“Azərbaycana qarşı haqsızlıq davam edir”

 

Qənirə Paşayeva: “Azərbaycanın razılığı olmadan onun hər hansı bir hissəsinə yardım ayrılması doğru deyil”

 

Müsahibimiz millət vəkili, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Qənirə Paşayevadır

 

-Qənirə xanım, ABŞ Konqresinin separatçı və qondarma “Dağlıq Qarabağ Respublikası”na növbəti maliyyə yardımı ayırması cəmiyyətimizdə haqlı olaraq, sərt etirazlara səbəb olub. Bir millət vəkili olaraq məsələ barədə nə düşünürsünüz?

- Mən birmənalı şəkildə həm parlamentdə səsləndirmişəm, həm də açıqlamalarımda hər zaman demişəm ki, Konqresin bu yardımları doğru deyil. Hansı istiqamətdə doğru deyil? Birincisi, Azərbaycanın ərazi bütövlüyünə hörmət anlayışı içərisində Konqresin bu yardımları doğru deyil. ABŞ deyir ki, Amerika Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Azərbaycanın ərazi bütövlüyünü tanıyan bir ölkənin parlamentinin, yəni, Konqresinin onun bir hissəsinə, işğal altında olan bir hissəsinə Azərbaycan dövlətinin icazəsi, razılığı olmadan yardımlar ayırması, ilk növbədə Azərbaycanın ərazi bütövlüyünə qarşı bir hörmətsizlikdir. Mən bunu açıq şəkildə deyirəm. Çünki bu yardımlar Azərbaycan dövlətinin icazəsi və razılığı olmadan həyata keçirilir və təbii ki, biz bunu öz ərazi bütövlüyümüzə qarşı hörmətsizlik kimi dəyərləndiririk. İkinci bir aspektdən götürək. Düşünün ki, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində bu gün erməni icması yaşayır, erməni separatçıları yaşayır. Bu separatçı qüvvələr Ermənistan silahlı qüvvələri ilə birlikdə Azərbaycan ərazilərinin işğalında rol oynayıblar və Qarabağda, Qarabağ ətrafında da Ermənistan silahlı qüvvələri ilə birlikdə azərbaycanlıları Dağlıq Qarabağdan, Qarabağ ətrafından qaçqın və məcburi köçkünə çeviriblər. İndi düşünün ki, bu işğalçı, bu separatçı qüvvələrə - rahat şəkildə orada oturub yaşayan qüvvələrə yardım verilir, amma onların qovduğu, əziyyət verərək çıxardığı, 20 ildir evinə dönə bilməyən məcburi köçkünlərə o yardım verilmir. Bu, hansı ədalət normasına sığır? Çünki Dağlıq Qarabağın təkcə erməni icması yoxdur, Dağlıq Qarabağın Azərbaycan icması da var və bu yanaşmanın özü ədalətsiz və yanlış bir yanaşmadır. Məsələnin üçüncü tərəfi, mən bunu hər zaman parlamentdə də səsləndirmişəm və çox ciddi narahat edən tərəfi bundan ibarətdir ki, əgər bu bir humanitar layihə düşüncəsi ilə həyata keçirilirsə, o zaman Konqres niyə bu cür yardımları Abxaziyaya, Cənubi Osetiyaya, Dnestraynı bölgəyə ayırmır, oradakı separatçı qüvvələrə ayırmır? Mən hesab edirəm ki, bəli, ayrılmamalıdır da. O cümlədən də, Dağlıq Qarabağın separatçı rejiminə də bu yardım ayrılmamalıdır. Dağlıq Qarabağdakı separatçı qüvvələrə də ayrılmamalıdır. Ona görə Dağlıq Qarabağın separatçı qüvvələrinə bu yardımı ayırıb, digərlərinə ayırmamaq, bu, artıq Konqresin, belə deyək, xoş olmayan niyyətindən xəbər verən bir məsələdir. Səmimi niyyətindən xəbər verən bir məsələ deyil. Odur ki, biz Azərbaycan və azərbaycanlılar olaraq, buna qarşı haqlı olaraq etiraz edirik...

