Üçə
bilən şairin beşə layiq şeirləri
Bir var
yaxşı şairlərin yaman şeirləri, bir də var
yaman şairlərin yaxşı şeirləri.
Mürşüdüm Akif Səməd yazırdı ki,
Tanımır atanı, ananı onlar,
Aldadır bazarda satanı onlar,
Yazanın yerinə utanır onlar
Yaman şairlərin yaxşı şerləri.
Mən deyən
bunların heç birindən deyil. Mən deyən
yaxşı şairlərin yaxşı şeirləridir.
Şair Rəfail İncəyurd və onun şeirləri kimi.
“Of köhnə kişilər, köhnə kişilər” deyə
içindən haraylanan Rəfail İncəyurdun şeirləri
haqdan gələn pıçıltıdır, ündür,
nəfəsdir, həvəsdir, səsdir.
Şeir haqdan gələn səsdi-
Qafiyəli, qafiyəsiz.
Qardaş! Haqdan gələn səsi
Gərək haqqına deyəsiz.
Şeirə
münasibətdə bax bu düşüncənin sahibidir
R.İncəyurd. Mən R.İncəyurdu bu dünyada həmişə
qərib görmüşəm. Nə qədər dost tanışı,
xətrini istəyənləri, deyib-gülməyi olsa da. Bu
Ona incəliliyindən gəlir. Çünkü qopub gəldiyi
İncə dərəsinin adamlarını da bu dünyada qərib
görmüşəm. Bəlkə nə vaxtsa İncəlilər
də bu dünyanın adamları olublar. Lakin indi yox. Lakin indi
insanların yıxığa sevindiyi, bir-birinə yalnız
yamanlıq etmək haqqında düşündüyü,
üzlərdən-gözlərdən nurun,
işığın öləziləşdiyi bir vaxtda,
haramxorun (haramxorun haramı olsun!) haramından
utanmadığı bir vaxtda işıqlı İncəli
insanları bu dünyada doğrudan-doğruya qərib görünürlər.
İncəlinin istənilən birinə fikir versəniz dediklərimin
təsdiqini tapacaqsınız. İncəlilərin müasir
dünyamızda ayrı bir mənəvi-ruhani iqlimi var. Rəfail
İncəyurdun öz sözləri ilə desək “Əlini ətəklərə
uzatmaq helimi, damlasını dərya etmək qabiliyyəti
yoxdur İncəlilərdə. İnternetin o saytından vurub
bu saytından çıxmaq, filan ölkənin
qapısından girib, bəhmən ölkənin pəncərəsində
görünmək İncəlinin işi deyil. İncəlininki
dediyini halal demək, sazını halal çalmaqdır. Qədim,
çox qədim Türkün ruhunu yaşatmaqdı, müasir
Turkün genini qorumaqdı İncəlinin işi.”. Elə ona
görə də Rəfail İncəyurd
yaşadığı bu dünyanın gərdişinə
qarşı poetik etirazını boğa bilmir.
Mən elə bilirdim gidi dünyada
Haqlını nahaqdan seçə
bilmişəm
Sən demə yalanmış
aldığım “beş”lər,
Nəyisə azacıq öyrənəndə
də,
Uzağı,...uzağı üçə
bilmişəm.
Şeirdən
də göründüyü kimi Rəfail İncəyurd
mövzu arxasınca qaçmır, müşahidələrini
şeirin diliylə ifadə edir. Onun şeirlərində
fikir, məqsəd, qayə aydındır. Taleylə,
ömür-günlə, yaşamla bağlıdır bu
şerlər. Hamsında da halal bir insan ömrünün
yaşadığı və yaşayacağı günlərin
sevinci, nisgili göz önündən gəlib keçir.
Akif Səmədin
Məmməd Dəmirçioğluna yazdığı bir
“arkadaş” şeiri var. Yəqin ki, oxumamış deyilsiniz.
Olduqca tutumlu, gözəl şeirdir.
Bütün yollar dolanıban
dünyanı,
Kəndə dönür, kəndə
dönür arkadaş
Üz çevirməz bəndəsindən
yaradan,
Bəndə dönür, bəndə
dönür arkadaş.....
Bir
“arkadaş” rədifli şeir də Rafail İncəyurdda var.
Akif Səmədin həmin rədifli şeiri ilə bir
boydadır desəm mənə elə gəlir heç də
yanılmaram.
Zamanə atının yəhəri
boşdu,
Sən də düşəcəksən,
mən də, arkadaş.
Alnında nəyin var O yazan yazır,
Daha bizdik döyül
bəndə, arkadaş.
Barı çalışdınmı
uşağa, öyə,
Neylədin, nə verdin gəldiyin köyə,
Bilirsən, axırda ruhumuz göyə,
Cismimiz köçəcək
kəndə, arkadaş.
Şirindi bu cahan,
o cahan –gözəl,
Dərgahın eşqiylə darıxan-gözəl,
Çaşdırsa üzünə xoş baxan gözəl,
İman da xoş
getdi, din də arkadaş.
