“İran
Sərhəd Qoşunlarının komandanı bizimlə
görüşə gəlmir”
Elçin
Quliyev: “Xəzərin
Azərbaycan sektoruna nəzarətin həyata keçirilməsi
üçün ən müasir radar infrastrukturu
yaradılıb”
Azərbaycan Dövlət Sərhəd
Xidmətinin (DSX) rəisi, Sərhəd Qoşunları komandanı,
general-leytenant Elçin Quliyevin müsahibəsi
- Cənab general, “2006-2010-cu illərdə
Azərbaycan Respublikası dövlət sərhədlərinin
mühafizəsinin texniki inkişafına dair” Dövlət
Proqramı başa çatdı. Bu proqramın icrası
Dövlət Sərhəd Xidməti (DSX) üçün
hansı imkanlar qazandırdı?
- Qeyd etdiyiniz
“2006-2010-cu illərdə Azərbaycan Respublikası dövlət
sərhədlərinin mühafizəsinin texniki
inkişafına dair” Dövlət Proqramı uğurla başa
çatdı. Proqramın bölmələrində sərhəd
mühafizəsinin təmin edilməsi üçün bütün
məqamlar nəzərə alınmışdı. Yəni, sərhədçi
heyətin yerləşməsindən tutmuş onların zəruri
avadanlıqlarla, silahlarla təchiz edilməsinədək
bütün məsələlər bu sənəddə nəzərdə
tutulmuşdu. Proqramın bütün müddəaları yerinə
yetirildi. Sözsüz ki, proqramın yerinə yetirilməsi Azərbaycan
sərhəd mühafizəsini çox ciddi səviyyəyə
qaldırdı. Amma bu o demək deyil ki, sərhəddə
bütün işlər yekunlaşdı və bundan sonra
heç bir iş görməməliyik. Əksinə, bu
gün dövlətimizin iqtisadi nöqteyi-nəzərdən
inkişafı qarşımızda yeni perspektivlər
açır. O nöqteyi-nəzərdən ki, sərhəd
mühafizəsini dövlətimizin təhlükəsizliyinin
onun sərhədlərində təmin edilməsini tamamilə
yeni, müasir müstəviyə qaldıraq, sərhəd təhlükəsizliyi
sözün əsl mənasında tam təmin edilsin. Bu
çox ciddi məsələdir. İqtisadi imkanların
artması daha ciddi avadanlıqların və silahların sərhəd
mühafizəsinə tətbiqi imkanını artırır.
Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanı cənab İlham Əliyevin xüsusi
tapşırıqlarına əsasən bu istiqamətdə
xüsusi addımlar atılır.
- Dekabrın sonlarında DSX-nın Rusiyadan
aldığı Mi-35M tipli helikopterlərin ilk partiyası
ölkəyə gətirildi. Müqavilə çərçivəsində
qalan helikopterlərin tam olaraq ölkəyə gətirilməsi
nə zamana nəzərdə tutulur?
- Mi-35M tipli
helikopterlərin Azərbaycan sərhəd mühafizəsi tərəfindən
alınmasını modernləşmə, yeni texnikaların
alınması prosesi kontekstində atılmış
addımlardan biridir. Bildiyiniz kimi, ərazilərimizin bir hissəsi
işğal altındadır. Ali Baş Komandan dəfələrlə
vurğulayıb ki, danışıqlar yolu ilə
torpaqlarımız işğaldan azad olunmasa, biz bütün
yollara əl atacağıq, həmçinin hərbi yola. Ona
görə də Silahlı Qüvvələrin tərkib hissəsi
olaraq, Müdafiə Nazirliyi ilə yanaşı, digər
qoşun növlərinin imkanlarının artırması
sözsüz ki, gələcəkdə
torpaqlarımızın işğaldan azad olunması
imkanlarını artırır. O ki qaldı müqavilədə
nəzərdə tutulan helikopterlərin qalan hissəsinin Azərbaycana
gətirilməsinə, düşünürəm ki, 2012-ci il
ərzində bu müqavilənin icrası başa
çatdırılacaq.
- Bu gün artıq inkişafının
birinci mərhələsini geridə qoymuş Azərbaycan sərhəd
mühafizəsini milli model olaraq necə dəyərləndirmək
olar?
