Sənətkar
ömrünün şirin
nağılı
O, sazı instrumental ansambl ifaçılığına
gətirdi
Atası Məhərrəm müəllim
bir gün balaca Hüseynağadan böyüdükdə hansı
peşənin sahibi olacağını soruşdu. Hüseynağa isə bu zaman radio ilə verilən konsertə, tarzənin məharətli ifasına qulaq kəsilmişdi. Atasının yalnız üçüncü
dəfə soruşmasına
uyğun olaraq sualı anladı.
Amma belə sualın cavabına hələ
hazır deyildi. Odur ki, başını aşağı dikib
susdu, sonra da ağladı. Lənkəran rayonu, Velədi kənd
məktəbinin 5-ci sinifində oxuyurdu. Dərs əlaçısı
idi. Sinif yoldaşları özlərinə müxtəlif peşələr seçirdilər: kosmonaft, həkim,
mühəndis, aqronom, müəllim,.. O isə radioda verilən
konsert proqramlarına qulaq asmağı, tarı
xoşlayırdı. Ağzı ilə tarı
yamsılamağa başlamışdı. Atası ona daha bir
gün müvafiq sualı verərkən “Tarçalan olmaq istəyirəm!”
dedi. Cavab atasının heç xoşuna gəlmədi.
Beş bacının bir qardaşı üçün ailədə
həkim peşəsi daha müvafiq seçilibmiş. Atası ondan Lənkəranda
hansı tarzəni tanıdığını soruşdu. Bəhməni,
bir də...bir qoca kişi vardı, əvvəllər kənd
toylarına gələr və xanəndə üçün
tar çalardı. Son illər onu görmürdü. Atası
Lənkəranın yerli radiosunun ilk diktoru kimi rayonun
bütün sənət adamlarını yaxşı
tanıyırdı. O tarzənin adı Heydər kişi idi.
Atası bir gün Hüseynağanı özü ilə
şəhər bazarına apardı və orada ona tarzən Heydər kişini
göstərdi. Heydər kişi çox qocalmışdı
və bir küncdə stol üstünə mayka-tuman
yığıb satırdı. “Bax, əgər tarçalan
olsan, qocalanda sən də belə
mayka-tuman satacaqsan!” atası bildirdi. “Mən istəyirəm
ki, sən elə peşə seçəsən ki, hamı səni
sevsin, hörmət eləsin.” Hüseynağa bu həqiqətə
ağlamaqla cavab verdi. Ürəyi çox kövrək idi, hər
şeydən ötrü ağlayırdı. Atası da deyəsən
bunu nəzərə aldı və “Yox, səndən həkim
çıxmaz!” dedi.
Bir dəfə
kənd məsçidinin qarşısındakı meydanda həmyaşıdları
ilə durmuşdu. Bu gün kənddə toy vardı.
Maraqlı ifaçı olacaqdısa, yorğanın
altından sivişib çıxacaq, xəlvətcə maraq
dalından məclisi izləməyə gedəcəkdilər.
Birdən bir “Pobeda” maşını tozanaq qaldırıb meydana
daxil oldu. Maşından bir
kişi düşdü, onları zənd ilə süzdü,
sonra onlara tərəf gəldi. Yoldaşlarının
hamısı qorxudan qaçıb uzaqlaşdı. O isə bu
kişini tanıdığı üçün duruxub
qaldı. Bu, tarçalan Bəhmən idi. “Sən Məhərrəm
müəllimin oğlunu tanıyırsan?” deyə Bəhmən kişi ondan soruşdu.
Hüseynağa qeyri ixtiyari başını təsdiq ifadəsilə tərpətdi. ”Hə
tanıyıram... Mənəm Məhərrəm müəllimin
oğlu.” Cavabı Bəhmən
kişini güldürdü. O gedib maşının arxa
qapısını qaldırdı. Oradan bir tar götürüb,
ona doğru gəldi.
“Atan mənə bir tar düzəltdirməyi sifariş
vermişdi. Ala, bu da sənin tarın, çal görüm!” Hüseynağa tamam
çaşıb qalmışdı. Ancaq
tarı əlinə alan kimi
özünə gəldi, sevindi, üzü güldü. İlk dəfə idi ki, bu gözəl alətə
toxunurdu. Ağzı ilə o qədər tar
çalmışdı ki! Bəhmən kişi cibindən bir kiçik şey (mizrab) da
çıxardıb ona verdi.
Hüseynağa tarı əsil tarzənlər kimi
sinəsinə tutdu, mizrabla
simləri bir neçə dəfə
“dınqıldatdı”, səslərin yerini
tapdı və birdən “Yeni Dehli” hind filmindən musiqini çalmağa
başladı. İfasının belə asanca
alınması özünü də heyrətləndirdi.