Necoldu “atlanın, getdik” deyənlər,
Hanı üzəngilər, hanı yüyənlər?
Vətən sinəsinı çöküb yiyənlər,
Gülür ağrısına gendə, arkadaş.
O, əski ruhlara o qədər yadıq,-
Mövlanı köməyə çağırammadıq.
Vaxtında yoğrulub, yoğurammadıq,
Küt getdi nə
qədər kündə,
arkadaş.
Çökdüm için-için içimə
görə,
Bir kövrək karvanam köçümə görə.
Dərdimi çəkirəm gücümə görə,
Çəkirəm bax belə gündə,
arkadaş.
İkisində də İncəli
nəfəsi, incəli
gileyi var. Rəfail İncəyurd öz taleyini, öz dərdini, öz ağrısını, acısını
bax belə gətirir şeirə.Və
təbii bu ağrı təkcə şairin öz şəxsi ağrısı
demək deyil. Bu ağrı
həm də neçə-neçə halal
Vətənoğlunun, Topaqoğlunun
ağrı-acısıdır.
* * *
O, mənə mürşüdüm Akif
Səməddən yadigar
qalan dostlardandır. Hər onu görəndə A.Səməd gəlib durur gözümün qabağında. Nə qədər
üstün cəhətləri
olsa da bu
Rəfail bəyin məndən ötrü ən üstün cəhəti məhs budur.
Harama yol tamah
Hamıda bol tamah
Xanıydım qul tamah
Məni qul eylədi
deyir dostumuz Məmməd Dəmirçioğlu. Dədə Ələsgər də deyirdi ki:”Nəfs
aldatdı hər yetənə Xan dedim”. Rəfail İncəyurd tanıdığım
tək-tük adamlardandır
ki, nəfsini yandırıb ömrünü-gününü
mənəvi saflaşmaya,
dünyanı dərkə,
haqqa qovuşmağa həsr edib. Tanrı əvəzini versin. Müqəddəs kitabımızda
buyrulur :
”Əgər şükr
etsəniz, sizə olan nemətimi artıracağam”.
* * *
“Şairi tanımaq üçün vətənində
olmalısan”-bilmirəm
bu sözü kim deyib,
nə vaxt deyilib. Əsas olan odur ki, olduqca tutumlu
ifadədir. Bu ifadənin canında şair vətəndən
başlanır həqiqəti
yaşayır. Bu həqiqəti İncə
dərəsinin təbiəti,
doğma elin ruhu yaşadır.
Torpaq da canlıdı,
insan kimidi
Onun da öz
səsi, öz nəfəsi var.
Deyirdi rəhmətlik Aslan Kəmərli. Bu misra hər
dəfə R.İncəyurdun
şeirlərini yadıma
salır. O, şeirləri
ki, məni gözəlim İncə dərəsinin əhvalına
kökləyir.
Rəfail İncəyurdun kitablarını heç vaxt bekarçılıqdan
oxumuram. Mən Rəfail İncəyurdun
kitablarını onun tərənnüm etdiyi, mənə olduqca doğma olan duyğularını, düşüncələrini
bir daha ürəyimdə yaşatmaq
üçün oxuyuram.
Yurd yeridir o baxışlar, ora bax,
Uca dağda bəyaz-bəyaz qara bax.
Üzündəki işığa bax, nura bax-
Mövlanədi, mövlanədi, mövlanə!....
Sitat gətirdiyim bu bir bənd
şairin əsil insan etalonu olan
el ağsaqqalı, professor Camal
Mustafaya yazdığı
şeirdəndir. Bu gün
həmən o Mövlanəliyi
mən həm də Rəfail İncəyurdun özündə
görürəm. Nur tökülür
üzündən-gözündən.
İpək kimi səsi
ilə də Camal Mustafa kimidir R.İncəyurd. Bütün bu
oxşarlığın kökündə
isə tək bir şey durur
ki, o da təmiz ruhdur. Tanrıdan gözəl ruha sahibdir Rəfail İncəyurd. O, ruha
ki, şeirlərinə
bər-bəzək vurur.
Şeir nədir?-fikir və duyğuların
ölçülü-biçili ifadə formasıdır. Elə deyilmi? Onları isə diqtə
edən ruhdur. Şairin şeirlərinin cazibəsinin
kökündə duran
da onun sahibi
olduğunuz elə həmin ruhdur. Şeirlərindəki insanın yaşam
tərzinə baxıram.
İlahi insan nə qədər də ali
olarmış? Bu günsə
insan az
qala iblislə qol-boyun olub. Deməli insanda yeganə insani nəsnə olan ruh öləzimədədir.
Belə məqamlarda cəmiyyət
olaraq hamımızın
insanlıq naminə Rəfail İncəyurd şeirinə, Rəfail İncəyurd sözünə
ehtiyacımız var. Tanrı
qorusun. Ruhu ucalıqdan enməsin
inşallah.
Həmid ORMANLI
Olaylar.- 2012.-
25 yanvar.- S.12.