Xarici ölkələrdə yaşayan gənclər mədəniyyətimizin
təbliğatçısı qismində
Azərbaycanlı gənclər öz fəaliyyətləri
ilə bu işə töhfə vermiş olurlar
Azərbaycan xalqının zəngin mədəniyyətinin
dünya miqyasında təbliği də bu gün diaspor təşkilatlarımızın
qarşısında duran mühüm vəzifələrdən
biridir və ayrı-ayrı ölkələrdə fəaliyyət
göstərən Azərbaycan diaspor təşkilatları
müntəzəm olaraq bu istiqamətdə müxtəlif tədbirlər
təşkil edərək xarici ölkələrdə ölkəmizin
mədəniyyəti, adət-ənənələrini təbliğ
edirlər. Azərbaycan mədəniyyətinin dünya
miqyasında tanıdılmasında xarici ölkələrdə
diaspora fəaliyyəti ilə yaxından məşğul olan
gənclər təşkilatları da yaxından iştirak
edirlər. Daha dəqiq desək Azərbaycan xalqının zəngin
mədəniyyətinin dünya miqyasında təbliği
xarici ölkələrdə yaşayan gənclərimizin
prioritet istiqamətlərindən birinə çevrilib. Ötən
dövr ərzində müxtəlif ölkələrdə fəaliyyət
göstərən azərbaycanlı gənclər bu sahədə
bir çox mühüm layihələr həyata keçirməyə
müvəffəq olublar.
Belə ki,
2006-cı ildə Fransada Azərbaycanlı Tələbələr
Assosiasiyası Strasburqda “Paul APPELL” tələbə
restoranında Azərbaycan mətbəxi, musiqisi və rəqsləri
günləri təşkil edib. Eyni zamanda assosiasiya hər il
Strasburqda təşkil edilən musiqi bayramında da rəqs
qrupu ilə iştirak edir. Fransanın siyasi baxımdan
Avropanın qabaqcıl ölkələrindən biri
olduğunu, eyni zamanda bu ölkədə güclü erməni
təşkilatlarının mövcudluğunu nəzərə
alan azərbaycanlı gənclər Tuluza şəhərində
“Azərbaycan günü” adlı tədbir təşkil ediblər.
Tədbir Fransa-Azərbaycan mədəni əlaqələrinin
genişlənməsi, Azərbaycan həqiqətlərinin
Fransa ictimaiyyətinə çatdırılması, ölkəmizin
tarixi, mədəniyyəti, incəsənətinin
tanıdılması məqsədilə təşkil edilib. Tədbirdə
Azərbaycan xalçaları, milli geyimlər, musiqi alətləri,
Azərbaycan həqiqətlərindən bəhs edən
kitablar, videofilmlər nümayiş olunub. Diasporla İş
üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Azəri-Çex”
cəmiyyəti tərəfindən Praqa şəhərində
“Azərbaycan mədəniyyəti gecəsi” keçirilib. Tədbirdə
Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti
ilə bağlı iştirakçılara məlumat verilib,
milli musiqilərimiz və rəqslərimizdən ibarət
kompozisiyalar təqdim olunub.
