Unudulmaz
müəllim
“Müəllimə, onun şalvarına
bax, niyə elə geyinib”
Səidə
xanım müəllimlərin geyiminə də toxundu. O müəllimlərin də şagirdlər
kimi bir forma geyinməsini və bəzək-düzəkdən
uzaq durmalarını tövsiyə etdi. “Şirvan
şəhərində işləyərkən Xavər
Sayilova adlı bir rəhbərim olub. Bizə saat,
sırğa və bir də nişan
üzüyündən başqa əlavə qızıl
taxmağa icazə verməyib. Paltarımız da ağ köynək, qara ətək, qara pencək.
Hətta mən buradakı rəhbərlərimə də
deyirdim ki, sizin nəinki müəllimlərin paltarlarına, hətta
onların üzlərinə də baxmağa ixtiyarınız
var. Düşünürəm ki, kimsə müəllimlərlə
bağlı işləri yaxşılaşdırmaq istəyirsə,
əvvəl müəllimin xarici görünüşünə
baxmalıdır. Hətta mənim şagirdlərim
də müəllimlərin fərqli geyinməyindən narahat
olurdular. Bir dəfə bir dördüncü sinif şagirdi
məni yanına çağırdı, bir müəlliməni
mənə göstərib “Müəllimə,
onun şalvarına bax, niyə elə geyinib” dedi. Mən həmin müəllimənin yerinə
utandım. Nə üçün
şagirdlər forma geyinməlidir, müəllimlər yox?
43 ildir müəllimə işləmişəm,
həmişə elə bilmişəm ki, əynimdə ağ
köynək olmasa, müəllim deyiləm”.
“Elə bilirdilər, gənc qızam”
Qeyd edək
ki, Səidə müəllimə işlədiyi müddətdə
hər zaman öz fəallığı ilə seçilib. Söhbət əsnasında
göstərdiyi fəxri fərmanlar, müxtəlif
kursları uğurla bitirməsi ilə bağlı təltiflər
onun əməyinin, fəaliyyətinin göstəricisidir.
“2002-ci ildən bizim məktəbin müəllimləri
informatika kurslarına göndərilirdilər. Bir gün dedilər ki, mən də o kurslara getməliyəm.
Əvvəlcə mənə bir az qəribə
gəldi ki, bu yaşımda gedim kompüter
qarşısında oturum, kimlərdənsə dərs
alım. Çünki həmin kurslara
başlayanda mənim 62 yaşım var idi. Ancaq indi düşünürəm ki, nə
yaxşı həmin kurslara getmişəm. İlk dəfə məni “Mədəd” kurslarına
yazdılar, sonra isə Tatyana Nanayevanın İntel”
kurslarına getdim. Sonra müəllimlər özümə
e-mail açmağımı tövsiyə etdilər. Həmin poçt ünvanını yaradanda ilk dəfə
küskün ləqəbini götürdüm. Heydər Əliyev haqqında olan bütün
şeirlərimi həmin poçt ünvanının
yaddaşına köçürdüm. Sonra
Türkiyə ilə məktublaşmağa başladım.
Yazışdığım adamlar elə bilirdilər
ki, cavan qızam. Hətta müəllimlərdən
biri kamera ilə əlaqə yaradıb onlara göstərdi ki,
sizinlə məktublaşan bu qadındır. Bu kurslar mənə çox kömək oldu, səkkiz
il məktəbdə informatika müəlliməsi işlədim”.
Səidə xanım bu kurslarda qazandığı uğurlarda
indi Zərifə Əliyeva adına məktəbdə
informatika və dərs hissə müdiri işləyən Aygün Əzizovanın
böyük əməyinin olduğunu deyir. Belə
ki, onun keçdiyi kursların müəllimənin bu istiqamətdə
aldığı fəxri fərmanlarda böyük rolu olub.
Onu da qeyd edim ki, Səidə xanım 2007-ci ildən
2011-ci ilə qədər bir neçə dəfə internet
layihələri nominasiyaları üzrə birinci yerə və
fəxri fərmanlara layiq görülüb.
İlk dəfə idi, belə halla
rastlaşırdım
Səidə
müəllimə bizə şagirdlərinin illər əvvəl
ona 8 Mart bayramı, müəllimlər günü və ya
adi günlərdə yazdıqları sözləri, çəkdikləri
şəkilləri göstərir. Yenicə yazmağı
öyrənən uşaqların yazdıqları həmin
sözləri oxuyuram. “Əzizimiz, Səidə
müəllimə, sizə uzun ömür və xoşbəxtlik
arzulayıram”, “Əziz Səidə müəllimə, mən
sizi hamıdan çox istəyirəm. İstəyirəm
ki, bu yazını hər zaman, ya da mən on birinci sinfi bitirənə
qədər saxlayasınız”. Qeyd edim
ki, bütün yazıların yanında balaca rəssamların
çəkdikləri gözəl güllər də
onların sevgilərinin göstəricisidir. Hər bir vərəqdə
uşaqların bunu necə böyük həvəs və
sevgi ilə yazdıqları hiss olunurdu. Əziz
müəllimələri də onların istəklərini nəzərə
alıb o yazıları saxlayırdı. Yazıların
bəzilərinin yaşı 10 ildən də çox idi.
