Azərbaycan diasporu daha aktiv mütəşəkkil bir mərhələyə qədəm qoyub

 

Qafar Əliyev: “2012-ci ildə Azərbaycan diasporu qarşısında dayanan əsas məqsəd və vəzifələr əvvəlki illərdə olduğu kimi Dünya azərbaycanlılarının həmrəyliyi ideyasının dünyada yayılması, müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanmasının güclənməsi, diaspora işinin səmərəliliyin artırılması və lobbiçilik fəaliyyətinin gücləndirilməsidir”

 

“Diaspor təşkilatları özləri üçün yeni fəaliyyət istiqamətləri müəyyən edib”

 

2012-ci ildə Azərbaycan diasporunun qarşısında bir sıra mühüm vəzifələr və hədəflər dayanır. Həmin vəzifə və hədəflər sırasında əsas etibarilə Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılmasının dayandığını deyən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin xaricdə yaşayan soydaşlarımızla iş sektorunun müdiri Qafar Əliyev xüsusilə Dünya Azərbaycanlılarının üçüncü qurultayından sonra Azərbaycan diasporunun yeni fəaliyyət istiqamətləri müəyyən etdiyini deyib.

 

PA rəsmisi “OLAYLAR”-a verdiyi müsahibədə Xocalı soyqırımının 20-ci ildönümü ərəfəsində ayrı-ayrı ölkələrdə diaspora təşkilatları səviyyəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlərdən də danışıb.

 

-Qafar müəllim, 2012-ci ildə Azərbaycan diasporunun qarşısında dayanan əsas vəzifələr və hədəflər nədən ibarətdir?

-2012-ci ildə Azərbaycan diasporu qarşısında dayanan əsas məqsəd və vəzifələr əvvəlki illərdə olduğu kimi ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş Dünya azərbaycanlılarının həmrəyliyi ideyasının dünyada yayılması, müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanmasının güclənməsi, diaspora işinin səmərəliliyinin artırılması və lobbiçilik fəaliyyətinin gücləndirilməsidir. Həmçinin ölkəmizin yeritdiyi daxili və xarici siyasətin mahiyyətinin dünya dövlətləri, beynəlxalq təsisatlar və ayrı-ayrı ölkələrin ictimaiyyəti arasında təbliğinin gücləndirilməsi də bizim əsas ana xəttimizi təşkil edəcək. Azərbaycanın üzləşdikləri problemlər, xüsusilə torpaqlarımızın işğalı, qaçqın və məcburi köçkünlərin ağır durumu, eləcə də tarix boyu xalqımızın başına gətirilən deportasiya və soyqırım siyasətinin mahiyyətinin dünya ictimaiyyəti, beynəlxalq təşkilatlara, ayrı-ayrı ölkələrə çatdırılması istiqamətində də nəzərdə tutulan tədbirlər planına uyğun olaraq il ərzində silsilə tədbirlər həyata keçiriləcək.. Həmin tədbirlər sırasına Xocalı soyqırımı və 31 mart Azərbaycanlıların soyqırımının dünya ictimaiyyətinə çatdırılması, bu məqsədlə kütləvi tədbirlər, mitinqlərin keçirilməsi daxildir. Hər il Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyev sərəncamı ilə dünyanın müxtəlif ölkələrində Xocalı faciəsinin ildönümünün qeyd edilməsi ilə əlaqədar tədbirlər planı təsdiq olunur və həmin tədbirlər planına əsasən dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən səfirliklər, diaspor nümayəndələri müxtəlif ölkələrdə sözügedən tədbirləri keçirirlər. Bu tədbirlərin əhatə dairəsi və mahiyyəti, təsir gücü ildən-ilə artır. Məlum olduğu kimi 2012-ci ilin may ayında Bakıda “Evrovision” mahnı müsabiqəsi keçiriləcək. Həmin müsabiqə də beynəlxalq əhəmiyyətli bir tədbirdir. Bu müddət ərzində də Azərbaycan həqiqətlərinin dünyada yayılması, ölkəmizin sivil, demokratik və dünyəvi bir dövlət kimi beynəlxalq aləmdə tanıdılması, Azərbaycanın zəngin mədəniyyətə malik olan respublika kimi təbliği istiqamətində də tədbirlər nəzərdə tutulub.

