Azadlıq
yanğımızın qan içində
boğulduğu gün
Şəhidlər azadlığı canlarından
belə üstün tutdular
Azərbaycanın azadlıq
yanğısının qan içində boğulduğu
gündən 22 il ötür. Çox şeylər dəyişib,
Azərbaycan artıq müstəqildir, azadlığına
qovuşub, inkişaf, yüksəliş mərhələsindədir.
Dəyişməyən də var - Qarabağ hələ də
düşmən tapdağındadır, torpaq üzərinə
basacaq vətən oğlunun yolunu gözləyir. Dəyişən
və dəyişməyənlər arasında bir şey də
var ki, bu da xalqın onun uğrunda şəhidlik zirvəsinə
yüksəlmiş övladlarına olan məhəbbətidir.
Bu məhəbbət təkcə Şəhidlər
Xiyabanından başlamır, bu məhəbbət əslində
heç bir yerdə bitmir ki, yenidən başlamağa da
ehtiyac qalsın. Bu məhəbbət ürəyi vətən
eşqi ilə döyünən hər bir kəsin ürəyindədir.
1990-cı
ilin yanvarın 19-dan 20-nə keçən gecə istibdada
qarşı çıxaraq azadlıq savaşına qalxan, bu
mübarizə yolundan dönməməkdə qərarlı
olan vətən övladları sinələrini düşmən
gülləsinə sipər edərək Azərbaycanın
yenidən müstəqillik qazanması üçün şəhidlik
zirvəsinə ucaldılar. Azərbaycan ilk şəhidlərinin
başı üzərindən göylərə ucalan
üçrəngli bayrağın gölgəsində
azadlıq, müstəqillik yoluna qədəm qoydu. İllər
keçsə də vətən və millət xatirinə
şəhidliyi bir göz qırpımında ən
böyük hədiyyə kimi qəbul edib
ölümsüzlüyə ucalan qəhrəmanlar unudulmur.
Tarix bunu sübut edib, xatirələri əbədi olaraq əziz
tutulur, tarixin səhifəsində olduğu kimi yaddaşlarda
da özünə əbədi yer tutur, ucaldığı
şəhidlik zirvəsindən bizlərə-vətən
yolunda şəhid olanları daim minnətdarlıq və
sayğı ilə xatırlamalı olacaq insanlara qəhrəmanlıq,
vətənə, millətə sevgi dərsi verir.
Filosoflardan
biri insanlar haqqında deyirdi: “Onların
bəzisi özü üçün yaşayır, bəziləri
başqaları üçün. Hər ikisi unudulacaq insanlar
sırasındadır. Unudulmayan yalnız o insanlar olacaqlar ki,
özünü də başqalarını da unudub yalnız vətəni
üçün yaşayacaqlar”. Düz 22 il əvvəl Vətəni
üçün azadlıq istəyənlərin
hayqırışını kəsmək üçün
Bakı küçələrində tökülən qan məhz
o insanların idı -Vətən üçün
yaşayanların. Onlar üçün Azərbaycan ovuc
içi boyda ürəklərində gəzdirdikləri
böyük vətən məhəbbətindən
başlayırdı. Onlar üçün Azərbaycan şəhid
ölümü qədər şərəfli bir yolun sonunda
yenidən var olurdu. Onlar üçün Azərbaycan
azadlığın özü qədər şirin idi. Onlar
üçün Azərbaycan əsrlərin o üzündən
gələn qocaman bir tarixin yer üzündəki yadigarı
idi. Onlar üçün Azərbaycan yenilməz və yenilməz
olduğu qədər də kövrək idi. Onlar Azərbaycanı
yenilməzlər sırasında görmək
üçün hər şeyi unudub yalnızca Vətən
üçün yaşamağı bacardılar. Anaların
yalvarışları, bacıların nalələri,
övladların həzin baxışları onları yolundan
döndərə bilmədi. Bu yolu Tanrı
cızmışdı, onlar Tanrının sevgisinə
yaxın olduqları qədər Vətən sevgisinə də
layiq idilər. Artıq 22 ildir ki, bu qəhrəmanlığın
qarşısında baş əymək üçün
müqəddəs and yerimiz olan Şəhidlər Xiyabanında
əbədi bir məşəl dalğalanır. Azərbaycan o məşəlin
şəhid ruhları kimi ucsuz - bucaqsız səmalara yüksələn
al qırmızı alovunda yaşayır. Azərbaycan
şəhid məzarına gül qoyan titrək əllərin
istisində qızınır, ürəyi Vətən məhəbbəti
ilə döyünən gənclərin elə alov qədər
yandırıcı baxışlarında qorunur. Azərbaycan
22 il əvvəl milyonların çiynində son mənzilə
yola salınan şəhidlərinin pənahındadır. O
şəhidlərin ki, azadlığı dünyanın bəlkə
də ən şirin neməti olan canlarından belə
üstün tutdular. Doğulanda hərəsinin öz taleyi
vardı, dünyadan gedəndə hamısı eyni aqibəti
yaşadı. Doğulanda sıravi insan kimi dünyaya gəlmişdilər,
dünyadan gedəndə bir millətin tapındığı
qəhrəmanlar kimi uğurlandılar. 1990-cı ilin
yanarın 19 - dan 20 - ə keçən gecə Bakının
küçələrini qana boyayanlar gözləri
qarşısında açılan mənzərədən dəhşətə
gəldilər – Bakıya yağan qərənfil
yağışı şəhidlərin al qanının təkcə
rəngini yox, ətrini də almışdı. Dünya
başa çatmaqda olan əsrin qəhrəman millətini
tanıdı...
