Uşaqlar hansı verilişlərə baxmaq istəyir?

 

 Təvəkkül Dadaşov : “Bu gün telekanallarda bütün yaş qrupundan olan uşaqların maraqları nəzərə alınmır”

 

  Zeynal Məmmədli: “TV uşaqlar üçün həm dayə, həm müəllim, həm oyun yoldaşı və “virtual oyuncaq” olmalıdır”

 

  İradə Yaqubova: “Artıq onların sakitcə oturub hansısa bir xalaya qulaq asdıqları və kiminsə işarəsi ilə danışdıqları zaman deyil”

 

  İndinin 10 yaşlı uşaqları 70 yaşlı birindən daha çox şey bilir” şəklində fikirlər tez-tez səslənir. Düzdür, hər zaman nəsillərarası fərq olub. Amma son zamanların elmi-texnoloji yenilikləri nəsillərarası “məsafəni” bir az da genişləndirib. Əslində televiziya, kompüterin uşaqları üçün çox əlçatan olduğu bir zamanda onların inkişafı və hər gün böyükləri bir az da artıq təəccübləndirmələri də normaldır. Artıq texnoloji vasitələr dünyanı evimizə gətirib. Bu səbəbdən də artıq uşaqlar da dünyanın müxtəlif ölkələrində yaşayan yaşıdlarının nə yeyib-nə geydiyini, nə oxuyub-necə danışdığından xəbərdardır. Buna görə də, həmin uşaqları təəccübləndirmək və inandırmaq daha da çətinləşib. Uşaqların dəyişimində səbəbkar olan televiziyalar bu gün onları razı salmaq, ehtiyacları qarşılamaq üçün veriliş hazırlayarkən çətinlik çəkirlər. Çünki artıq uşaq verilişləri aparıcılarının monoloqu onlar üçün heç də cəlbedici görünmür. Media eksperti Zeynal Məmmədli uşaqların da böyüklər qədər, bəlkə də daha çox hər şeyə tənqidi yanaşmağı sevdiklərini, həmçinin bəyəndikləri teleproqrama bağlandıqlarını deyir.

 

“Amma onlar hövsələsizdirlər və bir əhvalatın necə bitməsini aylarca izləməyi ağıllarına da gətirməzlər. Bir az sıxılıb-darıxan kimi, mütləq kanalı dəyişər və ya TV-dən uzaqlaşıb kompüter önünə keçər, ya da dostları ilə bir oyun oynamağa başlayarlar. Qısası, cansıxıcı görünən heç bir şeyi yaxına buraxmazlar. Onlara nə hazırlasan, yeni, qısa, çox maraqlı, sürprizli olmalıdır. Hətta sözlərin standart biçimdə deyilməsini, standart səslənişini sevməzlər – hər şey diricanlı, canayaxın, bəsitlikdənuzaq və s. bənzər özəlliklərlə dolu olmalıdır”. Milli Televiziya və Radio Şurasının “Ekspertiza, proqramlaşdırma və analitik” şöbəsinin müdiri Təvəkkül Dadaşov uşaq verilişlərinin keyfiyyət problemi ilə yanaşı, bu gün telekanalların bu tip verilişləri hazırlamaqda maraqsız olduqlarını deyir. “Bu da daha çox özəl kanallar və reklamlarla bağlı problemdir. Qanunvericilik uşaq verilişlərində reklam yerləşdirməklə bağlı müəyyən məhdudiyyətlər qoyur. Bu səbəbdən də özəl kanallar bu verilişlərin sayının artmasında maraqlı deyillər. Onlar çox zaman bu boşluğu xarici və ya yerli cizgi filmlərilə doldurmağa çalışırlar. Bu istiqamətdə dövlət büdcəsindən maliyyələşən dövlət televiziyası, İctimai Televiziya, idman və mədəniyyət kanallarının üzərinə böyük məsuliyyət düşür. Ona görə də, həmən kanallar bu sahədə fəaliyyətlərini bir daha nəzərdən keçirib, daha aktiv olsalar yaxşı olar”. “ELS” Müstəqil araşdırmalar mərkəzinin rəhbəri İradə Yaqubova isə son zamanlar uşaq verilişlərinin sayının əvvəlki illərə nisbətən artdığını deyir. O, bu artımın bir səbəbini də bəzi QHT-lərin uşaq verilişləri ilə bağlı araşdırmalar aparmasında görür. “Ancaq sayın artması yetərli deyil. Çünki əsas məsələ onların nə dərəcədə yararlı olmasıdır. Bu verilişlər hazırlanarkən yalnız televiziya sahəsində çalışan peşəkarlar yox, eyni zamanda uşaqlarla işləyən mütəxəssislər də iştirak etməlidirlər. Hətta uşaq psixoloqları da həmin verilişlərə cəlb olunmalıdırlar. Amma bizim verilişlərdə bunlar varmı? Varsa da, bu hələ ilkin səviyyədədir. Düşünürəm ki, bu gün uşaq verilişlərinin keyfiyyəti ürəkaçan deyil”.

