Azərbaycan diasporuna dövlət qayğısı ilə əhatələnib

 

Məhz bundan ruhlanan diasporamız xarici ölkələrdə ölkəmizi layiqincə təmsil edir

 

Azərbaycan XX əsrin 90-cı illərində tarixində ikinci dəfə müstəqillik əldə etdikdən sonra bütün sahələrdə qeydə alınan sürətli inkişaf diaspor sahəsinə də sirayət etdi. Qısa müddət ərzində xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının təşkilatanma prosesinin yeni bir mərhələyə qədəm qoyması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması bu sahədə baş verən irəliləyişin bariz nümunəsi idi. Bütün bu uğurlara nail olmaq üçünsə diasporaya dövlət qayğısı göstərmək zərurətə çevrilmişdi. Müstəqilliyin ilk illərində hakimiyyətdə olan qüvvələr bu zərurəti dərindən dərk etməyib diaspora sahəsinə barmaqarası baxsalar da, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev sözügedən istiqamətdə ciddi addımlar atmağa başladı. Məhz Heydər Əliyevin bu sahədə həyata keçirdiyi uğurlu siyasət sahəsində xarici ölkələrdə yaşayan azərbaycanlıların vahid ideya ətrafında birləşməsi prosesi başlandı.

 

2001-ci il, noyabrın 9-10-u tarixlərində isə Heydər Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə Bakıda Dünya Azərbaycanlılarının birinci qurultayı keçirildi. O dövr üçün xüsusi əhəmiyyətə malik hadisə kimi qiymətləndirilən Dünya Azərbaycanlılarının birinci qurultayı Azərbaycan diasporunun tarixində yeni bir mərhələnin əsasını qoymuş oldu. Qurultay xaricdə yaşayan soydaşlarımızın qarşısında duran əsas vəzifələri müəyyənləşdirdi, milli birliyimizin mənəvi-siyasi formulunu-Azərbaycançılıq ideologiyasını irəli sürdü. Dünya Azərbaycanlılarının birinci qurultayı həm də dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğının təzahürü idi.

Dünya Azərbaycanlılarının birinci qurultayından sonra xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması prosesi daha sistemli və məqsədyönlü xarakter aldı. Qəsa zaman ərzində dünyanın müxtəlif ölkələrində yeni diaspor təşkilatları yarandı, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atıldı, diaspor təşkilatlarının fəaliyyətinin koordinasiya olunması işi təkmilləşdirildi. Azərbaycan dövlətinin diaspora sahəsinə göstərdiyi diqqət və qayğı yalnız Dünya Azərbaycanlılarının birinci qurultayının keçirilməsi ilə yekunlaşmırdı. Çünki qarşıda Azərbaycan dövləti və onun diasporunu daha vacib məsələlər gözləyirdi. Bunu əsas götürən ümummilli lider Heydər Əliyev 2002-ci ildə imzalamış olduğu müvafiq sərəncamla diaspora sahəsində dövlət siyasətini həyata keçirən xüsusi bir qurum-Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi- yaratdı. Qısa müddət ərzində isə dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımızla əlaqələri tənzimləyən qanunvericilik bazası formalaşdırıldı. Azərbaycan dövlət və onun prezidentinin diaspora sahəsinə verdiyi önəm, bu sahəyə göstərdiyi diqqət və qayğı ümummilli liderin xarici ölkələrə həyata keçirdiyi səfərlər zamanı da özünü təsdiqləmiş olurdu. İstər rəsmi, istərsə də işgüzar səfərlər zamanı işinin və keçirdiyi görüşlərin çox olmasına baxmayaraq Heydər Əliyev hər bir ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarımızla yaxından maraqlanır, onlarla görüşlər keçirir, soydaşlarımızın yaşadıqları ölkələrdə üzləşdikləri problemləri öyrənir və həmin problemlərin həlli istiqamətində lazımı addımlar atırdı. Keçirilən bu kimi görüşlər soydaşlarımıza qürur verir, onların arxasında Azərbaycan dövlətinin qurduğu inamını yaradırdı. Öz növbəsində diaspor təşkilatlarımız da bu diqqət və qayğıdan ruhlanaraq daha aktiv fəaliyyət göstərir, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində fəaliyyətlərini sürətləndirirdilər.

Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən cənab prezident İlham Əliyev bu gün diaspora quruculuğu işini keyfiyyətcə yeni müstəviyə qaldırıb. Məhz dövlət başçısının təşəbbüsü ilə 2006-cı il, mart ayının 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının ikinci qurultayı keçirildi. Qurultayın nəticələri Azərbaycan diasporunun tarixində yeni bir mərhələnin başlanması üçün ideoloji baza rolunu oynadı. Dünya Azərbaycanlılarının ikinci qurultayı soydaşlarımızın yaşadıqları ölkələrdə ictimai mövqelərinin möhkəmləndirilməsi, onların siyasi həyatda iştirak imkanlarının genişlənməsi baxımından mühüm əhəmiyyətə malik hadisə hesab edilirdi. Qurultaydan keçən dövr ərzində Azərbaycan diasporunun fəaliyyətində yeni ənənələrin əsası qoyuldu, ayrı-ayrı icmalarda əvəllər mövcud olmuş fikir ayrılıqlarının aradan qaldırılması üçün zəmin formalaşmağa başladı. Soydaşlarımızın təşkilatlanması prosesi daha böyük vüsət aldı, yeni icma və birliklər təsis edildi.

