Xarici ölkələrdə yaşayan gənclər diaspora quruculuğunda fəallıq nümayiş etdirirlər

 

Gənc soydaşlarımızın yaratmış olduğu təşkilatlar Azərbaycan həqiqətlərini dünyaya yayır

 

Xaricdə yaşayan azərbaycanlı gənclərin milli-mənəvi dəyərlərimizə sədaqətinin qorunub saxlanılması, onların ölkəmizin maraqlarının qorunmasında fəal iştirakının təmin edilməsi gənclərlə bağlı dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Son illərdə diaspor quruculuğunda və Azərbaycan lobbisinin yaradılmasında gənclərin fəal iştirakı daha ciddi nailiyyətlər qazanmağa imkan yaradır. Bu mühüm amili nəzərə almaq və onun real həyatda öz təsdiqini tapmasına stimul yaratmaq məqsədilə bu müddət ərzində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilib. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, milli-mənəvi dəyərlərimizin qorunması, zəngin mədəni irsimizin təbliği işinə öz töhfələrini verirlər. Son illərdə xarici ölkələrdə yaşayan və təhsil alan azərbaycanlı gənclərin təşkilatlanması işi geniş vüsət alıb.

 

Gənc soydaşlarımızın dövlətin yaxın dəstəyi və yardımı sayəsində təhsil aldıqları ölkələrdə müxtəlif dərnəklər və ictimai birliklər yaradır, vətənimizin problemləri barədə dünya ictimaiyyətində obyektiv təsəvvürlərin formalaşdırılmasına çalışırlar. Bunların təzahürü kimi ayrı-ayrı ölkələrdə yaradılan gənclər təşkilatlarını göstərmək olar.

2006-cı il, fevral ayının 15-də Riqada “Azəri” Azərbaycan Gəncləri Mərkəzi yaradılıb. Mərkəzin əsas məqsədlərindən biri Azərbaycan gənclərinin Latviya cəmiyyətinə inteqrasiyasını təmin etmək və Latviya xalqını Azərbaycan mədəniyyəti, dili, tarixi və adət-ənənələri ilə tanış etmək olub. Həmin ilin avqustunda Benilüks Azərbaycanlı Gənclərin Koordinasiya Şurası yaradılıb. Koordinasiya Şurasının əsas məqsədi Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, Qarabağ probleminə dair Avropada obyektiv rəy formalaşdırmaq və beynəlxalq təşkilatların diqqətini Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi faktına yönəltməkdən ibarət olub. Qurum digər ölkələrdə faəliyyət göstərən Azərbaycan gənclər təşkilatları ilə də yaxından əməkdaşlıq edir. 2006-cı il, avqustun 12-də isə Bakıda xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin VI forumu keçirilib. Tədbirdə xaricdə təhsil alan gənc soydaşlarımız çıxış edərək, müxtəlif ölkələrdə təhsil alan gənclərin gördükləri işlərdən, Azərbaycanı beynəlxalq aləmdə layiqincə təmsil etmələrindən söz açıblar. Oktyabr ayında isə Kaliforniya Amerika Azərbaycanlıları Şurası Birləşmiş Ştatlarda yaşayan azərbaycanlı gənclərin ilk forumunu keçirib. Los-Ancels Universitetində təşkil edilən forumda diasporanın təşkilatlanması, Birləşmiş Ştatların qanunverici orqanları ilə əlaqələrin möhkəmləndirilməsi, həmçinin Azərbaycanın regionda rolu və mövcud iqtisadi durumu ətrafında fikir mübadiləsi aparılıb.

