Siqaretin düşməni - faydalı məşğuliyyət

  

Kəmalə Ağazadə: “Uşaqlar nə qədər nəzarətsiz qalsalar zərərli vərdişlərə meyllilik o qədər çox olacaq

 

Nazir Quliyev: “Bu gün küçədə yaşayan uşaqların əksəriyyəti öncədən siqaret çəkmək və digər vərdişlərlə başlayıblar”

 

İradə Yaqubova: “Valideynlər bilməlidirlər ki, uşaqlar bu dərnəklərə getməklə həm zərərli işlərdən uzaq olarlar, həm də bir çox istedadları üzə çıxar”

 

 Hər il dünyada 5 milyon insan siqaretdən dünyasını dəyişir. Ümumiyyətlə, siqaretin zərərləri haqqında çox danışılıb. Ancaq hər ilbu vasitələrdən istifadə edənlərin sayı artır və siqaret yaşı daha da gəncləşir. Son zamanlar küçələrdə əllərində siqaret olan azyaşlılara daha çox rast gəlirik. Onlar utanıb-çəkinmədən sanki bununla fəxr edir və çəkməkdə haqlı olduqlarını göstərməyə çalışırlar. Bunun qarşısını almaq istiqamətində işlər görülsə də, say azalmır. Mütəxəssislər uşaqların aşağı yaşlarda zərərli vərdişlərə meyl etmələrinin birinci səbəbinin valideynlərin üzərinə düşdüyünü deyirlər. Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə bildirdi ki, təşkilat Açıq Cəmiyyət İnstitutu, Qlobal Fondla birlikdə Səhiyyə Nazirliyinin proqramı çərçivəsində həssas qruplar arasında HİV və AİDS-in profilaktikası məqsədilə layihə həyata keçirir.

 

Lahiyə çərçivəsində məqsəd həm də uşaqların narkomaniyaya, siqaretə meylinin qarşısını da almaqdır. Hesab edirik ki, bu halların qarşısını almaq üçün əsas vasitə məlumatlanmaqdır. K.Ağazadə uşaqların zərərli vərdişlərə aludə olmasının onların asudə vaxtlarının nəzarətsiz qalması ilə əlaqələndirir. “Uşaqlar nə qədər nəzarətsiz qalsalar zərərli vərdişlərə meyllilik o qədər çox olacaq, baxımsız şəraitdə olan uşaqların da sayı artacaq. Ona görə də valideyn məsuliyyəti çox önəmlidir. Bunun üçün də uşağı daim təzyiq altında saxlamaq deyil, uşaqlarla davamlı olaraq söhbət aparmaq lazımdır. Uşağın yaxın ətrafı, dostlarını araşdırmaq, hansı çevrədə olduğunu öyrənmək lazımdır. Uşağın ən əsas dostu onların valideynləri olmalıdır. Ancaq valideynlər uşaqlara kifayət qədər vaxt ayırmadığına görə, onların siqaret, narkomaniya, cinayətkarlığa meyllənməsi halları da çoxalıb. Bu da onların həm sağlamlığı, həm də cəmiyyətdə formalaşması ilə bağlı bir sıra fəsadlara səbəb olur. Valideyn daim bilməlidir ki, uşaq məktəbdə nə edir, əgər dərsdən yayınıbsa nə ilə məşğul olub, ona görə də, hər zaman məktəblə əlaqəli olmalıdır. Ancaq bu gün valideynlər arasında bir məsuliyyətsizlik var, valideynlər biləndə ki, övladları siqaret çəkir, əksəriyyəti etinasızlıq göstərir , “Atası çəkir, ona baxıb çəkir”, ancaq onlar bilməlidirlər ki, uşaq atasına baxıb siqaret çəkirsə, bu valideynin məsuliyyətini azaltmır. Valideynlər çox zaman özləri uşağa pul verir ki, siqaret və ya içki al. Bir dəfə siqaret alacaq, sonra dostlarının təsiri ilə narkotikin dadına baxacaq”. 

 

Cərimələr olmalıdır...

