Unudulmaz müəllim

 

 Redaksiyadan 70 yaşlı bir müəllimə ilə görüşməyimi tapşıranda düşündüm ki, çox asta danışan, tez-tez dediklərini unudan, yenidən əvvəlki mövzuya qayıdan zəif səsli bir xanım olacaq. Amma istənilən halda bu görüş olmalıydı. Müəllimənin əlaqə nömrələrini artıq bir neçə aydır işləmədiyi, amma hər zaman hörmətlə anıldığı 282 saylı məktəbdən öyrəndim. Zəng edərkən telefona çox şən səsli bir xanım cavab verdi. Səidə müəlliməylə danışmaq istədiyimi dedim. Cavab “Sizinlə danışan elə Səidə müəllimədir”. Eşitdiyim səs və düşüncələrim üst-üstə düşmədi. Çünki bu səs sanki 70 yaşlı yox, daha gənc bir xanıma uyğun idi. Danışıb görüş vaxtını təyin etdik. Səidə xanım evdə yox, məktəbdə görüşməyi məsləhət bildi.

 

Səsi və görünüşü yaşına uyğun olmayan Səidə Əliyeva özünü oxuculara belə təqdim etdi.

  “1941-ci ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuşam. Atam riyaziyyat müəllimi olub. Əvvəl Voroşilovun adını daşıyan 9 nömrəli məktəbdə işləyib. Həmin məktəb indi də qalır. 1945-ci ildə isə atam müharibəyə getdi və bir daha geri qayıtmadı. 2 bacı, bir qardaş olmuşuq. Bacım rus dili müəllimi, qardaşım Kirov zavodunda baş mühəndis işləyib. Mən də ibtidai sinif müəlliməsiyəm. Bu mənim ilk seçimim deyildi. Əvvəllər tibb bacısı işləmişəm. Ancaq sonra yoldaşım razı olmadı tibb bacısı işləməyimə. Həmin vaxt da Əli Bayramlıda (indiki Şirvan) yeni açılmış müəllimlər məktəbinə daxil oldum. 1968-ci ildən indiki Nofəl Quliyev adına məktəbdə işləməyə başladım”. Ancaq yaşı 65-dən yuxarı olduğundan artıq bir neçə aydır ki, ömrünü sərf etdiyi müəllimlik sənəti ilə məşğul olmur. Samirə və Gülmirə adında iki qızı var Səidə müəllimənin. Gülmira Moskva şəhərindədir, onun iki övladı var, ikisi də Moskva Dövlət Universitetində oxuyur. Samira İqtisad Universitetini qurtarıb. Onun oğlu İsmayıl Hüseynov isə, Səidə xanımın işlədiyi 282 saylı məktəbin 9-cu sinfində oxuyur.

 

Atanız sağdır...

 

  1958-ci ildə Səidə xanım 10-cu sinfi bitirəndə heç gözləmədiyi bir xəbər eşidir. Onlara gələn teleqram illərdir öldü bildikləri atası haqqında olur. “1958-ci ildə bizə bir teleqrama gəldi ki, atanız sağdır. Məlum oldu ki, o Amerikada yaşayır. Anamı Moskvaya çağırdılar, o yaşlı olduğundan qardaşım getdi. Öyrəndik ki, atam ailə qurubbir oğlu olub, amma hər ikisiatamdan əvvəl vəfat ediblər. Atamın Amerikada yaşamasına görə, bizi narahat etdilər. Sonra qardaşım rəhbərliyə belə bir məktub yazdı ki, “oğul ataya cavabdeh deyil”. Bundan sonra heç kim bizə heç nə demədi. Atamın orada qazandıqları bütün pulu Amerika SSRİ-yə göndərdi, həmin pulun bir hissəsi qardaşıma verildi, qalan hissəsi isə anamın razılığı ilə dövlətə qaldı. 1958-ci ildən 75-ci ilə, yəni ölənə qədər bizə məktub yazdı. Bütün məktublarında yəqin, -müəllimlikdən qalma bir adət idi- bizə məsləhətlər verirdi. Məktubları əsasən, qardaşıma –Bakıya göndərirdi. Anama yazdıqlarını da qardaşım bizə göndərirdi. Məktublarda yazırdı: “Baxmayaraq ki, mən müharibə şəraitində gəlib burda qaldım, amma burada işlədiyim müddətdə heç zaman vətənimi yaddan çıxarmamışam”. Sonra məktubların arası kəsildi. Biz səbəbini qardaşımdan soruşduq. O bildirdi ki, atam məktublarında o qədər nəsihət yazırdı ki, onun dedikləri mənim xoşuma gəlmədi ona görə münasibət kəsildi. Sonra isə biz onun ölümü ilə bağlı xəbər aldıq. Bu barədə bizə məktub göndərilmişdi, orada atamın harada dəfn olunması, əlaqələr göstərilmişdi. Sadəcə həmin illərdə nə texnika inkişaf etməmişdi, nə də maddi imkan onun qəbrini axtarıb tapmağıma imkan vermədi.

