Müstəqillik
əldə etdikdən sonra Azərbaycan diasporu
İlk illərdə Azərbaycanın
qarşılaşdığı bir sıra sosial-iqtisadi, həmçinin
hərbi və siyasi problemlər xarici ölkələrdə
yaşayan azərbaycanlılar arasında birliyin
yaranmasını zəruri edirdi
Əvvəli ötən sayımızda
1980-cı illərin əvvəllərindən
başlayaraq Azərbaycan diasporu ilə əlaqələrini
genişləndirən “Vətən” Cəmiyyəti eyni zamanda
tanınmış azərbaycanşünaslarla intensiv əməkdaşlıq
edirdi. Azərbaycanın tanınmış alimləri, mədəniyyət
və incəsənət xadimləri, ədəbiyyatşünaslar
və şairlərlə xaricdəki
soydaşlarımızın görüşlərini təşkil
edən “Vətən” Cəmiyyəti mühacir həmvətənlərimizlə
Azərbaycanda yaşayan qohumları arasında əlaqə
yaratmağa çalışırdı. 1986-1992-ci illərdə
“Vətən” Cəmiyyəti müxtəlif xarici ölkələrdə
50-dək Azərbaycan mədəniyyət mərkəzi, dərnək,
ocaq, və cəmiyyətlər yaratmışdı. Adları
çəkilən qurumlar fəaliyyəti müddətində
ciddi olmasa da, müəyyən informasiya və mədəni
xarakterli məlumatlar toplamış, qarşılıqlı əlaqələrin
yaranmasına kömək göstərmişdi. 80-ci illərin
ortalarından başlayaraq dünyanın “qüdrətli
dövləti” sayılan Sovetlər Birliyi dərin ictimai-siyasi
böhrana düçar oldu. Birliyə daxil olan respublikalar, o
cümlədən Azərbaycan müstəqillik uğrunda
mübarizəyə başladı.
1990-cı
ilin iyununda Çexoslovakiyanın paytaxtı Praqada və ondan
bir ay sonra Londonda “Cəmiyyət və Zaqafqaziya tarixi” beynəlxalq
konfranslarında iştirak edən Azərbaycan nümayəndə
heyətləri ilə görüşən diaspor nümayəndələri
ölkəmizə öz köməklərini təklif
etmiş və bu istiqamətdə konkret addımlar
atmışdılar. 1989-cu il, dekabrın 31-də Türkiyənin
İstanbul şəhərində ilk dəfə keçirilən
Ümumdünya Azərbaycanlıları Konqresi və
1990-cı ildə Türk Dünyası Araşdırmalar Vəqfinin
təşəbbüsü ilə Kayseridə I Millətlərarası
Böyük Azərbaycan Konqresi azərbaycanlıların həmrəyliyi
istiqamətində atılmış ilk mühüm siyasi
addımlar idi. Ancaq təbliğat işinin zəif olması səbəbindən
bu iki mühüm tədbir kütləvi informasiya vasitələrində
geniş işıqlandırılmadı. Buna baxmayaraq tədbir
iştirakçıları bir sıra beynəlxalq birliklərə
müraciət qəbul etdi. Bu tədbirlərdə ilk dəfə
olaraq 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik
və milli birlik günü kimi qeyd edilməsi ideyası irəli
sürüldü. Dünya azərbaycanlılarının həmrəylik
tarixində digər mühüm bir hadisə İstanbulda “Azərbaycan Kültür və
Dayanışma Dərnəyi”nin sədri Nihat Çətinqayanın
təşkilatçılığı ilə 1990-cı il,
noyabrın 3-dən 6-dək bu şəhərdə Azərbaycan
Mədəniyyət Mərkəzlərinin birinci
qurultayının keçirilməsi oldu. Böyük Britaniya,
Fransa, İsveç, Norveç, İspaniya, Estoniya, Almaniya, Azərbaycan
və digər ölkələrdən olan nümayəndələrin
iştirakı ilə keçirilən qurultay yüksək səviyyədə
baş tutdu. Qurultayın mühüm işlərindən biri
respublikada baş verən hadisələri obyektiv və operativ
surətdə dünyaya çatdırmaq, azərbaycanlılar
arasında əlaqənin güclənməsi məqsədilə
“Dünya Azərbaycan-Türk Dərnəkləri Birliyi”nin
nizamnaməsinin qəbul edilməsi oldu. Qurultayın qəbul
etdiyi qərarlar sırasına Bakıda “Həmvətənlərimiz”
adlanan muzeyin yaradılması, informasiya işinin gücləndirilməsi,
Azərbaycan təşkilatlatlarının bir mərkəz ətrafında
birləşdirilməsi, konqresin işçi qrupunun
yaradılması və s. daxil idi. Həmçinin Qarabağ məsələsində
lobbiçilik etmək, beynəlxalq təşkilatlara mütəmadi
müraciətlər ünvanlamaq da qəbul edilən qərarlar
sırasında yer alırdı.
