Heydər Əliyev və Azərbaycan
diasporu
“Müstəqil Azərbaycan Respublikası
bütün dünya azərbaycanlılarının tarixi vətənidir”
Heydər Əliyev
Hər bir dövlətin milli
maraqlarının dünyanın istənilən nöqtəsində
layiqincə qorunması üçün həmin ölkənin
güclü ideoloji bazası və bu fundament üzərində
dayanan diasporası olmalıdır. Azərbaycanın bir əsrdən
çox çar Rusiyasının tərkibində qalması
xalqımızın bütövlüyünü təsdiqləyən
ideologiyanın, milli mənlik şüurunun, hətta
maraqlarının formalaşmasına mənfi təsir göstərirdi.
Ötən əsrin əvvəllərində
yaranmış kütləvi ideologiyalar atmosferində
xalqımız türkçülük və
islamçılıq arasında seçim edə bilmirdi.
Hətta 1918-ci ildə müstəqilliyini elan
etmiş ADR dövründə də dünya azərbaycanlılarını
bir hədəf ətrafında birləşdirə biləcək,
xalqımızın və dövlətimizin milli
maraqlarını müdafiə edəcək ideoloji konsepsiya
işlənib hazırlanmamışdı. Xalq Cümhuriyyətinin
qurucularından olan Fətəli xan Xoyski, Əlimərdan bəy
Topçubaşov, Nəsib bəy Yusifbəyli, milli
özünüdərk problemini siyasi müstəviyə
qaldırmış Nəriman Nərimanov
və başqaları millətimizi milli-mənəvi planda birləşdirə,
milli dövlət qurmaq məqsədinə çata bilmədilər.
Onlar ümumazərbaycan ideyasını
aktuallaşdıraraq Şimali və ya Cənubi Azərbaycan
hüdudlarını aşa bilmirdilər.
Keçmiş
SSRİ dönəmində isə vəziyyət daha
acınacaqlı idi. Slavyan xalqları qanunpərəst, gürcülər
vətənpərvər, ermənilər daha çox ruslara
sadiq xalq kimi tanındığı vaxtda azərbaycanlılara
qarşı ögey münasibət bəslənirdi. Amma 1969-cu ildə Azərbaycan rəhbərliyinə
gəlmiş Ümummilli lider Heydər Əliyev bu stereotipi təfəkkürlərdən
birdəfəlik sildi. Ulu öndər Heydər Əliyevin idarəçiliyi
dövründə çoxsaylı azərbaycanlının
dövlət işlərinə cəlb olunması nəticəsində
xalqımızın ictimai, elmi, ziyalı elitar təbəqəsi
formalaşdı. Göründüyü
kimi, Ümummilli lider Heydər Əliyev hələ sovet
dönəmində xalqımızın, dövlətimizin
bütövlüyünü təşkil edən
ideologiyanın bünövrəsini qoymuşdu. Qeyd edək ki, hal-hazırda dünyada 50 milyondan
artıq azərbaycanlı yaşayır. Onların
böyük bir hissəsi İranda, Türkiyədə,
Rusiyada, Ukraynada, Almaniyada, AB4-da, Fransada, Hindistanda, Pakistanda və
digər ölkələrdə məskunlaşıb. Məhz bu miqyasda “sosial gücün” vahid hədəf
ətrafında birləşdirilməsi və ölkənin
maraqları naminə kompleks hərəkətinin təmin edilməsi
üçün xalq güclü iradəyə, rasional
düşüncəyə malik liderə və ideologiyaya
ehtiyac duyurdu. Milləti yeni geosiyasi şəraitdə
dünya millətləri liqasına və siyasət
arenasına çıxara biləcək yeganə ŞƏXSİYYƏT
isə ulu öndər Heydər Əliyev idi. 90-cı illərin əvvəllərindən etibarən
ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar
Respublikasının Ali Məclisinin sədri kimi SSRİ
dönəmində başladığı işi davam etdirdi.
Ümummilli lider Heydər Əliyev ilkin addım kimi 1991-ci il
dekabrın 16-da dünya azərbaycanlılarını vahid məqsəd
ətrafında birləşdirmək məqsədində
stimul rolunu oynayacaq “Hər il dekabrın 31-də Dünya Azərbaycanlılarının
Həmrəylik və Milli Birlik gününün keçirilməsi
haqqında” cəsarətli bir qərarı qəbul etdi. Ümummilli lider Heydər Əliyev zəruri vaxtda
verdiyi xalqımızın gələcək perspektivlərinə
hesablanmış mühüm tarixi qərarı ilə xaricdə
yaşayan soydaşlarımızın müstəqil dövlətçiliyimizin
inkişafında, dövlət quruculuğu prosesində
iştirakını təmin etmiş oldu.
