Dünya dövlətləri türk diasporasından qorxur"

 

 Nəsir Ağayev: “Türk xalqları birləşməlidir ki, türk diasporu da bir olsun”

 

Sənə demədimmi dəryaya çıxma, İndiki dəryaya çıxmısan, taleyini tufanlara tapşır

 

(Sədi Şirazi)

 

  Diaspora bir xalqın, tayfanın və ya bir inanca sahib insanların uzun müddət ölkədən kənarda, başqa ölkələrdə azlıq olaraq yaşamaları mənasını bildirir. Bu gün təqribi sayı 50 milyon nəfər olan dünya azərbaycanlılarının 10 milyondan çoxu mühacirətdə yaşayır. Dünyanın 5 qitəsində məskunlaşan azərbaycanlılar siyasi, iqtisadi və sosial-mədəni fəaliyyəti yaşadıqları ölkələr, oradakı şərait, mənəvi dəyərlər kimi müxtəlifdir. Əlbəttə, bu qədər insan birdən-birə bu həyatı seçməyib. Müxtəlif dövrlərdə baş verən siyasi hadisələr, dəyişikliklər insanları ölkədən kənarda yaşamağa məcbur edib.

 

 Hətta bu hadisələrin VII əsrdən başlaması ilə bağlı düşüncələr var. Bu gün də dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan diasporu ölkəmizin beynəlxalq aləmlə münasibətlərinin inkişafında, bu haqda həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında müəyyən işlər görürlər. Diaspor quruculuğunun ən vacib istiqamətlərindən biri də məhz soydaşlarımızın vətənin maraqlarından irəli gələn bu prosesdə daha fəal iştirakını təmin etməkdir. Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar bu istiqamətdə müəyyən işlər görsələr də, bu da bir gerçəklikdir ki, çox zaman bu məsələlərdə qonşularımızdan geri qalırıq. Bəs bu geriliyin səbəbləri nədir? Ümumiyyətlə, bu gün diasporanın işini necə qiymətləndirmək olar? Bu mövzular ətrafında tarixçi, milli istiqlal hərəkatının liderlərindən biri Nəsir Ağayevin fikirlərini öyrəndik. O, Azərbaycan diasporunun xarici fəaliyyətinin ölkənin daxili ilə çox bağlı olduğunu deyir. “Ölkənin iqtisadi, siyasi gücü nə qədər çox olarsa, bu diasporanın fəaliyyətində əksini tapacaq. Çox zaman erməni diasporunun bizdən güclü olması ilə bağlı fikirlər səslənir. Bu gün xaricdə üç milyon erməni, 40 milyondan artıq isə Azərbaycan türkü var. Üç milyonluq erməninin, 40 milyonluq türk diasporundan güclü olması heç bir məntiqə uyğun deyil. Burada əsas məsələ, ermənilərin xristian və antitürk olmasıdır. Ona görə də, antitürk siyasətini əsas götürən və geostrateji maraqlarına görə türkləri sıxışdırmaq istəyən xristian dövlətləri erməniləri ön plana çəkirlər. İstəklərinə çatmaq üçün ermənilər onların əlində sadəcə bir vasitədir. Amerika, Fransa, Almaniya, Yunanıstan, İtaliya, Rusiya, İran kimi ölkələrin təsiri altında olan erməni diasporu da Ermənistan dövlətinə də təsir edir. Baxmayaraq ki, İran Azərbaycana din qardaşı deyir, ancaq bir tərəfdən də Ermənistanla iqtisadi, siyasi əlaqələr qurur”. Bu gün Azərbaycan diasporasının qiymətləndirilməsinə gəlincə isə, N.Ağayev ilk növbədə həmin diasporanın hansı səviyyədə, şüurda, və hansı zəmində formalaşmasının, bundan başqa diasporaya daxil olan insanların ictimai vəziyyətinin önəmli olduğunu deyir. “Diasporanın fəaliyyəti Azərbaycanın sabitliyini artırmalı, xarici siyasətini dünya miqyasında yaymalıdır. Pərakəndə fəaliyyət heç bir xalqa uğur gətirə bilməz”. N.Ağayev həmçinin onu da əlavə etdi ki, antitürk, antimüsəlman ideologiyası ilə silahlanmış dünya ölkələri erməni diasporunu öz mərkəzləri ətrafında mərkəzləşdirə bilirlər. “Türklərə qarşı dünya miqyasında böyük qısqanclıqlar olduğuna görə, onların yaratdığı diasporaya münasibət birmənalı deyil. Onlar hər zaman türk dünyasından qorxublar”. Müsahibim bu münasibətlərin qarşısında bütün türk dünyasının birləşməsinin çox önəmli olduğunu deyir. Onun fikrincə, türk xalqları birləşməlidir ki, türk diasporu da birləşsin”.

