Şamanizmin
fəlsəfi qatarı
Bəşər
tarixində türklərin əcdadı İlahi qüvvəni
ilk tanıyanlardan oldu
I
Söhbət
İnsanlıq yəqin ki, Yer həyatını
dərk etməyə başladığı andan etibarən
özünün heç də tək
olmadığını anlamağa başlamışdır.
Onu əhatə edən dünya o qədər böyük və
hüdudsuz idi ki, özünün bu aləmdən daha
böyük və daha güclü sayılması
mümkün deyildi. Sonralar o həmişə
özünün daha böyük və daha qüdrətli
olmasını təsdiq etmək maniyası ilə
yaşayacaqdı. Buna görə qətllər, müharibələr,
hər cür günahlar yaranacaqdı. İnsan Yer
dünyasına hakim olmaq və bu dünyada hər şeydən
güclü və böyük olmaq sevdası ilə ərazilər,
torpaqlar zəbt edəcək, ən uca binalar, saraylar, uca məqamlar
düşünüb tapacaq və özünü ora yüksəldəcəkdi.
Amma nəhayət Yerdən daha böyük planetlərin, aləmlərin
mövcudluğunu dərk edib susacaqdı. Çünki
bütün bunları yaradan daha böyük sayılmalı
idi. İnsan öz şüurunun ən ali sivilizasiya məqamına
yetişdikdə özündən, hamıdan, Yer
dünyasından və bütün aləmlərdən daha
qüdrətli olan varlığın Uca Yaradan – Allah
olmasına qəti əmin olacaq və mütləq hakimlik
iddialarından əl çəkəcəkdi. Lakin Allahı
tanıyana və dərk edənə qədər o uzun bir yol
gələcək, müxtəlif digər inanclara
tapınacaqdı. Bunlar olmadan
o, Tovhid dininə - tək və Vahid Allaha tapına bilməzdi.
Ətəksiz zirvə olmadığı kimi ibtidai inanclar
olmadan ali təfəkkür həqiqətinə də
çatmaq mümkün deyil. Nə xoş ki, bu yolda ilk addımları
türk insanı – onun ulu əcdadı atdı. Fövqəlbəşər
qüvvənin dərk olunması və onunla əlaqə
yaratmaq cəhtləri ilk olaraq şamanizmə məxsusdur.
Şamanizm insanlığın ən
qədim dini sayılır. Onun qurucusu olan peyğəmbəri
yoxdur. Əslində bizim sonradan tanıdığımız
bir sıra dinlər var ki, onların da nə peyğəmbəri,
nə də əsas dini kitabı mövcud deyil. Hələ əlifba
yaranmadığı üçün şamanizmin də dini
kitabının olmaması anlaşılandır. Ona inanan və
etiqad göstərənlər çox olduğuna görə
filosoflar və teoloqlar tərəfindən din hesab edilir. Əslində
ibtidai dini inanclar toplusu, fəlsəfə, ibtidai parapsixologiya
və ekstrasensorika da hesab oluna bilər. Daha çox
sehrkarlıq, ibtidai etiqadlar və sirli ayinlər toplusudur. Onu həm
də ruhlara və təbiət varlıqlarına
tapınmağa söykənmiş qədim Asiya dini hesab edirlər.
Şamanizm dəqiq yaranma tarixi məlum deyil. Şamanizm
çox güman ki, kosmik şüurla bağlı olan, ruhlar
aləminə təmas edə bilmiş şəxslər tərəfindən
yaradılmışdır. Çünki onun ayinlərində
ruhlara, cinlərə, pərilərə əmr edilməsi, gələcəkdən
xəbər verilməsi mühüm yer tutur. Bu isə həm
də sehr elmi, praktik okkultizm, magiya vasitəsilə
mümkündür. Şamanizmin buna görə də sonralar
"müqəddəs" sayılacaq bir sıra sehr
kitabları formalaşdırıldı. Fərziyyəyə
görə Nuh əleyhissəlamın üçüncü
oğlu Yasef özünün yüzlərlə nəvəsi
ilə Asiyanın ortalarına köç edib oralarda məskunlaşdı.