-Sizcə, separatçı rejimə, separatçı qüvvələrə verilən bu dəstək əslində işğala verilən dəstək deyilmi?

-Bəli, bu, əslində bir növ işğala verilən dəstəkdir. Biz bunu belə də qiymətləndiririk. O qüvvələr ki, Ermənistan silahlı qüvvələri ilə - işğalçılarla bərabər Azərbaycan torpaqlarını işğal edib, minlərlə insanı qaçqın və məcburi köçkünə çevirib, o insanlara, o rejimə, o qüvvələrə dəstək vermək əslində onların “inkişafını”, onların bu əməllərini daha da davam etdirməsinə imkan yaradır, sanki, onlara verilən bir dəstək kimi qiymətləndirilir. Ona görə də, təbii ki, biz hər zaman bu məsələni etiraz edərək birmənalı qoyuruq. Birincisi, ABŞ Konqresi tərəfindən Azərbaycanın razılığı və icazəsi olmadan onun hər hansı bir hissəsinə yardımın ayrılması doğru deyil və bu, dondurulmalıdır. İkinci, ən vacib məsələ ABŞ ATƏT-in Minsk Qrupunun həmsədridir, yəni, həmsədr olaraq münaqişənin tənzimlənməsində obyektiv, neytral, ədalətli mövqe tutmalıdır. Həmsədrin ölkəsinin Konqresi tərəfindən belə bir addımın atılması onun artıq obyektivliyini, neytrallığını və ədalətliliyini ciddi şəkildə şübhə altına, sual altına salır. Təbii ki, Azərbaycanda da, insanlarımızda da, qaçqın və məcburi köçkünlərimizdə də bu fikri yaradır. Təbii ki, ABŞ bu münaqişənin tənzimlənməsində obyektiv deyil, neytral deyil, ədalətli deyil və ABŞ Konqresinin bu addımları Ermənistana, Ermənistanın işğalçılığına, Dağlıq Qarabağın separatçı rejiminə, separatçı qüvvələrə insanlarımız tərəfindən dəstək kimi qiymətləndirilir və onlar da öz etirazlarında, öz tələblərində haqlıdırlar. Təbii ki, biz də ABŞ Konqresindən, ABŞ-dan bu kimi addımların dayandırılmasını, durdurulmasını istəyirik. Birincisi, Azərbaycanın ərazi bütövlüyünü tanıyan bir ölkə olaraq Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır, o istiqamətdə bu addımları durdurmalıdır.İkincisi, ATƏT-in Minsk Qrupunun həmsədri kimi neytral, obyektiv, ədalətli mövqeyini qorumalıdır ki, o, bu addımlarla bunu qorumur, artıq neytral, obyektiv, ədalətli olmayacaq mövqeyini ortaya qoyur və bu baxımdan, bu addımlar dayandırılmalıdır. Üçüncüsü, bu addımlar beynəlxalq hüquq və beynəlxalq hüquq normal və prinsiplərinə ziddir. Beynəlxalq hüquq normaları və prinsiplərinə görə də bu addımlar durdurulmalıdır və eyni zamanda, təbii, yenə vurğulayıram, separatçı qüvvələrə verilən dəstək işğalçılığa verilən dəstək kimi qiymətləndirilir. Hər tərəfdə də ancaq bu şəkildə qiymətləndirilə bilər. Baxın, Suriyada nə addımlar atırlar? Suriyada Bəşər Əsəd rejimi tərəfindən sadə, sivil insanlara qarşı qətl hadisələri həyata keçirilib, ona görə, indi həmin rejimə embarqolar qoyulur, iqtisadi sanksiyalar qoyulur, əlaqələrin kəsilməsi məsələsi gündəmə gətirilir. Amma burada minlərlə insanı qətl etmiş, minlərlə insanı məcburi köçkünə çevirmiş, bu gün də evinə dönə bilməyən, evinə dönməsinə imkan verməyən qüvvələrə dəstək göstərilir. Yəni, Ermənistana bu dəstək bir ayrı göstərilir, üstəlik Dağlıq Qarabağın separatçı qüvvələrinə, separatçı rejimə dəstək göstərilir. O zaman biz hansı səmimiyyətdən danışırıq, hansı ədalətli yanaşmadan danışırıq? Təbii ki, bu da insanların içərisində çox ciddi suallar doğurur. Bu baxımdan, biz hesab edirik, bu, bizim tələbimizdir, Azərbaycan xalqının tələbidir, məcburi köçkünlərin tələbidir ki, ABŞ Konqresi bu kimi yardımları və bu kimi addımları dayandırmalıdır.