2007-ci ilin
yanvar ayında fransız alimlərinin və Azərbaycanın
Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə
heyəti üzvlərinin iştirakı ilə Strasburq Mark
Blok Universitetində Azərbaycanın dahi şairi Nizami Gəncəviyə
həsr olunmuş elmi-praktik konfrans təşkil olunub. Fransada
Azərbaycanlı Tələbələr Assosiasiyasının
təşəbbüsü ilə keçirilən konfransda
Nizami Gəncəvi yaradıcılığı barədə
iştirakçılara məlumat verilib. Konfransda azərbaycanlı
alimlərlə yanaşı, Şərq ədəbiyyatının
tədqiqi ilə məşğul olan fransız alimlər də
məruzələrlə çıxış ediblər. Həmin
il Avstriyanın Vyana şəhərində Avstriya-Azərbaycan
Akademik Birliyinin təşəbbüsü və Avropa Komissiyasının
dəstəyi ilə gənclər proqramı həyata
keçirilib. Proqramda Portuqaliya, Slovakiya, Almaniya, Türkiyə
və Azərbaycan gənclər təşkilatlarının
nümayəndələri iştirak edib. Proqram çərçivəsində
“Azərbaycan gecəsi” də təşkil olunub. Aprelin 19-da isə
Strasburqda görkəmli Azərbaycan şairi və dövlət
xadimi Şah İsmayıl Xətainin həyat və
yaradıcılığı ilə bağlı elmi-ədəbi
konfrans keçirilib. “Azərbaycan Evi”, Mark Blok Universiteti və
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi
adına Ədəbiyyat Muzeyi tərəfindən təşkil
olunan tədbirdə Xətainin yaradıcılığı
barədə məruzələr dinlənilib, diskussiyalar
aparılıb. Noyabrın 9-da Strasburqda yaşayan azərbaycanlı
tələbələr bu şəhərdə “Azərbaycan
gecəsi” təşkil ediblər. Tədbirin əsas məqsədi
fransızlara Azərbaycan mədəniyyətini tanıtmaqla
yanaşı, Strasburqa yeni gəlmiş azərbaycanlı tələbələrlə
yaxından tanış olmaq, Fransanın digər şəhərlərində
yaşayan soydaşlarımızla sıx əlaqə yaratmaq və
bu ölkədəki azərbaycanlıların fəaliyyətinin
əlaqələndirilməsinin səviyyəsini yüksəltməkdən
ibarət olub. Tədbirdə Paris, Mulhouse, Metz və digər
şəhərlərdən nümayəndələr,
Strasburqda yaşayan və təhsil alan azərbaycanlılarla
yanaşı, fransız gənclər və xarici qonaqlar da
iştirak edib.
2008-ci ildə
London Universitetində dahi Azərbaycan bəstəkarı Qara
Qarayevin 90 illik yubileyi münasibətilə təşkil
edilmiş konsertdə azərbaycanlı skripkaçı Sabina
Rakçiyeva dahi bəstəkarın əsərlərindən
musiqi parçaları ifa edib. Tədbir
iştirakçılarına Avropa Azərbaycan Cəmiyyətinin
Londonda nəşr etdiyi “Biznes bülleten”, “Qafqazda və beynəlxalq
siyasətdə Azərbaycanın rolu”, eləcə də
“Dağlıq Qarabağ” adlı broşürlər və “Azərbaycan:
100 sual-cavab” kitabı paylanıb. Azərbaycan-Fransa Gənclik
Assosiasiyası da Qara Qarayevin 90 illiyinə həsr olunmuş
musiqili gecə keçirib. Qonaqlara Qara Qarayev haqqında məlumat
verilib, bəstəkarın məşhur əsərlərindən
musiqi parçaları səsləndirilib. Görüşdə
Azərbaycanın YUNESKO yanında və İsveçrədəki
səfirləri iştirak edib. Musiqi gecəsinin
iştirakçılarına fransız dilində Qara Qarayevin
həyat və fəaliyyəti haqqında
hazırlanmış vərəqələr paylanıb.
Türkiyənin Manisa şəhərində isə gənclərin
Azərbaycan milli rəqslərini öyrənməsi
üçün kurs açılıb. Bu Bakıda
keçirilən XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq
qurultayı çərçivəsində aparılan
müzakirələrin nəticəsində yaranan Gənclik
Komissiyasının səyi ilə baş tutub. Rəqs kursu
Manisa bələdiyyəsinin dəstəyi ilə
açılıb. Bundan başqa Manisa Azərbaycan
Kültür Dərnəyinin Gənclik Komissiyası Azərbaycanda
fəaliyyət göstərən “İrəli”
Ümumrespublika Gənclər Hərəkatı ilə əməkdaşlığa
başlayıb.