- Hər bir
dövlət üçün onun sərhəd mühafizəsi
modeli individualdır. Yəni, hər bir dövlətin sərhədində
olan əməliyyat şəraiti ona məxsusdur və digər
dövlətlərdən fərqliliyi var. Ulu öndər Heydər
Əliyevin 2002-ci il iyul ayının 31-də Dövlət Sərhəd
Xidmətinin yaradılması barədə qərarı məhz
Azərbaycan şəraitinə uyğun sərhəd modelinin
yaranmasına xidmət edirdi. Təbii ki, o zaman bütün məqamlar
nəzərə alınaraq belə bir modelin yaradılması
məqbul hesab edilmişdi. Azərbaycan sərhəd mühafizəsi
modeli milli model olaraq, dövlətimizin sərhəd təhlükəsizliyinin
təmin olunmasına yönəlib və bu istiqamətdə
atılan addımlar öz müsbət nəticələrini
verməkdədir. Bu da tək Azərbaycanın daxilində
deyil, Azərbaycandan kənarda, həmçinin NATO
institutlarında da birmənalı olaraq yüksək qiymətləndirilir.
Belə olmasaydı, NATO Azərbaycana Əfqanıstan və
İraq sərhədçilərinin təliminin təşkili
üçün müraciət etməzdi. Digər tərəfdən,
hazırda Azərbaycan sərhəd mühafizəsinin
infrastrukturunun mükəmməlliyi həm də
eşalonlaşmış, ardıcıl mühafizə
sisteminin tətbiqindən irəli gəlir. Bu istənilən
sahəyə aiddir - istər nəzarət buraxılış
məntəqələri, istər quru, istər dəniz sərhədlərində
olsun. Öz növbəsində, bu eşalonlaşma baş
vermiş sərhəd pozmalarının
qarşısını alınmasında çox effektivdir və
bunun nəticələrini gündəlik fəaliyyətimizdə
görürük.
-
Gürcüstanla delimitasiya olunmamış sərhəddə
sərhəd mühafizəsi necə, hansı prinsiplər əsasında
təşkil olunur?
- Delimitasiya
sözsüz ki, sərhəd mühafizəsinin təşkili
üçün önəmlidir. Delimitasiya olunmamış ərazilərdə
də sərhəd mühafizəsini təşkil etmək
mümkündür. Bu, həmin istiqamətlərdə sərhəd
komissarlarının işidir. Hər iki dövlətin sərhəd
nümayəndələri görüşərək şərti
əraziləri müəyyən edir və həmin ərazilər
ətrafında öz xidmətlərini qururlar. Azərbaycanla
Rusiya arasında delimitasiya işlərinin başa
çatması müstəqillik tariximizdə çox ciddi bir
hadisə oldu. Onu da deyim ki, Rusiya ilə delimitasiya ötən
il başa çatdı. Keçən ilədək həmin sərhədlər
delimitasiya olunmamışdı, lakin orada sərhəd
mühafizəsi aparılırdı. Yəni, delimitasiyanın
başa çatmaması sərhəd mühafizəsinin təşkilinə
mane olmur.
- 2012-ci ildə Sahil Mühafizəsi
sistemində hansı yeniliklər gözlənilir?
- Birmənalı
olaraq Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin
inkişafı bizim üçün önəmli məsələlərdəndir.
Azərbaycanın Xəzər dənizində dövlət
maraqlarının təmin edilməsi, kəmərlərin və
neft-qaz infrastrukturunun mühafizəsi Sahil Mühafizəsinə
həvalə edilib. Bu günədək bu
tapşırıqlar tərəfimizdən yerinə yetirilir.
Deyə bilərəm ki, Xəzər dənizinin Azərbaycan
sektoruna zəruri nəzarətin həyata keçirilməsi
üçün ən müasir radar infrastrukturu
yaradılıb. Biz bu infrastruktur, gəmilərimiz və digər
avadanlıqlar vasitəsilə dəniz akvatoriyamıza və
oradakı gəmilərə nəzarət edirik.
2012-2013-cü illərdə istər yeni avadanlıqların tətbiqi,
istərsə də yeni kater və gəmilərin xidmətimizə
qəbulu nöqteyi-nəzərdən imkanlarımız
artacaq.
- Bu yaxınlarda bəzi KİV-də Lənkəran
rayonunda yerli sakinlər və sərhədçilər
arasında problemin yaranması barədə məlumatlar
yayıldı. Bu məsələyə münasibət bildirməyinizi
istərdik.
