Azərbaycan elitar turist
ölkəsinə çevrilməlidir
Eldar Aslanov:
“Xidmət səviyyəsinin artırılması üçün daha kompleks tədbirlər gərəkdir”
“Yəni turizm müəssisələrinin
insan resursları üzrə strategiyası olmalı, heyətə
və onun inkişafına müntəzəm sərmayə qoyulmalı,
işə qəbul təbii ki, peşəkar tələblərə
uyğun həyata keçirilməlidir”
Bir müddət sonra Azərbaycanda yay
turizm mövsümünə start veriləcək. Keçən
illə müqayisədə bu il ölkəmizə daha
çox turistlərin gələcəyi
proqnozlaşdırılır. Bu ərəfədə
respublikanın müxtəlif səfalı bölgələrində
yeni turizm istirahət mərkəzləri, otellərin istifadəyə
verilməsi turizm mövsümünün uğurlu
olacağından xəbər verir. Bəs görəsən
turizm müəssisələrindəki xidmət səviyyəsi,
eləcə də bu sahədə çalışanların
bilik və bacarıqları qanedicidirmi? Eləcə də bu
sahədə daha ciddi uğurlar əldə etmək
üçün hansı addımları atmaq zəruridir? Azərbaycan
Turizm İnstitutunun tədris işləri üzrə prorektoru
Eldar Aslanov “OLAYLAR”-a müsahibəsində qeyd olunan məsələlərə
aydınlıq gətirib. O, çalışdığı Azərbaycan
Turizm İnstitutunda bu sahədə daha peşəkar
kadrların hazırlanması istiqamətində görülən
işlərdən də danışıb.
-Eldar müəllim, Azərbaycan Turizm
İnstitutunun prorektoru kimi necə hesab edirsiniz, ölkəmizin
turizm potensialından yetərincə istifadə edə
bilirikmi?
-Azərbaycan
dünya turizm xəritəsində yeni parlayan ulduzdur. Bu
günlərdə Bakı dünyada turistlərin ən
çox tərcih etdiyi şəhərlər
sıralarındadır. Sözsüz ki, ölkəmizin turizm
sektorunun inkişafı üçün təbiət, tarix, mədəniyyət,
qonaqpərvərlik, mətbəxt və s. potensialı
vardır. Son 10-12 ildə turizm
sahəsində həyata keçirilən siyasətin mahiyyətində
də bu potensialı imkana çevirmək fikri, niyyəti
durur. Ölkənin tanıdılmasından tutmuş, tikilən
yeni otellərə, açılan yeni peşə məktəbinə
qədər bütün bu işlər Azərbaycanın
turizm ölkəsi kimi də brend edilməsinə xidmət
edir. Amma etiraf etməliyəm ki, bu sahədə görüləcək
işlər də çoxdur. Heç təsadüfi deyil ki,
Azərbaycan 2020-Gələcəyə Baxış
Konsepsiyasında məhz qarşıda duran vəzifələrə
xüsusi yer ayrılıb. Azərbaycan yaxın 10 ildə
öz turizm potensialını rəqabətədavamlı
iqtisadiyyat sahəsinə çevirməyi
planlaşdırır. Bunun üçün də 2010-2014-ci
illər dövlət proqramı icra edilir. Azərbaycan Turizm
İnstitutu təhsilin bütün pillələrində kadr
hazırlayır və bu kadrların keyfiyyətinin və
sayının artılması üçün müxtəlif
işlər, layihələr həyata keçirir. Azərbaycan
365 gün turizmin mövcud olduğu, turizmin fərqli növlərinin
bir arada olduğu elitar turizm ölkəsinə çevrilməlidir
və bu tapşırığın icrası ən ümdə
vəzifəmizdir.
-Bir neçə ay sonra turizm
mövsümü başlanacaq. Bu ilki turizm mövsümündə
Azərbaycana gələcək turistləri hansı yeniliklər
gözləyir?
-Bilirsiz ki,
qış turizm mövsümü martın 31-də
Şahdağ Yay-Qış Turizm Kompleksinin timsalında belə
demək olar ki, bağlandı. Hələlik qismən istifadəyə
verilmiş bu kompleksdə artıq 10 minlərlə yerli turist
istirahət etmişdir. Məlumatlara görə, əgər
kompleks daha çox yer təklif etsəydi, bu rəqəm daha
da çox olardı. Həmçinin Novruz turizmi dediyimiz Novruz
bayramı vaxtı daxili və xüsusilə qonşu ölkələrdən
gələn turistlər də azlıq təşkil etməmişdir.
Məncə qış mövsümü uğurla başa
çatmışdır. Qarşıdan isə ənənəvi
yay turizm mövsümü gəlir və buna hazırlıqlar
da artıq başlayıb. Həm sahil bölgələri, həm
çimərliklər buna ciddi hazırlaşmalıdırlar.
Bildiyim qədərilə Mədəniyyət və Turizm
Nazirliyinin turizm bölgələrində müvafiq monitorinqləri
də olacaq. Bu
mövsümün xüsusi yenilikləri olmayacaq. Amma əmin
edə bilərəm ki, əvvəlki illərlə müqayisədə
daha maraqlı, daha peşəkar və daha münasib qiymətlərlə
turistlər qəbul ediləcəkdi. Görülən işlər
də bunu deməyə əsas verir. Xüsusilə otellərdə
asudə vaxtın səmərəli təşkili
üçün yeni səylərin olduğunu deyə bilərəm.