 

Bütün yaş qrupları nəzərə alınmır

 

Bu gün yerli kanalların demək olar ki, hər birində uşaqlar üçün veriliş var. Bunlar müxtəlif yaş qruplarını əhatə edir. Çünki uşaq sadəcə 5-6 yaşlılar deyil, 18 yaşına qədər olanlardır. Ona görə də, bir verilişlə bütün yaş qruplarının maraqlarını təmin etməyin çətin olduğunu da anlamaq çətin deyil. Biz kanallarda nələr müşahidə edirik? Onlar daha çox on yaşa qədər olan uşaqların maraqlarına uyğun verilişlər hazırlayırlar. Digər yaş qruplarından olanlar da ya xarici telekanallara baxır, ya da başqa “əyləncə” vasitələri tapırlar. T.Dadaşov da telekanallarda bütün yaş qrupundan olan uşaqların maraqlarının nəzərə alınmamasından narahatdır. “Bu gün telekanallarda bütün yaş qrupundan olan uşaqların maraqları nəzərə alınmır. Əlbəttə, bir verilişdə bütün yaş qrupunun nəzərə alınması mümkün də deyil. Bəzi kanallar yetkinlik yaşına çatmış uşaqları nəzərə alaraq bədii filmlər nümayiş etdirirlər. ANS və ATV-də yetkinlik yaşına çatanların maraq dairəsinə uyğun verilişlər hazırlanır. İctimai və Space də 6 yaşına qədər olan uşaqlar üçün verilişlər var. Digər kanallar da müəyyən yaş qruplarını nəzərə alaraq bədii filmlər, intellektual oyunlarla vəziyyətdən çıxırlar. Amma hələ də bir kanal bütün yaş qrupundan olan uşaqların maraqlarını nəzərə almır”. Bu verilişlərin uşaqların ehtiyaclarına cavab verib-verməməsinə gəlincə isə, T.Dadaşov bunu uşaqlar arasında aparılacaq monitorinqlər əsasında müəyyən etməyin mümkün olduğunu deyir. “Bir mütəxəsis olaraq bu verilişləri nəzərdən keçiririk. Bəzi verilişlərdə uşaqların maraqlarına uyğun olmayan mövzular qaldırılır, düşünmürəm ki, onları izləyən uşaqlar da bu verilişlərdən nəsə öyrənə bilirlər”.

 

Hələ yaşın çatmır

 

 Bu gün bəzi telekanallar da yayımlanan uşaq verilişlərinin bir problemi də hələ də bəzi köhnə təfəkkürlərin yaşadılmasıdır. Onlar müasir uşaqların inkişaf səviyyəsini nəzərə almırlar. Bu da həmin verilişlərdə iştirak edən uşaqların tez yorulmasına, izləyənlərin isə tez bir zamanda sıxılıb kanalı dəyişdirmələrinə səbəb olur. Verilişin aparıcıları hər şeyi bilən kimi təqdim edir, nəticədə uşaqlar onu özlərinə yaxın hiss etmədiklərindən ünsiyyət zamanı da sıxılır və hətta danışmaqdan da çəkinirlər. Z.Məmmədli də veriliş zamanı uşaqlara hansısa məhdudiyyətlərin qoyulmasının doğru olmadığını deyir. ““Bunları bilməyə hələ yaşın çatmır” düşüncəsinin və ya “filan mövzuya toxunmaq belə olmaz” qadağasının yerinə, uşaqları həyatın qəddar və iyrənc gerçəklərindən qorumaq əvəzinə onlara hər şeyi anlatmaq yolu tutmaq yaxşıdır. Uşaqların yalana, pisliyə, zülmə, qəddarlığa, cahilliyə qarşı mübarizəyə alışdırılması, onlara uyğun bilik və vərdişlərin aşılanması onların cəmiyyət həyatına daha hazırlıqlı yetişmələrinə, insan hüquq və azadlıqlarına daha sayqılı böyümələrinə xidmət edir”. İ. Yaqubova isə bu gün uşaq verilişlərində müəyyən stereotiplərin olduğunu deyir. “Telekanallarda hələ də müəyyən stereotiplər var və bundan da əl çəkmirlər. Ona görə də, verilişi hazırlayanlar hələ də standart formatlarla işləyirlər. Nəzərə almaq lazımdır ki, uşaqlar günü-gündən dəyişir. Artıq onların sakitcə oturub hansısa bir xalaya qulaq asdıqları və kiminsə işarəsi ilə danışdıqları zaman deyil. Düzdür, verilişlər də yavaş-yavaş dəyişir. Bu proses başlanıb və inanıram ki, bu iş gələcəkdə daha uğurlu olacaq”.

