"Korrupsiyaya qarşı mübarizə dövlətin
həyata keçirdiyi şüurlu
siyasətdir"
Vasif Mövsümov:
“Bəzi məmurların da belə təbliğ
etdiyi kimi korrupsiyaya qarşı mübarizə kompaniya xarakteri
daşımır”
“Korrupsiyaya qarşı mübarizə nə qədər
effektli həyata keçirilir
və bu istiqamətdə müsbət
addımlar atılırsa, bir o qədər bu mübarizəyə
qarşı məmur müqaviməti başlayır”
Nazirlər
Kabinetinin 2011-ci ilin sosial-iqtisadi yekunları və 2012-ci ildə
qarşıda duran vəzifələrlə
bağlı iclasında prezident İlham Əliyevin korrupsiya
və rüşvətxorluğa qarşı mübarizənin
bundan sonra da davam etdirilməsi barədə
verdiyi tapşırıq və tövsiyyələrə
əsasən sözügedən sahədə növbəti addımların
atılacağı ümidi yaradıb. Məlum
toplantıdan sonra bir
neçə dövlət orqanında korrupsiya
və rüşvətxorluq hallarına yol
vermiş şəxslərin tutduqları
vəzifələrdən kənarlaşdırılması da belə deməyə əsas verir.
Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru
Vasif Mövsümov da hesab edir
ki, korrupsiya və
rüşvətxorluğa qarşı mübarizə getdikcə
daha effektli
aparılacaq. Fondun icraçı direktorunun sözlərinə görə, bir çoxlarının qeyd
etdiyi kimi korrupsiyaya qarşı mübarizə kampaniya xarakteri
daşımır və bu dövlətin
həyata keçirdiyi bir
siyasətdir. Vasif Mövsümov Korrupsiyaya
Qarşı Mübarizə Fondunun korrupsiya və rüşvətxorluq
hallarına qarşı mübarizə istiqamətində həyata
keçirdiyi tədbirlər və bu kimi neqativ
hallara qarşı aparılan mübarizəyə
cəmiyyətin nümayiş etdirdiyi mövqe barədə
də danışıb.
-Vasif müəllim, keçən il
korrupsiya və rüşvətxorluğa qarşı mübarizə
istiqamətində həyata keçirilən tədbirlər,
atılan addımları necə dəyərləndiririniz?
-Keçən
ilin yanvar ayından etibarən Korrupsiyaya Qarşı
Mübarizə Fonduna daxil olan şikayətlər artmağa
başladı. Çünki dövlət səviyyəsində
korrupsiyaya qarşı mübarizə istiqamətində
atılan addımlar, həyata keçirilən tədbirlər
öz nəticəsini verirdi. Təxminən keçən ilin
ortalarına qədər vətəndaşlar tərəfindən
fonda daxil olan şikayətlər artmağa başladı. Bu
tendensiya keçən ilin yayına qədər davam etdi.
Sonradan isə vətəndaşlar tərəfindən edilən
şikayətlərin sayı azalmağa doğru getdi.
Ümumiyyətlə, korrupsiyaya qarşı mübarizə nə
qədər effektli həyata keçirilir və bu istiqamətdə
müsbət addımlar atılırsa, bir o qədər bu
mübarizəyə qarşı məmur müqaviməti
başlayır. Məmur müqaviməti nəticəsində
vətəndaşların şikayətlərinin
baxılması işində hansısa süründürməçilik
olduğu halda vətəndaşların şikayətlərin
sayı da azalmağa doğru gedir. Bəlkə də bu
artıq vətəndaşların problemlərinin olmaması
ilə bağlıdır. Ancaq hesab edirəm ki, bu elə deyil.
Problemlər var, qalmaqdadır. Korrupsiya və rüşvətxorluğa
qarşı nə qədər çox mübarizə
aparılırsa, bir o qədər müqavimət yaranır.
Daha dəqiq desək dövlət orqanlarında yol verilən
süründürməçilik halları, vətəndaşların
ərizə və şikayətlərinə
baxılmasında yaranan problemlər müraciətlərin
azalmasına gətirib çıxarır.
-Ayrı-ayrı dövlət
orqanlarında fəaliyyət göstərən qaynar xətlər
vətəndaşların ərizə və şikayətlərinin
həllində nə dərəcə də müsbət rol
oynayır?
-Vətəndaşlar
tərəfindən edilən ərizə və şikayətlərə
baxılmasında qaynar xətlərin çox böyük
rolu var. Ancaq təəssüflər olsun ki, korrupsiya və
rüşvətxorluq halları ilə bağlı vətəndaşların
şikayətlərinə baxılmasında bizdə yalnız
161 xidməti fəaliyyət göstərir. Digər bir tərəfdən
vətəndaşlar çox zaman hara müraciət etməli
olduqları yeri bilmirlər. Vətəndaş-məmur
özbaşınalığı, sahibkarlıq fəaliyyətinə
qeyri-qanuni müdaxilə halları ilə hara müraciət
etməli olduğunu dəqiq bilmir. Bu da öz növbəsində
cəmiyyətdə baş verən bu kimi neqativ hallarla
bağlı müraciətlərin azalmasına səbəb
olur.
-Sizcə korrupsiya və rüşvətxorluğa
qarşı mübarizə istiqamətində daha çox nəyə
fikir vermək lazımdır?