 

Uşaq hüquqları üzrə QHT alyansının sədri Nazir Quliyev bildirdi ki, insanlar anlamalıdırlar siqaret nəinki azyaşlılar, bütün insanlar üçün zərərlidir. Siqaret çəkənlərlə çəkməyənlərin bir mühitdə olması çəkməyənlərin hüquqlarının pozulması deməkdir. “Uşaqların siqaret çəkməsi daha təhlükəlidir. Bu onların gələcəkdə pis vərdişlərə yiyələnməsinə də səbəb ola bilər. Aparılan araşdırmalar göstərir ki, bu gün küçədə yaşayan uşaqların əksəriyyəti öncədən siqaret çəkmək və digər vərdişlərlə başlayıblar. Siqaret çəkən uşaqlar sonradan evdən qaçmaq, küçələrdə yaşamağa, işləməyə meylli olurlar. Məktəblərin yaxınlığında, küçələrdə azyaşlıların əllərində siqaret görmək çox təəəssüfləndirici haldır”. N.Quliyev qanunvericilikdə uşaqlara siqaret çəkməyin qadağan olunduğunu desə də, buna çox az hallarda əməl olunur. “Qanunvericilikdə qadağan olunub ki, azyaşlılara siqaret satılmamalıdır. Ancaq buna nə dərəcədə əməl olunması şübhəlidir. Ona görə də burada ən önəmli məsələ insanların daxili məsuliyyətindədir. Yəni, bunu uşaqlara satan hər bir sahibkar düşünməlidir ki, sabah mənim də övladım digər mağazalardan siqaret ala bilər. Həmçinin bu sahibkarlara qarşı mütəmadi olaraq cərimələr tətbiq olunmalıdır”.

 

Böyüklərə oxşamaq...

 

Qeyd edək ki, uşaqların bu zərərli vərdişlərə meyl etməsinin bir səbəbi də, ətraflarında siqaret çəkən insanların çox olmasıdır. Yəni, uşaqlar çox zaman özlərinə örnək saydıqları insanların siqaret çəkdiyini görür və belə hesab edir ki, o da çəkə bilər. “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova uzun müddət bu istiqamətdə araşdırmalar apardıqlarını deyir. “Bu istiqamətdə məktəblərdə, universitetlərdə sorğular keçirmişik. Apardığımız araşdırmalarda uşaqların niyə bu zərərli vərdişlərə meyllənməsini müəyyənləşdirmişik. Məlum oldu ki, uşaqlar hər zaman özlərinə bir örnək axtarırlar. Balaca uşaq üçün örnək valideynlərdir. Əgər ata-ana siqaret çəkib- çəkməməyi uşağa da təsir edir və o artıq siqaret çəkməyə adi yanaşır. Artıq dördüncü sinifdən sonra isə, uşaqlar özlərindən yuxarı siniflərin şagirdlərini nümunə kimi qəbul edir və onlara bənzəmək istəyirlər. Bir neçə il əvvəl məktəblərdə siqaretin zərərləri ilə bağlı debatlar təşkil edirdik, bu zaman şagirdlərdən biri dedi ki, əgər siqaret çəkənlərin sayının azalmasını istəyirsinizsə, o zaman yuxarı sinif şagirdlərinə və məktəbdə və məktəbin yaxınlığında siqaret çəkmələrinin qarşısını alın. Azyaşlı uşaqlar onların siqaret çəkmələrini görməməlidirlər. Çünki bu zaman onlar oxşamaq istədikləri gənclərin siqaret çəkdiyini görəndə düşünəcəklər ki, həmin gənclər kimi güclü, qüvvətli, hündür olmaq üçün siqaret çəkməlidirlər”.

 

Zərərlidirsə, niyə mağazada satılır?..

 