Heydər
Əliyev diasporumuza sahib çıxdı. Təəssüflər olsun
ki, müstəqil dövlətçiliyimizin ilk illərinin səriştəsiz
“siyasətçi”lərin dövlət idarəçiliyi
sükanı arxasında əyləşməsi dövrünə
təsadüf etməsi Azərbaycanı total xaosa
sürükləmişdi. İqtisadi,
siyasi, mədəni sahələrdə böhranın hökm
sürməsi dövləti “paslanmış” mexanizmə
çevirmişdi. AXC-Müsavat hakimiyyətinin
ortaya vahid ideoloji konsepsiya qoya bilməməsi nəticəsində,
nəinki, dünya azərbaycanlıları dövlət
quruculuğu prosesinə cəlb edilməmişdi, hətta
ölkə vətəndaş müharibəsinə
sürüklənmişdi.
Məhz torpaqlarımızın 20 faizinin
Ermənistan tərəfindən işğal edildiyi və vətəndaş
müharibəsinin başladığı bir zamanda xalq
düzgün seçim edərək millətimizin gələcəyi
naminə yorulmadan fəaliyyət göstərən ulu öndər
Heydər Əliyevi hakimiyyətə dəvət etmişdi.
Bununla da, ölkədə bütün narahatlıqlara, həyəcanlara
son qoyulmuş və 1993-cü il 15 iyun
tarixi bütün azərbaycanlılar üçün Milli
Qurtuluş günü olmuşdu. Həmin tarixdən
etibarən isə müxtəlif ölkələrə səpələnmiş
azərbaycanlıların vahid ideologiya, bir məqsəd ətrafında
təşkilatlanması üçün əməli tədbirlər
görülməyə və uzunmüddətli perspektivlərə
hesablanmış siyasət yürüdülməyə
başlanmışdı. Ulu öndər Heydər Əliyevin
Azərbaycan Prezidenti kimi rəsmi və işgüzar səfərləri
çərçivəsində xaricdə yaşayan azərbaycanlılarla
görüşməsi, onların fəaliyyətləri ilə
tanış olması, soydaşlarımızı Azərbaycanda
investisiya layihələrində iştirak etməyə dəvət
etməsi bu istiqamətdə göstərilən diqqətin
bariz nümunəsidir. Diaspor nümayəndələri
ilə görüşmək, onların Azərbaycana gəlməsini
təşviq etmək ənənəsinin əsasını
qoyan ilk dövlət başçımız ulu öndər
Heydər Əliyev olmuşdu. Prezident
seçildikdən üç ay sonra (1994-cü ilin
yanvarında) Ümummilli lider Heydər Əliyev Almaniyada
yaşayan soydaşlarımızın bir qrupunu qəbul etməklə
böyük bir ənənənin əsasını qoymuşdu.
Bu görüşün Avropadakı
soydaşlarımızın milli-ictimai fəaliyyətinə təsiri
böyük olmuşdu və dövlət-diaspor əlaqələrində
yeni mərhələ başlamışdı. Ulu öndər
Heydər Əliyev müstəqil Azərbaycanın sivil bir
dövlətə çevrilməsi, qarşısında duran
problemlərin həll olunması, qanunun aliliyinin təsbit
olunduğu demokratik, hüquqi və dünyəvi dövlət
kimi inkişaf etməsi üçün bütün dünya
ölkələrindəki soydaşlarımızın həmrəyliyinə
nail olmaq kimi çətin bir missiyanı üzərinə
götürmüşdü. Məhz Heydər Əliyevin
produktiv fəaliyyəti, qayğısı və böyük
diqqəti sayəsində xaricdə yaşayan
soydaşlarımız Azərbaycanın milli maraqları
uğrunda daha əzmlə fəaliyyət göstərməyə
başlamış, doğma vətənləri ilə əlaqələrini
möhkəmləndirmiş, ölkəmizin dövlət
quruculuğu prosesində yaxından iştirak etməyə və
burada gördükləri real həqiqətləri
bütün dünyaya yaymağa başlamışlar.