- Müəyyən
mətbuat orqanları Sahil Mühafizəsinin guya ki, dənizdə
balıqçılara qarşı qeyri-qanuni fəaliyyəti
barədə məlumatlar yayır. Lakin bunlar qərəzli və
böhtan xarakterli məlumatlardır və biz başa
düşürük ki o məqalələr kimlər tərəfindən
hazırlanır. Onu qeyd etmək istəyirəm ki, Sahil
Mühafizəsi brakonyerliyə qarşı mübarizə
aparmır. Bu, digər qurumların vəzifələridir və
biz bununla məşğul olmuruq. Digər qurumların
müraciəti olarsa, yardım göstərə bilərik.
Sahil Mühafizəsinin vəzifəsi Xəzərin Azərbaycan
sektorunda rejim sularına nəzarətdir. Biz bu vəzifələrimizi
yerinə yetirir və bundan sonra da qeyd olunan istiqamətdə
imkanlarımızı artıracaq, nəzarəti daha da
gücləndirəcəyik. Bir daha deyirəm ki, Sahil
Mühafizəsi brakonyerliyə qarşı mübarizə ilə
məşğul olmur.
- Bir neçə ay əvvəl Azərbaycanın
dövlət sərhədini pozarkən, sərhədçilərin
əmrinə tabe olmayan iranlı əsgər
öldürüldü. İran tərəfi hələ də
bu məsələ ilə bağlı bəyanatlar səsləndirir,
rəsmi Bakının İrandan buna görə üzr istəməsini
tələb edirlər...
- Qeyd etmək
istəyirəm ki, bu kimi məsələlər həmişə
prosedur qaydalar əsasında müzakirə olunur. Əvvəlcə
yerlərdə sərhəd nümayəndələri
görüşür, müzakirələr aparılır.
Problem həll olunmazsa, daha yuxarı instansiyalar - hər iki
ölkənin Sərhəd Qoşunlarının
komandanları səviyyəsində məsələ
müzakirə olunur. Bundan bir qədər öncə, iyul
ayında Yardımlı rayonu istiqamətində İran sərhədçiləri
tərəfindən bizim zabit
öldürülmüşdü. Mən bu məsələ
ilə bağlı müzakirələr aparmaq
üçün İran Sərhəd Qoşunlarının
komandanı, general Zülfüqarini sərhəddə
görüşə dəvət etdim. Üstündən bir
neçə ay keçməsinə baxmayaraq o, hələ də
görüşə gələ bilmir. Onun görüşə
gələ bilməməsininin səbəbi bizim
üçün də aydın deyil. Düşünürəm
ki, bu görüş baş tutduqda, Sərhəd
Qoşunlarının komandanları üz-üzə, göz
gözə bu məsələləri müzakirə etdikdə,
hər iki tərəf üçün maraqlı məsələlərə
tam aydınlıq gətirilə bilər. Onu da qeyd edim ki, hər
bir dövlətin sərhədi onun üçün müqəddəs
və pozulması yolverilməzdir.
- Azərbaycan tərəfindən beynəlxalq
təşkilatlar qarşısında dəfələrlə
Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə
nəzarətsiz qalmış sərhədlərdən narkotik
ticarəti, qaçaqmalçılıq kimi məqsədlərlə
istifadə olunmasına dair məsələnin
qaldırıldığı bəyan olunur. Bilmək istərdik
ki, bu məsələyə beynəlxalq təşkilatların
münasibəti necədir?
- Biz
iştirak etdiyimiz bütün beynəlxalq tədbirlərdə,
NATO, Beynəlxalq Sərhəd Konfransı, FRONTEX və s. kimi
təşkilatlarda dəfələrlə bu məsələni
qaldırır və bildiririk ki, nəzarətsiz sərhədlərdən
narkotik ticarəti, qaçaqmalçılıq da daxil olmaqla
və digər bu kimi məqsədlər üçün
istifadə olunur. Onların cavabları isə demək olar ki,
eynidir: münaqişənin sülh yolu ilə həlli istiqamətində
danışıqlar gedir. Bizim açıqlamalarımız bu
prosesə mane ola bilər.
- İşğal olunmuş ərazilərə
yaxın sərhəd zastavalarının fəaliyyəti necə
təşkil olunur?
- Hərbi
qurumun vəzifəsi istənilən halda torpaqların
işğaldan azad olunmasına hazır olmaqdır. Bu şərəfli
vəzifədir, biz də buna hazırıq.
Düşünürəm ki, çox qalmayıb, gec-tez
torpaqlarımız işğaldan azad olunacaq. Bu gün
işğalda olan həmin ərazilərdə sərhəd
infrastrukturu yaradılacaq, üçrəngli
bayrağımız həmin sərhəd zastavalarında
dalğalanacaq. (APA)
Olaylar.- 2012.- 11 yanvar.- S.4.