Onlar burada artıb ətraf yerlərə yayıldılar. Eləcə
də çoxalıb Şərqi Asiya və Okean adalarına
qədər böyük bir əraziyə hakim oldular. Yasef
öldükdən uzun illər sonra, onun varisləri yoldan
azmağa, Nuhun və Yasefin dinini, nəsihətlərini
unutdular. Bu isə onların əqli səviyyəsini geriyə
çəkdi. Beləki, onlar ibtidai qaydada, heyvan kimi
yaşamağa başladılar. Nəticədə hətta
Allahdan da üz döndərib ulduzlara, aya, günəşə,
heykəllərə, heyvanlara, cinlərə sitayiş etməyə
başladılar. İbtidai şamanizmin də təxminən məhz
bu mərhələdən başlandığını iddia
etmək mümkündür. Məhz bu dövrdən etibarən
insanlar əkinçilik və maldarlıq kimi oturaq işlərlə
məşğul olmağa başlamışdılar.
Oturaqlıq isə insanı daha çox düşünməyə
vadar edir. Və bu zaman insan fövqəlqüvvələrin
mövcudluğunu hiss edir. Daim praktik axtarışda olan ibtidai
insan üçün real varlıq (qida və sair)
tapılması daha əsas amil sayılır. Oturaq həyat, dərin
məskunlaşma getmədən də çatma barəsində
xəyallar, düşüncələr
formalaşdırır. Beləcə ilk fəlsəfi
düşüncələr yaranır. Şamanizm
inanclarına görə dünya - göy, yer üzü və
yerin altı olmaqla üç hissəyə
bölünür: 1."İşıqlıq Aləmi"-
bu hissə göyü, yuxarı dünyanı, tanrı
Ülgeni və yaxşı ruhları təmsil edir. 2."Orta
Dünya"- Yer üzünü və insanları meydana gətirir.
3."Aşağı
Dünya"-Yeraltı dünya, tanrı Ərliyi və ona məxsus
olan pis ruhları əmələ gətirir. Şamanlıqdan
doğan fəlsəfə yaradılışın maraqlı
hekayətini təqdim edir. İlk öncə hər tərəf
su idi, Ülgen xan suyun içində biçimini dəyişmiş
şəkildə üzərdi. Bir gün göylərdən
bir səs Ülgenə əmr verdi və o, bu əmrə itaətlə
dənizdən cıxıb, ağıl evinə endi. Yeri və
göyləri necə yaradacağını düşünərkən,
su icindən Ərlik də gəldi və Ülgenə bu
işi necə görəcəyini anladıb getdi. Onun verdiyi
bilgilər əsasında Ülgen yeri və göyü
yaratdı.
Şamanizmdə 3 ana dünya əsas
götürülür:
1. Göy Ülgenin ogullarının
və qızlarının yaşadığı dünya;
2. Dünya - insanların və
ruhların yaşadıgı dünya;
3.Ərliyin (yeraltı və cinsilik
tanrısı) oğullarının və qızlarının
yaşadığı dünya.
Bu tanrıların Ülgen və Ənlik)
oğulları və qızları da ayrı-ayrı tanrılardır.
Yer üzündəki həyat
Ülgenlə Ərlikin yaratdığı
tarazlığın pozulması nəticəsində təşəkkül
tapmışdır. Hər iki tanrının yoldaşları,
uşaqları, köməkçiləri və sair var. Onlar
yeraltı və göylər arasında bir tarazlıq yaratmaq
məcburiyyətindədirlər. Şamanlar da məhz bu qisimdə
tarazlıq qurucusu kimi çıxış edirlər. Eynən
ağ və qara magiya kimi sonralar Qara və Ağ şamanlar
yaranmışdır. Bu isə ağ və qara kimi ifadələnən
müsbət və mənfi qüvvələrə, bu
xüsusda enerjiyə işarədir. Deməli, şamanlar hələ
ibtidai təsəvvür zamanı sayılan çağlarda
da enerji mövcudluğunu dərk etmiş və ona təmasla
sehrli ayinlər icra edə bilmişlər. İlk
baxışdan şamanizmin təkallahlıqla heç bir əlaqəsi
yoxdur. Amma şamanizm böyük və sirli bir qüvvənin
olduğunu qəbul edirsə, deməli, onun möhtəşəm
qüvvəsini də qəbul edir. Bu qüvvə isə
yalnız bir mənbəyə bağlıdır – Tanrıya!
Sonradan Tenqri anlayışının yaranması da heç təsadüfi
deyil. Şamanizmdə olan sehrlər də buna görə digər
inanclarda olduğundan çox fərqlənir. Şamanizm Orta və
Şimali Asiya xalqlarında, tunguzlarda, moğollarda, mancurlarda,
yaponlarda, eskimolarda, vogullarda, ontiyaklarda, samoyedlerdə,
Qafqazlarda, Hindistanda, Çində, Yaponiyada, İndoneziyada,
Malaziyada, Polinezyada, Avstraliyada, Okeanıya adalarında,
Alyaskada, Grenland və İslandiyada, Şimal Amerikada və
Afrikanın bir çox yerlərində hələ qədimlərdən
çox geniş yayılmışdır. Təbii ki, bu ərazilərdə
şamanizm eyni zamanda və sonradan özü-özünə
yarana bilməzdi. Bu ərazilərə şamanizm təlimləri,
ideya və ayinləri türklərin ulu əcdadlarının
yaşadığı Orta və Şimali Asiyadan, Tunguzlardan,
Moğollardan, Mancuriyadan, Eskimolardan, Qafqazlardan, Şimali
Hindistandan, Çindən, Alyaskadan yayılmışdır.