Ulu öndər
Heydər Əliyev Azərbaycan Prezidenti kimi fəaliyyət
göstərdiyi ilk illərdə müstəqil dövlətimizin
haqq səsini, həqiqətlərini dünya azərbaycanlıları
vasitəsilə yaymağı qarşısına məqsəd
qoyan xüsusi qurumun yaradılması sahəsində ilk
addım atmış, Prezidentin İcra Aparatında Dünya azərbaycanlıları
və beynəlxalq qeyri-hökumət təşkilatları ilə
iş bölməsi yaradılmışdı. Bu
instansiya Heydər Əliyevin bilavasitə rəhbərliyi
altında geniş fəaliyyət göstərərək,
dünyada yaşayan azərbaycanlılarla əlaqə
yaratmış və onların təşkilatlanması, milli
birliyin möhkəmlənməsi istiqamətində
böyük işlər görmüşdü. Xaricdə yaşayan soydaşlarımızın ulu
öndərlə görüşlərindən sonra müxtəlif
sahələrdə qəti addımlar atılmış,
onların yaşadıqları dövlətin ictimai-siyasi həyatında
fəallıqları artmış, Azərbaycanın
taleyüklü problemləri ilə bağlı geniş fəaliyyət
göstərilmişdi.
Ümummilli
lider Heydər Əliyevin hər il dünya
azərbaycanlılarına göndərdiyi tarixi müraciətlərindən
mühüm bir cəhət kimi xaricdə yaşayan
soydaşlarımız arasında həmrəylik və milli
birlik ideyalarının möhkəmlənməsi xüsusi
vurğulanırdı. Heydər Əliyev
özünəməxsus uzaqgörənliklə qloballaşan,
köklü transformasiya dövrünü yaşayan dünyanın
tələblərini öncədən görür və bu səbəbdən
xaricdə yaşayan soydaşlarımız arasında möhkəm
həmrəyliyi həyati məsələ kimi ortaya qoyurdu.
Xaricdə yaşayan soydaşlarımız arasında milli
birlik ideyalarının gücləndirilməsi məsələsi
dünya azərbaycanlılarının 2001-ci il
noyabrın 9-10-da Bakıda keçirilmiş birinci
qurultayında da Ümummilli lider Heydər Əliyevin diqqət
mərkəzində olmuşdu. Qurultayda proqram
xarakterli nitq söyləyən dünya azərbaycanlılarının
lideri Heydər Əliyev haqlı olaraq bu tədbirin təşkil
edilməsini müstəqil dövlətçiliyimizin
böyük tarixi nailiyyəti hesab etdiyini bildirmişdi. Tarixdə ilk dəfə olaraq, dünya azərbaycanlılarının
vətənimizin paytaxtı Bakı şəhərində belə
bir mötəbər qurultaya toplanması məhz ulu öndər
Heydər Əliyevin adı və fəaliyyəti ilə əlaqələndirilməlidir.
Belə ki, 2001-ci il mayın 23-də
xüsusi sərəncam imzalayan Ümummilli lider Heydər Əliyev
belə bir qurultayın Bakı şəhərində
keçirilməsini zəruri hesab etmişdi. Dünya azərbaycanlılarının,
xalqımızın həyatında möhtəşəm
tarixi hadisə hesab olunan bu qurultayda 35 xarici dövlətdə
yaşayan həmvətənlərimizin birləşdiyi 200-dən
çox müxtəlif təşkilatı təmsil edən
403 nümayəndə və 63 qonaq iştirak etmiş,
çıxış edən soydaşlarımız bu
mühüm tədbiri ümumxalq bayramı kimi qiymətləndirmişdilər.
Qurultayda
geniş nitq söyləyən ulu öndər Heydər Əliyev
bütün azərbaycanlılar üçün proqram vəzifələr
müəyyənləşdirmişdi. Azərbaycanın mühüm problemlərinin
həll olunmasında xaricdə yaşayan
soydaşlarımızın qüvvəsindən səmərəli
istifadə olunması məsələsini prioritet kimi ortaya
qoymuşdu: “Hamımız - siz də, biz də çox iş
görməliyik ki, Azərbaycanın güclü diasporu
yaransın. Müxtəlif ölkələrdə
yaşayan azərbaycanlılar iqtisadi cəhətdən daha da
möhkəmlənib, yaşadıqları ölkələrin
iqtisadi-siyasi həyatında fəal iştirak etsinlər, o
ölkələrin həyatına öz təsirlərini
göstərə bilsinlər. Beləliklə
də, müxtəlif ölkələrdə Azərbaycanın
müstəqilliyini, onun xarici siyasətini təbliğ etməklə
yanaşı, Azərbaycanın problemlərinin həll
olunmasına yardım etsinlər”. Məhz
ulu öndərin təşəbbüsü sayəsində təşəkkül
tapmış diaspor hərəkatı getdikcə genişlənərək
artıq öz bəhrəsini verməkdə idi. Qurultaydan sonra Azərbaycan diasporunun fəallığı
xüsusilə artmışdı. Bunun
Ümummilli liderimizin bütün dünya azərbaycanlılarını
öz böyüklüyü, müdrikliyi, şəxsiyyəti
ətrafında sıx birləşdirə bilməsinin nəticəsi
olduğu təkzibedilməz faktdır.