“Sənin tar müəllimin kimdir?” Bəhmən kişi
soruşdu. “Heç kim” –o dedi.
“Necə yəni heç kim?
Müəllimsiz də belə çalmaq olar? Ay zarafatçı!”
Bəhmən kişi onun
saçını qarışdırdı və son olaraq “Mən Məhərrəm
müəllimə deyəcəyəm, onun
oğlu yaxşı sənətkar olacaq!” dedi və maşına mindi.
Hüseynağa əlindəki tara və bu günki toy
yerinə sarı uzaqlaşan maşına sarı bir qədər təəccüblə
baxdı, sonra çevrilib
evlərinə tərəf
qaçdı. Həmin gün
tarını o qədər
dınqıldatdı ki, axşamacan
artıq “Yeni Dehli” filminin musiqisini tamam çalmağı öyrənmişdi.
Sanki yeni həyat, yeni dünya
başlayırdı. Bu dünyada
musiqi səsləndirən radiodan,
ondan və tarından başqa
heç nə yox idi. Nəhayət bir gün atası onu musiqi təhsili almasından ötrü
Lənkəran Mədəniyyət evinə gətirdi. Burada
direktorun
verdiyi
ən çətin taktı da olduğu kimi təkrar elədi. Ancaq
ertəsi gün musiqi
müəlliminin dərsi başa düşməyən şagirdin
üstünə bağırması, yumruğunu
stola çırpmasını eşitdi və ilk dərsə
girmədən geri qayıtdı. Atası
onu tez başa
düşdü; onun
kövrək qəlbli oğlu həyatın bu
cür sərt üzünə hələ
hazır deyildi. Bir müddət sonra atası onu “Müəllimlər
evi”ndəki pullu kursa üzv yazdırdı. Müəllimləri Cümşüd Axundov ilk dərsdə şagirdlər üçün “101” adlanan
musiqidən bir kiçik
hissə çaldı və sonra da onlara təkrar etmələrini
tapşırdı. Təkcə Hüseynağa
asanca ifa etdi. Sonra müəllim bu əsərdən
digər hissəni ifa elədi. Yenə də yalnız Hüseynağa bacardı. Beləcə müəllimin
heyrətli baxışları altında o
musiqini sonacan ifa elədi. Cümşüd
müəllim onun əvvəllər haradasa təhsil aldığını düşündü və dərsi o biri şagirdlərə
öyrətməsini tapşırdı, özü
isə yaxınlıqdakı bazarın yolunda
fəaliyyət göstərən foto-atelyeyə getdi. Hüseynağanın bu
“müəllimliyi” kurs şagirdlərinin xoşuna
gəlmədi. Daha kimsə istifadə üçün ona öz tarını vermək istəmirdi. Yolda böyük uşaqlar tutub
tarını əlindən almasınlar deyə məşğələlərə
tarsız gələrdi. Sonrakı günlərdə öz
tarını gətirəsi oldu. Bir dəfə dərsdən
çıxıb evə gedirdi. Yolda həmkəndliləri
olan İbad və bir qohumu onu gördü. Onlar onun evə
piyada qayıtmasına rişğənd elədilər. Pul
qoyub 1 manat müqabilində evə
taksi ilə gedə biləcəklərini dedilər. Onun payına 50 qəpik
düşürdü. Pulu vardı. Özündən yaşca
böyük olan bu oğlanlar hamamda çiməcəklərini
bildirdilər və ondan oturub bir az gözləməsini
xahiş elədilər. O da
hamamın gözləmə salonunda oturub, tarını qucaqladı və gözlədi.
Əlində tarı görən xidmətçilər bir şey
çalmasını xahiş etdilər. O
da çaldı. Bir
mahnı, iki mahnı, beş
mahnı, on mahnı. Kənd
uşaqları çimib çıxanacan
özünün ilk solo konsertini hamamda verdi. Nəhayət
eşiyə çıxdılar. Hava tamam qaralmışdı. Taksi
tutub kəndə getdilər. Stamurdov kənd körpüsünün
üstündə qarşıda bir
neçə nəfər əli məşəlli insan gəlirdi. Onlar
maşını saxlayıb içinə baxdılar və onu gördülər. Bu onun nənəsi və əmisi idi. Əmisi onu elə oradaca kötəkləməyə
başladı. Bu zaman
tarı yerə düşüb zədələndi.