- ABŞ-ın ölkəmizdəki səfirliyindən bununla bağlı mediaya verilən açıqlamada bildirildi ki, buna görə Azərbaycan tərəfinin əndişələnməsinə heç bir əsas yoxdur. Çünki bu yardımlara ayrılan pul – 2 milyon dollar daxil olmaqla birbaşa separatçı rejimin rəhbərliyinə deyil, orada humanitar layihələri həyata keçirən təşkilatların hesabına köçürülür. Açıqlamada həmçinin bildirilir ki, onlar Konqresin qəbul etdiyi qərarlara hər hansı bir şərh verə bilməzlər.

- Konqresin verdiyi qərara verilən şərh səfirliyin mövqeyidir, biz sadəcə, Konqresin mövqeyinə toxunuruq. Bir daha qeyd edirəm ki, bu, absurd bir şeydir. Onda get Abxaziyaya da ver, Dnestryanıya da ver, niyə vermirsən? Get oranın təşkilatlarına ver? İkincisi də nə fərqi var ki, oradakı təşkilatlar kimin təşkilatlarıdır, separatçı rejimin təşkilatlarıdır da? Orada nə təşkilat var, orada axı, hansı təşkilatdan söhbət gedə bilər? O, həmin separatçı, işğalçı qüvvələrin çiçəklənməsinə , o, separatçı rejimin, o bölgənin inkişafına “xidmət edir”. Nə fərqi var onun? Üstəlik hələ aparıb ciblərinə pul da qoymaq istəyirsiniz? Deyir, biz ora vermirik, ora verirsiniz də, nə fərqi var ki? Mən bunu deyə bilərəm, mən hesab edirəm ki, bunlar hamısı fikri başqa istiqamətə yönəltməkdir. Səfirlik elə deyəcək də, Konqresin dediyini deməyəcək ki? Onun o yetkisi yoxdu desin ki, Konqres səhv edir, onu deyə bilməz. Ona görə elə deməyə məcbur olur. Mən belə hesab edirəm ki, bu, bir arqumentli cavab deyil. Çünki Konqresin Azərbaycanın işğal altında olan ərazilərinə, Dağlıq Qarabağa, Dağlıq Qarabağdakı separatçı rejimə, separatçı qüvvələrə verdiyi maliyyə dəstəyi işğala verilən dəstəkdir. Demək ki, biz o rejimə dəstək vermirik, o qüvvələrə dəstək vermirik, bunlar düzgün deyil. Bu yardımlar hara gedir, bu yardımlar bu gün Dağlıq Qarabağda, separatçı erməni rejimi və separatçı erməni qüvvələri var ki, onlara - bu bölgəni idarə edənlərə gedir. Bu yardımlar o bölgə üçün gedir. Yəni, o bölgədəki hansısa fəaliyyətlərə yönəlir, hansısa işlərə yönəlir. İkincisi də söhbət o yardımların həcmindən və paylanmasından getmir, söhbət bu yardımların ayrılmasının doğru olmadığından gedir. Önəmli deyil ki, o yardımların həcmi nə qədərdir, o yardımlar hansı yollarla dağıdılır, özlərinin müəyyənləşdirdiyi təşkilatlarlamı, yoxsa, başqalarınamı gedir. Önəmlisi bu yardımların ayrılmasının yanlış olmasıdır. Yenə təkrar vurğulayıram ki, ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Ərazi bütövlüyünü tanıdığınız ölkənin bir hissəsinə - o hissədəki Azərbaycan hökumətinin, dövlətinin nəzarəti yoxdur, ora işğal altındadır və orada separatçı qüvvələr, separatçı rejim fəaliyyət göstərir, belə bir bölgəyə Azərbaycanın razılığı olmadan, Azərbaycanın