Diasporumuzun
inkişafına təsir edən mühüm amillərdən
biri də aidiyyatı təşkilatların işinin vahid bir
mərkəzdən - Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla
İş üzrə Dövlət Komitəsi tərəfindən
əlaqələndirilməsi olub. Ümummilli lider Heydər
Əliyevin 5 iyul 2002-ci il tarixli fərmanı
ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla
İş üzrə Dövlət Komitəsinin
yaradılması ilə dövlət-diaspor əlaqələrinin
daha da möhkəmlənməsi üçün ideya-nəzəri
və təşkilati şəraitin hazırlanması işi
başa çatdı. Bu tədbirlər yetərincə
hazırlıqlı olan milyonlarla soydaşımızı
“Vahid Azərbaycan dövləti və Azərbaycançılıq”
ideologiyası ətrafında sıx birləşdirdi.
Eyni zamanda,
“Xaricdə yaşayan azərbaycanlılarla bağlı
dövlət siyasəti haqqında” Azərbaycan
Respublikasının Qanunu diaspor ilə iş istiqamətində
fəaliyyətin düzgün qurulması məqsədinə
xidmət edir. Bütün göstərilən fəaliyyətinə
görə Azərbaycan xalqı Ümummilli lider Heydər Əliyevi
haqlı olaraq müstəqil dövlətimizin diaspor
quruculuğu siyasətinin banisi hesab edir. Bu
gün Azərbaycan diasporunun dünyanın müxtəlif
ölkələrində formalaşan birlikləri Azərbaycan
dövlətinin, Azərbaycan mədəniyyətinin, Azərbaycan
həqiqətlərinin tanınması və təbliği
işində radio və televiziyanın, dövri mətbuatın
imkanlarından geniş istifadə edirlər. Hazırda dünyanın bir çox ölkələrində
Azərbaycan dilində müxtəlif qəzet və jurnallar nəşr
olunur, xüsusi radio və televiziya verilişləri
hazırlanır. Dünyanın 30-dan
çox ölkəsində 100-dən artıq ictimai, milli və
mədəni cəmiyyət və təşkilatları fəaliyyət
göstərir. 2002-ci ildə Xaricdə Yaşayan Azərbaycanlılarla
İş üzrə Dövlət Komitəsinin
yaradılması dünya azərbaycanlılarının həmrəyliyinin
və mütəşəkkilliyinin güclənməsi,
ümummilli ideyalar ətrafında birləşməsi
üçün geniş imkanlar yaratdı. İndi fəxrlə demək olar ki, Rusiyada,
Avropanın inkişaf etmiş ölkələrində, AB4-da,
Asiya dövlətlərində azərbaycanlılar daha mütəşəkkil
birləşərək bütün səylərini ümumi
işin xeyrinə yönəldə bilirlər. Bu gün Azərbaycan icmaları və cəmiyyətləri
ötən illərlə müqayisədə daha fəaldırlar.
Onlar yaşadıqları ölkələrin
ictimai-siyasi həyatına təsir imkanlarını getdikcə
artırır, xarici siyasətimizdə prioritet təşkil edən
məsələlərə fəal dəstək verməklə
Azərbaycanın beynəlxalq mövqeyini daha da gücləndirirlər.
Artıq bütün dünya azərbaycanlıları
ulu öndər Heydər Əliyevi xalqımızın
Ümummilli lideri hesab edir. Ümummilli
liderimizin diasporamızın qarşısında qoyduğu vəzifələri
yerinə yetirirlər. Bununla yanaşı,
sevindirici hal ondan ibarətdir ki, ulu öndər Heydər Əliyevin
diaspor quruculuğu sahəsində apardığı
uzaqgörən siyasəti bu gün Azərbaycan Prezidenti
İlham Əliyev tərəfindən müvəffəqiyyətlə
davam etdirilir. Prezident İlham Əliyev bu
ilin noyabr ayında Azərbaycan Respublikasının Diaspor ilə
İş üzrə Dövlət Komitəsinin
yaradılması haqqında Sərəncam imzalamaqla bir daha
dövlətin diaspora siyasətinin gücləndirilməsində
maraqlı olduğuna işarə edib. Ümummilli
liderimiz Heydər Əliyevin qeyd etdiyi kimi, “Dünya azərbaycanlılarının
ancaq bir vətəni, müstəqil dövləti var, bu, Azərbaycan
Respublikasıdır. Biz hamımız da
onun ətrafında birləşməliyik”.
İsmayıl Ağayev
Beynəlxalq Diaspora Mərkəzinin rəhbəri
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2012.- 19 yanvar.-
S.12.