Yaddan çıxmaz Qarabağ
- adi bayatı, yoxsa
gerçək tarix?
Hardasa 12 yaşım var idi. Yay tətilində
Qarabağa getmişdik, Ağdamın Kolanı kəndinə
(camaat arasında Xaçınstroy deyirdilər). Uşaqlıq
yaddaşının ən maraqlı səhifələri
yazılırdı o günlərdə. Xaçın (su anbarı)
gölünün sahili, Uşaqlarla (Səxavətlə, Rəhmanla)
Almadətli kəndindəki bağlara alma oğurluğuna getməyimiz,
bağın qarovulçusu Arifin bizim arxamızca düşməsi,
avarlı qayıqda təkbaşına gölü keçməyim,
qaçıb canımı qurtarmağım, daha nələr,
nələr...
Bunları niyə xatırladım?
Sadəcə
yadıma salmaq istədim ki, “Qarabağ şikəstəsi”nə
xanəndənin canlı ifasında ilk dəfə deyəsən
elə o vaxt qulaq asmışam. Əslində Qarabağ faciəsi
mənim beynimdə elə o vaxtdan başlayıb. Kənddə
toy var idi. Nə isə yadımda qalıb ki, xanəndənin
yanıqlı zil səsi var idi və o həmin toy
axşamı, yəni 1972-ci ilin yayında, o toyda “Qarabağ
şikəstəsi” oxuyurdu.
Əzizinəm Qarabağ,
Şəki,Şirvan,Qarabağ.
Aləm cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.
Musiqi və
Xanəndənin səsi ecazkar olsa da, bayatının sözləri
yaddaşımın bir guşəsində elə o zamandan
ilişib qaldı. O zaman sadəcə bayatının sözləri
ürəyə və dilə yatımlı olduğundan
yadımda qalmışdı. O günlərdə heç
ağlıma da gəlməzdi ki, bir vaxtlar bu bayatı
haqqında dərindən düşünüb onun milli, tarixi
və siyasi mahiyyəti haqqında araşdırma
aparacağam. O zamanlar əzbər bildiyim başqa bir şeir də-böyük
şairimiz Səməd Vurğunun Azərbaycan şeirinin bir bəndi
də məni bu bayatı haqda düşünməyə
yönəldirdi.
Könlüm keçir Qarabağdan.
Gah o dağdan, gah bu dağdan,
Axşamüstü qoy uzaqdan
Havalansın Xanın səsi,
Qarabağın şikəstəsi.
Sözün
düzü o vaxt ilk ağlıma gələn fikir bu
olmuşdu ki, xanəndə Qarabağı şikəst bir
uşaq kimi əzizləyir. Amma elə o vaxtlar anlaya bilməmişdim
ki, Şəkinin, Şirvanın bura nə dəxli var? Həmçinin
bayatının son misrası olan “Yaddan çıxmaz
Qarabağ” deyimi nə deməkdir? Kimdir ki Qarabağı
unudan? Xanəndə niyə belə oxuyur? Bunlar hamısı o
zaman idi.
İllər keçdi, zaman dəyişdi,
Sovet İmperiyası çökdü, Azərbaycan 20-ci ildə
itirdiyi Dövlət Müstəqilliyini bərpa elədi. Amma
Qarabağ işğal olundu. Başımıza gələnlər
taleyimizi, düşüncəmizi dəyişdi. Elə o
vaxtdan bu bayatının izinə düşdüm. Əvvəllər
elə bilirdim ki, ötən əsrin əvvəllərində
bədnam qonşular tərəfindən Qarabağın
işğalı həyata keçiriləndə, nənələrimizin
dilindən deyilən bir ağıdı bu bayatı. Sonralar
anladım ki, Qarabağ və Şuşa xanı İbrahim xan
Rus imperiyasının güclü təzyiqləri altında
Qarabağ Xanlığının işğalına imza
atıb, yəni Rus imperiyasının tərkibinə verilməsinə
imza atıb.
Muğam Azərbaycan
milli musiqisinin möhtəşəm məbədidir. Ulu
xalqımızın varlığından süzülüb gələn
bu məbəddə (rahib ya da kahin) olmaq hər bir
soydaşımız üçün şərəfdir. Bu məbəddə
on iki muğamla yanaşı, bir neçə zərb muğam
da var. Arazbarı, Simayi-Şəms, Şirvan Şikəstəsi,
Mani-Osmani, Mənsuriyyə, Qarabağ şikəstəsi və
s. Bu zərb muğamların hər biri haqqında geniş
danışmaq mümkündür, amma bu zərb
muğamların heç biri, Qarabağ şikəstəsi
kimi, həm musiqisi, həm də sözləri ilə konkret
tarixi faciəmiz olan Qarabağ faciəsi ilə əlaqədar
yaradılmayıb.
