Uşaqlarımızın
televizor sevgisi: körpələrimiz
hansı təhlükə qarşısındadırlar?
Televizorlar
insan həyatına 1873-cü ildə girib, amma o zaman
görüntü yalnız fotoeffektdən ibarət olub.
1884-cü ildə isə mexaniki televizor yaradıldı. 1925-ci
ildə televizorun təkmilləşməsi üçün
icad olunan skanlaşdıran disk ağ-qara
görüntülü televizorun istehsalını gerçəkləşdirdi.
İlk ağ-qara görüntülü televizorlar 1929-da Almaniyada, 1949-da isə
SSRİ-də yaradıldı. Milli.Az həm bizim, həm də
uşaqlarımızın ən sevimli əşyasına çevrilən
televizorların uşaq psixologiyasında və gündəlik
həyatında buraxdığı izlər barədə
araşdırmasını təqdim edir.
Amerika
telekanalları uşaqları hədəf götürüb
İnternetin kəşfindən
sonra informasiya operativliyi baxımından bir qədər ləngiyən
televizor bütün zamanlarda uşaqlarımızın ən
yaxın dostu olub. İndi yaşlı nənə-babamızdan
evdar qadına qədər hamımız onunla dostluq edirik.
Maraqlıdır, müxtəlif serialları,
şou-proqramları, mətbəx verilişləri ilə bir
çox qadının saatlarla qarşısında oturduğu
televizorlar uşaqların inkişafına hansı təsiri
göstərir?
Amerikalı
mütəxəssislər gündə 2 saatdan çox
televiziya izləyən uşaqlarda irəliləyən
yaşlarda ruhi problemlərə rast gəlindiyi barədə həyəcan
təbili çalır. Maraqlıdır ki, dünya üzrə
ən çox televizor izləmə statistikası da məhz bu
ölkəyə aiddir. Elə psixi pozğunluqdan və intihara
cəhdlərdən də ən çox əziyyət çəkən
amerikan cəmiyyətidir.
Televizorun uşaqlar üzərində
təsirini araşdıran ABŞ-ın Sietl Uşaq Xəstəxanasının
“Televiziya Araşdırma və Məsləhətləşmə
Mərkəzi” çox maraqlı nəticələr ortaya
çıxardı. Bu araşdırmaya görə,
amerikalı bir uşaq 12 yaşına qədər 100 min zorakılıq
və şiddət götüntüsü izləyir ki, bu
görüntünün də 8 mini cinayət tərkibli olur.
Noyabr ayında aparılan başqa bir araşdırmaya görə
isə Amerikada məktəbli uşaq həftədə orta
hesabla 27 saat televizor izləyir. Amerikada uşaqlar
üçün hazırlanan televiziya proqramlarında saatda 20
şiddət səhnəsi göstərilir. 6 yaşlı
amerikalı uşaqların 40 faizi, 12 yaşlı amerikalı
uşaqların isə 80 faizi
yetkinlər üçün hazırlanan proqramları izləyir.
Nəzərə alsaq ki, hətta uşaq proqramlarında belə,
saatda 20 zorakılıq səhnəsi olur, o zaman yetkin
amerikalı insanlar üçün hazırlanmış
proqramların uşaqlar üçün nə qədər təhlükəli
olduğunu anlamaq çətin olmaz.
Televizorun
uşaqlara 4 önəmli zərəri
Rusiya Tibb Elmləri
Akademiyasının pediatrlarının fikrincə isə
uşaqların gündə 1, ən çox 2 saatdan çox
televiziya izləməsi son dərəcə zərərlidir. Əgər
buna diqqət edilməzsə, bu vəziyyət uşaqlarda
kompensasiyası mümkün olmayan yaralar aça bilər.
Çünki çox televiziya izləyən uşaqda
aşağıdakı əlamətlər müşahidə
edilir:
1.
Başqalarının çəkdikləri əzaba və ya
çətinliklərə qarşı laqeyd münasibət,
2.
