“Hər maraqlı mövzunu ssenariləşdirmək olmaz”

 

“Ssenari sahəsindəki maliyyə problemləri həll olunduqdan sonra müğənni olmaq istəyən gənclərdə bu işə maraq artacaq”   

 

Hazırlanan ekran əsərində aktyorun, rejissorun rolu kimi, ssenaristin rolu da danılmazdır. Görəsən bu gün Azərbaycanda yazılan ssenarilər tamaşaçıya nə verir? Mövzu haqda ətraflı danışmaq üçün hazırda bu işlə məşğul olan şəxslərlə müzakirə etdik.

 

İlk sualımız “Pərvanələrin rəqsi” filminin ssenari müəlliflərindən olan Arzu Soltanadır.

-Bu gün Azərbaycanda ssenari yazılması sahəsində əsas problemləri nədə görürsünüz?

-Yeni kadrların yetişdirilməsində çatışmazlıq var. Elə əsas problem də ssenari yaza bilənlərin özündən sonra bu işi davam etdirəcək nəsli yetişdirməməsindədir. Bu işə marağı olanlar çox ola bilər. Lakin insanlar sənətin incəliklərini kimdən və necə öyrənməyin lazım olduğunu bilmirlər. Bunun üçün bu işlə məşğul ola biləcək daha professional məktəblər yaradılmalıdır.

-Filmlərimizin xaricdə tanıdılmamasında yazılan ssenarilərin zəif olmasını əsas səbəb kimi göstərə bilərikmi?

-Bizim filmlərin ssenariləri daha çox Azərbaycan tamaşaçısının tələbatına uyğun yazılır. Buna görə filmlərimizin xaricdə tanıtımı zəifdir. Bunun üçün ilk növbədə daha bəşəri mövzulara müraciət etməliyik.

-Bu sahəni bilən bir şəxs kimi yaxşı ssenarinin yazılması üçün ssenaristdən nəyin tələb olunduğu haqda danışaq.

-Ssenari yazmaq üçün universitet bitirmək lazımdır. Bu sənət üzrə ali təhsil alan hər kəs A-dan Z-yə qədər ssenarinin incəliklərini bilməli, məqsədi aydın olmalı, tamaşaçıya nəyi çatdırmaq istədiyini dərk etməlidir. Hər maraqlı mövzunu əlinə qələm alıb ssenariləşdirmək olmaz. Bunun üçün ilk növbədə məzmunu, formanı, həm də tamaşaçının nə istədiyini bilməlisən. Məzmun və formanın vəhdətini isə bacarıqlı ssenarist yarada bilər. Maraqlı mövzunu ssenarist zəif təqdim etdikdə heç kəs həmin ekran əsərini bəyənməyəcək. Ssenarinin yaxşı yazılması üçün mövzu və təqdimat maraqlı olmalıdır.

-Hazırda ölkəmizdə ssenarinin yazılması sahəsindəki mövcud durumu necə qiymətləndirə bilərsiniz?

-Hər kəs Azərbaycanda ssenari sahəsində vəziyyətin necə olduğunu bilir. Yaxşı olardı ki, bu işlə ssenarini bilənlər məşğul olsun. Öz sənətlərinin havada qalmaması, unudulmaması üçün ssenaristlər bu sahədə yeni nəsil yetişdirməlidir. Hazırda İncəsənət Universitetində ssenari sənəti üzrə ayrıca fakültə fəaliyyət göstərir. Mən həmin fakültədə təhsil alanlar arasında deyə bilmərəm ki, istedadlı şəxs yoxdur. Lakin bu fakültənin yetişdirdiyi bir ssenaristi də tanımıram.

-Yazılan ssenarilər arasında rəngarənglik də yoxdur. Daha çox eyni mövzulara müraciət edilir...

-Bütün yazılan ssenarilərlə tanış olmadığım üçün bu  haqda danışa bilmərəm. Bu fikirlə razılaşmaq  üçün ssenariləri oxumalı, çəkilən film və serialları izləməliyəm. Mən hamıdan fərqli gözəl bir əsərin müəllifi olduğum halda kiminsə işini bəyənməyə bilərəm. İşlərimlə əlaqədar ssenari müəllifi olduğum “Pərvanələrin Rəqsi” serialını izləyə bilmirəm.

-Bəs, türk seriallarının necə, hazırlanan ssenarilərimizə təsiri varmı?

-Axı dedim baxmıram. Baxmadığım üçün nə deyə bilərəm ki?  Sadəcə türk seriallarının bizim serial məktəbimizə müsbət və mənfi təsirlərinin olduğunu deyə bilərəm. Bu danılmaz faktdır. Çünki seriallarımız çəkilənədək türk seriallarını izləmişik.

