın
hakimi» s.246-247).
Göründüyü kimi Əmir Teymurun
obrazı törəyişdən üzü
bəri yaddaş salnaməsi fonunda canlandırılır, onun
şəxsiyyət, xarakter və milli kimlik cizgiləri
yazıçını daha çox cəlb edir. Beləliklə də başqalarından fərqli olaraq Yunus Oğuz
Əmir Teymuru yalnız «başkəsən,
hərb allahı», «qəsbkar, qantökən və
gözçıxaran xinxar» kimi deyil, həm də milli yaddaşı, dini və
şəxsi arzuları uğrunda
çarpışan gerçək insan kimi təqdim etməyə üstünlük
verir, onun dili ilə deyir: «Nə vaxta qədər baş kəsib
qan tökməklə ad
çıxaracağıq». Bu meyl yazıçının Əmir Teymurun öz müəllimi
Seyid Beçke, Nəsimi,
tacir Ağababa və
başqaları ilə görüşərkən, eyni zamanda ölkə və
qalalara hücum ərəfəsi
düşünərkən daha qabarıq
ortaya çıxır.
Həmin düşüncələrin
nəticəsidir ki, Əmir Teymur «Diplomatiya bitən
yerdə savaş başlayır» məntiqi
ilə yaşayır və inanır ki, «- Qələbə qadın kimidir, o hər zaman sənin olmur… Ancaq onu əldə etməyi
və saxlamağı bacarmalısan!» («Zirvəyə doğru»
s.304).
Nəhayət,
Əmir Teymurun tarixi
taleyinə işıq salan bu romanın dəyərini qısaca
xülasə edərək demək lazımdır ki,
- Tarix yaradan şəxsiyyət
haqqında epik təhkisi ilə fərqlənən
zamandır.
- Ortaq türklük tarixini canlandıran bədii salnamədir.
-Süjet və kompozisiyasında mükəmməlliyi
maraq doğuran və
hadisələrin axarındakı vizual genişliyi, aydınlığı ilə yadda qalan nəsr nümunəsidir.
-
Yalnız tarixi-təsvir və təhlil edən bədii əsər
deyil, həm də milli
və xalq həyatına ayna
tutan, müəllifinin adını tarixə
həkk edən yaradıcılıq məhsuludur.
- Çağdaş Azərbaycan nəsrinin
inkişafını təsdiqləyən və onun xüsusiyyətlərini parlaq
şəkildə əks etdirən, klassik
dastan poetikası ilə modern
nəsr elementlərini birləşdirən romandır.
-
Dünəndən bu günə körpü salan əsərdir
və onun və onun
müəllifi Yunus Oğuz
dəyişən zamanda dəyişməyən
həqiqətlərin yazarıdır. Çünki
yazıçının bu və digər
romanları da həmin fikri
təsdiqləyir.
Şamil Vəliyev,
filologiya elmləri doktoru,
professor
Olaylar.- 2012.- 29 sentyabr- 1 oktyabr.- S.11.