Azərbaycan
diaspor tarixində mühüm mərhələlərindən
biri də ölkəmizin müstəqillik əldə etdikdən
sonrakı dövrə təsadüf edir. 1991-ci il, oktyabrın
18-də Azərbaycanın Dövlət Müstəqilliyinin bərpası
haqqında Konstitusiya Aktının elan edilməsi bütün
dünya azərbaycanlılarının böyük sevincinə
səbəb oldu. Müstəqilliyini bərpa etmiş Azərbaycan
diasporla sistemli əlaqələr qurmaq istiqamətində
mühüm addımlar atmağa başladı. Azərbaycan
diasporuna dövlət və ictimai səviyyədə diqqət
artdı. Xaricdə yaşayan soydaşlarımızın
problemləri, hüquqlarının müdafiəsi, təşkilatlanması
barədə kütləvi informasiya vasitələrində dərc
olunan məqalələr, kitablar, televiziya verilişlərinin
sayı çoxaldı. Azərbaycan diasporunun ali təhsil
müəssisələrində və elmi mərkəzlərdə
dərindən öyrənilməsi prosesi başlandı.
Respublikada həyata keçirilən iqtisadi və dövlət
quruculuğu işində ölkə daxilində yaşayan azərbaycanlılarla
yanaşı, xaricdə yaşayan soydaşlarımızın
da yaxından iştirakı üçün zəmin
yarandı. 1991-ci il, dekabrın 16-da Heydər Əliyevin təşəbbüsü,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı
ilə hər il 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının
Həmrəylik Günü kimi qeyd edilməsi barədə qərar
qəbul edildi. Naxçıvan Ali Məclisi bu qərarında
anoloji qərarın qəbulu ilə bağlı respublika
parlamentinə çağırış etdi. Həmin il
dekabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin Milli
Şurası da anoloji qərar qəbul etdi.
1993-cü
ildə Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra
ümummilli lider Heydər Əliyev əksər xarici səfərlərində
dünyanın müxtəlif ölkələrində
yaşayan azərbaycanlı icmalarla görüşür,
onları tarixi vətənin mənafeləri ətrafında
sıx birləşməyə çağırırdı.
İlk belə görüş 1994-cü ildə Türkiyədə
yaşayan azərbaycanlılarla keçirildi. Həmin il
fevralın 10-da Türkiyəyə rəsmi səfəri
zamanı bu ölkədə yaşayan azərbaycanlılarla
görüşündə Heydər Əliyev dünya azərbaycanlıları
arasında həmrəyliyin vacibliyini xüsusi olaraq
vurğuladı. Heydər Əliyev dünya azərbaycanlılarının
ümumi məqsədlər ətrafında birləşməsini
təmin etməyə çalışır,
soydaşlarımız arasında əlaqələrin
inkişafına dəstək verir, onların
yaşadıqları ölkələrin ictimai-siyasi həyatında
fəal iştirakını mühüm vəzifə kimi qiymətləndirirdi.
Heydər Əliyev soydaşlarımız arasında ideya və
məqsəd birliyinin formalaşmasını əsas vəzifə
kimi xarakterizə edirdi. Bu kifayət qədər uzaqgörən
və müdrik bir yanaşma idi. Çünki bu dövrdə
dünya azərbaycanlıları arasında milli həmrəyliyin
möhkəmləndirilməsinə nail olmaq baxımından
birlik ideyasının əsasında duran amillərin dəqiq
izah olunmasına ehtiyac vardı. Müstəqilliyin ilk illərində
Azərbaycanın qarşılaşdığı bir sıra
sosial-iqtisadi, həmçinin hərbi və siyasi problemlər
xarici ölkələrdə yaşayan azərbaycanlılar
arasında birliyin yaranmasını zəruri edirdi. Bu birliyin
yaranmasına ideoloji dəstək isə məhz Azərbaycan
dövləti tərəfindən verilməli idi. 1994-cü
ildə Böyük Britaniyaya rəsmi səfəri zamanı
azərbaycanlılarla keçirilmiş görüşdə
Heydər Əliyev soydaşlarımızın bir araya
toplanmasını mühüm hadisə kimi qiymətləndirdi.