-Mənfi tərəfləri hansılardır?

-Azərbaycan tamaşaçısı Türkiyə tamaşaçısından bir az fərqlidir. Türkiyədə vətəndaşların sayının da bizimkindən dəfələrlə artıq olması bu ölkədə təbəqələşmənin, zövqlərin daha şaxəli olduğunu deyir. Elə mövzular var ki, Türkiyə vətəndaşları bunu qəbul edə bilir. Lakin bizdə bunun təqdimi mənfi təsirlər yarada bilər. Milli mentalitetimizdə həmin mövzular oturuşduqdan sonra seriallarımızda bu ssenarilərdən istifadə edə bilərik. Bəzən olur ki, uşaq izlədiyi serial qəhrəmanını özünə ideal seçərək həyatda da onun kimi olmağa çalışır. Onun seçdiyi qəhrəman çox mənfi bir tip də ola bilər.

-Bu gün fəaliyyətini bəyəndiyiniz ssenarist varmı?

-Əlbəttə ki, Azərbaycanda yaxşı ssenari yazan var. Əks təqdirdə bu qədər filmlər, seriallar çəkilməz, tamaşalar hazırlanmazdı. Mən hamının işinə hörmətlə yanaşıram. Nəyisə  tənqid etmək üçün ilk növbədə tənqidçinin yaxşı bir işi olmalıdır. Serial çəkilişləri ilə bağlı əldə etdiyimiz ilk nəticələr pis deyil. Amma yenə də təkamülə ehtiyac var.

-Serial və filmlərdə toxunulan mövzuların ailə-məişətə təsiri də danılmazdır. Ümumiyyətlə serialın tərbiyələndirici əhəmiyyəti varmı?

-Bu gün filmlərin, serialların ailə-məişətə təsiri də danılmazdır. Serial məktəb deyil. O, təhsil, tərbiyə  sisteminin vəzifələrini öz üzərinə götürmür. Serial sadəcə tamaşaçının asudə vaxtını maraqlı keçirmək üçün hazırlanan ekran əsəridir. Lakin ölkəmizdə televiziya insanların həyatı üçün lazım olandan daha artıq rol oynayır. Əslində bu belə olmamalıdır. Amma reallıq budur. Serialdan tərbiyələndirici əhəmiyyət gözləmək lazım deyil. Tamaşaçı bu ekran əsərinə sadəcə vaxt keçirtmək naminə baxarsa da, özü üçün müəyyən nəticələr əldə edə bilər.

-Bəzən milli mentalitetimizə zidd, avropasayağı mövzulara da toxunulur...

-Avropa seriallarından götürülən mövzunu serial, ya da filmdə təqdim edərkən ehtiyatlı olmaq lazımdır. Azərbaycan reallığından çıxış eləməyən mövzu gənc, beyniqanlı, şəxsiyyəti hələ formalaşmayan birisi üçün xüsusilə təhlükəli ola bilər.

-Ssenarilər arasında niyə rəngarənglik yoxdur?

-Ssenari haqda təlimlərdə də dünyada yeddi mövzunun olması deyilir. Bəzi mənbələrdə cəmi yeddi, digər mənbələrdə isə on iki mövzunun olması qeyd edilir. Ümumiyyətlə insan həyatı, hissləri oxşar olduğu kimi mövzular da oxşardır. Bütün dünyada oxşar mövzulara toxunulur. Ən çox reytinq qazanan isə romantik dram janrında hazırlanan ssenarilərdir.

 

***

 

“Bu şəhərdə”nin ssenari müəllifi olan Müşfiq Abbasov isə bu sahədəki əsas problemlərdən birinin ssenariyə maddi vəsaitin ayrılmamasında görüb.

-Yaxşı ssenarinin yazılması, filmlərimizin xaricdə təqdimatı üçün əsas problemlər nədən ibarətdir?

-Azərbaycanda pul daha çox müğənnilikdə olduğu üçün hamı müğənni olmağa can atır. Bu sahədə elə də pul olmadığı üçün hələ ki, bu peşə istənilən səviyyədə deyil. Ssenari sahəsindəki maliyyə problemləri həll olunduqdan sonra müğənni olmaq istəyən gənclərdə bu işə maraq artacaq. Yaxşı ssenarist güclü müşahidəçi olmalıdır. Bizim ssenarilərin maraqlı olmasının əsas səbəbi hadisələrin doxsan faizinin həyatdakı reallıqları əks etdirməsidir. Mən dəfələrlə bunu müşahidə edib, ssenari formasına saldıqdan sonra Coşqun və Rafaelə təqdim  edirəm. Onlar da istənilən formada həmin obrazı canlandırırlar.  Filmlərimizin xaricdə təqdimatının olmaması prodüsser məktəbinin yoxluğu ilə əlaqədardır. Azərbaycanda hər şey var. Sadəcə prodüser məktəbi yoxdur. Prodüsser məktəbi yarandıqdan sonra bu sahədəki problemləri həll etmək olar. Hansısa teatra tamaşaçının az getməsi və ya müğənninin populyar ola bilməməsinin, layihənin tanınmamasının səbəbi prodüsserin olmamasındadır.

