ADR-in süqutundan sonra diaspora sahəsində başlanan
dönüş
Bu dövrdə “Bir kərə yüksələn bayraq bir daha enməz”
ideyası Azərbaycan
diasporunun əsas şüarı idi
Azərbaycan diaspor tarixinin
XX əsrin 20-ci illərinə
təsadüf edən
növbəti mərhələsi
isə 1918-1920-ci illəri,
daha dəqiq desək Azərbaycan Demokratik Respublikasının
süqutu dövründən
sonrakı illəri əhatə edir. Həmin dövrdə Azərbaycan diasporunun fəaliyyətində ciddi
dönüş cəmi
23 ay ömrü olan, Şərqdə ilk demokratik
dövlət kimi tarixə düşən Azərbaycan Demokratik Respublikasının süqutundan
sonra baş verdi. İlk
dəfə olaraq genişmiqyaslı mühacirət
prosesi nəticəsində
minlərlə azərbaycanlı
vətəni tərk edərək Asiya, Avropa və Amerika ölkələrinə
səpələndi. Aprel işğalı
Azərbaycan siyasi mühacirətini ictimai milli hadisəyə çevirdi. Sosial tərkibi
genişlənən Azərbaycan
diasporu, Şimali Azərbaycan və Cənubi Azərbaycandan gələn azərbaycanlılar
hesabına güclənərək
siyasi fəaliyyətə
qoşuldu. Azərbaycan
diasporunun tərkibi varlı sinfin nümayəndələri, siyasi
baxışlarına görə
ölkəni tərk edənlər, ziyalı təbəqə, iqtisadi səbəbdən
başqa dövlətlərə
köçən orta
və aşağı
sinfin nümayəndələrindən
təşkil olunmuşdu.
Azərbaycan diasporunun bir hissəsi assimilyasiya olunaraq başqa xalqlar içərisində əriməyə
meyilli olsa da, 20-ci illərin mühacirətinin çox
hissəsi Vətənə
dönmək ümidini
itirməmiş, fəal
ictimai-siyasi mübarizəyə
qoşulmuş, dərnəklər,
cəmiyyətlər yaratmış,
mətbuat təsis etmiş, Azərbaycanın
hər iki hissəsində gedən prosesləri izləmiş,
hətta bu proseslərə təsir göstərməyə çalışmışlar.
1908-1918-ci
illər mühacirəti
dövründə Azərbaycan
diasporunun Qafqazdan və Rusiyadan olan digər türkdilli diasporlarla yaratmış olduğu əməkdaşlıq yeni
gələn azərbaycanlılara
yardımçı olmağa
çalışmaqla, Qafqaz
Konfederasiyası ideyasını,
onun ideoloji-nəzəri
əsaslarını təbliğ
edirdi. Aprel işğalından sonra baş verən mühacirət prosesi 1917-ci ilin oktyabr inqilabından sonra başlanan “ağ mühacirətin”?
1919-1921-ci illərdə milli respublikaların Qızıl ordu tərəfindən işğal
olunması ilə yaranan, nisbətən kiçik, ikinci dalğası idi. Azərbaycanın işğalı ilə barışmayan Azərbaycan diasporu bu illərdə müstəqil Azərbaycanın
xaricdə olan rəsmi nümayəndəliklərinin
diplomatik fəaliyyətinə
də yardımçı
olub. Azərbaycan diasporunun vasitəsilə
bir çox beynəlxalq təşkilatlara
çıxış yolu
tapan Azərbaycan nümayəndə heyəti
Sovetlər tərəfindən
Azərbaycanın işğalına
kəskin etirazını
bildirmişdi. 1920-ci ilin iyulunda keçirilən
Beynəlxalq San-Remo konfransında
Əlimərdan bəy
Topçubaşov işğal
faktını pisləyib,
Azərbaycanın bolşeviklərdən
təmizlənməsini tələb
edib.
Bu dövrdə Cənubi Azərbaycandan başlanan siyasi mühacirət də diasporumuzun tərkibini genişləndirdi. Azərbaycanın işğal altında
olmasına baxmayaraq diasporla Vətən arasında sıx əlaqə vardı.
Azərbaycanda baş verən
hadisələri diqqətdə
saxlayan Azərbaycan diasporu mətbuat vasitəsilə xaricdə
yaşayan bütün
azərbaycanlıları məlumatlandırırdı.
Qafqaz və türkdilli diasporla əlaqədə olan Azərbaycan diasporu sovetlərin işğalı altında
olan torpaqların azadlığı uğrunda
mübarizəyə qoşulmuşdu.
