Sağ ikən söz olan Nurafiz,
Dərdin şeir üzü
Nurafiz
Hüseynov söz adamıdır. Sözə tapınıb. O,
sözə ki:
Sən, mən,
o, bizik əsgəri,
Bir sözdən
min bir səs gəlir
Görür,
görünür, göstərir
Nə şəkildi,
nə səsdi Söz.
(Akif Səməd)
Söz demək üçün
tanrıdan rüsxəti var dostumuz Nurafizin. ”Kim nə miqdar isə,
əhlin eylər ol miqdarı söz”(M. Füzuli).
Mürşüdüm Akif Səməd deyirdi ki, ana yurdun, ata
ocağın Təhlədirsə demək şeir
dünyasına qərib deyilsən, doğmasan. Şair dostum
Nurafiz də təhləlidir. Özü də Ağtəhləli
ha....Ağtəhlə sözü burada təkcə məkan
bildirmir. O, həm də keyfiyyət bildirir. Yəni o
torpağın bağrından qopanlar safdır, mərddir, dəli-doludur,
ruhunu göyə uçurandır və təbii ki, saz-sözə
yatandır. Təhləlinin dili hər şeydən əvvəl
həm də Türkün zəngin ləhcə-dialekt hadisəsidir.
Təhləlinin danışıq dili çox şirindir.
İstər mərhum şairimiz Arif Abdullaoğlunun
yaradıcılığında olsun, istər Nurafizin şeirlərində
olsun, lap istər də Rafaillə-Coşqunun
tamaşalarında. Bu belədir...
Söz Təhlədə
ulu ömrünü yaşayır. Təhlə demək
böyük bir söz eli deməkdir. Bu həqiqəti
yadıma Təhləli Novruzun, Əsəd Məmmədovun, Əbdüləli
İbrahimsoyun, Allahverdi Təhləlinin, Əsəd Təhləlinin,
Şahvələd Əhmədoğlunun, Ziyadxan Təhləlinin,
Lətifin(soyadını xatırlamıram), Mamacoğlu
Kamandarın, Arif Mustafazadənin, Bəhram Mehdinin, Nurafizin,
Nurlan Hüseynovun, Ələddinin,...şeirləri salır.
Akif Səmədin təbirincə desək, şeir
dünyasında həmişə doğma Nurafizin şeirləri
əsil Təhlə şeirləridir. Təhlədə
yazılmış yox ha.... Təhlə şeirləri. Demək
ki, şeirin torpağı var. Torpağı olan şeirə
ölüm gəlmir. İnsan bu fanidən
köçünü sürüb gedəndə də bəlkə
elə o hesabnan da gözünə torpaq tökürlər.
Bir
ağır hava çal, qoca zurnaçı,
Nənəm
ağır-ağır çıxsın ortaya.
Bir oyun
başlasın ala-torandan
Qurtara bilməsin
gün-günortaya....
Bir vaxtlar bu
cür folklor ahəngini canına hopdurmuş şeirlər
yazan, “qismət yerinə əlimə çatı gəlir”
deyən mərhum şairimiz Arif
Mustafazadədən sonra bizim Təhləmiz də,
Qarayazımız da Nurafizdir. Mən bu sözü tam məsuliyyətlə
deyirəm.
Qaldı
Nurafizin şeir kitabı haqqında sözümə. Bu kitab
dostumuzun 50 ilin başında biz oxucuları ilə birinci
görüşüdür. Ürəkdən deyirəm,
ürəknən deyirəm- xoş
görüşmüşük. “Hamı işıqdan
keçir” adlanan bu sirr dolu sandıqdır bu kitab, oxucu dost. Bu
sirr dolu sandıqdan çıxaracağınız dədə-baba
sözlərimizin sehrinə sehirlənib, oduna
qızınacaqsınız. O sözlərin ki, Siz onunla ilahi
kodları aça bilərsiniz. Yəqin ki, mənin bu dediyim və
deyəcəyim sözlər bir para ruhsuz bədbəxtlərə,
ölü canlara gülməli gələcək, ancaq olsun.
Onsuz da mən sözümü deyəndə heç vaxt
üzümü onlara tutub demirəm. Nə isə
sözüm onda yox, dediyim odur ki, Nurafizin şeir səsi bizi
idarə edən göy planeti ilə əlaqəyə girə
bilir.
Çoxdan zəng
edən yoxdu,
Məni
sükut dəng edib.
Bəlkə
də bu şeirlə
Allah mənə
zəng edib.
Dəqiq
tutubsan, gözəl deyibsən. Şair taleyi səni burada da
tapıbdır.