-Ssenarilərdə daha çox hansı amillərə fikir verilməlidir? Milli amillər nə dərəcədə burada əks olunmalıdır?

-Hamıdan çox Azərbaycanda konsert verən “Bu şəhərdə” olub. Biz milli amillərə  daha çox toxunduğumuz üçün aktyorlarımızın yaratdıqları obrazlar sevilə bilir. Amma hər şeyin milli olması fikri ilə də razılaşa bilmərəm. Əsərdə Avropasayağı çalarlar da olmalıdır. Çünki hər tamaşaçı eyni şeyi sevmir. Zövqlər müxtəlifdir. Kimin yaxşı, kimin pis olmasını tamaşaçı müəyyənləşdirir.

-Bəs, yazılan ssenarilərdə tərbiyələndirici, maarifləndirici amillər necə, əksini tapırmı?

-İnsanların tərbiyələnməsi bizlik deyil. Bu valideynlərin işidir. Lakin yüksək zövqün formalaşması üçün ən böyük məsuliyyət telekanalların üzərinə düşür. Zövqlər formalaşdıqca tələbat da dəyişəcək.

“Qaynana” və “Aramızda qalsın” serialının ssenari müəllifi Valeh Əhmədov isə çəkilən ekran əsərlərində daha çox önəmli problemlərin qabardılmasının zəruri olduğunu deyib.

-Bəs, siz Azərbaycanda ssenari sahəsindəki mövcud durumu  necə qiymətləndirə bilərsiniz?

- Biz beş, altı ildir ki, bu sənəti öyrənirik, ya öyrənmirik. Mən görüb-götürənlərdənəm. Bunun üçün Azərbaycana gələn Türkiyənin bir çox sanballı rejissorlarının təcrübəsini öyrənməyə çalışmışam. Kimisə, nəyisə tənqid etmək üçün elə də böyük işlər görməmişik Tamaşaçı nöqteyi-nəzərindən “Bacanaqlar”ın ssenari quruluşuna görə yaxşı olduğunu deyə bilərəm. Lakin seriallarda çalışmaq lazımdır ki., daha çox cəmiyyətə xeyirli olan mövzulara toxunulsun. Məsələn, sosial problemlər, işsizlik, boşanmalar, ailə-münaqişələri, dostlar arasında olan inciklik, qohumlar arasında olan yadlaşma kimi mövzulara toxunub problemin həlli üçün az da olsa çalışmaq məncə çox yaxşı nəticələr verərdi. İranda Fərhad adlı çox güclü rejissor var. O, ümumbəşəri problemləri istənilən səviyyədə təqdim edə bilir. Çünki onun bu sahədəki iş təcrübəsi, dünyagörüşü yetərincədir. Milli adət-ənənələrimizi, bayramlarımızı da dünyaya lazım olan səviyyədə təqdim etməliyik.

-Yazılan ssenarilərdə daha çox  önəmli problemlərə toxunmağın vacibliyini qeyd etdiniz. Ssenari müəllifi olduğunuz seriallarda hansı belə problemləri qabartmısınız?

-Ssenari müəllifi olduğum “Qaynana”da qaynana-gəlin arasında olan münasibətlər göstərilir. Məsələn, bəzi ailələrdə evlilik ərəfəsində çox lazımsız problemlər ortaya çıxır. Biri deyir ki, niyə bu üzükdən aldın, niyə o birisindən almadın və s. Biz də yazdığımız ssenarilər vasitəsi ilə  tamaşaçıya əslində nəyə qiymət verməli olduğunu göstəririk. Yəni bu cür şeylərin elə böyük önəm daşımadığını obrazların vasitəsi ilə çatdırmağa çalışırıq.

-Bəs, milli mentaliteti necə, qoruyursunuzmu?

-Milli mentalitetimizi qoruyuruq.  İlk olaraq yazılan ssenarinin milli mentalitetimizə zərbə vurmamasına çalışırıq. Amma kənardan necə göründüyünü deyə bilmərəm.

 

Nigar Məhərrəm

 

Olaylar.- 2013.- 10 aprel.- S.12.