Qeyd edək ki, mütəxəssislər siqaret və digər zərərli vərdişlərdən qorunmaq üçün uşaqlar arasında daim maarifləndirmə işlərinin aparılmasını vacib hesab edirlər. Ancaq onlar maariflənmənin köhnə üsullarını yox, bu istiqamətdə yeni üsulların tətbiqini vacib hesab edirlər. Ümumiyyətlə, aşağı yaşlarda siqaret çəkməyə başlayanlar digər zərərli vərdişlərə daha çox meylli olurlar. Onlar sonradan narkomaniya, hətta cinayəti də normal qəbul edirlər. N.Quliyev bu problemin həlli üçün valideyn məsuliyyətsizliyi, asudə vaxtlarının təşkili ilə bağlı problemlərin də təsirinin olduğunu deyir. “Siqaret çəkənlərin sayının azalması üçün maarifləndirmə işləri aparılmalıdır. Bir çox ölkələrdə maarifləndirmə işləri əsasən məktəblərdə aparılır. Ancaq bu “siqaret pisdir, onu istifadə etmək olmaz ” kimi yox, daha çox elmi və digər əsasları uşaqlara çatdırmaq lazımdır. Təcrübə göstərir ki, uşaqların aşağı yaşlarda siqaret çəkməyə başlamasının qarşısı alınmazsa, bu sonradan daha pis- spirtli içki, narkotik maddələrdən istifadə ilə nəticələnə bilər”. K.Ağazadə isə deyir ki, uşağa bu vərdişin zərərləri haqqında danışmaq lazımdır. “Ancaq uşaqlara deyəndə ki, siqaret zərərlidir, uşaq cavab verir ki, “zərərlidirsə, niyə mağazalarda satılır”? Ona görə də, əvvəlcə valideynlər özləri zərərlər haqqında məlumatlı olmalıdırlar ki, uşaqlar da bu haqda düzgün məlumatlansınlar. Bundan başqa uşaqları yaradıcı vərdişlərə yiyələndirmək lazımdır”. İ.Yaqubova da bu işin təşviqat üslubunda qurulmamasının tərəfdarıdır. “Uşaqlara “siqaret çəkmək ziyandır” kimi bir təşviqat formasında demək tam effektsizdir. Çünki siz nə qədər desəniz də uşaq görəcək ki, 70 yaşlı baba və ya qonşu siqaret çəkir. Ona görə də, böyüklər uşaqların görməyəcəyi bir yerdə siqaret çəkməlidirlər. Bundan başqa siqaret çəkən valideynlər uşaqlarına buna görə yaşadıqları problemlərdən danışmalıdırlar. Həmçinin bəzən birbaşa uşağa müraciət etmədən də öz aralarında siqaretin zərərlərindən söhbət etsələr uşaqların beyninə həkk olunacaq”.

 

Rəqs, şahmat, musiqi...

 

 Mütəxəssislərin fikrincə uşaqların zərərli vərdişlərə meyl etməsinin bir səbəbi də onların asudə vaxtlarının düzgün dəyərləndirilməməsi ilə bağlıdır. Yəni, məktəbdən evə gələn uşaq dərslərini etdikdən sonra, başqa iş olmadığından küçəyə çıxır, orada müxtəlif uşaqlarla rastlaşır, xüsusən də valideynlərin nəzarəti olmadıqda onların müxtəlif qruplara qoşulması ehtimalı isə daha çox artır. Ancaq onlar müxtəlif dərnəklərə yazılıb asudə vaxtlarında orada olsalar, pis vərdişlərdən də uzaq olarlar. İ.Yaqubova da uşaqların asudə vaxtlarının düzgün təşkil olunmasının çox önəmli olduğunu deyir. “Burada isə, əsas məsuliyyət valideynlərin üzərinə düşür. Xüsusən də, valideynlər işləyirsə, uşaq nəzarətsiz qalır və istədiyini edir. Ona görə də, uşaqların asudə vaxtlarını küçələrdə keçirməməsi üçün onlar məktəbdənkənar dərnəklərə yazılmalıdırlar. Ancaq təəssüf ki, bizim valideynlər çox zaman evlərinin yaxınlığında olan dərnəklərdən belə xəbərsiz olurlar. Onların xəbərsiz olmasının bir səbəbi valideynlərin maraqsız olmasıdırsa, başqa bir səbəb həmin dərnəklər haqqında məktəblərdə informasiya verilməməsidir. İnternetdə isə, axtarsanız yalnız ödənişli dərnəklər haqqında bir az məlumatlar var, onlarda isə aylıq ödəniş 80-120 manat arası dəyişir. Buna isə hər kəsin imkanı olmur. Ancaq hər bir rayonda dövlətin maliyyələşdirdiyi tam ödənişsiz olan dərnəklər də var ki, orada rəqs, rəsm, şahmat, qiraət və s. öyrədilir. Valideynlər bilməlidirlər ki, uşaqlar bu dərnəklərə getməklə həm zərərli işlərdən uzaq olarlar, həm də bir çox istedadları üzə çıxar”.

 

 

Gülxar Şərif

 

Olaylar.- 2012.- 31 yanvar.- S.12.