-Hesab edirəm
ki, əsas diqqəti vətəndaşların ərizə və
şikayətlərinə baxılması məsələsinə
yönəltməliyik. Bu gün də həmin mənfi hallar
qalmaqdadır ki, vətəndaşın şikayət ərizəsi
yenidən onun şikayət etdiyi dövlət orqanına
göndərilir. Təəssüflər olsun ki, yenə də
bu cür mənfi hallarla rastlaşırıq. On görə də,
şikayətlərin qəbul olunmasında təkmilləşməyə
ehtiyac var. Həmçinin Azərbaycanda mərkəzləşdirilmiş
qaynar xəttin olmasına çox böyük ehtiyac var. Daxili
İşlər Nazirliyinin 102 xidməti kimi xidmətin
olmasına ehtiyac var ki, operativ şəkildə şikayətlərə
baxılsın. Bu məsələlərin həllində təkmilləşməyə
çox böyük ehtiyac var. Hamımız bilirik ki, dövlət
orqanlarında daxili nəzarət qurumları fəaliyyət
göstərir. Lakin təəssüflər olsun ki, daxili nəzarət
qurumları vətəndaş cəmiyyətinin nəzarətindən
kənardır. Həmin daxili nəzarət qurumlarına vətəndaş
nəzarətinin artırılması zəruridir.
-Prezident İlham Əliyev bu günlərdə
Nazirlər Kabinetinin 2011-ci ilin yekunlarına dair iclasında bir
daha korrupsiya və rüşvətxorluq hallarına
qarşı mübarizənin zəruriliyini qeyd etdi. Sizcə,
sözügedən istiqamətdə yaxın vaxtlarda yenidən
ciddi addımlar atılacaqmı?
-Əvvəlcə
onu qeyd edim ki, korrupsiyaya qarşı mübarizə heç də
bir kampaniya deyil. Bəzi məmurların da belə təbliğ
etdiyi kimi korrupsiyaya qarşı mübarizə kampaniya xarakteri
daşımır və bu dövlətin həyata
keçirdiyi şüurlu siyasətdir. Dövlət
başçısı da dəfələrlə bunu qeyd edib.
Ona görə də bu siyasət davam etdiriləcək.
Korrupsiyaya qarşı mübarizənin davam etdirilməsi bizim
dövlətimizə, vətəndaşların rifahına
xeyirdir. İlk növbədə isə bu Azərbaycanın
özünə lazımdır. Yəni, korrupsiyaya
qarşı mübarizə davamlı olmalıdır.
Çünki bu dövlətimizin inkişafı, daha da
çiçəklənməsinə gətirib
çıxara bilər. Ona görə də, hesab edirəm
ki, korrupsiyaya qarşı mübarizə söylənildiyi kimi
davamlı olacaq. Vətəndaşlarımız da buna
inanmalıdırlar. Həmçinin onlar bu mübarizədə,
korrupsiyaya qarşı müqavimətin yaranmasında
yaxından iştirak etməli, dövlətin ortaya qoyduğu
siyasi iradəyə dəstək verməlidirlər. Təəssüflər
olsun ki, vətəndaşlarımız tərəfindən
göstərilən müqavimət kifayət deyil. Ən
böyük problemlərdən biri də budur. Dövlət
orqanı rüşvət alan əməkdaşını cəzalandırır,
ancaq ona rüşvət verən vətəndaş bu cəzadan
kənar qalır. Əslində rüşvət verən vətəndaşa
da cəza düşür. Ancaq vətəndaş bu cəzadan
kənarda qalır. Hesab edirəm ki, bu məsələlərə
də diqqət yetirilməlidir. Rüşvət verən də
bir vətəndaş kimi öz məsuliyyətinin başa
düşməlidir.
-Korrupsiyaya Qarşı Mübarizə
Fondunun ali təhsil müəssisələrində
apardığı qış imtahan sessiyasının
monitorinqinin nəticələri barədə nə deyə bilərsiniz?
-Hər il
olduğu kimi bu il də Korrupsiyaya Qarşı Mübarizə
Fondu olaraq ali təhsil müəssisələrində
qış imtahan sessiyasının monitorinqi ilə məşğuluq.
Nəticədə təhsil sistemində əvvəlki illərə
nisbətən müsbət məqamları hiss edirik. Onu nəzərə
almaq lazımdır ki, təhsil sistemi cəmiyyətin bir hissəsidir.
Əgər bizim cəmiyyətimizdə korrupsiya, rüşvətxorluq
aradan qalxarsa bu tədricən təhsil sisteminə də sirayət
edəcək. Bu sahəni digərlərindən ayırıb
göstərmək əslində düzgün deyil.
Çünki cəmiyyətdə qalan problemlər təhsil
sistemində də özünü qabarıq şəkildə
göstərəcək. Nədən ki, biz hamımız təhsil
sisteminə daxilik, onunla əlaqədəyik. Ona görə də
təhsildə qalan problemlər cəmiyyətdə qalan
problemlərlə eynidir. Biz son illərdə təhsil sistemində
atılan müsbət addımları da görürük. Son
illərdə imtahan prosesi zamanı tələbə-müəllim
təmaslarının aradan qaldırılması ilə
bağlı bəzi ali təhsil müəssisələrində
çox mühüm addımlar atılıb. Təəssüflər
olsun ki, bəzi təhsil müəssisələrində isə
bu proses hələlik ləng gedir. Ancaq hələ
görüləsi də çox işlər var. Dövlət
başçısının elektron hökumətə
keçməklə bağlı fərmanı var ki, orada
dövlət orqanları qarşısında qoyulan vəzifələr
açıq göstərilir. Hesab edirəm ki, təhsil
sistemində də buna çox böyük ehtiyac var. Yəni,
müəllim-tələbə təması tamamilə aradan
qaldırılmalıdır. Ona görə də təhsil
sistemində də korrupsiyaya qarşı mübarizə getməlidir.
Süleyman İsmayılbəyli
Olaylar.- 2012.- 31 yanvar.- S.4.