“İKT-nin inkişaf
göstəricilərinə görə ölkəmiz 10
ölkə qrupuna daxildir”
2011-ci
ildə rabitə və informasiya
texnologiyaları sektoru üzrə əldə
olunan gəlirlərin həcmi 2010-cu ilə
nisbətən təxminən 12 faiz
artıb, bu isə uyğun
ümumdünya orta
göstəricisinin gözlənilən rəqəmindən təxminən
2 dəfə çoxdur. Bu barədə
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Nazirlər
Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına
və 2012-ci ildə qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında
çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə,
sektora təxminən 400 milyon
manat həcmində investisiya
qoyulub. Hesabat
dövründə ölkəmizdə MDB dövlətləri
arasında ilk dəfə sabit
telefon şəbəkəsi tam rəqəmləşdirilib və bütün ölkə üzrə beynəlxalq
standart nömrələmə sisteminə
keçirilib. Sabit telefon şəbəkəsinin tutumu
təxminən 50000 nömrə artaraq hər
100 nəfərə 18,6 faiz
sıxlığa çatdırılıb.
Mobil şəbəkə genişləndirilib,
hər üç operator müasir 3G xidmətləri göstərməyə
başlayıb və nəticədə 3G abonentlərinin
sayı qısa müddətdə 2 milyona çatıb. Bu
gün artıq əhalinin hər 100 nəfərinə 110
mobil telefon düşür ki, bu da ümumdünya orta göstəricisindən
təxminən 40 faiz yüksəkdir.
2011-ci ildə
internet istifadəçilərinin sıxlığı 65
faiz, genişzolaqlı isə 30 faizi ötüb. Hər iki
göstərici üzrə ölkəmiz ümumdünya orta
göstəricilərini iki dəfədən çox
qabaqlayır. İnternet xidmətlərinin qiymətləri isə
rəqabətin genişlənməsi hesabına 35 faiz
aşağı düşüb. Ölkədə biri dövlət,
ikisi isə özəl olmaqla üç şirkət tərəfindən
qurulan magistral optik informasiya ötürmə şəbəkələri
bütün rayon mərkəzlərini və təxminən 35
faiz kəndləri yüksəksürətli vahid şəbəkədə
birləşdirib. Bu isə Mərkəzi və Şərqi
Avropa üçün yüksək nəticə
sayılır. Hesabat dövründə ölkə ərazisində
televiziya və radio proqramlarının yayım keyfiyyətinin
və əhatə zonasının genişləndirilməsi məqsədi
ilə 72 ədəd müxtəlif təyinatlı radio-TV
verici istismara verilib. Ölkə ərazisinin 85 faizi rəqəmli
televiziya yayımı ilə təmin olunub. Özəl sektor
televiziya və radio yayım sahəsində də aktivləşib
və təxminən 10 şirkət peyk, kabel, efir, İP-TV və
digər texnologiyalarla ödənişli yayım xidmətləri
göstərir. 20-dən çox internet televiziya və radio
yayımı mövcuddur. Ümumiyyətlə, İKT-nin
inkişaf göstəricilərinə görə ölkəmiz
inkişaf etməkdə olan ölkələrlə inkişaf
etmiş ölkələr arasında qiymətləndirilir və
son 7 ildə ən dinamik inkişaf edən 10 ölkə
qrupuna daxildir. Poçt sistemində hesabat dövründə gəlirlər
23 faiz artıb, ancaq 2011-ci ildə də dövlət və əsasən
də telekommunikasiya sektorundan ayrılan subsidiyalar hesabına fəaliyyəti
təmin olunub. Maliyyə Nazirliyi və Mərkəzi Bankla
birlikdə poçt sistemində yeni islahatlar üzərində
düşünürük”, deyə nazir vurğulayıb.
Ə.Abbasovun
sözlərinə görə, sözügedən dövrdə
“Elektron hökumət” layihəsi çərçivəsində
elektron imzanın tətbiqi üzrə Milli Sertifikat Xidmətləri
Mərkəzi yaradılıb və 2011-ci ilin sentyabr
ayından dövlət orqanlarına, vətəndaşlara və
biznes qurumlarına elektron imza xidmətlərinin göstərilməsinə
başlanılıb. “Həmçinin, “elektron hökumət
portalı”nın birinci versiyası yaradılıb və bu
ilin birinci yarısında vətəndaşlar və iş
adamları üçün açılacaqdır. Hazırda
15 dövlət orqanı bu sistemə qoşulub və göstəriləcək
elektron xidmətlərin sayı 60-a çatdırılıb.
Hesabat ilində “Azərbaycan Respublikasında kosmik sənayenin
yaradılması və inkişafı üzrə Dövlət
Proqramı”nın həyata keçirilməsində kontraktlar
üzrə işlər görülüb. İlk
telekommunikasiya peykinin hazırlanaraq Kuru kosmodromuna gətirilməsi
bu ilin oktyabr ayına, sonrakı 3 ay müddətində isə
orbitə çıxarılması
planlaşdırılıb. İkinci telekommunikasiya peyki ilə
bağlı araşdırma işləri başa çatmaq
üzrədir və peykin orbitə çıxarılması
təxminən 2015-ci ilə planlaşdırılır. Yer səthinin
müşahidə və tədqiqatı üzrə
aşağı orbitli kiçik həcmli peykin orbitə
çıxarılması isə 2013-cü ilə
planlaşdırılır. Bu sahədə xarici peykin region
üzərində icarəyə götürülməsi isə
bu il həll olunmalıdır. Əsas və ehtiyat idarəetmə
mərkəzlərinin tikintisinə başlanılıb və
bu ilin avqust ayında idarəetmə sisteminin qurulması üçün
peyk şirkətinə təhvil veriləcəkdir. Peyk və
peykin idarəetmə və istismarı üçün
ABŞ, Fransa və Malayziyada mütəxəssislərin
hazırlığı aparılıb, bu proses bu il də davam
etdiriləcəkdir.