Qeyd edək ki, XX əsrin əvvəllərinə qədər respublikadan xaricə mühacirət edən azərbaycanlıların şəxsiyyət vəsiqələrində "rus təbəəsi" yazılması onların milliyətinin də "rus" kimi təqdim edilməsi ilə nəticələnib. O dövrlərdə qonşu Rusiyaya köçən azərbaycanlılar "tatar", Türkiyədə məskunlaşanlar isə "Azərbaycan türkü" kimi tanınır və qeydə alınırdı. Müasir İran ərazisində yaşayan azərbaycanlıların isə "İran təbəəsi" kimi təqdimatı prosesi gedirdi. Belə arzuolunmaz vəziyyət xarici ölkələrdə yaşayan azərbaycanlıların rus, türk və fars diasporlarının tərkib hissəsi kimi qəbul edilməsinə səbəb olmuş, nəticədə azərbaycanlılar başqa xalqların diasporları içərisində asimlyasiya olunmaq təhlükəsi ilə üzləşmişlər. Bu gün də İranda yaşayan azərbaycanlılar xarici ölkələrə gedərkən özlərini türk yox, iranlı kimi təqdim edirlər. Bu zaman isə, biz xarici ölkələrdə nə qədər onların azərbaycanlı olmaları, tarixən Rusiya və İranın maraqları naminə torpaqlarımızın parçalanmasından, bununla da xalqın iki hissəyə bölünməsindən danışsaq da, bunun heç bir əhəmiyyəti olmayacaq. N.Ağayev bunun çox ciddi bir məsələ olduğunu deyir. “Bu fikir fars rejiminin Ərdəbil, İsfahan, Zəncan, Maku, Təbriz kimi şəhərlərdə yaşayan türk xalqını asimilyasiya etmək üçün İran vətəndaşı prinsipini ortaya atması nəticəsində yaranıb. Onlar bura gələndə cənubi azərbaycanlıyıq, xarici ölkələrdə isə iranlıyıq deyirlər. Artıq iranlıyıq deyimi onların genefonduna təsir edib, manqurtlaşmasını sübuta yetirir. Güney Azərbaycandakı zülmlərdən qaçan insanlar birdəfəlik başa düşməlidirlər ki, danışdıqları dilə, yəni Azərbaycan türkcəsinə uyğun mövqe tutmalıdırlar, onların vətəndaşlığı, soyları, kimlikləri danışdıqları dillə bağlıdır. Onların türk olması göz qabağındadır. Güneyli qardaşlarımız fars rejiminin türklərə olan bu münasibətini dəyişmək üçün öz məktəblərini yaratmalı, adət-ənənələrini, tarixlərini yaşatmalıdırlar”. N.Ağayevin sözlərinə görə, İranın bu istiqamətdə gördüyü işlər, Ermənistanla olan münasibətlərinin əsas səbəbi Azərbaycanın bir dövlət kimi unudulması, bir dövlət kimi güclənməsinin qarşısını almaqdır. “Çünki İran yaxşı başa düşür ki, Cənubi və Şimali Azərbaycanın birləşməsi baş verərsə, ölkəsi çox pis vəziyyətə düşər. Bu hadisə həm də Ermənistan və Rusiya üçün ağır nəticələrə səbəb ola bilər. Bu halda qalib gələn yalnız türk etnosu olacaq”. Müsahibin sözlərinə görə, həmin insanlar xarici ölkələrdə fars dilində danışaraq, özlərini iranlı kimi təqdim edərək Azərbaycan diasporunun fəaliyyətinə kölgə sala bilərlər. “Bir tədbir zamanı əslən azərbaycanlı olan birini dəvət edəndə onun gəlib ingiliscə danışması necə təsir bağışlayar? Əlbəttə, hamı ona nifrət edər”. N.Ağayevin