-Yaxın aylarda qeyd etdiyiniz istiqamətlərdə konkret hansı tədbirlərin keçirilməsi planlaşdırılıb?

-Qeyd edilən istiqamətlərdə həm Diasporla İş üzrə Dövlət Komitəsi, həm də Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin dünyada yaşayan azərbaycanlılarla iş sektorunun müəyyən etdiyi tədbirlər var. Eyni zamanda ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diaspora təşkilatlarımız da müxtəlif tədbirlər keçirməyi planlaşdırıblar. Ümumiyyətlə, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin dünyada yaşayan azərbaycanlılarla iş sektoru olaraq çalışırıq ki, bu tədbirləri əlaqələndirək və hansısa pərakəndəlik olmasın. Nəticə etibarilə tədbirlərin keçirilməsində bir sistemlilik yaradaq. Azərbaycan dövlətinin müxtəlif strukturlarının nümayəndələri, Milli Məclis üzvlərini bu və ya digər ölkələrdə keçirilən tədbirlərə cəlb edək ki, həmin tədbirlərin effekti daha da artsın. Fevral ayının 20-dən etibarən dünyanın müxtəlif ölkələrində Xocalı faciəsinin ildönümünün qeyd edilməsi üçün hazırda ciddi hazırlıq işləri həyata keçirilir. Mart ayında isə 31 mart Azərbaycanlılarının soyqırım günü ilə bağlı dünyanın müxtəlif ölkələrində tədbirlər keçirilməsi nəzərdə tutulub. Həmçinin mart ayında İspaniya ilə Azərbaycanın dostluğunu əks etdirən filmin hər iki ölkədə təqdimat mərasiminin keçirilməsi planlaşdırılıb.

-Dünya Azərbaycanlılarının üçüncü qurultayında qəbul edilən qərarların icrası istiqamətində hansı tədbirlər həyata keçirilir?

-2011-ci il, iyul ayında keçirilən Dünya Azərbaycanlılarının üçüncü qurultayında cənab prezident İlham Əliyev proqram xarakterli, zəngin tövsiyyələrlə dolu olan çıxış etdi. Bu əslində bizim növbəti 5 il üçün fəaliyyətimizin əsas proqramını təşkil edir. Həmin çıxış zamanı cənab prezident bizim qarşımızda bir çox prinsipial məsələlər qoydu. Bu prinsipial məsələlər sırasına Azərbaycanın həyatına güclü təsir edə biləcək və dünya siyasətində mühüm rola malik olan dövlətlərdə diaspora siyasətinin gücləndirilməsi, həmin dövlətlərin ərazilərində Azərbaycan Evləri, ticarət mərkəzləri və mədəniyyət evlərinin təşkil edilməsi, eyni zamanda ayrı-ayrı ölkələrin kütləvi informasiya vasitələri, qəzet-jurnalları vasitəsilə təbliğat işini gücləndirmək daxildir. Bütün bu məsələlər növbəti illərdə bizim qarşımızda mühüm vəzifə kimi qoyulub. Cənab prezident çıxışında dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları və azərbaycanlıların öz aralarında olan müxtəlif fikir ayrılıqları, ziddiyətləri aradan qaldırması, onların hamısını Azərbaycançılıq ruhunda tərbiyyə olunması, eləcə də Azərbaycan naminə birgə fəaliyyətə səsləndirilməsi istiqamətində bizə böyük tövsiyyələr verdi. Biz də məhz fəaliyyətimizi bu prinsiplər əsasında qurmağa çalışırıq.

