Uşaq intiharları niyə artıb?
Onlar özünəqəsdin
yollarını televiziyadan öyrənirlər
Hər
il Azərbaycanda 50-dən çox
yeniyetmə intihar edir.
Azərbaycanın BMT Uşaq
Hüquqları Konvensiyasının öhdəliklərinin
yerinə yetirilməsinə dair
hesabatında uşaq intiharları ilə
bağlı rəqəmlər narahatlığa əsas verir. Statistika göstərir
ki, ölkəmizdə uşaq
intiharları ilə bağlı rəqəm heç
də az deyil – 2008- ci ildə 58, 2009- cu ildə
54, 2010- cu ildə 57 nəfər. İntihar edənlərin əksəriyyəti
oğlan uşaqlarıdır. Belə ki, təkcə 2009- cu ildə
onların sayı 38 nəfər təşkil edib.
Hesabatda yeniyetmələr arasında intihar hallarının azalması üçün tədbirlərin görüldüyü bildirilsə də, bu intihar hadisələrinin
sayının kəskin azalması ilə müşahidə olunmur. Dünyada uşaqlarla bağlı məsələ
gündəmə gələndə onların
hüquqlarının qorunması ilə yanaşı intiharlara aparıb çıxaran sosial-psixoloji vəziyyət də xarakterizə
edilir.
Mütəxəssislər uşaq
intiharlarının sayının artması psixoloji gərginlik,
stress, uşaqların xüsusi ideologiyaya meyllənməsi ilə
əlaqələndirilir. Bəzi araşdırmalar intihar edən
uşaqların uğursuz ailələrdən
çıxdığını və zorakılığa məruz
qaldığını ortaya qoyur. Ümumilikdə isə
intihar edən və ya intihara meylli uşaqların əksəriyyətinin
qayğıya ehtiyacı olanlar təşkil edir.
Dünyanın bir çox ölkələrində aparılan
tədqiqatların maraqlı nəticələri var. Məsələn,
Danimarkalı tədqiqatçıları 1978-1995-ci illərdə
doğulan uşaqların statistik məlumatlarını təhlil
edərkən müəyyən ediblər ki, onların 4160 nəfəri
11-17 yaşda olanda intihar etmək barədə qərar verib.
Bu intiharlardan 79-u baş tutub. İntihara cəhd edənlərin
əksəriyyəti yaşayış yerlərini dəyişən
ailələrin övladları olub. Bu baxımdan Qarabağ
müharibəsi, 1 milyondan artıq insanın öz
yurd-yuvasından didərgin düşməsi, çadır
şəhərciyində dünyaya gələrək
böyümək uşaqların psixologiyasına hansı mənfi
təsirləri buraxdığı sirr deyil.
İntihara meylin əlamətləri
İntihara cəhdin
qarşısını almaq mümkündürmü? Bu
sual ətrafında çox
düşünülür. Məlumdur ki, bir dəfə intihara cəhd
edən şəxslərin əksəriyyəti cəhdini ikinci, hətta üçüncü
dəfə də təkrarlayır. Bu
baxımdan onlara nəzarət daha ciddi olmaqla
həm də şəxsdə əlavə psixoloji
gərginlik yaratmamaqla müşayət
olunmalıdır. Psixoloqlar deyir ki, intihar etməyi fikirləşən uşaqlar özünə qapanır, səliqəsiz
geyinir, ya çox yatır, ya da gecələri yatmır, xəyallara
dalır, ətrafındakılara və baş
verən hadisələrə diqqətsiz olur,
gündəlik tutur, ən çox
sevdiyi əşyaları başqalarına
bağışlayırlar. Onlarda intihar üçün
lazım olan alətlərə maraq oyanır, intiharla
bağlı məlumatlar toplayır, bu barədə
filmlərə baxırlar. Belə hallar
valideynlərin diqqətindən kənarda qalmamalıdır. Uşağın diqqətini cəlb etmədən onun davranışlarına nəzərət
etmək, nə düşündüyünü
sorğu-sual yox,
müxtəlif vasitələrlə öyrənməyə
çalışmaq intihara təşəbbüs
göstərilməsinin qarşısını ala bilər. Bu
baxımdan məktəb psixoloqlarının üzərinə
böyük vəzifələr düşür. Uşaq gününü bir
neçə saatını məktəbdə keçirir
və müəllimlərlə, uşaqlarla
birbaşa təmasda olur.