1996-cı ildən isə Azərbaycan Respublikası prezidentinin
31-dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik
Günü münasibətilə müraciət ənənəsinin
əsası qoyuldu. Həmin il dekabrın 28-də ümummilli
lider Heydər Əliyev dünya azərbaycanlılarına
müraciət edərək onları bir daha azərbaycançılıq
ideyaları uğrunda birliyə, tarixi vətənin
maraqlarının müdafiəsi işində fəal
iştirak etməyə çağırdı. 1996-cı ildən
isə xaricdəki diaspor təşkilatının pərakəndəliyinin
ortadan götürülməsi istiqamətində uğurlu
addımlar atıldı. 1997-ci il, iyunun 27-dən 29-dək
ABŞ-da keçirilən Dünya Azərbaycanlıları
Konqresinin təsis toplantısı mühüm əhəmiyyətə
malik idi. Konqresdə Şimali və Cənubi Azərbaycanın
problemləri birgə müzakirə olundu. 660-dan çox
nümayəndənin iştirakı ilə keçirilən
konqres siyasi fəaliyyətin mühüm qolu olan
lobbiçilik mexanizminin işlənib hazırlanmasını
məqsəd kimi qarşıya qoydu. Dünya Azərbaycanlıları
Konqresinin təsis olunması xaricdə yaşayan azərbaycanlıların
diaspor quruculuğu prosesinə daha fəal şəkildə cəlb
olunmasına şərait yaratdı. Soydaşlarımızın
təşkilatlanması prosesi sürətləndi,
dünyanın müxtəlif ölkələrində azərbaycanlı
icmalar, cəmiyyətlər və birliklər
formalaşmağa başladı. 2001-ci il, mayın 23-də
ümummilli lider Heydər Əliyev dünyanın müxtəlif
ölkələrində yaşayan
soydaşlarımızın və həmvətənlərimizin
müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin
daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və
həmrəyliyin təmin olunması, həmçinin Azərbaycan
cəmiyyətləri, icmalar və birliklərin fəaliyyətinin
gücləndirilməsi və əlaqələndirilməsi ilə
bağlı məsələlərin birgə mübarizəsi
zərurətini nəzərə alaraq Dünya Azərbaycanlılarının
birinci qurultayının keçirilməsi haqqında sərəncam
imzaladı. Sərəncama uyğun olaraq həmin il
noyabrın 9-u və 10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının
birinci qurultayı Azərbaycan tarixinə böyük bir
prosesin başlanğıcı kimi daxil oldu. Yüksək səviyyədə
keçirilən bu mötəbər məclisə
soydaşlarımız böyük həvəslə gəlmiş,
tarixi Vətən qarşısında hesabatlarla
çıxış etmişdilər. Qurultay dünya azərbaycanlılarının
birliyinin yaranmasında mühüm əhəmiyyətə
malik olmaqla yanaşı, müstəqil Azərbaycanın
ictimai-siyasi həyatında tarixi hadisəyə
çevrilmişdi. Dünya azərbaycanlılarının
birinci qurultayının keçirilməsi həmvətənlərimizin
təşkilatlanması prosesində əhəmiyyətli
dönüşə gətirib çıxaran addım oldu.
Heydər Əliyevin təşəbbüsü ilə həyata
keçirilən bu tarixi hadisə Azərbaycan diasporunun daha
mütəşəkkil şəkildə və dinamik fəaliyyətinə
təkan verdi. Bundan sonrakı illərdə, 2006 və 2011-ci
illərdə keçirilən Dünya Azərbaycanlılarının
növbəti qurultayları isə birinci qurultaydan keçən
dövr ərzində görülən işlərin təhlili,
qarşıdakı hədəflərin müəyyənləşdirilməsinə
xidmət edirdi.
Yaxın
tarixə nəzər salsaq əminliklə deyə bilərik
ki, Dünya Azərbaycanlılarının hər üç
qurultayı Azərbaycan diasporunun müasir dünyada daha da təşkilatlanması,
inkişaf etməsinə öz təhfəsini verdi. Artıq
Azərbaycan diasporu dünya ölkələrində söz
sahibinə çevrilir, ayrı-ayrı ölkələrin
ictimai-siyasi həyatında fəal rol oynayır. Bu
günkü gündə diasporumuzun inkişaf etməsi Azərbaycan
həqiqətləri, Dağlıq Qarabağ problemi, ermənilərin
zaman-zaman azərbaycanlılara qarşı həyata
keçirdikləri deportasiya və soyqırım siyasətinin
dünya ictimaiyyətinə çatdırılmasına
öz töhfəsini verir.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Süleyman İsmayılbəyli
Olaylar.- 2012.- 27 yanvar.- S.15.