Azərbaycanlılar Fransa,
Almaniya, Türkiyə,
Birləşmiş Ştatlar,
Skandinaviya ölkələrində
milli kimliklərini qorumağa çalışırdılar.
Azərbaycan diasporu 1926-cı ildə Berlində təsis olunan Qeyri-Rus Millətlərin Siyasi Mübarizə Komitəsində də təmsil olunurdu. Lakin azərbaycanlılar da daxil olmaqla, xaricdə Rusiya tərəfindən işğal
olunmuş ölkələrin
mühacirlərinin hüquqları
beynəlxalq dövlətlər
tərəfindən tanınmırdı.
Bu dövrdə “Bir kərə yüksələn bayraq bir daha enməz”
ideyası Azərbaycan
diasporunun əsas şüarı idi. Ancaq diasporun bütün cəhdləri, fəaliyyəti
nəticəsiz qalırdı.
Artıq
siyasi mövqeyini möhkəmləndirmiş Sovetlər
İttifaqı ilə
dünya dövlətləri
hesablaşmalı olurdu.
Bu səbəbdən də Azərbaycan diasporunun bir çox nümayəndələri
fəaliyyətini donduraraq,
Amerika qitəsinə mühacirət etməli oldu. Müəyyən bir hissə
isə mübarizədən
kənara çəkildi.
Lakin başda Məhəmməd
Əmin Rəsulzadə,
Əlimərdan bəy
Topçubaşov olmaqla,
mühacir azərbaycanlıların
bir qismi istiqlal mübarizəsini davam etdirirdi.
***
1930-1937-ci
illərdə Azərbaycanda bolşeviklərin “xalq
düşməni” axtarışlarının nəticəsi
olaraq ilk böyük mühacirət başlandı. İran və
Türkiyəyə qaçan bəylər, qaçaqlar,
varlı kəndlilər sonradan Avropa və Amerika qitəsinə,
Asiya ölkələrinə daimi yaşamağa
köçürdülər. Rusiya, Orta Asiya ərazilərində
kütləvi sürgün edilənlər hesabına bu ərazilərdə
Azərbaycan diasporunun formalaşmasının təməli
qoyuldu. Azərbaycanın tanınmış şəxsləri,
Hüseyn Cavid, Böyükağa Talıblı, Əhməd
Cavad, Mikayıl Müşfiq kimi yüzlərlə
ziyalının “xalq düşməni ” adı altında
sürgün edilməsi və qətlə yetirilməsi Azərbaycan
diasporunda hiddət və kədər hissi ilə
qarşılandı.
***
Azərbaycan
diasporunun fəaliyyəti II dünya müharibəsi illərində
də xeyli fəallaşdı. Məhz bu fəallığın
göstəricisidir ki, 1939-1945-ci illərdə davam edən
ikinci dünya müharibəsi dövrü də Azərbaycan
diasporunun fəaliyyətinin müəyyən mərhələsi
kimi qeyd olunur. 1939-cu ildə Adolf Hitlerin “ali irq və yeni ərazilərə” hakim olmaq
üçün başladığı müharibədə
Azərbaycan və azərbaycanlılar da kənarda qalmadı.
Müharibə zamanı azərbaycanlılar Sovet ordusu tərkibində
xidmət edib və öz igidliyi, rəşadəti, cəsurluğu
ilə tarixə adlarını qızıl hərflərlə
yazdılar. 1943-cü il, noyabrın 6-da Berlinin məşhur
Kayzerhof mehmanxanasında böyük təntənə ilə
Milli Azərbaycan Komitəsinin qurultayı keçirildi.
Qurultayın çıxardığı qərarda 1918-ci, 28
maydan 1920-ci il 27 aprelə qədər davam edən Milli Azərbaycan
hökuməti dövrü Azərbaycan xalqının
şanlı tarixinin ən parlaq səhifəsi kimi qiymətləndirildi.
Azərbaycan diasporunun fəaliyyəti ikinci dünya müharibəsi
illərində azərbaycanlı hərbi əsirlərin qətlə
yetirilməsinin qarşısını almaqla yanaşı,
Avropa azərbaycanlılarının Vətənin istiqlalı
amalı ətrafında birləşdirilməsinə şərait
yaratdı Böyük uğurlardan biri də müharibədə
məğlub olmasına baxmayaraq, 1945-ci il, martın 17-də
Azərbaycanın dövlət müstəqilliyinin Almaniya tərəfindən
tanınması idi.
