Bakıda Davos Forumu

 

Aprelin 8-də Bakıda “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusunda Dünya İqtisadi Forumu (Davos Forumu) öz işinə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun açılışında iştirak ediblər.

 

Açılış mərasimində çıxış edən Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab Bakıda keçirilən Dünya İqtisadi Forumunun Cənubi Qafqaz və Mərkəzi Asiyanın gələcəyi baxımından mühüm əhəmiyyət daşıdığını deyib, tədbirin yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. İyirmi il əvvəl Azərbaycanda olduğunu deyən Klaus Şvab ötən müddətdə ölkənin ciddi nailiyyətlər əldə etdiyini, Bakıda böyük dəyişikliklərin baş verdiyini diqqətə çatdırıb. “Forumun Azərbaycanda keçirilməsi bizim üçün qürurdur” - deyən Klaus Şvab ölkəmizin iqtisadiyyatının şaxələndirilməsi, təbii ehtiyatlardan səmərəli istifadə, Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları, maliyyə və tikinti sahələrində bir çox uğurlar qazandığını diqqətə çatdırıb.

 Dünya İqtisadi Forumu ilə sıx əməkdaşlığına görə Prezident İlham Əliyevə minnətdarlıq edən Klaus Şvab bildirib ki, Azərbaycan dövlətinin başçısı hər il Davos Forumunda iştirak edərək ölkəsinin və regionun iqtisadi potensialını yüksək səviyyədə təqdim edir. Klaus Şvab bu baxımdan Bakı Forumunun böyük önəm kəsb etdiyini vurğulayıb. Sonra Dünya İqtisadi Forumu tərəfindən hazırlanmış Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının iqtisadi inkişaf potensialına həsr edilmiş videoçarx nümayiş olunub.

 

***

 

 Forumda çıxış edən Prezident İlham Əliyev indiyədək Dünya İqtisadi Forumunda 7 dəfə iştirak etdiyini bildirib. Dövlətimizin başçısı Azərbaycanın sosial-iqtisadi inkişafı barədə məlumat verərək qeyd edib ki, Azərbaycan müstəqilliyin ilk illərində ciddi böhran mərhələsindən keçsə də 1993-cü ildən sonra uğurlu enerji siyasətinin əsasını qoyub və çətin vəziyyətdən çıxmağı bacarıb. Ölkənin enerji sektoruna böyük sərmayələr qoyuldu, daha sonra karbohidrogen ehtiyatlarının hasilatına və şaxələndirilmiş nəql sisteminin yaradılmasına başlandı. Hazırda ölkəmizin karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılması üçün 7 nəql marşrutu mövcuddur. Prezident İlham Əliyev məhz bu amilin Azərbaycanın sürətli inkişafına böyük təsir göstərdiyini diqqətə çatdırıb. Dövlət başçısı son illərdə ölkədə təhsil sektorunun inkişafının diqqət mərkəzində saxlandığını bildirib. Qeyd edib ki, biz ölkəmizin enerji zənginliyini insan kapitalına yatırırıq ki, bu sahədə də əsas məsələ təhsildir. Bu ilin fevralında peykimizin uğurla orbitə buraxıldığını vurğulayan dövlətimizin başçısı Azərbaycanın artıq azsaylı kosmos ölkələrindən olduğunu qeyd edib. Azərbaycanda sağlam investisiya mühitinin olduğunu bildirən Prezident İlham Əliyev uğurlu əməkdaşlıq çərçivəsində həyata keçirilən nəhəng layihələrdən danışıb, Bakı-Tbilisi-Qars dəmir yolu və TANAP layihələrinin region üçün əhəmiyyətinə toxunub. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Avropa İttifaqı ilə enerji sahəsində çox uğurlu əməkdaşlıq edir. Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında gələcəkdə daha da sıx inteqrasiya qurmağın əhəmiyyətindən danışan dövlətimizin başçısı Bakı Forumunun bu sahədə mühüm nəticələr əldə etməyə imkan verəcəyinə ümidvar olduğunu bildirib.