2007-ci il, aprelin 10-da Avropa Şurasının mərkəzi binasında Strasburqda təhsil alan azərbaycanlı tələbələrin birinci forumu keçirilib. Forumda azərbaycanlı gənclərin diaspora quruculuğu işində iştirakı, xalqımızın tarix və müasir həyatı ilə bağlı həqiqətlərin Fransa ictimaiyyətinə çatdırılması, soydaşlarımızın ictimai-siyasi fəallığının artırılması sahəsində qarşıda duran vəzifələr müzakirə olunub. Həmin ildə Avropa Azərbaycanlıları Konqresinin qəbul etdiyi fəaliyyət proqramında gənclərin diaspor quruculuğu işində iştirakının keyfiyyətcə daha yüksək səviyyədə təmin olunması məsələsinə xüsusi diqqət yetirilib. Sənəddə Avropada təhsil alan azərbaycanlı gənclərin birinci forumunun təşkili, Avropadakı Azərbaycanlı Gənclərin Koordinasiya Şurasının yaradılması, onların digər türkdilli xalqların gənclər təşkilatları ilə əlaqələrinin inkişafına dair bir sıra müddəalar əksini tapıb. 2007-ci ilin iyulunda Almaniyanın Frayburq şəhərinin yaxınlığında yerləşən Loffingen qəsəbəsində “Avropada Azərbaycan lobbiçiliyinin gücləndirilməsi” mövzusunda yay forumu keçirilib. Forumda Böyük Britaniya, Danimarka, Belçika, Almaniya və Birləşmiş Ştatlarda təhsil alan 60 nəfərə yaxın azərbaycanlı tələbə iştirak edib. Forum çərçivəsində Azərbaycanın Avropada və dünyada lobbiçiliyinin gücləndirilməsi, lobbiçiliyin inkişafında kütləvi informasiya texnologiyalarının istifadə edilməsi mövzularında təlim kursları keçirilib və iştirakçılara sertifikatlar verilib. Azərbaycan Respublikasının Avropa Şurası yanındakı daimi nümayəndəliyində keçirilmiş forumda müxtəlif mövzularda diskussiyalar, yarışlar, əyləncəli proqramlar təşkil olunub. Oktyabr ayında isə Strasburq “Azərbaycan Evi” 1990-cı ildən yaradılmış və dünyanın 6 qitəsinin müxtəlif ölkələrində 35 qurumu öz ətrafında birləşdirən Strasburqda Yaşayan Xaricilərin Koordinasiya Təşkilatına üzv qəbul olunub. Bu təşkilata üzvlük “Azərbaycan Evi”nin beynəlxalq əlaqələrinin genişlənməsi, həmçinin yerli ictimai təşkilatlarla əməkdaşlıq qurması baxımından mühüm əhəmiyyətə malik hadisə kimi qiymətləndirilə bilər.

2008-ci il, fevral ayının 27-də “Azəri-Çex” Cəmiyyətinin, eləcə də Çexiyada təhsil alan tələbə və gənclərin təşəbbüsü ilə Çexiya- Azərbaycan Tələbə və Gənclər Birliyi adlı təşkilat təsis edilib. Təşkilatın məqsədi Çexiyada təhsil alan azərbaycanlı tələbələri diaspor quruculuğu işinə cəlb etmək, Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirməkdən ibarət idi. Mart ayının 27-də Azərbaycan və Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının Almaniya Federativ Respublikasının Berlin şəhərində keçirilmiş iclasında diaspor quruculuğu və təbliğat sahəsində gənclər təşkilatlarının qarşısında duran vəzifələr ətrafında geniş fikir mübadiləsi aparılıb. Toplantıda xarici ölkələrdə yaşayan azərbaycanlı gəncləri bir araya gətirə bilən təşkilatın yaradılması təklifi irəli sürülüb.