 

O söz hələ də yadımdadır...

 

Səidə müəllimə ilk dərs gününü belə xatırlayır. “1968-ci ildə ilk dəfə sinif götürürdüm. O zaman sinifdə uşaqların da sayı da çox olurdu. Oturmuşdum, bir də gördüm qapı döyüldü. İçəri çox da hündür olmayan, qarayanız bir kişi daxil oldu, yanında da bir balaca oğlan uşağı. Kişi içəri girən kimi onu tanıdım. Onlarla ailəvi tanış idik. O, mənə yaxınlaşıb dedi ki, “Qızım, sən mənim bacımın qızısan, oğlumu sənin sinfinə gətirdim və sənə etibar edirəm”. Üstündən 43 il keçib bu söz hələ də mənim yadımdan çıxmayıb. İçəri girən balaca uşaq isə Yunus (yazıçı-publisist Yunus Oğuz - red. ) idi. Mən onu ikinci partada oturtdum. Ailələri çox zəhmətkeş olub. Bizim rayonda qadınlar elə də göyçək olmurlar, amma onun anası çox gözəl qadın idi. Bir neçə il sonra yenə də qapı döyüldü, bu dəfə gələn Yunusun qardaşı idi. O da oğlunu mənim sinfimə gətirdi.

 

Vicdanın səsi...

 

  Orta məktəbdə ədəbiyyat müəllimi Mustafa Qocayev, sonralar həm də Səidə müəllimənin işlədiyi zamanlarda dərs hissə müdiri olub. O, teztez Səidə müəllimənin də dərslərində iştirak edərmiş. Səidə müəllimə deyir, indi bəzən, bu barədə əvvəlcədən xəbərdarlıq edirlər, o vaxt isə xəbərdarlıq olmurdu. “Birgörürdün ki, əlində jurnal girdi sinfə. Dərsimi dinləyirdi, sonra isə, heç nə demədən çıxıb gedirdi. Bir dəfə onu dəhlizdə gördümdedim ki, “Mustafa müəllim, niyə heç vaxt məni tərifləmirsiz?”, dedi qızım, “Vicdanın nə vaxt səsinə cavab verəcək, onda səni tərifləyəcəm”, o zaman mənim 34 yaşım olardı, ancaq vicdanın insanın səsinə necə cavab verdiyini başa düşmürdüm. Axı vicdan da adamın səsinə cavab verə bilər? 1993-cü ildən Bakıya gəlmişəm. İşlədiyim müddətdə qazandığım hörmət bir tərəfə, indi Mustafa müəllimin sözü yadıma düşür və artıq vicdanımın səsinə cavab verirəm. “Vətən övladı” qəzetində mənim haqqımda bir məqalə yazmışdılar. Yazının sonunda qeyd etmişdim ki, “Mənə ədəbiyyat dərsi verən Mustafa müəllim, indi vicdanımın səsinə özüm cavab verə bilirəm, çox sağ olun”. Yəni, Mustafa müəllim mənə demək istəyirdi ki, vaxtından əvvəlki tərif insanı uğura aparmaz”.