Azərbaycan
diasporunun fəaliyyətinin müəyyən bir dövrü,
daha dəqiq desək böyük bir hissəsi də
1946-1988-ci illər əhatə edir. Bu dövrdə ilk zamanlar
azərbaycanlılar Avropa ölkələrində ciddi problemlərlə
üz-üzə qalmalı olurdular. Onlara təzyiqlər edir,
çalışdıqları, yaşadıqları yerlərdə
sıxışdırılırdılar. Azərbaycanlıların
hüquqlarını qoruyan ilk təşkilat 1951-ci il,
fevralın 8-də Birləşmiş Ştatlarda yaradılan
Amerika Komitəsi oldu. Sonradan isə onun adı dəyişdirilərək
Amerikada Rusiya Xalqlarının Qurtuluş Komitəsi kimi
tanınmağa başladı. İkinci dünya müharibəsindən
sonra mühacir təşkilatların birləşib antisovet
mübarizəsi aparmasına getdikcə daha çox ehtiyac
duyulurdu. Digər tərəfdən müxtəlif ölkələri
təmsil edən ayrı-ayrı mühacir təşkilatlarının
mövcudluğu bəzi hallarda daxili çəkişmələrin
meydana çıxmasına gətirib
çıxarırdı. Bu dövrdə ilk azərbaycanlı
təşkilatı da vardı. Bunlardan biri 1924-cü ildə fəaliyyət
göstərən Azərbaycan Milli Mərkəzi idi. Məhəmməd
Əmin Rəsulzadənin rəhbərlik etdiyi Azərbaycan
Milli Mərkəzi ikinci dünya müharibəsindən sonra
Ankarada yerləşirdi. 1953-cü ilin martında Birləşmiş
Ştatlar dövlətinin maliyyələşdirdiyi
“Bolşevizmlə Mücadilə Koordinasiya Mərkəzi” tərəfindən
istiqamətləndirilən “Qurtuluş”, sonradan isə
“Azadlıq” radiosu ilk verilişlərinə başladı. Azərbaycanlıların
həmrəyliyinin güclənməsində “Azərbaycan
şöbəsi”nin fəaliyyətə başlaması
mühüm rol oynadı. 1946-cı ildə isə Azərbaycan
Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr
Cəmiyyəti təsis olundu. 1960-cı ildə “Vətən
səsi” adlı qəzet nəşr edən cəmiyyət
1982-ci ildən bu qəzeti ərəb, kiril və latın əlifbası
ilə “Odlar Yurdu” adı ilə çap etməyə
başladı. “Odlar Yurdu” xarici ölkələrdə yerləşən
Azərbaycan cəmiyyətlərinə göndərilirdi.
DTK-nın nəzarəti altında həyata keçirilən
bu işlərin məqsədi siyasi təbliğat olmasına
baxmayaraq, xaricdə yaşayan azərbaycanlıların
doğma vətənlə əlaqəsinin qurulması
üçün əvəzsiz vasitə idi. “Bakı” və
“Baku” qəzetləri redaksiyasının nəzdində
buraxılan “Odlar Yurdu” xaricdə yaşayan bəzi azərbaycanlıların
Vətənə dönməsində də mühüm rol
oynadı. Bu dövrdə Rusiya və keçmiş Sovetlər
Birliyi dövlətlərində diasporumuzun təməlini qoyan
mühacirət prosesi başlandı. Qazaxıstanda xam
torpaqların istifadəyə verilməsi, Baykal-Amur
magistralının çəkilişi, Volqaboyu, Tümen və
digər ərazilərdə neft yataqlarının istismarı
azərbaycanlıların miqrasiyasında mühüm rol
oynadı. Bu illərdə Türkiyə, Almaniya, Fransa, Birləşmiş
Ştatlar və digər ölkələrdəki azərbaycanlılar
mədəni və ədəbi irsimizi layiqincə təmsil
etməyə çalışırdı. Həmin ölkələrdə
yaşayan soydaşlarımız mətbuat orqanlarında
mütəmadi olaraq çıxışlar edirdilər.
1960-1970-ci illərdə Cənubi Azərbaycandan gənc,
intelektual nəslin təhsil və təkmilləşmə məqsədilə,
Türkiyədəki azərbaycanlıların iqtisadi vəziyyətlə
əlaqədar mühacirət prosesi Azərbaycan diasporunun fəaliyyətinə
təsirini göstərirdi. 1979-cu il İran İslam
İnqilabından sonra azərbaycanlıların kütləvi
şəkil alan mühacirəti də bu prosesdə
mühüm rol oynayırdı. Türkiyə, Almaniya,
İsveç, Birləşmiş Ştatlar kimi ölkələrdə
məskunlaşan azərbaycanlı mühacirlər öz
hüquqlarının bərpasına yardım göstərmək
üçün beynəlxalq təşkilatlara müraciət
edirdilər.
Ardı növbəti sayımızda
Süleyman İsmayılbəyli
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2012.- 26 yanvar.- S.15.