-Ümumiyyətlə, Dünya Azərbaycanlılarının üçüncü qurultayından sonra Azərbaycan diasporunun fəaliyyətində hansı yeniliklər baş verib və Azərbaycan diasporunun bu günkü durumunu necə qiymətləndirirsiniz?

-Etiraf etmək lazımdır ki, Dünya Azərbaycanlılarının üçüncü qurultayından sonra Azərbaycan diasporu daha aktiv və mütəşəkkil bir mərhələyə qədəm qoyub. Qurultayda cənab prezident İlham Əliyevin proqram xarakterli çıxışından sonra diaspor təşkilatları özləri üçün yeni fəaliyyət istiqamətləri müəyyən edib, Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılması işində öz aktivliklərini bir qədər də artırıblar. Diaspora sahəsində əsas prioritet məsələlər həmişə olduğu kimi yenə də Dağlıq Qarabağ probleminin mahiyyətini dünya ictimaiyyətinə çatdırmaq, həmçinin bu məsələ ətrafında informasiya, təbliğat işini genişləndirməkdir. Eyni zamanda Qərbi azərbaycanlılarının deportasiyası, onların pozulmuş hüquqlarının dünya ictimaiyyəti, beynəlxalq ictimaiyyətə çatdırılması məsələsini qoymaq, Azərbaycan xalqının başına gətirilən soyqırımların tarixini daha geniş əks etdirən kitablar, nəşrlər, müxtəlif dillərdə filmlərin çəkilməsi, qəzet və jurnalların nəşrini artırmaq da qarşıda duran vəzifələr sırasındadır. Nəhayət, lobbiçilik işini genişləndirmək də prioritet məsələlərdəndir. Ümumiyyətlə, Dünya Azərbaycanlılarının üçüncü qurultayı bütün bu məqsəd və vəzifələrin müəyyənləşdirilməsi üçün çox böyük tarixi, siyasi əhəmiyyətə malik bir hadisə idi. Qurultayda Azərbaycan diasporası, diaspor təşkilatları, diaspora işi ilə məşğul olan dövlət və qeyri-hökumət orqanlarının son 5 ildəki fəaliyyətinə yekun vuruldu, qiymətləndirildi, əldə edilən uğurlar, nailiyyətlər, həmçinin nöqsanlar qeyd edildi. Bu gün dünya gün-gündən dəyişir, yeni-yeni nüanslar meydana çıxır. Ona görə də diaspora işibaşqa işlər kimi görülən işlərlə, həyata keçirilən tədbirlərlə qənaətlənməyi, dayanıb gözləməyi sevmir. Hər şeyin öz hökmü var və hər gün yeni tarixi şərait yetişir, yeni məsələlər meydana çıxır. Bu da daim ayıq-sayıq olmağı, öz işlərimizi çevikdinamik şəkildə inkişaf etdirməyi, hücumçu mövqe ilə Ermənistanın dünyada apardığı anti-Azərbaycan təbliğatını alt-üst etməyi bizdən tələb edir. Artıq fəaliyyətimiz genişləndirərək dünyanın hər bir aparıcı dövlətində Azərbaycanın haqq işi üçün vuruşmaq istəyən dövlət adamları, senatorlar, konqresmenləri tapıb müəyyənləşdirməliyik. Bununla da Azərbaycanın dostlarından ibarət həmin insanlar vasitəsilə anti-Ermənistan cəbhəsi yaratmaq istiqamətində fəaliyyət göstərməyi planlaşdırırıq. Çünki Birləşmiş Ştatlar, Fransa və digər ölkələrdə erməni diaspor təşkilatları artıq güclü lobbiçilik fəaliyyəti göstərirlər, parlamentlərdə Azərbaycan, ümumilikdə türk dünyası əleyhinə müvafiq qanunların qəbul edilməsinə çalışırlar.

 

 

Süleyman İsmayılbəyli

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2012.- 24 yanvar.- S.15.