Düzdür, Səidə xanım bütün
yazıları gətirməmişdi, ancaq əlimizdəki
materiallar şagirdlərinin onu nə qədər çox
sevdiyini anlamağımız üçün yetərli idi.
Bu şəkillərə baxa-baxa müəllimə
həmin qeydləri yazanlar haqqında danışır, indi bu
yazıları oxuyarkən şagirdlərinin onu nə qədər
çox sevdiyini bir daha anladığını deyir və bəzi
xatirələrini bizimlə bölüşür. “İşlədiyim bu
illərdə heç bir hadisə ilə
qarşılaşmamışdım. Dördüncü
sinifdə informatika dərsi keçirdim. Şagirdlərdən
biri məni çağırıb sakitcə qulağıma
dedi ki, “müəllimə, sən mənim
dostumsan”. O dost sözü mənə o qədər təsir
etdi ki, dərsdən sonra müəllimləri başıma
toplayıb dedim ki, bu yaşa qədər qadınlığa,
müəllimliyə layiq o qədər gözəl sözlər
eşitmişdim, amma uşaqların ağzından dost
sözünü eşitməmişdim. Bu mənim
üçün o qədər dəyərlidir ki, elə bil
haqqımda bir tərifnamə yazılıb”.
Sinifdə saxladığım şagird…
Ancaq
müəllimlər hər zaman şagirdin yaddaşında
xoş xatirələrlə qalmır. Məsələn, bizə ilk dəfə
iki yazan, küncdə saxlayan, dəcəlliyimizə görə
bütün uşaqların yanında danlayan və s. müəllimləri
heç zaman unutmuruq. Bəzilərimiz o günləri
gülərək, bəzilərimiz isə nifrətlə
xatırlayırıq. Səidə müəllimə
də, sinifdə saxladığı şagirdlərdən biri
ilə illər sonra qarşılaşdığı həmin
günü xatırlayır. “Əvvəllər sinifdə
uşaq saxlamağa icazə var idi. 1993-cü ildə Əhəd adlı bir
oğlanı sinifdə saxladım. Təxminən iki il bundan qabaq məktəbdən evə gedəndə
gördüm bir oğlan qarşımda dayandı. Baxan kimi
tanıdım ki, bu həmin uşaqdı. Dedi: “Səidə
müəllimə, yadınızdadı məni sinifdə
saxlamışdınız”. Dedim: “Hə, niyə yadımda
deyil” Dedi: “Müəllimə, mən onuncu sinfi
qurtarmamışam, amma yaxşı mağazalarım var”. Bu söz mənə elə təsir elədi ki,
fikirləşdim ki, yəqin o demək istəyir “sən məni
sinifdə saxlasan da, mən həyatda öz yolumu tapa bildim”.
Bəlkə də, ilk dəfə idi ki, bu qədər
utanırdım”.
“Məktəbə gələndə
utanıram”
Məlum olduğu kimi, ötən il “Dövlət Qulluğu haqqında” qanuna əsasən,
yaşı 65-ə çatmış müəllimlər təqaüdə
göndərildi və Səidə xanım da həmin müəllimlərin
sırasındadır. 43 il müəllim
işləsə də, Səidə xanım məktəbdən
uzaqlaşmaq istəmir. Hələ də
yorulmadığını və şagirdlərə dərs
vermək üçün enerjisinin olduğunu deyir. “Bir tərəfdən fikirləşəndə
deyirik ki, biz işləməliyik. Ancaq bir
tərəfdən də axı gənc nəsil gəlir, onlar
harada işləməlidirlər. Ona
görə də biz getməliyik. Amma ola
bilərdi ki, hər bir məktəbdə bir “invertar”
saxlayardılar. Biz tətildən
qayıtmamış bizi çıxardılar. Bizə təsir edən bu idi. İndi
məktəbə gələndə utanıram. Düzdür, bütün rəhbərlik, müəllimələr
məni çox gözəl qarşılayırlar. Ancaq
mən özümü artıq bir əşya kimi hiss edirəm.
İndi hamımız oturmuşuq evdə, nə
əvvəlki kimi geyinmirik, nə güzgüyə
baxmırıq, elə bil tərki dünya olmuşuq. Yəqin belə olmalı imiş. Həm də axı nə qədər işləməliydik?
Amma elə düşünürdüm ki, hələ
işləməyə gücüm var, hələ məni
sevirlər”.
“Bəzən özümə də
gülməli gəlir”
Nədənsə ibtidai sinif müəllimləri
uşaqların yaddaşında bir az fərqli
qalır. Onları hər zaman xatırlayır və
anaları kimi qəbul edirlər. Bunun səbəbini
Səidə xanım belə açıqlayır. “Hər uşaq sinifə səliqəli gəlmir.