icazəsi olmadan ayrılan hər hansı bir yardım, hər bir addım Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir və bu dünyanın hansı ölkəsi ilə bağlı olursa-olsun bu cür də qəbul edilməlidir ki, bu ölkənin ərazi bütövlüyünə sayğısızlıqdır. İkinci bir tərəfdən bu beynəlxalq hüquqa, beynəlxalq hüquq normaları prinsipinə ziddir. Üçüncüsü də ATƏT-in Minsk Qrupunun həmsədr kimi Amerikanın mövqeyinə ciddi şəkildə kölgə salan addımdır. Dördüncüsü, axı Dağlıq Qarabağın təkcə erməni icması yoxdu? Dağlıq Qarabağın erməni icması işğalçı Ermənistanın yanında olaraq separatçı qüvvələrə dəstək verirlər, separatçı rejim də bu işğalda geniş şəkildə rol oynayıb. İşğalçıya bu dəstəyi verir, amma əziyyət çəkən, yəni, evindən qovulan qaçqın və məcburi köçkünə heç bir yardım ayırmır?! Konqres tərəfindən niyə yardım ayrılmır ki, Dağlıq Qarabağdan qaçqın və köçkün düşmüş insanların bu humanitar layihələrə ehtiyacı var. Çünki bu insanlar evlərini itiriblər, məktəblərini itiriblər, işlərini itiriblər, hər şeyini itirən azərbaycanlılardır. Niyə onlara heç bir yardım ayrılmır? Amma separatçı rejimin olduğu, separatçı qüvvələrin olduğu, yəni, işğalçı qüvvələrin olduğu yerə ayrılır o yardım. Bunu özü axı məntiqlə də absurddur. Beşincisi, əgər bu doğrudan da bir səmimi humanitar mahiyyət daşıyırsa, niyə Abxaziyaya yoxdu, niyə Cənubi Osetiyaya yoxdu, niyə Dnestyanıya yoxdu? Nə üçün məhz Dağlıq Qarabağa bu addımı atırlar? Demək ki, burada artıq fərqli bir niyyət, fərqli bir düşüncə də var. Təbii ki, biz bu parametrləri nəzərə alanda Azərbaycan heç zaman bunu qəbul edə bilmir və hər zaman da buna öz etirazını bildirir. Azərbaycan dövləti, Azərbaycan xalqı hər zaman ciddi arqumentləri gətirərək, bu cür addımların doğru olmadığını bildirir . ABŞ ən azı ATƏT-in Minsk qrupunun həmsədri kimi özünün obyektiv, neytral və ədalətli mövqeyini qoruması istiqamətində - münaqişənin tənzimlənməsində belə bir rol oynamalıdır. Amma çox təəssüf ki, bu istiqamətdə biz müsbət addımları görər bilmirik, o cümlədən də 907-ci düzəliş məsələsində. 907-ci düzəliş də bu gün ABŞ siyasətində Azərbaycana qarşı ədalətsiz düzəlişdi, haqsız düzəlişdi. Bu gün ABŞ-ın siyasəti ilə məşğul olan və bu bölgəni bilən siyasətçilərin hamısı bunun doğru olmadığını bilirlər. Amma o ləğv olunmur. Bu ədalətsiz düzəliş bu günə qədər də davam edir. Bu özü məsələnin digər tərəfidir ki, bu haqsızlıq hələ də Azərbaycana qarşı davam edir. Bax, bu da ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ-ın mövqeyinə ciddi şəkildə kölgə salır ki, işğalçılar qala-qala Azərbaycana qarşı belə bir düzəliş qəbul olunub və neçə illər keçməsinə baxmayaraq, indiyə qədər də o ləğv olunmur.

 

 

Alim

 

Olaylar.- 2012.- 11 yanvar.- S.9.