2009-cu il, aprelin 18-də Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının təsis konfransı keçirilib. Konfransda Rusiyanın 60-dan çox regionunda fəaliyyət göstərən 83 Azərbaycan gənclər klubu və təşəbbüs qrupundan 300-dək nümayəndə, həmçinin Bakıdan dəvət olunmuş qonaqlar və Rusiyanın rəsmi şəxsləri iştirak edib. Toplantıda gənclərimizin qarşısında duran vəzifələr, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması zərurəti, gənclərin diaspor quruculuğu işində daha fəal iştirakının vacibliyi ilə bağlı fikir mübadiləsi aparılıb. Toplantının yekununda təşkilatın nizamnaməsi səsə qoyularaq qəbul edilib, rəhbər orqanlara seçkilər keçirilib. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva yekdilliklə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri seçilib. Həmin il Birləşmiş Ştatların bir sıra ştatlarının qubernator və yerli qanunverici orqanları nümayəndələrinin seçkilərində azərbaycanlı namizəd də iştirak edib. Belə ki, Virciniya ştatının Nümayəndələr Palatasına 87-ci dairədən Nəimi Əmirəl namizəd olub. Onun namizədliyini Virciniya ştatının bəzi ictimai təşkilatları, eləcə də Virciniyanın Nümayəndələr Palatasının sədri Uilyam Hauel də dəstəkləyib. Spiker Uilyamın bununla bağlı verdiyi bəyanatda qeyd olunurdu ki, Nəimi Əmirəl ilk Azərbaycan mənşəli namizəd kimi özündə təcrübə, yüksək təhsil və təbii liderlik cəhətlərini birləşdirir. Nüfuzlu “Vaşinqton Post” qəzeti də 2009-ci ilin seçkilərini işıqlandırarkən Nəimi Əmirəlin Azərbaycan kökənli olduğunu xüsusi qeyd edirdi. Azərbaycan mənşəli namizədin seçkilərdə iştirakı ölkənin Azərbaycan və türk icmalarını canlandırmışdır. Nəiminin seçkiqabağı kampaniyasında Birləşmiş Ştatlar azərbaycanlıları və ABŞ türkləri şəbəkələri də fəal iştirak ediblər.

Ümumiyyətlə, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması bu gün xaricdə yaşayan azərbaycanlı gənclərin qarşısında duran əsas vəzifələrdən birinə çevrilib. Gənc soydaşlarımız tərəfindən təsis olunmuş diaspor təşkilatları bu sahədə uğurlu layihələr həyata keçirib, müasir informasiya texnologiyalarından istifadə edərək xalqımızın məruz qaldığı terror və soyqırım aktları, Ermənistanın Azərbaycana təcavüzü barədə məlumatları yaşadıqları ölkələrin ictimaiyyətinə çatdırmağa çalışıblar. 20 Yanvar faciəsi, Xocalı soyqırımı, 1918-ci ilin mart soyqırımları ilə əlaqədar olaraq gənclər tərəfindən dünyanın müxtəlif ölkələrində mütəmadi şəkildə etiraz aksiyaları, elmi-praktik konfranslar, dəyirmi masalar, foto və rəsm sərgiləri təşkil olunub.

Yaxın keçmişə nəzər salsaq görərik ki, xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin cəmiyyətə inteqrasiyası sahəsində ötən dövrdə bir sıra uğurlar əldə edilib. Gənc soydaşlarımız təsis etdikləri təşkilatlar vasitəsilə yerli dövlət orqanları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, ayrı-ayrı ictimai xadimlərlə sıx əlaqələr qurmağa çalışır, Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasına öz töhfələrini verməyə səy göstərirlər. Bu mənada 2006-cı ilin may ayında Brüsseldəki Avropa Parlamentində keçirilmiş Azərbaycanlı tələbələrin birinci Avropa forumu xüsusi əhəmiyyətə malik hadisə kimi dəyərləndirilə bilər. Forumda beynəlxalq təşkilatlarla əlaqələrin qurulması, azərbaycanlı gənclərin cəmiyyətə inteqrasiyasına dəstək verilməsi ilə bağlı maraqlı müzakirələr aparılıb, praktik təkliflər irəli sürülüb.

 

 

Süleyman İsmayılbəyli

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2012.- 19 yanvar.- S.15.