Azərbaycan diasporu Rusiya cəmiyyətinə inteqrasiya yolunda

 

Bu gün Rusiyada olan azərbaycanlılar sözün həqiqi mənasında real gücə çevrilib

 

Bu gün azərbaycanlıların ən çox üz tutduğu xarici ölkələr arasında Rusiya üst sırada gəlir. Müstəqilliyimizin ilk illərində yaşanan iqtisadisiyasi böhran nəticəsində Rusiyaya üz tutan vətəndaşlarımız artıq bu ölkənin ictimai-siyasi həyatında mühüm yer tutmağa başlayıb. Bütün əldə olunan uğurlar onu deməyə əsas verir ki, Azərbaycan diasporu Rusiya cəmiyyətinə uğurla inteqrasiya edir. Rusiyanın ictimai-siyasi, eyni zamanda mədəni həyatında önəmli yer tutan Azərbaycan diasporu iki ölkə arasında olan əlaqələrin daha da inkişaf etdirilməsi sahəsində də davamlı addımlar atır. Rusiyanın ayrı-ayrı vilayətlərində fəaliyyət göstərən təşkilatlarımız Azərbaycan gerçəkliklərinin, Azərbaycan mədəniyyətinin daha geniş ərazilərdə yayılması üçün əlindən gələni edir.

 

Təsadüfi deyil ki, dövlət başçısı İlham Əliyev Dünya Azərbaycanlılarının III qurultayı ərəfəsində bir sıra diaspor təşkilatlarının rəhbərlərinin tərəqqi medalı ilə təltif edilməsi ilə bağlı sərəncam imzaladı. Bu təşkilatlar içərisində Rusiyada fəaliyyət göstərən diaspor təşkilatları da var idi. Ümumilikdə Rusiyada Azərbaycan diasporunun tarixi keçmişinə nəzər salanda aydın olur ki, şimal qonşumuz ərazisində diasporumuzun təşəkkür tapması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin həyata keçirdiyi uğurlu diaspor fəaliyyəti nəticəsində yaradılan təşkilatlar bu gün artıq həmin ölkələrin istər siyasi, istər iqtisadi və mədəni həyatının ayrılmaz hissəsinə çevrilib. Ümummilli lider Heydər Əliyevin birbaşa dəstəyi ilə Rusiyada yaradılan təşkilatlardan biri də Ümumrusiya Azərbaycanlıları Konqresidir. Bu konqresin yaradılması ÜAK Rusiyada yaşayan azərbaycanlıların sıx birləşməsinə, onların hüquq və azadlıqlarının müdafiəsinə, xalqımızın zəngin mədəni irsinin təbliğinə, Azərbaycan haqqında düzgün informasiyanın Rusiya və dünya ictimaiyyətinə çatdırılmasına xidmət edir. Sözügedən təşkilatın yarandığı dövrdən bu yana həyata keçirdiyi uğurlu layihələri hesabına bu gün Rusiyada olan azərbaycanlılar sözün həqiqi mənasında real gücə çevrilib. Elə buna görədir ki, Rusiyada yaxınlaşan prezident seçkilərində Konqresin rəyi mühüm sayılır. Prezidentliyə namizədlər arasında azərbaycanlıların səsinin almaq üçün əsl mübarizə gedir. Rusiyanın siyasi həyatında önəmli yer tutan ÜAK-si daha da təşkilatlanaraq qarşıya qoyulan vəzifələrin uğurla davam etdirilməsi istiqamətində mühüm işlər görür. Bu da ümummilli lider Heydər Əliyevin tarixin gerçəkliyinə çevrilən fikirlərinin təsdiqini tapmasına bir işarədir. Ümummilli lider Heydər Əliyev hələ o zaman konqres haqqında bunları demişdi. "Ümumrusiya Azərbaycan Konqresi öz fəaliyyətinə tarixi Vətənimizi ölkəmizdən kənarda layiqli təmsil etməklə başlayıb. Güman edirəm ki, konqres qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi üçün mühüm addımlar atacaq”. Artıq tarixi gerçəklikdir ki, konqres Azərbaycan həqiqətlərini Rusiya ictimayyətinə çatdırır. Eyni zamanda həyata keçirilən davamlı layihələr nəticəsində demək olar ki, Rusiyada olan azərbaycanlıların daha sıx birləşməsinə nail olunub. Artıq Konqresin nəzdində Rusiyanın ayrı-ayrı vilayətlərində olan təşkilatlar fəaliyyət göstərir ki, bu da öz növbəsində dünyada ərazisinə görə birinci yerdə olan Rusiya kimi dövlətdə Azərbaycanın haqq səsinin daha geniş yayılmasına, Azərbaycan mədəniyyətinin tərənnüm olunmasına şərait yaradır. Konqresin fəaliyyət istiqamətlərinə baxdıqda aydın olur ki, bu fəaliyyət istiqamətləri təkcə xeyriyyə aksiyalarının və digər layihələrin həyata keçirilməsi ilə bitmir. Konqres həm də iki ölkə arasında olan iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində iş aparır. Belə ki,