Həmin gecə atası onun tarını
alıb tavandan asdı. “Sənin hələ
bu yaşın var pozulmusan, evə gec gəlirsən,
sonrası necə olacaq?! Bu
cür davam etsən sən
cəmiyyətdə sevgi, hörmət qazana bilməzsən!” Hüseynağa bir də ömrünün
sonunadək musiqi təhsili almadı. Amma tarı tavanda əsir
saxlamadı. Hər gün nərdivan gətirib
tarı oradan götürdü,
doyunca çaldı, yeni-yeni
mahnılar öyrəndi, yenə yerinə asdı. Hər
hansı musiqini bircə dəfə eşitməsi
kifayət edirdi. Dərslərdə
də belə idi: dərsi elə sinifdəcə
öyrənirdi. Orta məktəbi Gərmətük
kəndində bitirdi. Atestatında cəmi
iki “4” oldu- qalan hamısı “5” idi. Bu bilik onu
o vaxtlar çox az adamın pulsuz qəbul ola bildiyi “narxoz”un (Xalq Təsərrüfatı
İnstitutunun) “Əmtəəşünaslıq”
fakultəsinə qəbul etdirdi. Gündüzlər Xarici
Dillər İnstitutunun bufetində işləyib,
gecələr oxuyurdu. Ürəyi Lənkəranda-
tarının yanında qalmışdı. Amma
metro ansamblının rəhbəri Bəhram
Nəsibovla dost
idi. Tez-tez ora gedib, onun
tarını çalırdı. Hərdən
yaxınlıqdakı Flarmoniya
bağına gedir, orada
toplaşan məşhur sənətkarların
seyrinə dalırdı. Ora kimlər gəlmirdi?
Məşhur tarzənlər, xalq
artistləri Əhsən Dadaşov, Həbib
Bayramov, Hacı Məmmədov,.. Onlara tamaşa etməkdən
də zövq alırdı. Ürəyində
isə onların tərzində, elə onların
çaldığı kimi tar çalırdı. Bir
dəfə Flarmoniyanın afişa
lövhəsində Hacı Məmmədovun rəhbərliyi
ilə ifaçıların baxış-müsabiqəsinin keçirildiyini öyrəndi. Bəhramdan onun tarını alıb, müsabiqədə iştirak etdi. Münsiflər
heyətində daha kimlər vardı?
Şövkət Ələkbərova, Emin
Sabitoğlu, Əlibaba Abdullayev!
Seçilən ilk “beşliyə” düşdü. Amma musiqi təhsilinin olmadığı məlum olduqda Hacı Məmmədov çox
təəssüfləndi. “Narxoz”un V kursunda oxuyarkən Əhsən
Dadaşovu onların ansamblına bədii
rəhbər olaraq dəvət etdilər. Ali
məktəblərin musiqi kollektivləri
arasında müsabiqə keçirilirdi. Əhsən
Dadaşov Hüseynağanı 1-ci tar yerinə qəbul etdi. Amma sonra ona
“Sənin çox gözəl
barmaqların var. Bunların arasında
yeganə sənsən ki, ud
da çala bilərsən.
Ansamblda ud
çatışmır.” dedi. Beləcə
Hüseynağa ansamblda
ud çalmağa
başladı və onların kollektivi
müsabiqədə ən yüksək balla
1-ci yeri qazandı. Artıq ali məktəbi
bitirirdi. Bir neçə
peşəkar ansambldan ona
iş və Bakıda qalmaq
təklif olundu. Amma
atasının təkidi ilə Lənkərana qayıtmağa
məcbur oldu. Burada
ticarət sahəsində ona iş əvəzinə bolluca
vədlər verildi. Yeganə təsəllisi
tarı idi. İşsizlik
və pulsuzluq onu yaman darıxdırırdı. Toylardan
pul qazana bilərdi, amma daha toylara
tarzən dəvət etmirdilər, gitara yaman dəbə minmişdi.
Gitara almaq lazım idi. Odur ki, qonşu
arvadın təhriki ilə həyətin gavalı
ağaclarını dərdi, onunla
aparıb Bakı bazarlarında satdı. Əldə etdiyi puldan 160 manat verib “Muzuma”
elektro-gitarasını aldı. Beləcə toylarda
gitara çalmağa
başladı. Tezliklə məşhur klarnet
ustası Bayramla, İsmayılla,
müğənni Teymur Mustafayevlə toylara getdi. Əskərlik
etdiyi yerdə onu
saxlamaq istədilər. Xidməti əslində
gitara çalaraq
konsertlər verməklə keçdi. Vətənə
döndükdən sonra Aqrar
Birliyin bazasında işə düzəldisə
də, el şənliklərinə getməkdən
qalmadı. Xalqın qarşısında çıxış
etməkdən yaxşı nə ola bilərdi?
Artıq məşhur müğənni Cavad
Rəcəbovun ansamblında çıxış edirdi. O da əməlli-başlı
məşhur olmuşdu. Buna
görə də Sosialist Əməyi Qəhrəmanı
Xavər Talıbovanın qızı Sonanı ona
verməkdən imtina edə bilmədilər.