Həmin uşağın psixoloji
durumunu müəyyənləşdirmək
psixoloqun vəzifəsidir, amma
təəssüf ki, bu
baxımdan məktəblərdə vəziyyət heç də ürəkaçan deyil. Ən əsası məktəblərdəki
psixoloqların sayı uşaqlarla normal şəkildə işləməyə imkan vermir. Şagird
sayından asılı olmayaraq hər
məktəbə yalnız bir psixoloq ştatı ayrılır. 500 şagirdi olan məktəblə
1500-2000 şagirdi olan
məktəbdə işin həcmi eyni
olmadığından uşaqların psixoloji
yardımı vaxtında almaları mümkün
olmur. Digər tərəfdən
azərbaycanlı düşüncəsində psixoloq o qədər də
sevilməyən bir şəxsdir, onun uşaq barədə
söylədikləri isə çox zaman diqqətə belə alınmır, əksinə
valideynlər tərəfindən aqressivliklə
qarşılanır. Millət vəkili Gülər Əhmədovanın
sözlərinə görə, uşaqların böyük problemləri arasında intihar xüsusi yer tutur. G.Əhmədova
mətbuatın bu məsələyə daha diqqətlə yanaşmasının vacibliyini qeyd edərək
intihara cəhd edən uşaqlar
intiharı və onun yollarını məhz
televiziyalardan və mətbuatdan öyrənirlər:
“Əgər bu gün
kimsə düşünürsə, övladı bu dərddən və bəladan tam sığortalanıb, yanılır.
İnanın ki, bundan
nə sığortalanmış ailə, nə də uşaq var. Artıq təcrübə
göstərir ki, intihar
halları nə kasıb ailə, nə varlı, nə də əyalətdə
yaşamaqdan asılıdır. Bu bir çox
halda elə maddi durumu çox yaxşı
olan və ailəsində heç
bir problemi olmayan ailələrdə baş
verir”.
Kimlər
risk qrupuna daxildir?
Amerikanın
Con Hopkins uşaq mərkəzinin
araşdırmalarına görə, valideynlərindən birini intihar nəticəsində
itirən uşaqlar arasında psixoloji gərginlik
artır. Valideynin ölümü və bu ölümün
hansı halda baş
verməsi uşaq psixikasına olduqca mənfi təsir göstərir.
İsveçdə aparılan genişmiqyaslı tədqiqatın
obyekti də məhz uşaqların
intiharı ilə bağlı olub. 30 yaşdan yuxarı 500 minə yaxın insanlar üzərində müşahidələrdən
əldə edilən nəticəyə görə, valideynlərindən
biri intiharla həyatına son qoyan uşaqlar
digərlərinə nisbətən 3 dəfə daha çox intihara cəhd edirlər. Həmçinin belə
uşaqlar digər yaşıdlarından iki dəfə çox psixi gərginliyə məruz qalaraq
müalicə kursu keçirlər.
Valideynlərin ölümü uşaqlar arasında cinayətə meyli də artıran səbəblər arasındadır.
Müxtəlif ölkələrdə intihar
halları ilə bağlı rəqəmlər müxtəlifdir.
Amma bu ölkələrin
demək olar ki,
hamısında səbəblər ya təkrarlanır,
ya da bir-birinə çox bənzəyir. Məsələn, Rusiyada hər 100 min nəfər arasında 36 nəfər intihar edir. Uşaq
intiharlarını sayına görə də Rusiyada
böyük narahatlıq üçün
əsas var, siyahıda bu
ölkənin adı demək olar ki, birinci çəkilir.
Hər il bu ölkədə
3 mindən artıq uşaq həyatına
qəsd edir. Amerikada
isə bu rəqəm 100 civarında olur. İntihar uşaq və yeniyetmələrin ölümünün səbəbləri
sırasında üçüncü yerdə
dayanır. Bu siyahıda əvvəlki yerləri
isə qətllər və bədbəxt hadisələr tutur.
Uşaq üçün
intihar nədir?
Mütəxəssislər bu
fikirdədir ki, 10-11 yaşlı uşaq hələ ölümlə həyatı
bir-birindən tam ayıra bilmir,
bu iki anlayışın
sərhədlərin
müəyyən etmək qabiliyyətində deyil.