2007-ci il, mart ayının 9-da Bakıda Dünya Azərbaycan və Türk Diaspor Təşkilatları rəhbərlərinin birinci forumu gerçəkləşdi. Sözügedən forum bütün türkdilli xalqların həyatında mühüm əhəmiyyətə malik hadisə oldu. Həmin noyabrın 17-19-u tarixlərində isə Azərbaycan daha bir önəmli tədbirə evsahiblik etdi. Belə ki, prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayı keçirildi. Qurultayda müstəqil türkdilli dövlətlərin dövlət və hökumət rəsmiləri, millət vəkilləri, ictimai birlik və qeyri-hökumət təşkilatlarının, nüfuzlu Azərbaycan və türk icmalarının rəhbərləri iştirak edirdi. Qurultayda türkdilli xalqlar arasında elm, texnika, mədəniyyət, təhsil, iqtisadiyyat, ticarət, turizm və maliyyə sahələrində əməkdaşlıq, türk dünyasının mədəni irsinin təbliği, türk gəncliyinin qarşısında duran vəzifələr, müasir qloballaşma proseslərinin xalqımızın həyatına təsiri ilə bağlı məsələlər müzakirə edildi. Sözügedən qurultay Azərbaycanın bütün türk dünyasını öz ətrafında birləşdirməyə qadir güclü bir dövlət olduğunu təsdiq etdi.

Bütün bu tədbirlər Azərbaycan dövlətinin diaspor quruculuğu işinə verdiyi xüsusi önəmi ifadə edir. Məhz dövlətin davamlı və ardıcıl səyləri nəticəsində dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlı vahid ideya ətrafında birləşir, doğma Vətənin maraqlarının müdafiəsi işində fəal iştirak edir, ölkəmizi ləyaqətlə təmsil etməyə çalışır. Azərbaycan diasporu indi ciddi bir potensiala malik, ictimai-siyasi proseslərə təsir imkanları qazanmağa can atan, yüksək vətənpərvərlik hisslərinə sahib soydaşlarımızı öz ətrafında birləşdirən təsisat kimi formalaşmağa başladı. Bu gün Azərbaycan icmaları fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi həyatında daha fəal iştirak etməyə çalışır, həmin ölkələrin siyasi partiya və təşkilatları ilə əlaqələr qurur. Bu tendensiya lobbi quruculuğu istiqamətində də uğurlar əldə etmək üçün zəmin yaradır. Belə ki, dünyanın müxtəlif ölkələrində yaşayan tanınmış siyasət adamları, ictimai xadimlər, ziyalılarla əlaqələrin inkişaf etdirilməsi, Azərbaycana dost münasibət bəsləyən insanlarla əməkdaşlığın genişləndirilməsi, güclü Azərbaycan lobbisinin formalaşdırılması istiqamətində də bir sıra tədbirlər həyata keçirilir. Ötən dövrün ən mühüm hadisələrindən biri prezident İlham Əliyevin 2008-ci il, 19 noyabr tarixli 54 saylı sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması oldu.

Keçən ilin iyulunda Bakıda Dünya Azərbaycanlılarının üçüncü qurultayının keçirilməsi də dövlətin və dövlət başçısının Azərbaycan diasporunun inkişafına, onun mütəşəkkil bir quruma çevrilməsinə maraqlı olduğunun göstəricisi idi. Dövlət başçısının qurultaydakı çıxışı və diaspor təşkilatları qarşısında qoyduğu yeni vəzifələr dövlətin diaspora sahəsində yeni prioritetlər müəyyən etməsindən xəbər verirdi. Qurultaydan bir neçə gün əvvəl isə imzaladığı sərəncamla bu sahəyə, eləcə də diaspora sahəsində çalışan insanlara nə qədər dəyər verdiyini nümayiş etdirdi. Dövlət başçısının məlum sərəncamı ilə diaspora sahəsində xidmətləri olan bir qrup şəxslərə fəxri adlar təqdim edildi. Onu da qeyd etmək yerinə düşər ki, Dünya Azərbaycanlılarının ikinci qurultayı ərəfəsində də prezident İlham Əliyev imzaladığı sərəncam əsasında diaspora sahəsində xidmətləri olan bir qrup şəxsə fəxri adlar vermişdi.

Göründüyü kimi, Azərbaycan diasporu dövlətin və birbaşa prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində qısa zaman kəsiyində böyük bir inkişaf yolu keçməyə müvəffəq olub. Bütün bu nailiyyətlərlə yanaşı qarşıda həlli vacib olan daha ciddi vəzifələr dayanır. Bu vəzifələrin uğurla yerinə yetirilməsi üçünsə birliyimizi daha da möhkəmləndirməli, bütün gücümüzü, bilik və enerjimizi Azərbaycançılıq ideologiyasından irəli gələn prinsiplərin reallaşdırılmasına səfərbər etməliyik.

 

 

Süleyman İsmayılbəyli

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2012.- 18 yanvar.- S.9.