20 Yanvar-Azərbaycan xalqının şərəf və ləyaqət tarixidir

 

“Həmin gün Azərbaycan xalqı mənliyini, qürurunu, müstəqillik eşqini sübuta yetirdi”

 

Xalqımızın qürur mənbəyinə çevrilmiş 20 Yanvar hadisələrindən 22 il ötür. Hadisənin başvermə səbəbləri ilə bağlı zaman-zaman müxtəlif fikirlərə, rəylərə rast gəlinsə də, bütün əks mövqelər bir nöqtədə kəsişir: bu tarixi gündə Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri çəkilməyəcəyini, bu müqəddəs amal uğrunda hətta canından belə, keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi.

Yanvarın 20-də baş verən faciəli hadisələr süquta uğramaqda olan sovet imperiyasının mənfur repressiya maşınının xalqımıza qarşı törətdiyi amansız cinayət idi.

 

 Həmin gün 130-dan çox dinc insanın xüsusi qəddarlıqla qətlə yetirilməsi, 1000-ə yaxın insanın yaralanması, şübhəsiz, xalqımız üçün böyük dərd, faciə idi. Lakin eyni zamanda, bu hadisə xalqımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsinin kulminasiya nöqtəsi olmaqla, çağdaş tariximizə qürur və şərəf mübarizəsi kimi daxil oldu.

20 Yanvara aparan yol 1988-ci ilin ziddiyyətli hadisələrindən başlanır. Keçmiş imperiya rəhbərliyinin xeyir-duası ilə Ermənistanın Azərbaycana qarşı başladığı ərazi iddiaları nəticə etibarilə xalqımızın milli müstəqillik istiqlaliyyət uğrunda mübarizəsinə impuls verdi. Xalq ölkənin ərazi bütövlüyünu qoruyub saxlamaq üçün 1988-ci ildə öz iradəsini ortaya qoydu. Respublika vətəndaşları İttifaq mərkəzinin Azərbaycana qarşı məqsədli şəkildə həyata keçirdiyi məkrli plana etiraz edir, Dağlıq Qarabağdakı ermənilərin separatçı ekstremist hərəkətlərinin qarşısının alınmasını, haqq-ədalətin bərpa olunmasını istəyirdi. Ermənilərin ərazi iddialarına qarşı qətiyyətlə çıxan xalqımızın milli ruhu, özünüdərk hissi yüksəlmiş, müqavimət əzmi artmışdı. Həmin dövrdən başlanan ümumxalq hərəkatı meydan epopeyası kimi yüksək zirvəyə yüksəldi. 

Onu da qeyd edək ki, hələ 20 yanvar hadisələrinə qədər Qazaxıstanda 1986-cı ildə buna oxşar hadisələr olmuşdu. SSRİ ayaqda qalmaq mücadiləsində qarşısına çıxan bütün maneələri dəf etmək istəyirdi. Ona görə də, ittifaq daxilində bir çox xalqları müstəqillik fikirlərindən daşındırmaq üçün bu istiqamətdə addımlar atırdı. Amma bunların heç biri Azərbaycanda törədilən qədər dəhşətli olmamışdı. Çünki ittifaq xalqımızın tarixini, onun nə qədər cəsarətli, igid, qəhrəman oğullar yetişdirməsindən yaxşı xəbərdar idi. Ona görə də, ən böyük hücumun da Azərbaycana olması məqsədli atılmış addım idi. Yanvarın 19-da törədilən bu cinayət həm də insan haqqlarına dair bütün beynəlxalq sənədlərin kobudcasına pozulması idi.

Lakin rejimin həyata keçirdiyi repressiv tədbirlər Azərbaycanda meydan hərəkatının qarşısını müəyyən qədər alsa da, xalqın içində olan narazılığı qətiyyən boğa bilmədi. Azərbaycan bu hadisələrdən sonra müstəqillik tarixində daha uğurlu addımlar atıldı və xalq öz istəyinə çatdı. Tarixçi, Milli Azadlıq hərəkatının liderlərindən biri Nəsir Ağayev həmin günləri xatırlayaraq bunun fəxr ediləsi bir tarix olduğunu deyir. “20 Yanvar hadisələri bir çox xalqların yaşaya bilmədiyi şərəf və iftixar hissidir. Qafqazda elə xalqlar, elə dövlətlər var ki, heç bu gün də o hissləri yaşaya bilməyiblər. Həmin gün Azərbaycan xalqının mənliyini, qürurunu, müstəqilliyə olan eşqini sübuta yetirən bir faktdır. Bu hadisələr bir daha Azərbaycan türkünün böyüklüyünü göstərdi. İstər tarixin müxtəlif dönəmlərində, istərsə də 20 yanvar qanlı hadisələrində də imperiyanın ən güclü qoşunu Azərbaycana yeridildi. Çünki bizim xalqdan qorxurlar, ondan çəkinirlər. Onlar çox yaxşı bilirlər ki, bu xalqın səsi uzaq şərqdən başlayıb avropanın astanasına qədərdir”. N.Ağayev 20 Yanvarın müstəqilliyinin əldə olunmasına da çox böyük təsiri olduğunu deyərək bununla Azərbaycan türkünün mərkəzi və yerli hakimiyyətə olan inamı sıfıra çevrildiyini bildirdi. “Xalq öz içində hakimiyyətini axtarmağa başlayırdı. Ona görə bu selin qabağında heç kim dayana bilməzdi. Çünki bu müstəqilliyə atılan addımın başlanğıcı idi. Bu hadisələri bir daha Moskvaya olan inamsızlığı sübuta yetirdi. Azərbaycanın tamamilə yeni bir istiqamətdə inkişafını diqtə etdi. Bu hadisələrə qədər olan xalq hərəkatı müəyyən istək və arzular, narazılıqların aradan qaldırılması, Qarabağ məsələləri ilə bağlı idisə, bundan sonra artıq bütün ölkənin müstəqilliyi uğrunda mübarizə başladı. Bundan əvvəl biz anlamırdıq ki, Azərbaycan azad olmadan qarabağ azad ola bilməz. Ona görə də bunun ağırlığını bu gün də çəkirik”. N.Ağayev həmçinin onu da əlavə etdi ki, 20 yanvarı ağlaya-ağlaya qeyd etməkdənsə, bu hadisələrdən yetişən nəsildə vətənpərvərlik hisslərinin artırılması məqsədi ilə istifadə etməliyik. “Müstəqillik uğrunda canlarından keçmiş insanlar şagirdlərə, tələbələr örnək ola bilərlər. Necə ki, sovet dövründə Zoya Kasmedemyanski kimi insanlar az qala ideal səviyyəyə qaldırılmışdı. Bu mənada Azərbaycanda 22 il bundan əvvəl yaşamış çox böyük örnəklər -20 yanvar şəhidləri, zərərçəkənləri var. Şəhidlərin həyatından nümunələr çəkilməlidir. Hər bir rayonda bununla bağlı xüsusi guşələr yaradılmalıdır. Bu hadisələr millətin və dövlətin ideologiyasının tərkib hissəsinə çevrilməsə, vətənpərvərlik faktorunu azaltmış olarıq”.

 

 

Gülxar Şərif

 

Olaylar.- 2012.- 20-23 yanvar.- S.8.