Dərd gələndə
bildirmədi,
Danışdırıb
güldürmədi,
Məni bu yer
öldürmədi
Öldürəcək
göylər məni.
Əslində
burada şairin dediyi odur ki, öldürübdü yerlər məni,
göylər dirildər inşallah .
Nurafiz- mənə,
Rafiq Hümbətə, Məmməd Dəmirçioğluna,
İbrahim İlyaslıya, Nəriman Əbdülrəhmanlıya,
Allahverdi Təhləliyə, oğlu Nurlana, qızı Nuraya,
Hadinin məzarına, Abdulla kişiyə, bir qurumuş
ağaca, xeyirxah Zinaida İvanovaya, tatar şairi Musa Cəlilə,
Nazim Saniyevə üz tutub şeirlərində. Akif Səmədə
yanğılı şeirlər həsr etməklə həm də
öz keyfiyyətlərini açıb, mənəvi boyunu
güzgüləmiş olub.
Sinəmlə
dağ arasında,
Bir ahın
yolu göynəyir
Pətəklə
bal arasında
Arının
balı göynəyir.
Yorulan yolu
oxşayır,
Qar
döyür, dolu oxşayır.
Gözlərim
yalı oxşayır,
Kəhərin
nalı göynəyir.
Bişibdi
sözün odunda,
Çox sirlər
qalıb yadında.
Bir Akif Səməd
adında
Bir yurdun
halı göynəyir.
Akif Səməd
haqqında şeir yazıb, azacıq da olsa onu şeirə gətirə
bilmək üçün hər şeydən əvvəl
şairə böyük nəfəs lazımdır. Bu mənada
məncə, alınıbdır Nurafizin şeiri.
Nurafizin bir şeiri
var:
Sən kefimi
soruşma,
Soruş:-Dərdin
necədi?
Təzə dərd
qoy qarşıma
Deyim sahat
neçədi.....
İlk dəfə bu şeiri ilə
tanımışam Nurafizi. Daha sonra isə ünlü alimimiz,
ədəbiyyat filosofu Rüstəm
Kamalın, şairlərdən İbrahim İlyaslının, Məmməd Dəmirçioğlunun,
Mahmud Vəlinin, Kəramətin, Ehtiram İlhamın,
Çiçək Mahmudqızının, Fərqanə
Mehdiyevanın, yazıçı-publisist Nəriman Əbdülrəhmanlı
və başqalarının dövrü mətbuatda Nurafiz
haqqında iç səsləri ilə yazdıqları
yazılar, söylədiyi fikirlər bir eloğlusu kimi ürəyimi
qürurlandırdı, içimi oynatdı. İstedadlı
şair hər ikimizin könül dostumuz Rafiz Hümbətlə
Nurafiz haqqında- Rustavidə, xəngəlxanada etdiyimiz
söhbət, Rafiqin bəzi dostlarımız üçün
Nurafizi məhəbbətlə anladan, beynimə daimi
yazılmış söhbətini kino lenti kimi, ruhumun
ehtiyacından dolayı tez-tez gözlərim önünə gətirirəm.
Sağ olsun Rafiq! Nurafizin kitabın bu gün əlimizdə
olmağını ona borcluyuq, oxucu dost. Yoxsa Nurafizə və
onu indiyədək bizdən, biz oxuculardan gizlədən
tanışlarının, “bağrıbadaşlarının”
umuduna qasaydı, 50 ilin başında işıq üzü
görən bu kitabına hələ də həsrət idik.
Deyəsən axı uzunçuluq edirəm. Bağışla
məni, oxucu dost! Ancaq icazə ver ki, Nurafizin çox
xoşladığım bir şeiri ilə öz oxucu qeydlərimə
yekun vurum.
Dağlar anama oxşayır
Çiçəkləri
zərif, ürkək,
Bulağının
qəlbi kövrək.
Sığal
çəkən əli-külək
Dağlar
anama oxşayır.
Qucaqladı
duman-çəni,
Qəlb
oxşadı göz görəni
Bulaqları
öpdü məni-
Dağlar anama
oxşayır.
Ağ
saçıydı ağ qar, gördüm,
Qocalmışdı
dağlar, gördüm
Qırışları-yollar
gördüm
Dağlar
anama oxşayır.
Dağlar məni
sınadımı,
Gec gələndə
qınadımı,
Yol gözləyən
anadımı?
Dağlar
anama oxşayır.
Eşq olsun
bu mübarək poeziyaya!
Həmid ORMANLI
Olaylar.- 2012.- 31 yanvar.- S.13.