fikrincə, Güney azərbaycanlıların bu cür davranışları hələ də özlərini dərk etməmələrindən irəli gəlir. Onların savadlanması və bu istiqamətdə kütləvi tədbirlərin aparılması lazımdır. Onlar iqtisadi və digər sıxıntılar nəticəsində xaricə getsələr də, özlərini iranlı adlandırmaları ilə əslində fars rejiminə güc vermiş olurlar. Onlar azərbaycan dilində danışıb, özlərini türk adlandırsalar fars rejimi də bir o qədər öz zəifliyini dərk edəcək. Azərbaycan diasporu da bu məsələni hər zaman gündəlikdə saxlamalıdır”. Müsahibim türk xalqlarını bir-birindən ayırmaq üçün türk xalqları arasında ayrı-seçkilik yaratdıqlarını deyir. “Eyni soydan olan xalqlara Özbək, Türkmən, Qazax və s. adlar qoyurlar. Bir etnosun Qazaxıstan, Qırğızıstan, Türkmənistan və.s kimi yerlərə bölünməsi vahid millətin parçalanması demək idi. Bu hadisələr 1918-ci ildən sonra yarandı. Lakin artıq bu millətlərin birləşməsinin vaxtı çatıb. Bu xalqların diasporu da birlikdə fəaliyyət göstərməlidirlər, əks halda onlar türklərə çox aşağı səviyyəli xalq kimi baxmaqda davam edəcəklər”. N.Ağayevin fikrincə, Azərbaycan diasporunun güclənməsi üçün həmin ölkələrdəki səfirlikləri də kömək göstərməlidir. “Çünki diasporanın fəaliyyəti ölkənin xairici siyasətinə uyğun olaraq qurulmalıdır. Diasporanın tez-tez müxtəlif ölkələrdə toplanmalı, müxtəlif məsələlər üzərində müzakirələr aparılmalıdır. Onlar yalnız qurultay zamanı bir yerə toplanmaları düzgün deyil. Məsələn, 20 yanvar hadisələri əlaqədar olaraq dünya miqyasında olan diasporaları Vaşinqtonda toplantısı keçirilməlidir. Əlbəttə, səfirliklər, beynəlxalq təşkilatlar da buna kömək etməlidir. Necə ki, həmin təşkilatlar bunu Ermənistan üçün edirlər”. O, həmçinin diasporanın görməli olduğu işlərə toxunarkən bunu da əlavə etdi ki, diaspora yalnız gündəmdə olan müəyyən aksiyaları icra etməklə işini bitmiş hesab etməməlidir. “Onlar tez-tez Səttarxan hərəkatı, Gülüstan və Türkmənçay sülhünün müzakirəsi istiqamətində tədbirlər keçirilməlidir. Türk dilinin oğuz budağının fəaliyyəti, “Kitabi Dədə -Qorqud”, “Manas”, “Koroğlu” dastanları, türk xalqlarının müştərək atalar sözləri dünya ictimaiyyətinə çatdırılmalı, bu mövcuda elmi konfransın keçirilməlidir. Dünya xalqlarına göstərmək lazımdır ki, biz nə qədər bir-birinə yaxınıq, bizim adlarımızı dəyişdirməklə bizləri ayırmaq olmaz. Bundan başqa Azərbaycan Xalq Cumhuriyyəti, 20 yanvar hadisəsi, buna türk dünyasının münasibəti araşdırılmalı təbliğ edilməlidi. Bu məsələdə türk dünyası da hər zaman diaspoaranın yanında olmalıdır. Tarixə sahiblik hissini itirən xalq tez-gec əfsanəyə çevrilir”.

 

 

Gülxar Şərif

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2012.- 24 yanvar.- S.12.