Ümumrusiya Azərbaycan Konqresi iqtisadi əməkdaşlığa dair Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının tam hüquqlu üzvü olmaqla yanaşı, Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Dövlət Dumasının Federal Məclisinin parlamentlərarası komissiyasında təmsil olunur. Bütün bunlar ÜAK-nin III Qurultayında da özünü göstərdi. Belə ki, qurultaya yüksək diqqətin olması, burada Konqresin fəaliyyəti ilə bağlı söylənən fikirlər bir daha onu deməyə əsas verir ki, Azərbaycanın Rusiyada olan diaspor təşkilatları öz üzərlərinə düşən vəzifələrin öhdəsindən gələ bilir. Prezident İlham Əliyevin qurultay iştirakçılarına ünvanladığı təbrik məktubunda Konqresin uğurlu fəaliyyəti bir daha vurğulanıb: “Bu gün Rusiya Federasiyası ilə siyasi, iqtisadi, mədəni və digər sahələrdə strateji tərəfdaşlığın səviyyəsi olduqca yüksək qiymətə layiqdir. İkitərəfli münasibətlərimizin inkişafında və dərinləşməsində Rusiyada yaşayan azərbaycanlıların rolu böyükdür. Sevindirici haldır ki, onlar çoxmillətli Rusiya cəmiyyətinin ayrılmaz hissəsidir, Rusiya Federasiyasının inkişafına və tərəqqisinə layiqli töhfə verirlər. Azərbaycanlıların diaspor təşkilatları və ilk növbədə ÜAK Rusiya vətəndaş cəmiyyətinin ayrılmaz hissəsinə çevrilmişlər. Ölkənin demək olar ki, bütün regionlarında öz strukturlarını yaratmış Konqres qısa müddətdə nüfuzlu ictimai birliklərdən birinə çevrilə bilmişdir. Bununla bərabər, Dünya Azərbaycanlılarının qurultayında göstərildiyi kimi, xalqımızın tarixinin və mədəniyyətinin təbliği, Azərbaycan haqqında həqiqətin Rusiya ictimaiyyətinə çatdırılması da onun işinin prioritet istiqamətlərindən biridir. Əminəm ki, III qurultay Ümumrusiya Azərbaycan Konqresinin, eləcə də bütün Azərbaycan diasporunun fəaliyyətində mühüm hadisə olacaq, hərtərəfli Rusiya-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə və inkişafına kömək edəcəkdir”. ÜAK prezidenti, akademik Məmmədbağır Əliyevin yenidən təşkilata sədr seçilməsi də Rusiyadakı Azərbaycan diasporunun fəaliyyətinin daha sağlam əllərdə olmasını göstərir. Konqresin fəaliyyəti nəticəsində diaspor işi bütün sahələr üzrə paralel olaraq həyata keçirilir. Bu işdə gənclərin rolu da xüsusi vurğulanmalıdır. Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri, İslam Konfransı Təşkilatının Gənclər Forumunun koordinatoru Leyla Əliyevanın rəhbərlik etdiyi "Rusiyanın Azərbaycan gənclər təşkilatı" da bu qəbildəndir. Belə ki, sözügedən gənclər təşkilatı Rusiyanın 65 subyektindən olan gəncləri öz ətrafında cəmləşdirib. Təşkilatın əsas missiyası savadlı, öz Vətənini bilən və onunla fəxr edən gəncliyin formalaşdırılmasıdır. Vətəndən uzaq olmasına baxmayaraq hər zaman vətəninə bağlı olan gəncliyin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına töhfə verməsi qarşıya qoyulan prioritetlərdəndir. Qısa zaman ərzində təşkilatın bir sıra uğurlarını qeyd etmək olar. Belə ki, həyata keçirilən “Xocalıya ədalət uğrunda” kampaniyası çərçivəsində dünyanın bir sıra ölkələrində tədbirlər keçirildi. Bunun nəticəsində Xocalı barədə həqiqətlər dünya ictimaiyyətinə çatdırıldı. Dünyanın bir sıra ölkələrində keçirilən tədbirlərdə ermənilərin Xocalıda törətdiyi qətliyam barəsində ətraflı məlumat verilib. Eyni zamanda bu aksiya internet səviyyəsində də həyata keçirilib. RAGT-nın fəaliyyətinin əsas tərkib hissəsi sağlam gəncliyin formalaşmasıdır. Bu məqsədə nail olmaq üçün həyata keçirilən tədbirlərə gəlincə onu qeyd etmək olar ki, təşkilat müasir dövrümüzün bəlası olan narkomaniya əleyhinə kampaniyalar keçirir. Eyni zamanda qanvermə aksiyalarının keçirilməsində aktiv işlər görülür. “Qanın milliyyəti yoxdur, həyat bəxş elə - donor ol!” devizi altında keçirilən qanvermə xeyriyyə aksiyasına azərbaycanlı tələbələr fəal qoşulur.

 

 

Ədil Ədilzadə 

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2012.- 20-23 yanvar.- S.12.