İnformasiya
texnologiyaları sahəsində istehsal həcmi də hesabat
ilində 50 faiz artıb və təxminən 120 milyon manat
olub. Bu məhsullara əsasən radioelektron elementlər, optik
daşıyıcılar, kompüterlər, müxtəlif
proqram modulları və s. daxildir. Həmçinin bir neçə
yeni tipli elektron məhsullar alınıb. “Bakutel-2011” sərgisində
Sizə nümayiş etdirilən yeni tipli tablet kompüter -
AzPAD, səslə tam Azərbaycan və müəyyən həcmdə
ingiliscə işləyən Dilmanc noutbuk və hesabat ilində
qurulmuş nanolaboratoriyada alman alimləri və mühəndisləri
ilə birgə hazırlanmış yeni tipli işıq
diodlarını misal gətirə bilərəm.
Regional
bazarda fəaliyyətimizin bir istiqaməti isə ölkəmiz
tərəfindən region ölkələrinə informasiya
xidmətlərinin göstərilməsi və tranzit
potensialının yaradılmasıdır. Bu sahədə
BMT-nin 64-cü Baş Assambleyasının xüsusi qətnaməsi
və Azərbaycanın koordinatorluğu ilə həyata
keçirilən “Avro-Asiya Transmilli İnformasiya
Supermagistralı” layihəsi mərhələlərlə
reallaşmaqdadır. Artıq magistralın keçəcəyi
ölkələrin – Rusiya, Türkiyə, Azərbaycan,
Qazaxıstan və Çinin əsas telekom operatorları məsləhətçi
şirkətin iştirakı ilə beynəlxalq konsorsiumun
yaradılması istiqamətində danışıqlara
başlanıb və hesabat ilində bu layihə ilə
bağlı Qəbələdə birinci biznes-forum
keçirilib.
Digər bir layihə
isə Avropa-Yaxın Şərq informasiya magistralı (EPEG-Persia Express Gateway) layihəsidir. Bu layihə
sayəsində Frankfurt şəhərindən
Omana qədər çox böyük tutumlu rabitə kanallarının Asiya ölkələrinə çatdırılması
təmin ediləcəkdir.
Bu marşrut Avropadan
Asiyaya olan dənizaltı rabitə kanallarına alternativ olaraq qısa yoldur. Azərbaycan bu layihədə
tranzit ölkə kimi həm əsas,
həm də ehtiyat marşrut olaraq seçilib”.
Nazir qeyd edib
ki, Azərbaycanın beynəlxalq operatorlarının
səyi nəticəsində
hesabat dövründə
ölkəmizdə iki
birinci səviyyəli
Beynəlxalq İnternet
Exchange - kommutasiya mərkəzinin
və Telehauz - Beynəlxalq telekommutasiya mərkəzinin, həmçinin
“Microsoft”un regional İnformasiya-hesablama
mərkəzinin yaradılması
istiqamətində hazırlıq
işləri həyata
keçirilib. “Qeyd edim ki,
hər üç layihəyə MDB və Mərkəzi Asiyanın aparıcı ölkələri
də sahiblik etmək arzusundadırlar.
Təbii sərvətlərdən
texnoloji və innovasiya tutumlu iqtisadiyyata keçiddə
innovativ sahibkarlığın
və xarici investorların iştirakının
gücləndirilməsi üçün
əlverişli işgüzarlıq
mühitinin yaradılmasına
ehtiyac yaranıb. Hesabat ilində Regional İnnovasiya
Zonası layihəsi çərçivəsində innovativ İKT məhsul və xidmətlərinin istehsal və ixracını təşviq
edən təkliflər
paketi xarici və daxili mütəxəssislər tərəfindən
hazırlanıb.
Ölkəmizin regional İKT mərkəzinə
çevrilməsində son illər keçirilən və Xəzəryanı regionda ən böyük nüfuza malik olan “Bakutel”
Beynəlxalq telekommunikasiya
və informasiya texnologiyaları sərgi və konfransı böyük rol oynayır. 2011-ci ildə bu sərgidə 30 ölkədən 250 şirkətin
iştirakı, o cümlədən
şirkətlərin 60 faizinin
xarici ölkələrdən
olması və 19 ölkənin milli stendlərlə iştirakı
buna parlaq misaldır.
Bu il Ümumdünya
İnternet İdarəçilik
Forumunun (IGF) Bakıda
keçirilməsi və
Forum çərçivəsində “Bakutel” Beynəlxalq sərgisinin qlobal İnternet şəbəkəsinin
perspektivlərinə həsr
edilməsi təklif olunur. Artıq bu barədə
BMT rəhbərliyi tərəfindən
Azərbaycan hökumətinə
müraciət olunub”,
deyə Ə.Abbasov bildirib.
Olaylar.- 2012.-
18 yanvar.- S.4.