Sovet
dövründə belə bir fikir formalaşdırmağa
çalışırdılar ki,Qarabağ bayatısı guya
Xan qızının Tehrana ərə getməsi ilə
bağlıdır. Guya Xanqızı Qarabağdan Tehrana
köçərkən, xiffətdən və ya həsrətdən
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ,
- deyib.
Məncə
bu heç bir məntiqə uyğun gəlmir. Əvvəla
Xanqızı özü bayatı desəydi Şəki,
Şirvan, Qarabağ yox, məsələn: Ağdam,
Şuşa, Qarabağ deyərdi, yəni ən yaxın və
doğma əhatəni dilə gətirərdi. Beləliklə,
bu versiya daha çox uydurmaya oxşayır, sadəcə xan
qızının adından el-obada çağırılan
bayatı təsiri bağışlayır.
Tam əminliklə
deyə bilərəm ki, bu bayatı məhz Qarabağ
xanlığının işğalı ilə bağlı
yaradılıb və Qarabağ şikəstəsi zərb
muğamı da ona görə belə kədərli,
yanğılı, əzəmətli və unudulmaz bir formada bəstələnib
ki, bu tarixi gerçəkliyi xalq hec zaman unutmasın.
Bu bayatını araşdırmaya
başladığım ilk andan bayatının son misrası
diqqətimi cəlb etdi.
“Yaddan
çıxmaz Qarabağ”. Nə üçün bayatı məhz
bu fikirlə bitir? Anladım ki, Qarabağın
varlığını, tarixini, mahiyyətini yaddaşlardan
silmək niyyəti var imiş məlum düşmənlərimizin.
Bu təhlükəni duyaraq, o dövrün tanınmış
ziyalıları, (Mirmövsüm Nəvvab və s.) bu
bayatını məqsədyönlü yaratmış və
bu bayatıda gerçək tariximizin Qarabağ səhifəsini
yaddaşlara həkk etmək istəmişdilər. Ulu dədələrimizin
niyyəti ilk baxışdan adi və sadə görünən
bir neçə misralıq bayatıda 1805-ci il faciəsini əks
etdirmək olub. Bəs onda Şəki, Şirvanın bu
bayatıya nə aidiyyatı var? Elə bu tarixi
bayatının sirri də məhz bu misrada gizlənirmiş.
“Şəki,
Şirvan, Qarabağ”- məntiqi və tarixi
ardıcıllığa diqqət yetirin, Şirvan, Şəki,
Qarabağ-da deyə bilərdilər. Bəs niyə deməyiblər?
Çünki məlum xanlıqların işğal tarixlərinə
uyğun ardıcıllıqla yaradıblar bayatını. Bu məntiqlə
belə bir fikir deyə bilərik ki, bu təsadüfən
emosional vəziyyətdə çağırılan bayatı
deyil, daha doğrusu, hisslərin yox, düşüncənin məhsuludur.
İlkin
araşdırılmalardan belə məlum oldu ki,1801-ci ildə
Şəki, 1804-cü ildə Şirvan və yuxarıda qeyd
etdiyimiz kimi, 1805-ci ildə də Qarabağ xanlıqları zorən
Rus imperiyasının tərkibinə qatılmışlar.
Araşdırmaların nəticəsi belə
düşünməyə əsas verir ki, bu möhtəşəm
bayatı duyğusal nənələrimizin dərddən
çağırdığı bayatı deyil, əslində
bu bayatı faciənin içində qovrulan, tarixi gerçəyin
sarsıntısını içdən keçirən ulu dədələrimizin
düşünülmüş əsəridir. Şəki, Şirvan,
Qarabağ xanlıqlarının, Rus imperiyası tərəfindən
işğalının şahidi olmuş dədələrimiz
bu faciəni xalqın yaddaşında daimi yaşaması
üçün, millət bu faciəni heç zaman
unutmasın deyə bu bayatını yazmış və bununla
kifayətlənməyərək, ”Qarabağ şikəstəsi”ni
də faciələrimizin ruhuna bəstələmişdilər.
Heç şübhəsiz ki, böyük Səməd
Vurğun:
Havalansın Xanın səsi,
Qarabağın şikəstəsi.
-deyəndə
bu tarixi gerçəklikdən xəbərsiz deyildi. Nəhayət,
araşdırmaların nəticəsi gördüyünüz
kimi bir bayatının timsalında acı tarixi gerçəyi
ortaya qoydu. Zamanın gedişi belədi, taleyin hökmü belədi.
Qarabağ bu gün işğal olunmayıb. Bayatıdan da
göründüyü kimi, 1805-ci ildə işğal olunub. Tanrı
bizim xalqı bundan sonra işğal bayatılarından hifz
etsin. Allah böyük alimimiz Xudu Məmmədovun ruhunu şad
etsin və bizə zəfər bayatıları qismət
etsin.Amin!
Bu qala bizim qala,
Həmişə bizim qala.
Tikmədim özüm qalım,
Tikdim ki, izim qala.
Rauf Zeyni,
Milli QHT Forumunun Prezidenti
Olaylar.- 2012.-
14-16 yanvar.- S.11.