 

Bizim uşaqlar

 

Uşaq verilişlərində diqqət çəkən bir məqam da onların daha çox müxtəlif xarici televiziyalarda yayımlanan verilişlərə uyğun hazırlanmasıdır. Əlbəttə, hər gün yeni ideya və formatın yaranması mümkün deyil. Amma hansısa bir xarici verilişin formatını eynilə təkrarlayarkən də auditoriya mütləq nəzərə alınmalıdır. Dünya nə qədər qloballaşsa da, hələ ki xalqlar özlərinə məxsus özəllikləri saxlayırlar və bu da onları fərqləndirən başlıca əlamətlərdir. Ona görə, bir qərb televiziya verilişi formatından bəhrələnərkən veriliş hazırlayarkən ona baxan izləyicinin şərqli olduğunu unutmamalıyıq. Z.Məmmədli də , hər ölkə fərqləndiyi qədər, bu ölkələrdə yaşayan uşaqların da bir-birinə bənzəmədiklərini deyir. “Hər xalqın öz nağıl qəhrəmanları və öz qırmızı və ya yaşıl cizgiləri, yəni olar-olmazları var. Eyni zamanda burası da danılmazdır ki, uşaq proqramları hazırlamağın ortaq prinsip və şərtləri, qayda və üsulları gözardı edilə bilməz. Uşaqların müxtəlifliyə alışdırılmasının, bilgiləndirilməsinin, insan hüquq və azadlıqlarına sayqılı böyüdülməsinin önəmini kimsə dana bilməz. Heç kim iddia edə bilməz ki, uşaq verilişləri ağlı, məntiq və xəyal gücünü danmalıdır”.

 

Uşaq verilişi necə olsun

 

  Bəs yanlışlıqları aradan qaldırmaq və uşaqlar üçün daha gərəkli, faydalı veriliş hazırlamaq üçün nələrə diqqət etməliyik? Ekspertlərin bu istiqamətdə bəzi məsləhətləri var. T.Dadaşov verilişlərin uşaqların mənafeyinə uyğun hazırlanmalı olduğunu deyir. “Bəzən uşaq verilişlərində böyüklərə aid mövzular qaldırılır. Elə mövzular müzakirə olunur ki, bu onların düşüncə, təfəkkürünə uyğun olmur. Ancaq verilişlərdə uşaqların maraq dairəsinə uyğun, onların intellektual səviyyəsinin üzə çıxarılması istiqamətində müzakirələr aparılmalıdır. Bundan başqa uşaqlarda vətənpərvərlik hissinin aşılanması ilə bağlı mövzular qoymaq olar. Çünki bu verilişlərdə iştirak edənlərlə yanaşı onlara baxan minlərlə uşaq var və onların da maarifləndirilməsi istiqamətində addımlar atılmalıdır. İntellektual biliklərlə bağlı verilişlər hazırlanmasına ehtiyac var. Deməzdim ki, bu tip verilişlər yoxdur, amma ümumilikdə uşaq verilişlərinin sayı azdır. Ancaq bugünkü situasiya uşaqları tam qaneə edəcək səviyyədə deyil”. Z.Məmmədli isə, həmin proqramların uşaqların sağlam böyüməsinə təsir göstərməli olduğunu vurğuladı. “Boy və çəki artımı, qidalanma özəllikləri, müxtəlif oyunlar vasitəsi ilə uşaqların bilməsi gərəkən gerçəklərin anladılması və s. də bənzər verilişlərin diqqət hədəfində olmalıdır. Bundan başqa, belə teleproqramlar uşaqları ekran önündə saxlamalı, əyləndirməlidir. Deməli, TV uşaqlar üçün həm dayə, həm müəllim, həm oyun yoldaşı və “virtual oyuncaq” olmalıdır. Amma “hansı dayə və müəllim?”, “hansı yoldaş və virtual oyuncaq” məsələsi, təbii ki, dəqiqləşdirilməlidir”. Bundan başqa media eksperti bu verilişlərin hazırlanması və yayımında psixoloqların da iştirakının önəmini də vurğuladı ki, ABŞ-da TV-nin uşaqlara mənfi təsirinə çox həssas yanaşıldığından uşaq proqramlarının göstərilməsinə ayrıca psixoloqlar qrupu icazə verməlidir. Bunu senzura kimi dəyərləndirənlər də az deyil, amma bir gerçək danılmazdır ki, uşaq proqramını hazırlayanlar, özəlliklə yazar çox diqqətli olmalı, hər sözün, hər davranışın uşaq tərbiyəsinə təsir dərəcəsini öncədən yəqinləşdirməlidir. Media eksperti uşaq verilişlərinin peşəkarlıqla hazırlanması üçün bəzi önəmli məqamları da əlavə etdi. “Uşaqlara ünvanlanan peşəkar və çağdaş televiziya proqramının qaçılmaz elementləri-bilgi, nağıl, şeir, musiqi, rəqs, yarış, təbiilik, bər-bəzəkdən uzaq, tələblərə uyğun mətn və verilişə baxan uşaqların reaksiyalarına maksimum həssaslıqdır. Bundan başqa verilişin özündə mütəxəssislərin tənqidi fikirlərinin səslənməsi və verilişlə bağlı araşdırmaların sonuclarının diqqətə çatdırılması da önəmli elementlərdəndir. Həmçinin uşaq verilişlərində ən gözlənilməz durumlara belə hazır olmaq lazımdır”.

 

 

Gülxar Şərif

 

Olaylar.- 2012.- 12 yanvar.- S.6.