Azadlıq
üçün canını fəda edənlər göy
üzündəki ulduzların işartısında
gördülər azadlığı, bir də əsən
küləklərin ruhlarını yerindən oynadan nəfəsində.
Üzlərini qarsıyan soyuğun bütün bədənlərini
qızdıran istisində hiss etdilər azadlığı,
arxalarınca səslənən ağıların yeri də,
göyü də inlədəcək nidasında. Bir-birilərinin
üzündə, azadlıq eşqi ilə işıldayan
gözlərində, azadlığa vurğun könüllərində
hiss etdilər azadlığı. Bu yolda dönməyi yox,
yalnız irəliyə, irəliyə getməyi özlərinə
layiq bildilər. İrəlidə, onları ölümə
aparan yolun sonunda azadlıq dolu bir yaşam vardı, onlar
üçün yox, canlarından çox sevdikləri bu vətən
üçün, bu vətənin azad gələcəyi
üçün, gələcək nəsillər
üçün. Özləri üçün yox, vətənləri,
millətləri üçün gedirdilər bu yolu.
Ölümü lap yaxınlıqda, bir addımlıqda hiss
edirdilər, ölümün buz soyuqluğu üzlərini,
gözlərini qarsıyırdı, ancaq azadlıq aşiqləri
ölümə doğru yolu onlar kimi birnəfəsə gedə
bilərdi. Azad yaşama sevdalı idilər. Bu sevdadan
onları geri döndərmək təpədən-dırnağa
qədər silahlanmış ordunun imkanı xaricində idi.
Bu ordunun əli silah tutan əsgərləri
azadlığın nə olduğunu bilmirdilər, onlar
yalnız ətraflarına ölüm saçmaq
üçün səfərbər edilmişdilər,
qarşılarındakının uğrunda ölümə
gedəcək qədər azadlığa aşiq olduğunu nə
anlayacaq, nə də dinləyəcək vəziyyətdə
idilər. Onlar üçün yalnız bir
tapşırıq vardı-öldürmək, azadlıq
üçün çırpınan ürəklərin
döyüntüsünü kəsmək, susdurmaq. Ancaq bilmədilər ki, susan
yalnız dillər olacaq, könüllər susmayacaq,
könüllərdəki azadlıq sevdası bir milləti
azadlığa aşiq edəcək qədər güclü
olacaq. Bu gücün qarşısında heç bir silah davam
gətirə bilməyəcək...
O gün
Bakı müstəqilliyinin ilk şəhidlərinə
ağladı. Şəhid qanlarının
töküldüyü yerdə qırmızı qərənfillər
gül açdı. Güllər kədərdən
başlarını yerdən qaldıra bilmədilər,
güllər şəhid məzarını bəzəyəcəklərinin
sevincindən yağış kimi hər məzara
yağdılar. Qərənfillər onları şəhid məzarı
kimi müqəddəs məkana layiq görənlərin əlində
gül açdı. O da şəhidlərinə
ağladı, yas saxladı, amma sınmadı, kədərdən
aşağı əydiyi başını dik tutub şəhid
məzarını al qırmızı rənglərə
bürüməyi də bacardı. Qərənfillər də
sevildi şəhidlərlə, şəhidlərin qəhrəmanlığından,
ölümsüzlüyündən qərənfillərə
də pay düşdü. “Şəhidlər Xiyabanı» 22
ildir ki, al qırmızı qərənfil
yağışına tutulur. Hər il şəhidlərin
müqəddəs məzarlarını ziyarət etməyə
gələn insanlar onların qəhrəmanlığı
qarşısında bir daha baş əyir, Azərbaycanın
müstəqilliyi uğrunda ölümə mərdliklə
sinə gərən vətən övladlarının ruhunu əziz
tutur.
O günlər
Azərbaycanın şərəf tarixidir, gəlin tariximizi və
şərəfimizi unutmayaq.
Elnarə
Olaylar.- 2012.- 20-23 yanvar.- S.11.