Xalq artisti Ramiz Məlik: “Teatrdan
ayrılmaq mənim üçün çox böyük stress ola bilər”
“Bəzi aktyorlar rol bölgüsündən
narazı qalaraq ona verilən rolu oynamaqdan imtina edirlər”
Azərbaycan Akademik Milli Dram Teatrında
çalışan yaşı 65-dən yuxarı 9 aktyorla gələn
ay yenidən iş müqaviləsi imzalanacaq
“Teatrdan
ayrılmaq mənim üçün çox böyük
stress ola bilər. Axı bütün ömrümü teatra sərf
etmişəm. Mən teatrda yaşa dolub 68 yaşına gəlmişəm.
50 ilə yaxındır bu teatrda işləyirəm.
Yaxşı,
mən teatrdan ayrılsam, nə olacaq? Bir adamın mənəviyyatı
əlindən alınarsa, o nə hala düşə bilər?
Bu mənəviyyat məsələsidir”. Bu
açıqlamanı APA-ya Azərbaycan Dövlət Akademik
Milli Dram Teatrının aktyoru, xalq artisti Ramiz Məlik verib.
Teatrda 65
yaşdan yuxarı aktyor heyətinin işdən
çıxarılacağı barədə xəbərlərə
münasibət bildirən Ramiz Məlik artıq bu problemin
aradan qalxdığını deyib: “Siyahıda adları olan 5
xalq artisti və 4 əməkdar artistin hər biri ilə fevral
ayında yeni müqavilə imzalanacaq. Əvvəl söhbət
çıxdı ki, yaşı 65-dən yuxarı olan
aktyorlar teatrdan getməlidir. İsrafil İsrafilov dedi ki, siz
aktyorlar bu teatrın sütunlarısınız. Siz məni
qorumalısınız, mən sizdən ilham alıb iş
görürəm və sizdən necə əl çəkə
bilərəm. Bu məsələni Mədəniyyət və
Turizm Nazirliyinin qarşısında qaldırdı və məsələ
öz həllini tapdı. Yaşı 65-dən yuxarı olan beş
xalq artisti, dörd əməkdar artisti var. Onlar bu gün rollar
ifa edirlər, teatrın əsas sütunlarıdır. Fevral ayında
bizim müqaviləmizin
müddəti bitəcək
və hər birimizlə yenidən müqavilə bağlanacaq”.
68 yaşlı xalq artisti bu gün
özünü formada
his etdiyini və 30-40 yaşlı obrazların öhdəsindən gələ
biləcəyini əlavə
edib: “Biz Akademik Milli Dram Teatrıyıq, bizim adımızın üstündə akademik sözü var. Demirəm ki, biz akademikik, amma öz sənətimizdə
biz həqiqətən də
akademikik. Bu gün
mən kor, kar, xəstə deyiləm. Bu gün lazım olsa, 30-40 yaşında oğlan rolunu oynaya bilərəm.
Bu gücü özümdə
hiss edirəm. Tək mən
yox, mənimlə bərabər, bütün
həmyaşıd həmkarlarım
bunun öhdəsindən
gələ bilərlər.
Mən bütün rolların öhdəsindən gəlmək
bacarığındayam. Rafael Dadaşov, Rafiq Əzimov, Hacı İsmayılov - hamısı
iş başındadır.
Teatr bizim doğma evimizdir. Bizim bütün həyatımız
teatrda keçib.
Korifey müəllimlərimizin bizə
tövsiyələri ilə
püxtələşmişik, rollar oynamışıq, dövlət mükafatı,
prezidentin fərdi təqaüdünü almışıq,
evlərlə təmin
olunmuşuq. Biz o zamanlar
Ağasadıq Gəraybəylidən,
Hökumə Qurbanovadan,
Nəcibə Məlikovadan,
Həsən Turabovdan və digərlərindən
öyrənə-öyrənə, püxtələşərək gəlib bu səviyyəyə
çıxmışıq. İndiki gənclər isə bizimlə tərəf müqabili olmalı və bizim təcrübəmizi
öyrənməlidir. Tədris başqa şeydir, teatr isə tamam başqa şey. Teatr sənə yol
göstərir”.
Ramiz Məlik teatrda baş verən intriqalara da toxunub: “Teatrda
intriqa ola
bilər, bu, labüddür. Hazırda isə teatrımızda
belə şey yoxdur. 10 tamaşa hazırlanıb, o tamaşalar
arasında bir az zəifi
də var, müvəffəqiyyət qazananı
da. Teatrda iş prosesi reysə düşüb. Repertuarda müxtəlif tamaşalar
var, rejissorlar dəvət olunub, işləyirlər. Keçmiş zamanla bu günü
müqayisə edəndə
yeniliklər çoxdur,
amma bəzən biz çalışırıq ki,
70-ci illərdə olan
məsələləri bu
günə gətirək.
O zamanın oyun tərzini gənclər görüb püxtələşsinlər,
çünki onlar yaxşı məktəb keçə bilməyiblər.
Tofiq Kazımov, Mehdi Məmmədov, Ədil İsgəndərov,
Məlik Dadaşov kimi pedaqoqlardan, rejissorlardan dərs almayıblar. İndiki gənclər biz yaşlı nəslə baxıb örnək götürməlidirlər”.
Ramiz Məlik bildirib ki, teatrda
bəzi aktyorlar rol bölgüsündən
narazı qalaraq həvalə olunan rolu oynamaqdan imtina edirlər: “Ad çəkmək istəmirəm,
amma aktyor ona verilən roldan imtina edir
və deyir ki, ona niyə
baş rol verilməyib. Bu, düzgün
yol deyil və bu gün
teatrda bu cür hərəkət edən aktyorlar var”.
Olaylar.- 2012.- 14-16 yanvar.- S.8.