“Azərbaycan diasporu böyük potensiala malikdir”
Müsahibimiz Demokratik Azərbaycan Dünyası
Partiyasının sədri
Məmməd Əlizadədir
-Məmməd müəllim, Azərbaycan
diasporasının inkişaf
tarixini necə səciyyələndirərdiniz?
-Dünya təcrübəsi
göstərir ki, dövlətçiliyin inkişafında
diaspor amili mühüm yerlərdən
birini tutur. Hər bir dövlət beynəlxalq aləmdə müsbət imicinin formalaşdırılması istiqamətində
diaspora təşkilatlarına
daha çox önəm verir. Çünki, beynəlxalq münasibətlər
sistemində diaspora özündə siyasət,
mədəniyyət, cəmiyyətlər,
birliklər və s. birləşdirir. Bu isə institutlaşmış
funksional tərkib kimi qəbul edir. Azərbaycan müstəqillik əldə edəndən sonra diaspora siyasətinin həyata keçirilməsi istiqamətində
addımlar atılmağa
başladı. Mən deyərdim
ki, bu siyasətin
həyata keçirilməsi
birbaşa ümummilli
lider Heydər Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyev hələ Naxçıvan
Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə - 1991-ci ilin
16 dekabrında dünya
azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə
alaraq, dekabrın 31-ni
Dünya Azərbaycanlılarının
Həmrəylik Günü
elan etmişdi. Həmin qərar bütün dünyada yaşayan soydaşlarımızın birliyi
üçün mühüm
əhəmiyyətə malik
olmuş, birlik ideyasının reallaşması
istiqamətində stimula
çevrilmişdi. Məhz ümummilli
liderin Azərbaycan rəhbərliyinə 1993-cü ildə ikinci dəfə qayıtmasından
sonra, ölkəmizin diasporla bağlı vahid dövlət strategiyası müəyyənləşdi;
diaspor quruculuğu Azərbaycan Respublikasının
dövlət siyasətinin
prioritet istiqamətlərindən
birinə çevrildi.
Ölkəmiz müstəqillik
əldə etdikdən
sonra, Azərbaycan xarici siyasətinin qarşısında iki mühüm vəzifə dayanmışdı: birincisi,
Azərbaycana suveren dövlət kimi təminatlar almaq, ikincisi, Qərblə strateji əməkdaşlıq
imkanlarından faydalanaraq,
ölkə iqtisadiyyatının
gələcək inkişafını
təmin etmək idi. 2001-ci ilin may ayının 23-də ümummilli
lider Heydər Əliyev Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi
haqqında Sərəncam
imzaladı. 2002-ci ildə
isə "Xaricdə
Yaşayan Azərbaycanlılarla
İş üzrə
Dövlət Komitəsinin
yaradılması haqqında"
Fərmanı ilə bu istiqamətdə fəaliyyət göstərən
rəsmi dövlət
qrumu yaradıldı, eyni zamanda ümummilli
lider Heydər Əliyev tərəfindən
"Xaricdə yaşayan
azərbaycanlılarla bağlı
dövlət siyasəti
haqqında" Azərbaycan
Respublikası Qanununun
təsdiq olunması dövlətin diaspor siyasətinin reallaşması
istiqamətində atılan
mühüm addımlarından
idi. Qanun təsdiq edilməklə
dövlət-diaspor münasibətlərində
yeni mərhələnin
bünövrəsi qoyuldu.
Bu gün bu
siyasət uğurla davam etdirilir. Prezident İlham Əliyevin müvafiq sərəncamı
ilə Dünya Azərbaycanlılarının III Qurultayının keçirilməsi
də bir başa buna işarədir ki, Azərbaycan hökuməti
diasporanın inkişafında
maraqlıdır.