Onlar ölümü geridönüşü olmayan
yol olduğunu tam mənası ilə dərk etmədiyindən
bəzən buna sadəcə ətrafındakıların,
ona diqqət yetirməyənlərin diqqətini
cəlb etmək üçün də yol verirlər. Buna görə
də 10-11 yaşlı uşaqların intiharı bir çox hallarda birmənalı şəkildə
ölümə cəhd kimi qiymətləndirilmir.
13 yaşına qədər olan uşaqlar özünə qəsdə əsasən
yaxınlarını narahat etmək üçün əl atırlar. Onun üçün kimin narahat
olub-olmayacağını bilmək olduqca
maraqlıdır. Anası tərəfindən hansısa cəza
alan uşaq
anasını cəzalandırmaq üçün
sonunun nə olacağını tam dərk etməyərək intihara
əl ata bilər. Buna
görə də mütəxəssislər uşaqlara
qarşı davranışlarda xüsusilə ehtiyatlı olmağa çağırır. Bu yaşa qədər olan uşaqlar arasında intiharın digər səbəbləri
sırasında ailələrin dağılması, fiziki və seksual
zorakılıq, komplekslər mühüm
yer tutur. 14 yaşda intihara cəhdin səbəbləri
də dəyişir. Bu yaş qrupunda artıq ilk cavabsız sevgi belə
ölümə yol aça
bilər. Qarşı tərəfə öz
hislərini bildirməyin bir yolunun da məhz qəsddən
keçdiyini düşünən uşaqlar az deyil. 16-20 yaş qrupunda olanlar arasında intihar o zaman
seçilir ki, həyat
mənasını itirmiş olsun. Qarşılaşdıqları çətinliklərə
dözə bilməyən və həyatı belə davam etməkdən qorxanlar
üçün ölüm
ən asan yol kimi görünür.
Sualına mütəxəssislərin cavabları demək olar
ki, eynidir. Əgər
uşaq intiharlarını əsas səbəbi
kimi ətrafdakıların diqqətsizliyi
göstərilirsə, deməli bunu aradan qaldırmaq da
onların əlindədir. Uşağa onu necə olmasından asılı olmayaraq sevdiyini anlamaq vaxtsız ölümün
qarşısını almaq üçün ciddi
addımdır. Məktəbdə aldığı bir qiymətə
görə cəzalandırılacağını bilmək
belə bəzən uşağın intiharına yol aça bilər. Bunu
düşünün-uşağınız daha
qiymətlidir, yoxsa onun
aldığı qiymətlər? Onlardan təkcə
məktəb qiymətləri barədə soruşmayın, onlarla həyatı paylaşın. Uşağın məşğul olması üçün müxtəlif məşğuliyyətlər
tapın, yeri gələndə hətta
intiharı belə danışın, bu
barədə hansısa filmdəki bir epizodu müzakirə etməklə də
özünəqəsdin nə olduğunu
onlara başa sala bilərsiniz .
*Uşağınızın
düşüncələri, dostluq etdiyi insanlar barədə
məlumatları onların gündəliyindən yox, özündən öyrənməyə cəhd
edin. Bunu sadəcə
sual-cavab formasında etməyin.
Uşağınız sizə etibar etməsə
cavabları səhv də verə bilər. Ona
görə də övladınızın hətta ilk sevgisi barədə də
ilk bilən niyə siz
olmayasınız?
*Onun dostlarını tanıyın, hətta həmin
uşaqların ailələri ilə əlaqə yaradın.
*Uşağınızı
eqoist böyütməyin. Uşaqları
başqalarına kömək edəcək gücə və imkana sahib
olduqlarını aşılayın, qoy onlar öz güclərinə
inansınlar ki, başqalarına
qarşı eqoist münasibət göstərməsinlər.
*Uşaqla həyat və hətta ölüm barədə söhbətləri keçid dövrünə saxlamayın. Bu barədə əvvəlcədən düşünün və sözə necə,
haradan başlayacağınızı götür-qoy edin. Uşaq artıq yeniyetmə dövrünə çatanda həyat barəsində müəyyən
sualların cavabını vermək üçün
az da olsa
hazır olmalıdır.
Elnarə
Olaylar.- 2012.- 25 yanvar.- S.10.