-Bir sıra hallarda Azərbaycan
Turizm İnstitutunda təhsil alan tələbələrin bu
sahədə bilik və bacarıqlarının kifayətqədər
olmadığı bildirilir. Bu kimi iddialara qarşı nə
deyərdiniz? Ümumiyyətlə, yaxın vaxtlarda Turizm
İnstitutunun tələbələrini bu sahədə daha
qabaqcıl ölkələrin təcrübəsi ilə
tanış etmək üçün hansısa tədbirlər
nəzərdə tutulurmu?
-Azərbaycan
Turizm İnstitutu 2006-cı ildə fəaliyyətə
başlamış ali məktəb olaraq artıq 3 ildir ki,
öz məzunlarını əmək
bazarına təqdim edir. İndiyədək 563 nəfər məzunumuz
olub və Azərbaycan Turizm İnstitutu Məzunlar
Assosiasiyasının verdiyi məlumata görə, onların
içərisində iş tapmayan tələbələr demək
olar ki, yoxdur. Əsasən də məzunlarımız daha
çox 4 və ya 5 ulduzlu otellərdə işləyirlər.
Deyə bilmirəm kim harda necə yoxlayıb ki, bizim məzunların
bilik bacarıqları kifayət qədər deyil. Amma onu deyə
bilərəm ki, Azərbaycan Turizm İnstitutu ölkədə
ilk dəfə olaraq ikili diplom proqramı (Avstriyanın Krems
Universiteti ilə ) və bu proqram üzrə məzunları
olan ali məktəbdir. Artıq 57 nəfər gənc həm
Azərbaycan Turizm İnstitutunun, həm də Krems
Universitetinin diplomunu alıb. Həmçinin Azərbaycan
Turizm İnstitutu ölkədə praktika semestri tətbiq etməklə
də yeniliyə imza atıb. Belə ki, Azərbaycan Turizm
İnstitutu tələbələri 6-cı semestri (təxminən
20-22 həftə) praktikada keçirlər və bununla peşəkar
bacarıqlar toplayırlar. Bura hər il xarici ölkələr
yay tanışlıq təcrübələrinə gedən tələbələri,
Ümumdünya Turizm Təşkilatının turizm təhsil
keyfiyyət sertifikatını, aparılan tətbiqi tədqiqatları,
onların nəticələrini, təhsilin bütün pillələrində
kadr hazırlığına nail olmağımızı (100-dək
magistr, 39 doktorant), bu ildən ikili diplom magistr proqramına
başlamasını, bir ildir fəaliyyətə başlayan
Bakı Turizm Peşə Məktəbində 500 şagirdin
müxtəlif turizm sahəsi üzrə peşələrə
yiyələnmələrini də əlavə etsək, o zaman
məncə hazırlanan kadrların mövcud tələblərə
nə qədər cavab verdiyi ortaya çıxmış olar.
Amma bu o demək
deyil ki, keyfiyyət
bizi tam qane edir. Təbii ki, bizim əsas işimiz keyfiyyətin davamlı olaraq artmasını təmin etmək və dünyanın qabaqcıl turizm təhsili müəssisələri
ilə eyni səviyyəyə çıxmasını
təmin etmək, hətta region ölkələri
üçün kadr hazırlığını belə
həyata keçirməkdir.
-Turizm müəssisələrindəki
xidmət səviyyəsi
sizi qane edirmi və bununla bağlı konkret nələri təklif edərdiniz?
-Turizm müəssisələrindəki
xidmət səviyyəsi
təbii ki, qismən qane edir. Ona görə ki,
xidmət səviyyəsi
sonsuz prosesdir. Bəzilərində qanedici, bəzilərində
isə təəssüflər
olsun ki, bəzən səviyyə
aşağı olur.
Bunun üçün təklifimin
ilk növbədə həmin
müəssisələrin öz
işçilərini təşkil
olunan sertifikat kurslarına cəlb edilməsində görürəm.
Hər bir işçi də maraqlı olmalıdır ki, öz bilik və
bacarıqlarını daima
yeniləsin və irəliyə doğru aparsın. Təhsil və treninqlər
də bilik və bacarıqlarının
daha artırılmasında
əsas vasitələrdən
biridir. Amma xidmət səviyyəsinin
artırılması üçün
daha kompleks tədbirlər gərəklidir.
Yəni turizm müəssisələrinin
insan resursları üzrə strategiyası olmalı, heyətə və onun inkişafına
müntəzəm sərmayə
qoyulmalı, işə
qəbul təbii ki, peşəkar tələblərə uyğun
həyata keçirilməlidir.
Bütün bu işlər ilə xidməti personalın peşəkarlığı artırılmalı
və nəticədə
xidmət səviyyəsinin
yüksəldilməsinə nail olunmalıdır.
Süleyman İsmayılbəyli
Olaylar.- 2013.- 9 aprel.- S.13.