 

Ona böyük sevgim olub

 

Səidə xanım deyir ki, işlədiyi müddətdə hər zaman rayonun ictimai işlərində fəal iştirak edib. Onun haqqında ilk dəfə hələ Şirvan şəhərində işləyərkən “İşıq” qəzetində yazıblar, sonra Bakıda “Vətən övladı” qəzetində. Ümumiyyətlə isə, 8 qəzet və iki kitabda onun haqqında yazılıb. Ancaq Səidə xanım özü də yazır. Onun yazdığı şeirlər müxtəlif tədbirlərdə səslənib. “2003-cü ilə qədər yazdığım şeirlərin hamısını Heydər Əliyevdən ilham alaraq yazmışam. Bunu heç nəyin xatirinə demirəm. Sadəcə onun şəxsiyyətinə, müdrikliyinə, müəllimlərə olan qayğısına böyük hörmətim olub. Onun öz müəlliməsi Sona xanıma olan münasibət hər zaman məndə belə bir istək yaradırdı ki, kaş mənim də belə şagirdim olaydı”.

 

“Lal dərsi”

 

 43 il müəllimlik təcrübəsi olan müəllimənin bugünkü təhsil sistemi ilə bağlı fikirlərini də öyrəndik. O, əvvəlki illərlə bu günü müqayisə edərək onu narahat edən məqamları da bizimlə paylaşdı. “Biz artıq iyirmi birinci əsrdə yaşayırıq bu zamanın da öz tələbləri var. Mən heç zaman yeniliklərin əleyhinə deyiləm. Bu informasiya texnologiyaları inkişaf edir, ancaq bu zaman dilimiz inkişafdan qalır. Biz əvvəllər “Əlifba” keçəndə hərflərin öyrənilməsinə çox vaxt sərf edirdik, bu da uşaqların inkişafına çox yaxşı təsir göstərirdi. Bəzən bir sinifdə 44 uşağa dərs keçirdim, onların əksəriyyəti həm uğurlu nəticələr əldə edirdi, həm də onların nitq qabiliyyətləri yaxşı olurdu. İndi yeni üsullar tətbiq olunur, kurrikulium, interaktiv cədvəl və bəlkə, bunlar da lazımdır. Ancaq hər şey test üzərində qurulduğundan uşaqlarımızın dili dayanıb, elə bil ki, “Lal dərsi” keçilir. Mənim 4 kitabım olardı, ancaq indi baxıram müəllimlərin stolunun üstü kitabla dolu olur. Əlbəttə, onlar da keyfiyyətlidir. Ancaq nəzərə almaq lazımdır ki, hər uşaq bu keyfiyyəti qəbul edə bilməz. Uşaqlardan tələb olunan biliklər onların yaşlarına uyğun olmur, tələbkarlıq həddindən çoxdur. İndi dərslər test üstündə qurulur, uşaq başıaşağı bildiyini yazır, nə müəllimin gözünün içinə baxır, nə də müəllim onun səsini eşitmir. Bu məsələ bir müəllim kimi mənim ən yaralı yerimdir. Bu gün yük əsasən, şagirdlərin üzərinə düşür ”.

 

 Test eləməyin vaxtı var..

 

Səidə müəllimə ibtidai sinifdə öyrədilməsi vacib olan anlayışlardan da danışdı. Müəllimlər sinifdə az danışır. Bilmirəm bu yaşayışla əlaqədardır, ya müəllimlər qüvvədən düşüblər ki, uşaqlar sinifdə müəllimə tabe olmurlar. 1992-ci ildə kursda olanda Yəhya Kərimov bizə dərs keçirdi. O belə bir söz dedi: “Hər müəllim əgər, dördüncü sinifdə uşağa yaxşı ifadə, imla, dörd əməlli məsələ həll etməyi bacarırsa bu yetərlidir”. Amma indi uşaqlar o qədər yüklənir ki, onların əksəriyyəti əsəbi olub. Uşaq kitab əlindən oxuya bilmir. Birinci sinfə dərs keçən müəllimin stolunun üstündə o qədər əlavə kitab olur ki, məəttəl qalırsan. Axı birinci sinif nədi, test nədi? Test eləməyin bir vaxtı var axı. Birinci sinifdə beyni tam formalaşmamış şagird 10 kitabdan necə istifadə edə bilər? Hətta bəzən müəllimlər özü həmin materialları tam qavramır. Bəs bu zaman şagird etməlidir? Düşünürəm ki, təlim forması bir az da sadələşməlidir”.

 

(ardı var)

 

 

Gülxar Şərif

 

Olaylar.- 2012.- 27 yanvar.- S.12.