Azərbaycanın
Rusiyadakı səfirliyi, Heydər Əliyev Fondunun Rusiya
nümayəndəliyi, “AMOR” gənclər təşkilatı,
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tələbə
birliyi və xarici tələbələr şurasının təşkilati
dəstəyi ilə 2008-ci il, may ayının 20-də adı
çəkilən təhsil ocağının Mədəniyyət
Evində “Azərbaycan mədəniyyəti günü”
keçirilib. Moskvanın müxtəlif ali məktəblərinin
700-dən çox tələbəsi, vaxtilə bu ali məktəbi
bitirən azərbaycanlı məzunlar, ictimai və diaspor təşkilatlarının
nümayəndələri, kütləvi informasiya vasitələri
təmsilçilərinin iştirak etdiyi tədbirdə Azərbaycan
mədəniyyətini əks etdirən eksponatlar
nümayiş etdirilib, iştirakçılara müxtəlif
kitablar, “Baku” jurnalı paylanıb. Londonda yerləşən
“Azərbaycan Evi” Mədəniyyət və Dostluq Mərkəzində
Azərbaycan kinosu və musiqisi məlumat bazasının
yaradılması layihəsinin rəsmi təqdimat mərasimi
keçirilib. Azərbaycan-Britaniya Məzunları İctimai
Birliyinin təşəbbüsü və Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının köməyi ilə
həyata keçirilən tədbir “Britaniyada fəal azərbaycanlı”
adlı layihənin tərkib hissəsi kimi
reallaşdırılıb. Məqsəd isə Britaniyada
yaşayan azərbaycanlı icmasının milli mədəniyyət
nümunələri ilə yaxından
tanışlığı və milli irsimizin zəngin
nümunələrinə birbaşa çıxış
imkanlarının genişləndirilməsidir. Kanadanın
Vaterloo Universitetində təhsil alan azərbaycanlı tələbələr
isə bu ölkədə “Mədəniyyət gecəsi” təşkil
ediblər. Tədbirdə Azərbaycan milli rəqsləri
nümayiş etdirilib.
2009-cu il,
noyabr ayının 21-22-də Avropa Azərbaycan Cəmiyyətinin
təşkilatçılığı ilə Londonda Kadoqan
sarayında “Azərbaycan mədəniyyət günləri”
keçirilib. Formatına görə, Britaniya paytaxtında ilk
dəfə keçirilən tədbirin əsas məqsədi
zəngin Azərbaycan mədəniyyəti, onun turizm
potensialını nümayiş etdirmək olub. Mədəniyyət
günləri çərçivəsində Azərbaycan incəsənət
ustalarının konsert proqramı təşkil edilib. Həmçinin
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi, onun ağrılı nəticələrinə
dair həqiqətlərin dünyaya
çatdırılması məqsədilə Avropa Azərbaycan
Cəmiyyəti tərəfindən ingilis dilində
hazırlanmış “Dünyanın unutduğu insanlar:
Qarabağ müharibəsindən görüntülər”
adlı kitabın təqdimat mərasimi keçirilib. Fotoalbom
formatında hazırlanmış kitabın giriş hissəsində
oxuculara Dağlıq Qarabağ münaqişəsinin tarixi və
səbəbləri haqqında geniş və ətraflı məlumat
verilib. Redaktoru Avropa Azərbaycan Cəmiyyətinin sədri
Tale Heydərov olan bu nəşrdə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi barədə
fotojurnalistika baxımından ən təsirli fotolar dərc
edilib.
2010-cu il,
mart ayının 6-da Almaniyanın Ziqen şəhərində
Azərbaycanlı Tələbələr və Elmi
İşçilər Birliyinin təşkilatçılığı
ilə “Azərbaycan günü” təşkil edilib. Tədbirdə
Azərbaycanlı Tələbələr və Elmi
İşçilər Birliyinin fəaliyyəti, “Alman-Azərbaycan
iqtisadi əməkdaşlığı: mövcud durum və
perspektivlər” mövzularında çıxışlar olub.
Azərbaycanlı tələbələr və elmi
işçilər müxtəlif mövzular ətrafında
fikir mübadiləsi aparıb. Tədbir zamanı qonaqlar
üçün Novruz süfrəsi də təşkil edilib.
May ayının 14-də isə Azad Berlin Universitetində təhsil
alan azərbaycanlı tələbələr bu təhsil
ocağının beynəlxalq klubunda “Azərbaycan gecəsi”
keçiriblər. Gecədə Azərbaycan haqqında sənədli
film nümayiş etdirilib, iştirakçılara ölkəmiz
haqqında hazırlanmış materiallar təqdim olunub.
Göründüyü
kimi Azərbaycan gənclərinin xarici ölkələrdə
mədəniyyətimizi təbliğ etmək məqsədilə
keçirdikləri tədbirlər öz rəngarəngliyi və
geniş coğrafiyanı əhatə etməsi ilə
seçilir. Hansı ölkədə yaşamasından
asılı olmayaraq hər bir Azərbaycan gənci milli
maraqlarımızın müdafiəsi, Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılması, eləcə
də zəngin mədəniyyətimizin təbliği işinə
öz töhfəsini verir.
Süleyman İsmayılbəyli
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2012.- 31 yanvar.- S.15.