Ətraflarına və müxtəlif hadisələrə
qarşı səbəbsiz qorxu,
3.
Başqalarına qarşı təcavüzkar və ya zərərverici
davranışlar və ya buna meyllilik,
4.
Davamlı olaraq televizor qarşısında oturduğu
üçün çəki artması.
Çıxış
yolları var, amma əməl etmək vacibdir
Həm
pediatrlar, həm də psixoloqlar valideynlərə kiçik məsləhətlər
verməklə problemi yüngülləşdirməyə
çalışırlar. Bu da mütəxəssislərin,
televiziyanın zərərli təsirlərinin
qarşısını alacaq və
uşağınızın psixoloji
sağlamlığını qurtaracaq tövsiyələri:
-
Uşaqların televizor izləmə saatlarını məhdudlaşdırın,
-
Onlar üçün yaşlarına uyğun proqramları
seçin,
-
Uşaqdan öncə, mümkünsə, müntəzəm
olan proqramı birinci dəfə özünüz izləyin,
-
Ailəlikcə televiziya izləməyi bir vərdişə
çevirin,
-
Uşaqlarla barabər siz də onun izlədiyi proqrama baxın,
-
Proqramı həm ona izah edin, həm də suallarını
cavablandırın,
- Həftənin
bir gününü “televizorsuz gün” elan edin,
-
Mümkün olsa, evinizdə televiziya kanallarını
açmayın, əvəzində uşağın
seçdiyiniz disklərə baxmasına nail olun.
Uşaqların beynini qocalmağa
qoymayın
Keçən
ayın əvvəllərində isə BBC telekanalı
çox maraqlı bir süjet yayımladı. Həmin sujetdə bildirildi
ki, uşaqların televiziya başında keçirdiyi hər
saat, onsuz da hələ təkmilləşməyən zehinlərində
saysız-hesabsız komplekslərə gətirib
çıxarır və bu da gələcəkdə ruhi
problemlərə səbəb olur. İngiltərə
və Amerika araşdırmaçılarının
ayrı-ayrılıqda apardıqları təcrübə
zamanı 1345 uşağa gündə 3 saat televiziya izlətdirilib.
Nəticədə
uşaqların yüzdə 35-də zehni
qarışıqlıq aşkarlanıb. Çünki 2-3
yaşlı bir uşağın zehni gördüyü hər
şeyi çox sürətli bir şəkildə qavrayır
və bu informasiya qəbulunun yaşa görə çox
olması beyni erkən yaşlarda qocaldır.
Rusiyada bir
neçə il öncə aparılan
eynitipli araşdırmada isə 1 ay ərzində
uşaqların bir qrupuna Sovet dövründə çəkilmiş,
digər qisminə isə müasir dövrdə Qərb
ölkələrində çəkilmiş multfilmlər
nümayiş etdirilib. "Soyuzmultfilm"in
istehsalı olan filmləri izləyən uşaqlarda sülhsevər,
altruist psixologiyanın yarandığı, müsbət meyllərin
artdığı, Qərb multfilmlərini izləyənlərdə
isə eqoist əhval-ruhiyyənin, aqressiv psixologiyanın
artması müşahidə olunub.
Psixoloqların
fikrincə, heç bir halda qan, qorxu, şiddət,
zorakılıq ifadə etməyən Sovet multfilmləri
uşaqlar üçün təhlükəsiz və
onların düzgün formalaşması üçün
ideal idi. Rusiyada son illərdə uşaqlarına müasir
multfilmlərin əvəzində SSRİ dövründə
çəkilmiş multfilmləri izlədənlərin
sayının artması da bu amillə bağlıdır.
Uşaqlarınız yaşına görə
televizor izləsinlər
Pedaqoq
Şura Qocayeva Milli.Az oxucuları üçün maraqlı və
olduqca yararlı bir siyahı hazırladı. Bu, uşaqların yaşa
görə televizor işlətməsi qaydalarıdır.
Pedaqoq bildirdi ki, əgər buna əməl olunsa, uşaqlar
daha az zərər görər.