"Şaman" sözünün haradan gəldiyi, hansı
mənanı daşıdığı isə tam aydın
deyil. Bir ehtimala görə Hindistandakı Pali dilində
"ruhlardan ilhamlanan adam" mənasını verən
"samana" sözündən
götürülmüşdür. Şamanizmdə ayrıca
Şaman məvhumu da mövcuddur. Şaman dininin ayin və mərasimlərini
bilən, ruhlarla insanlar arasında vasitəçilik edən,
ümumiyyətlə, dinin bütün ayin və
rituallarını icra edən kahinlərə Şaman deyilir.
"Şaman" sözü evenk dilində "Etiqad" mənasını
verən sözdür, türklər şamana " Kam"
deyirlər. Uyğurlar isə "Kam" sözündən
"din adamı" mənasında deyil, cadugər, sehirbaz mənasında
istifadə edirlər, onlara görə Şaman xəstəlikləri
sağaldan, ağrıları aparan, dəliliklərə və
xəstələrə dərman edən şəxs mənasında
və "odaçı" deyə çağrılır.
Qırğızlarda şamanı "Gandır" ,
Moğollarda isə "Bögedir" adlandırırlar.
Şamanizmdə Ülgen ( göylərə
aid olan yaxşı ruhların tanrısı) və Ərlik
(yerin altında məskunlaşan pis ruhların tanrısı)
sonralar Atəşpərəstlikdə özünü Ahura Məzda
( xeyir Allahı Hörmüz) və Anhra Manyu ( şər
Allahı Əhrimən) kimi ifadə etmişdir. Şamanizmin
sonra gələn əksər dinlərin inanclarına və
ayinlərinə birbaşa təsiri olmuşdur. Bu isə
yalnız onun özünün də tovhid dininə aid
olmasına işarədir. Əks təqdirdə bu dinlərdə
şamanizmdən heç bir əlamət özünü təzahür
etdirməzdi.
Şamanizm
inanclarına görə bir tərəfdə göy
üzündə məskən salmış yaxşılıq
tanrıları, o biri tərəfdə yer altının
qaranlığına basdırılmış pislik
tanrılarına və ağacda, daşda, dağda, suda, atəşdə,
ayda, günəşdə yatan ruhların varlığına
inanırlar. Tanrı - ən böyük ruh səmanın
üst təbəqəsində insan şəklində bir
varlıq olaraq təsəvvür edilir. Bu böyük ruh,
insanları, yeri, günəşi, ayı, ulduzları, düzənlikləri,
atəşi, yaratmış, kainatı hazırki münasib
nizama salmışdır. Şamanizm Yerdə və göydə
baş verən müxtəlif təbiət hadisələrinin
Böyük Tanrı və ruhlar vasitəsilə gerçəkləşdiyini
bildirir. Ruhlar da tanrılar kimi yaxşı və pis ruhlara
bölünür. Xəstəlik və ölüm pis
tanrıların əməli sayılır. Ağaclara,
daşlara indi də müxtəlif rənglərdə
parçalar bağlanılması şamanlıqdan
qalmış ayinlərə aiddir. Göydəki tanrılara
ağ, su ruhlarına qırmızı, Yeraltı tanrılara
və ruhlara isə qara bez parçalar aid edilir . Bir çox ərazilərdə
daş yığıb ona sitayiş olunması indi də
mövcuddur. Məsələn, Monqolustanda onlara şans versin,
bəxtini açsın, taleyini işıqlandırsın deyə
yol kənarlarında "Ovo" adlanan daş
yığınları yaradıb ətrafında dualar edilir.
Şamanlar
Göy Tanrı tərəfindən bu vəzifəyə gətirildikləri
və Tanrı ilə insanlar arasında vasitəçi
olduqları iddiasındadırlar. Bunu bir növ peyğəmbər
kimi də qəbul etmək olar. Amma onları 124 min peyğəmbər
sırasına aid etmək yaramaz. Çünki bu halda peyğəmbərlik
sayı sonuncu peyğəmbərdən sonra 124 min həddini
keçməlidir və ötən 1400 ilə yaxın vaxt ərzində
dünyaya daha bir neçə min şaman gəlmişdir.