6 yaşında məktəbə gələn
uşaqlar çox zaman necə davranmalı olduqlarını
belə bilmirlər. Bəzən
ağızlarından, burunlarında su axır. Bu zaman biz müəllimliyi bir tərəfə
qoyaraq ana oluruq. Biz onları silirik, təmizləyirik.
Elə bir gün olmayıb ki, sinifə girəndə
oranı iyləməyim. Hər zaman sinfə
girən kimi birinci təmizliyinə fikir vermişəm. İşlədiyim müddətdə heç zaman
imkan verməmişəm ki, uşaqlar qalın paltar geyinsin.
Çünki uşaq tərləyəndə
uşaq çox narahat olur və müəllimin dediklərini
də qavramır. Hətta onların
ayaqqabılarına qədər hər zaman fikir vermişəm.
Elə olub qulaqlarını da təmizləmişəm.
Son vaxtlar internat məktəbindən olan
uşaqlara dərs keçmişəm. Bəzi
müəllimlər onlara yaxınlaşmaqdan çəkinirdilər.
Ancaq mən hər gün sinifə girəndə
onları yanıma çağırır, öpürdüm,
sonra da üstlərinə ətir vururdum. Həmin
uşaqlardan biri keçən il mənə dedi ki, Səidə
müəllimə, mənə elə gəlir ki, sən
öləcəksən, bəs sən ölsən, mən nə
edəcəm?”
***
Səidə xanım 43 il ərzində dərs keçdiyi heç bir
şagirdi unutmadığını deyir. Onların
da Səidə müəlliməni hər zaman
xatırlamaqlarını arzulayır. “İstərdim ki, heç olmasa
uşaqlar ibtidai sinif müəllimlərini yada salsınlar, hərdən
onlara zəng etsinlər.
1968-ci ildən işləyirəm, hələ də bu 43 il ərzində dərs dediyim bütün
siniflərdə olan uşaqların adları əlifba
sırası ilə yadımdadır. Bəzən özümə
də gülməli gəlir ki, axı necə olur ki, mən
bunu unutmuram”. Səidə müəllimə
öz şagirdlik günlərini xatırlayaraq, şagirdin
müəllimi unutmaması ilə bağlı bir hadisəni
danışır. “Altıncı sinifdə
oxuyurdum riyaziyyat dərsi idi. Məsələni
həll edə bilmədim. Rahil müəllim
yumruğunu gətirdi ki, məni vursun, amma vurmadı.
Dedi ki, Səidə atan yadıma düşdü. Atam da Rahil müəllimə dərs
keçmişdi. Ona görə də, istərdim
ki, onlar mənim yaddaşımda qaldığı kimi, mən
də şagirdlərimin də yaddaşında qalım.
Hərdən deyirəm ki, görəsən,
şagird müəllimin yuxusuna girdiyi kimi, müəllim də
şagirdin yuxusuna girir?”
43 ilin nəticəsi
Səidə
müəllimədən 43 illik zəhmətin nəticəsini
soruşuruq. Əvvəlcə özünün yazdığı
şeirlə cavab verir.
Deyirlər həyatda
ziyalı sənsən,
Yalandır,
yoxdur sənə yer verən,
Gənclərin
zəhmətin, yükün çəkirsən
Nəyə
baxıb fəxr edirsən, müəllim
Səidə,
qəlbində sözlərin çoxdur
Müəllimə
qiymət heç yanda yoxdur,
Ən təmiz
yol müəllimin yoludur
Buna baxıb
fəxr edəsən, müəllim
Sonra isə,
bu haqqda tez-tez düşündüyünü deyir. “Bir dəfə məktəbdən
evə gedirdim, yol üstündə məktəbimizin ədəbiyyat
müəllimi Nəriman müəllimlə rastlaşdım.
Dedim sənə bir sual verəcəm “müəllimin
qazancı nə olur həyatda?” o da gənc bir müəllim
idi. Təəccüblə üzümə
baxdı ki, “nə deyim axı”. Amma bu suala
özüm vacab verdim müəllimin qazancı “Salam müəllimə”
sözü olur”. Bir az fikrə dalır, sonra “Bu 43 illik fəaliyyətin
nəticəsi gördüyüm işlər haqqımda 6 qəzetdə
yazılan məqalələr, adımın
düşdüyü kitablar, verilən fəxri fərmanlar,
şagirdlərimin sevgisi, valideynlərin hörməti,
yazdığım şeirlər, rəhbərlik tərəfindən,
xüsusən də son illər işlədiyim Camal Əlirzayev tərəfindən
göstərilən diqqət, bu gördüyünüz
kağızlar, xoş xatirələr oldu”. Səidə
xanım qazandıqlarından çox razıdır və belə
qazancın hər kəsə nəsib olmadığını
deyir.
P.S. Qeyd edək ki, yanvarın 28-də Səidə
müəllimənin 70 yaşı tamam olur. Biz
də redaksiyamız adından Səidə müəlliməni
ad günü münasibətilə təbrik edir, ona uzun və
xoşbəxt ömür. Hər zaman belə
gözəl və sevilən olmasını diləyirik.
Gülxar Şərif
Olaylar.- 2012.- 28-30 yanvar.- S.14.