1-4
yaş arasında olan uşaqlar bir böyüklə birlikdə
televiziya izlədikləri zaman bu onlar üçün
çox faydalı olur.
Uşağa izlədiyi proqram və ya film haqqında məlumat
verə bilərsiniz. Bu yaşda olan uşaqlar
tez-tez sual verir, çalışın, hamısını
cavablandırasınız. Onun
anlamadığı proqramları izləməsinə icazə
verməyin. Uşağın qorxduğu
şeyləri yaxşı bilmək lazımdır ki, içərisində
belə görüntülər olan proqramları ondan uzaq
tutasınız. Bu yaşda uşaqların
yarım saatdan çox televiziya izləmələri təhlükəlidir.
Uşaq televiziya izlədikdən sonra onu dərhal
yatağına yatırtmaq doğru deyil. Uşağın
cizgilərin dünyasından real dünyaya geri dönməsi
üçün ünsiyyətə ehtiyacı var.
5-12
yaş arası uşaqların özündə şiddət,
zorakılıq, qorxu və seks ehtiva edən proqramları izləməmələri
lazımdır. Azacıq vaxt sərf etsəniz, bu yaşda
uşaqların izləyə biləcəkləri
proqramları təyin etməniz çətin olmaz. Ancaq o yaşıdlarının izlədiyi proqramlara
baxmaq istəsə və bu istəyində israrlı olsa, sizin
üzərinizə böyük məsuliyyət düşəcək.
Belə ki, bu proqramların zərərini,
uşaqda yaratdığı fəsadları onun öz dilində
anlatmaq lazım gələcək. 5-12
yaş arasında olan uşaqlar üçün ən ideal
verilişlər təlim proqramlarıdır. Uşaqlar bu verilişlər sayəsində yeni
şeylər öyrənəcək, kağızdan, plastilindən,
ağacdan yeni əşyalar hazırlamaq həvəsi yaranacaq.
Eyni zamanda, uşaqlar üçün sənədli
filmlər də izləyə bilərlər, heyvanlar aləmi
barədə zorakılıq, qan və şiddət olmayan
filmlər də. Bu yaşlardakı
uşaqların 2 saatdan çox televiziya izləmələrinə
icazə verilməməlidir.
"Pokemon"un lazeri
600 uşağın ölümünə səbəb
olacaqdı...
Bir neçə
ay öncə Yaponiyada qəribə bir hadisə baş verdi. Eyni saatda 600-dən çox
uşaq xəstəxanaya çatdırıldı. Onların televizordan yayımlanan şiddətli
işıq dalğasına məruz qalaraq şok
yaşadıqları ortaya çıxarıldı.
Məlum oldu
ki, Tokio televiziya kanalında hər gün 18:30-da orta məktəb
şagirdləri üçün yayımlanan "Pokemon''
adlı cizgi filmi seyr edən yüzlərlə
uşağın qəfil pisləşməsinə səbəb
filmin 20 dəqiqəsində, daha dəqiq desək, qəhrəmanın
cildini dəyişdirməsi səhnəsində istifadə
edilmiş qüvvətli qırmızı və mavi
işıqlar uşaqlarda şok təsiri yaradıb. Həddindən artıq baş gicəllənməsi,
görmə pozğunluğu, ürək bulanması, qusma ilə
bərabər bəzi uşaqlar şiddətli titrəmə
keçirib. Qeyd edək ki, Yaponiyanın bu
cür video oyunları ABŞ, İngiltərə və
Yaponiyada bənzər narahatlıqlara səbəb olmuşdu.
Bu səbəblə
baş nazir xüsusi istintaq qrupu da yaratdı. Düzdür, istintaq qrupu
konkret olaraq bir şey söyləmədi, uşaqların kəskin
lazer effektindən zərər gördüklərini təsdiqləmədi,
amma mütəxəssislər bu faktı təsdiqlədilər.
Uşaq otağına televizor qoymayın!