Şaman xüsusi fiziki üsullar, ətirlər, qidalar,
tüstülər, sözlər, musiqi, ritm və sözlər
vasitəsilə vəcdə gələrək, ruhunu göylərə
yüksəldir, yer altına enir. Oralarda gəzmək
üçün şaman fiziki bədənindən
ayrılaraq trans (“eşqinlik” halına gəlir. Bu zaman onun
huşunu itirib özündən getməsi də
mümkündür. Hind yoqları lotos (Nilufər gülü)
pozasında oturaraq meditasiyaya dalır və bu vəziyyətdə
transa düşürlər. Şamanın huşunu itirib yerə
sərilməsi onun artıq göy və yeraltı aləmə
səyahətə çıxmasını ətrafdakılara
bildirir. Şaman vəcd əsnasında, ruhları öz rəhbərliyi
altına alır, ölülər, təbiət ruhları
(cinlər-pərilər) və şeytanlarla əlaqə
yaradır. Ruhlar və tanrılar dünyası ilə konkret əlaqələrə
girişən şaman, bir çox ruhlar üzərində
hakimiyyətə də sahib ola bilir. Ruhlar şamanlara ayı,
qurd, maral, dovşan, müxtəlif quşlar, (xüsusilə
qartal), bayquş, qarğa surətində görünür.
Ruhlar böyük bir böcək, ağac, torpaq, atəş
şəklində də ortaya çıxa bilir. Şaman
lazım olanda bütün köməkçi ruhları onlar
dünyanın dörd bucağında belə olsalar
çağıra bilər. Bu çağrışı o
öz barabanını və ya dəfini çalmaqla həyata
keçirdir.
Şamanizm
inancına görə birisi öldükdə şaman rahib mərhumun
evində ailəsi ilə birlikdə bir sıra dualar oxuyur.
Bunda məqsəd hələ dünyada olan ölünün
ruhunu rahatlaşdırıb doğru bir şəkildə
diğər ölçüdəki (axirət) ikinci həyatına
davam etməsini təmin etməkdir. Eyni zamanda ölən adam
üçün "öldü" demək düzgün
sayılmır. Şamanizmə əsasən insan
üçün yalnız "dünyasını dəyişdi"
deyilməsi düzgün hesab edilir. İndinin özündə
də bu ifadə geniş istifadə edilir. Üç
dünya anlayışına əsasən ölən insan əslində
bu üç aləmdən birində ölməklə digərinə
keçid alır. İslamda bu, üsuliddinin tərkib hissəsi
olan Məad kimi ifadə olunur. Şamanlıq təkcə
sonradan qazanılan bir vəzifə deyil, burada nəsil
ötürməsi mühüm rol oynayır. Eyni tərz
İslamda özünü dini vilayətin
imamlığının ötürülməsi kimi ifadə
edir. İmamlıq da nəsildəki ən münasib və
Allahın seçim etdiyi şəxsə
ötürülür. Şaman olacaq kimsə mütləq
hansısa bir şamanın nəslindən olmalıdir.
Müvafiq lazımi əlamətləri daşıyan uşaq,
müəyyən bir yaşa çatdıqda yaşlı bir
şamandan xüsusi təhsil almalıdır. Gənc şaman
böyük şamanlara imtahan verdikdən sonra şamanlıq
səlahiyyəti alır. Yalnız bundan sonra dini mərasim,
bayram mərasimi, qurban mərasimi, dua oxuma və başqa vəzifələri
həyata keçirdə bilər. Gənc şamanlar hər
biri ayrıca bir varlığın simvolu olan qəribə
(xüsusi ) geyimlər, papaqlar geyinir, maska taxır və
xüsusi bir şəkildə hazırlanmış
barabanını və ya dəfini çalmağa
başlayır. O özündən gedib tanrılarla və
ruhlarla təmas tapana qədər tullanar, sıçrayar, qəribə
səslər (heyvan səsləri) çıxarar, yalvarar, yerdə
sürünər, dualar oxuyar, bəzən hətta huşunu
itirərək bayılar. Rahib şamandan alqış alan gənc
şaman istəklərinin yerinə yetəcəyinə bundan
sonra inanmağa başlayar, əks halda ona "Saman" titulu
verilə bilməz. Hər sehrlə məşğul olan da
"Şaman" sayılmaz.
Hafiz Mirzə
Olaylar.- 2012.- 31 yanvar.- S.10.