-Bu günlərdə Fransa Parlamenti qondarma erməni soyqırımının inkarına
görə cəzanın
tətbiq edilməsi barədə Aşağı
Palatanın qəbul etmiş olduğu qanunu təsdiqlədi. Türkiyə və Azərbaycan
bunun qarşısını
almaqda aciz qaldı. Bu prosses
zamanı Azərbaycan
diasporunun gördüyü
və görməyə
çalışdığı işi yetərli hesab etmək olarmı?
-Mən bu suala
cavab verməmişdən
öncə məlum qanun haqqında bir neçə söz demək istəyirəm. Əvvəla bu qanunun ortaya çıxmasını
təkcə prezident Nikole Sarkozinin türklərə və İslam dünyasına olan şəxsi nifrəti, seçki öncəsi manevri, Fransız cəmiyyətindəki
islamafobiya və erməni diasporun səyləri prizmasından
gözdən keçirmək
qətiyyən doğru
deyil. Baxmayaraq ki, bu sadaladıqlarımın
da rolu az olmayıb. Amma bu faktorlar öncələr
də mövcud idi, fəqət heç bir zaman bənzər qanunun Senatda qəbul etməsi üçün yetərli
olmamışdır. Bu dəfə isə sözügedən faktorlara
bir yenisi və onlardan daha güclüsü əlavə olunmuşdur –
Yəhudi faktoru! Yəqin ki, nəyə işarə etdiyimi anladınız. Söhbət Yaxın və Orta Şərqdə baş verən və əslində qlobal xarakter daşıyan Böyük
Geosiyasi İnqilab fonunda Türkiyə-İsrail
münasibətlərinin xarakterinin
dəyişməsindən və
dünya yəhudilərinin
Türkiyəni cəzalandırmaq
üçün dünya
miqyasında atdıqları
addımlardan gedir.
Məsələnin əsl səbəbi
budur.
Azərbaycan diasporunun sərgilədiyi tutuma gəlincə, məncə
bu tutum ümumilikdə Azərbaycan
hökumətinin sərgilədiyi
son dərəcə passiv,
hətta təəssüflə
qeyd edərdim ki, immitasiya xarakterli mövqeyə tam adekvat olmuşdur. Hərçənd ki, dövlətimiz
öz bütün imkanlarını ortaya qoysa idi, qanunun
işıq üzü
görməsinin qarşısını
almaq olardı. Lakin bu yetərincə edilmədi.
-Sizcə Azərbaycan diasporunu güclü saymaq olarmı?
-Mən deyərdim ki, Azərbaycan diasporu olduqca böyük potensialına
rəğmən çox
zəif və sönük təsir bağışlayır. Bu da onun ölkənin
milli maraqlarından daha çox iqtidarın ölkə daxilindəki və xaricindəki müxaliflərə
qarşı ideoloji, siyasi bir alət
kimi istifadə edilməyə çalışılmasından
qaynaqlanır. Məhz bu
siyasət nəticəsində
diasporumuz bir neçə yerə parçalanıb və bu gün diaspor
adından çıxış
edənlər iqtidara xidmət edənlərdir və etiraf edək ki, heç
də diasporun ən intellektual və mədəni hissəsi deyil. Bir sözlə, Azərbaycanın xaricdəki
diasporu son 20 il
ərzində daxili siyasətin alətinə çevrildiyindən ondan nə isə böyük nəticə və qələbə gözləmək özünü
aldatmaqdan başqa bir şey deyil.
Əvvəla onu deyim ki, Azərbaycan ərazisində gedən proseslər eyni ilə xaricdə yaşayan soydaşlarımızın
da həyatında özünü göstərməkdədir.
Yəni müxalifəti və iqtidarı dəstəkləyənlər
şəklində bölünmələri.
Əgər əlavə etsək
ki, burada regionçuluq, üstəgəl
şəxsi maraqlar da özünü göstərməkdədi o zaman
hər şey aydın olur.
Ədil Ədilzadə
Azərbaycan Respublikası Prezidenti yanında
KİV-in İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyilə çap
edilmişdir
Olaylar.- 2012.- 28-30 yanvar.- S.15.