Bir
çox valideynlər uşaqları üçün otaq
dizayn edəndə orada televizorun olmasını doğru hesab
edirlər. İstədiyi zaman istədiyi proqramı izləmək
üçün hələ üstəlik peyk antena ilə də
təmin edirlər. Günün
böyük hissəsini öz otağına qapanan uşaq
televizordan asılı vəziyyətə düşür.
Düzdür,
televizor vasitəsi ilə onlar həm əylənirlər, həm
məlumatlanırlar, amma eyni zamanda zərər də
görürlər. Çünki valideynin olmadığı anda o elə
bir səhnə izləyə bilər ki, bütün
yaşamı boyunca bu səhnə onun şüurunda
özünə yer eləyə bilər.
Bütün
bunlar bütün uşaqlara şamil edilmir, amma yaşa görə
proqram izləmək də olduqca vacib məsələdir. Çox televizor izləyən
uşaq düşünmə, danışma, problem həll etmə,
diqqətini cəmləmə və davam etdirmə və
başqaları ilə ünsiyyət qurma kimi
bacarıqlarını itirə bilər. Otağında
televizor olan uşaqla ümumi televizordan istifadə edən
uşağın dərs müvəffəqiyyətində də
olduqca böyük fərq var.
Televiziyada nələr uşaqları
qorxuda bilər?
Televiziya
kəşf ediləndə bəlkə də bu qədər zərərli
olacağı heç kimin ağlına gəlməmişdi. O zaman informasiya almaq, siyasi-mədəni-sosial
durumdan xəbərdar olmaq üçün televizora tələbat
olduqca böyük idi. Amma indi onun
övladımıza vurduğu zərər də
qaçılmazdır. Bu cür təsirlər uşaqda
özünü bu əlamətlərlə büruzə verər:
qorxu, ağlama, yuxuda sayıqlama, tək qala bilməmə,
yaralanma, ya da öldürülmə qorxusu. Bəzən
it, pişik, hörümçək qorxusu da yaranır. Amma konkret olaraq yaşa görə bölməli
olsaq, sizə psixoloq Naib Allahverdiyevin köməyi ilə
aşağıdakı yaş sıralamasını təqdim
edirik.
7-8
yaşlı uşaqlar - cizgilərdə mənfi qəhrəman
kimi təqdim edilən və dəhşətli
görüntü verilən heyvanlardan, xüsusilə
canavarlardan, qəribə, dəyişdirilmiş, qrimlənmiş,
maskalanmış xarakterlərdən daha çox qorxurlar. Bu yaşda uşaqlar eyni
zamanda normal bir xarakterin anormal və ya qəribə bir xarakterə
çevrilməsindən, ana-atanın ölümünü əks
etdirən səhnələrdən, təbii fəlakətləri
əks etdirən səhnələrdən də çox
qorxurlar.
7-12
yaşlı uşaqlar - onlar daha çox uşaqların
başına gəlməsi həqiqətən mümkün ola bilən daha həqiqi təhdid və təhlükələrdən
çox qorxurlar. Bu yaş qrupunda olan uşaqlar
şiddət və zorakılıqdan, uşaqların
yaralandığı, zərər gördüyü səhnələrdən
də çox qorxurlar.
13-16
yaşlı uşaqlar - onlar televizorda həqiqi fiziki zərər
ya da zərər barədə hədələmələri əks
etdirən səhnələrdən, cinsi zorlamadan, yadplanetlilərdən
və əsrarəngiz, sirli varlıqlardan daha çox
qorxurlar.
Hər
bir vicdanlı valideyn uşaqlarının fiziki
sağlamlığı ilə yanaşı, psixi
sağlamlığını da qorumaq məcburiyyətindədir. Bu məsələdə səhlənkarlıq
gələcəkdə təkcə həmin uşağın
özü üçün yox, həm valideynləri,
qohumları, dostları, hətta bütün cəmiyyət
üçün də təhlükəli ola
bilər. Biz cəmiyyət üçün
sağlam insan böyütməyə borcluyuq.
Olaylar.- 2012.- 19 yanvar.- S.10.