Sonralar 169 saylı texniki-peşə məktəbində
dərs dedi, Leninqradda
xüsusi kurs keçdi, qonşu rayonlarda və Bakıda toylarda
çıxış elədi. Bir dəfə
Bakıda ikən Cavad Rəcəbov ondan saz çalmasını
xahiş etdi. Saz nə tar idi, nə gitara, nə də
ud. Cavad əl çəkmədi,
mahir saz
ifaçısı Firudinə öz
sazını gətirməsini tapşırdı. Firudin sazı gətirib çıxarkən onlar artıq 1 saata “Avand” restoranında toy çalmağa başlayacaqdılar. Firudindən
sazın sirlərini mətbəxin
bir küncündə və cəmi bir saata öyrəndi. Amma sazla ilk iki
cəhti uğursuz alındı. Sazı instrumental ansambla gətirmək
heç asan deyildi. Cavad isə təkid
edirdi. Saza səsgücləndirici
qoşdular və bununla
da hər şey
qaydasına düşdü. Lənkəran
saz üçün spesifik yer
sayılmırdı. Amma o
sazı burada hamıya sevdirə bildi. Sorağı tezliklə gedib
Bakıya çıxdı və bir gün “Space” TV-nin “Kiçik qala” verlişinə dəvət olundu. Verlişdə məşhur sənətkarlar
Rahib Azəri ilə birlikdə çox maraqlı söhbətlər qururdular. O bu verlişin iki il qonağı oldu, hər
dəfə yeni-yeni ifaları ilə
hamının sevimlisinə çevrildi. Onu “Hind yuxusu”
adlı filmdə ustad roluna
da çəkdilər. Artıq saz ayrıca olaraq toylara dəvət olunurdu.
Nisə Qasımova, Səməd Səmədov, Musa
Musayev və Təranə Qumral,
Mənzurə Musayeva, Səyyad Əlizadə,
Aynur Dadaşova, Baloğlan Əşrəfov, Rəmiş, Yaqub Zurufçu kimi sənətkarları müşahiyyət edirdi. Qədir Rüstəmov ondan
daha çox razı idi. Saz ilə bir neçə il Lənkərandakı
“Dəhnə” restoranında gecələr konsert
verdi. İran İslam İnqilabının 20 illiyi münasibətilə İrana
dəvət olundu, konsertlər verdi, Rəşt televiziyasında
çıxışlar etdi. Bir dəfə rejissor Nazim Abbas Cavad Rəcəbov barədə
musiqili film çəkirdi.
Filmin bir yerində rejissor ona skripka
tutmağı təklif etmişdi. Film nümayiş etdirilən
gün anasının xəstəliyi tamam şiddətlənmiş və
ayaqları tutulmuşdu. Onu
narahat etməmək üçün
qonşu otaqların birində xəlvətcə
televizora baxırdılar. Anası ev adamlarının harada olduğunu soruşdu və
nəvəsi məsələni ona agah elədi. Birdən qapı açıldı
və heç kəsin gözləmədiyi
halda Minəvvər xanım qapı
ağzında göründü. Ayaq üstə dura bilməyən
ana övladına tamaşa
etmək üçün böyük
bir məsafə qət etmişdi.
O, Hüseynağanın skripka
“çaldığını” görüb
təəccübləndi. Anasına bunun yalandan, filmə görə olduğunu
başa salmaq istədi.
“Bunu görənlər sabah
toylarda sənə skripka
çalmağını sifariş versələr
onlara da yalandan nəsə deyə biləcəksənmi?
Nə edirsən et, yalandan
heç nə etmə!” Həmin gecə
anası ona bir çox nəsihətlər daha
verdi. Çoxdan idi ki, anası yata bilmirdi. Həmin gecə
o, rahat yatdı. Səhər
artıq anası dünyasını dəyişmişdi.
Atası öldükdən sonra Hüseynağa
bir neçə il sənətə
gedə bilməmişdi. Yenə də bacarmayacaq,
çalan kimi
ağlayacaqdı. Amma anasının nurlu çöhrəsi ona
kömək oldu və tarı,
gitarası, sazı yanıqlı səslə ağladısa da, o ağlamadı, göz yaşlarını öz
qəlbinə axıtdı.
İndi 63
yaşlı sənətkar Hüseynağa
Babayev axşamlar dənizkənarı
parkda tənha gəzib-dolaşır,
yaşadığı günlərə xəyalən səyahətə
çıxır. Həyatından
heç gileyi yox idi.
İfaçılığı sayəsində qızı
Günelə və oğlu Maisə
gözəl toy etmişdi,
baba idi, firavan
dolanırdı,.. Ən başlıcası, hamı onu sevir, hörmət edirdi. Eynən atasının bir vaxtlar istədiyi kimi! Bir
insan ömrü
üçün bundan daha şirin nə ola bilərdi?
Hafiz Mirzə
Olaylar.- 2012.-
17 yanvar.- S.10.