 

***

 

Forumda çıxış edən Qazaxıstan baş nazirinin birinci müavini Baktijan Sagintayev ölkəsinin iqtisadi imkanları barədə danışıb: “Ekspertlərin fikrincə, Qazaxıstan MDB məkanında investisiya yatırmaq üçün ən əlverişli ölkələrindən biridir. Mərkəzi Asiya regionunda xarici investisiyaların 80 faizi Qazaxıstanın payına düşür. Qazaxıstanda iqtisadiyyatın diversifikasiyası istiqamətində işlər aparılır. Biz qeyri-neft sektorunun inkişafına xüsusi önəm veririk”. Bölgədə birgə fəaliyyət üçün imkanların olduğunu deyən B.Sagintayev ölkəsinin Böyük İpək Yolunun bərpası istiqamətində işlər apardığını bildirib: “Həyata keçirdiyimiz layihələr bölgə ölkələrinin inkişafı baxımından önəmlidir. Cənubi Qafqaz ölkələri ilə ticarət potensialı böyükdür”.

Rusiyanın VTB Bankının sədri Andrey Kostin qeyd edib ki, ötən dövrdə Azərbaycan və regionun digər ölkələrinin iqtisadiyyatında mühüm böyümələr olub: “İqtisadiyyatın böyüməsi özünü daha çox enerji mənbələrinə malik ölkələrdə göstərir. Regionda böyük imkanlar var. Lakin təhlükəsizlik baxımından regionda müəyyən problemlər var. Xüsusilə də hərbi təhlükəsizlik, siyasi ekstremizm təhlükələri var. Eyni zamanda bölgə Əfqanıstan və İranla qonşuluqda yerləşir”.

A.Kostin Rusiyanın yenidən imperiyanı bərpa etmək niyyəti ilə bağlı xarici ekspertlərin fikirlərini də təkzib edib: “Bəzi amerikalı həmkarlarımızın iddiasının əksinə olaraq, Rusiya yenidən imperiya yaratmaq niyyətində deyil. Bu regionda Rusiyanın müəyyən maraqları var. Rusiyada radikal islamçılıq, narkotik qaçaqmalçılığı kimi problemlər var. Xəzər dənizi Rusiyanın marağında olan başqa bir misaldır. Sovet İttifaqı vaxtında bizim iqtisadiyyatımız vahid idi. Bu gün də əməkdaşlığımız üçün bir çox imkanlar var”.

Son dövrlər iqtisadiyyatların qloballaşdığını, siyasətlərin isə milliləşdiyini deyən Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız bildirib ki, Türkiyə enerji sahəsində Rusiya, Azərbaycan, İran və İraqla əməkdaşlıq edir: “Suriya və Kiprdəki siyasi rejimlərin mahiyyətinə baxmayaraq, biz bu ölkələrə elektrik enerjisi veririk. Türkiyə regionda reallaşdırılmış enerji dəhlizi layihələri ilə yanaşı, Bakı-Tiflis-Qars dəmiryolunun işə düşməsi ilə yaranacaq yeni nəqliyyat dəhlizinin qarantıdır”. Taner Yıldız qeyd edib ki, Türkiyənin 2023 və 2030-cu illərlə bağlı hədəfləri daha realdır. Nazir tədbir iştirakçılarını İstanbulda keçiriləcək Dünya İqtisadi Forumuna dəvət edib.

Sonra mövzu ilə bağlı müzakirələr keçirilib. Tədbir iştirakçılarının suallarının cavabında Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi məsələsinin prioritet olduğunu deyib, qeyri-enerji sektorunda həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb. Dövləti başçısı ölkədə əlverişli investisiya mühitinin olduğunu, son illərdə Azərbaycanda yoxsulluğun və işsizliyin səviyyəsinin xeyli azaldığını, “Azərbaycan-2020” strateji inkişaf proqramının 8-9 ildə ölkədə ümumi daxili məhsulun həcminin iki dəfə artırılmasını nəzərdə tutduğunu bildirdi. Prezident İlham Əliyev uzun illər başqa imperiyaların tərkibində olan Azərbaycanın müstəqil olduğu 22 ildə siyasi və iqtisadi cəhətdən müstəqil siyasət yürütdüyünü diqqətə çatdırıb.

 Xatırladaq ki, Dünya İqtisadi Forumunun Bakıda keçirilməsi barədə ümumi razılıq yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab ilə görüşündə əldə edilib.

 

 

Alim

 

Olaylar.- 2013.- 9 aprel.- S.9.