“Mən efirə can atan rəqqasələrdən deyiləm”

 

 Solmaz Əsgərova: “Heç kəs mənəm-mənəm deməsin”

 

Hind rəqslərinin özünəməxsus ifaçısı, rəqqasə Solmaz Əsgərova bizləri maraqlandıran bəzi suallara, qaranlıq məqamlara aydınlıq gətirdi. Həyatda səmimi olan rəqqasə suallarımızı da səmimi cavablandırdı. Solmaz Əsgərova Şuşa şəhərində anadan olub. N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakultəsini bitirib. 3 il Dövlət Dəmiryolu liseyində dərs deyib. 1996- cı ildən rəqqasə kimi professional səhnədədir.

 

- Solmaz xanım, nə əcəb sənətinizi dəyişmək qərarına gəldiniz?

- Uşaqlıqdan rəqslə məşğul oluram. Filologiya üzrə ali təhsil aldığım illərdə belə rəqs məni özünə çəkirdi. Gördüm ki, mümkün deyil, mən rəqqasəliklə xalqıma daha çox töhfələr vermiş olaram.

- İlk sənət müəlliminiz kim olub?

- Səttərxan adına zavodun Mədəniyyət Evində tanınmış rəqqas Əlikram Aslanovdan dərs almışam, rəqslərin sirlərinə yiyələnmişəm. O, mənə milli rəqslərimizi öyrədib.

- Bəs hind rəqslərini necə öyrəndiniz?

- Hindistan səfirliyinə müraciət etdim. Onlar məni kitab və lazimi rəqs diskləri ilə təmin etdilər və müntəzəm məşqlər etdim. Eyni zamanda hind dilini öyrəndim. Hind dilini bilmədən, dilin daxilinə varmadan hind rəqsini oynamaq mümkün deyil. Kim deyirsə ki, hind rəqsini oynamaq üçün hind dilini bilmək vacib deyil, o yanlışdır.

- Rəqqas İlham da hind rəqslərini ifa edir. O, sizin müəlliminizdir?

- Xeyr. O, mənə heç nəyi öyrətməyib və mənim müəllimim olmayıb. Mən özüm hind rəqslərini öyrənmişəm. İlhamı mən bir pedaqoq kimi də qəbul etmirəm. Onun savad səviyyəsi buna imkan vermir. O, özü öyrənməlidir. O ki qaldı məni öyrətsin. Bu gün mənim özümün onlarla tələbəm var. Mən sadəcə efirə can atan rəqqas və rəqqasələrdən deyiləm. Dövlət Mahnı və Rəqs Ansamblı üçün bir hind rəqsinə quruluş vermişəm. Xalq artisti Təranə Muradova və mədəniyyət nazirimiz cənab Əbülfəs Qarayev mənim quruluşumu bəyənib. Bu mənim professionallığımın sübutu deyilmi? Bəli mən professional rəqqasəyəm. Hər kəslə də hind rəqsində sağlam rəqabət və duelə hazıram, çünki özümə, sənətimə əminəm. Hal-hazırda “Zəka” Elm İstehsalat Cəmiyyətində fəaliyyət göstərən rəqs dərnəyində gənc rəqqas və rəqqasələr yetişdirirəm. Klassik hind rəqslərində hər kəsin qabağına çıxıb öz sözümü demək qüdrətinə malikəm. Bu qədər... Heç kəs mənəm-mənəm deməsin və kimlərisə öz tələbələri saymasın. Deməli, bütün hind rəqsləri oynayanlar İlhamın tələbələridir? Bu absurd və yanlışdır. Şəxsən mən onun tələbəsi deyiləm!

Solmaz xanım məşqə tələsdiyindən söhbətimizə burada son qoymalı oldum. O məşqə mən isə redaksiyaya dönməli idim. Onu tələbələri, məni isə oxucular özləyirdi. 

 

 

Alim Nəbioğlu

 

Olaylar.- 2012.- 26 yanvar.-S.11.