Estoniyadakı
Azərbaycan diaspor təşkilatları
Əvvəli ötən sayımızda
Baltik ölkələrdən olan
Estoniyada da Azərbaycan diasporu fəaliyyət göstərməkdədir.
Azərbaycanlıların Estoniyaya nə zaman gəldiyi barədə
dəqiq məlumat yoxdur. Hələ XIX əsrin sonlarında Estoniya
kitabxanaları və mahal müəssisələrində Azərbaycanın
tanınmış şair və ədiblərindən Mirzə
Şəfi Vazeh, Molla Pənah Vaqif və Mirzə Fətəli
Axundovun alman dillərinə tərcumə edilən
kitabları barədə məlumat
verilir.
1851-ci ildən
etibarən Yuxan Kiyv, Qustav Vulf və Anna Haov dahi Vazehin əsərlərini
alman dilindən eston dilinə tərcümə etmişlər.
1978- ci ildə Molla Pənah Vaqifin tanınmış eston
yazıçısı F.R.Kreysvald tərəfindən eston
dilinə tərcümə olunmuş müxəmməsləri
"Skala" qəzetində dərc olunmuşdur. Azərbaycan
ədəbiyyatına artan maraq bu dövrdə Estoniyanın
böyük universitetlərindən biri olan Tartu Universitetində
təhsil alan soydaşlarımız tərəfindən Azərbaycan
Tələbələri Birliyinin yaradılması ilə nəticələnir.
Birliyin əsas işi ədəbiyyat klubunda Azərbaycan dahilərinin
əsərlərini eston dilinə tərcümə edərək
yaymaq idi.
"Bakı
Eston Cəmiyyəti"-XX əsrin əvvəllərində
təsis olunan "Bakı Eston Cəmiyyəti"nin əsas
məqsədi isə məhz Azərbaycan ədəbiyyatını
təbliğ etməkdən ibarət olmuşdur. 1991-ci il Azərbaycan
dövlət müstəqilliyini əldə etdikdən sonra
xaricdə yaşayan soydaşlarımızdan Estoniyada
yaşayanlar qısa zaman ərzində fəal diaspor
formalaşdıraraq, ətrafında burada yaşayanları
toplaya biliblər. Estoniya azərbaycanlıları əsasən
ticarətlə məşğul olurlar. Lakin burada ziyalı təbəqəsi
də azlıq təşkil etmir. Əsasən, Tartu, Tallin,
Narva şəhərlərində məskunlaşan azərbaycanlıların
ictimai fəaliyyəti diqqətəlayiqdir. Hüquq, ədəbiyyat,
texnika, ticarət və digər sahələr üzrə
çalışan azərbaycanlılar içərisində
dövlət vəzifələrində çalışanlar
da var. Təqribi sayı iki minə qədər olan azərbaycanlılar
Estoniyanın ictimai, iqtisadi, siyasi, mədəni həyatında
mühum rol oynayır. Eston dövlət və ictimai xadimlərilə
isti münasibətləri olan soydaşlarımız bu ölkəyə
gələn hər bir azərbaycanlıya kömək əlini
sevə-sevə uzadır. Estoniyada ana dili qorunur. Azərbaycanlı
uşaqlar eston və ingilis dilində tədris alırlar ki, bu
da onların gələcəkdə hakimiyyət orqanlarında
təmsil olunmasına şərait yaradır. Artıq
Estoniyada Azərbaycan məktəbləri fəaliyyət
göstərir. Estoniyadakı fəal soydaşımız, azərbaycanlı
Eldar Əfəndiyev bu ölkə parlamentinin
üzvüdür. O, eyni zamanda, Azərbaycan-Estoniya-Türkiyə qrupunun da rəhbəridir.
Zərifə
Əliyeva adına Şərq Mədəniyyəti Xalq Universiteti-Zərifə Əliyeva adına
Şərq Mədəniyyəti Xalq Universiteti 2004-cu il
dekabrın 15-də Estoniya hökumətinin
qərarı ilə Tallin şəhərində təsis olunub. Universitet Tallində fəaliyyət göstərən
bir çox
assosiasiyaların təşəbbüsü ilə
yaradılıb. Təhsil ocağının fəaliyyətinin
bir qismini Estoniya hökuməti maliyyələşdirəcək.
Universitetin əsas vəzifələri Estoniyada
yaşayan bütün
xalqları türkdilli və Qafqaz xalqlarının mədəniyyəti, dili və tarixi ilə
tanış etmək, müxtəlif millətlər
arasında tolerant multimədəni əlaqələr
formalaşdırmaq, turkdilli və Qafqaz xalqlarını Estoniyanın mədəniyyəti
və tarixi ilə tanış etmək, bu xalqların yerli cəmiyyətə
inteqrasiyasına nail olmaqdır. Təhsil
ocağında ilkin olaraq
filologiya, tarix, mədəniyyətşunaslıq,
iqtisadiyyat və hüquq
fakültələrinin açılması nəzərdə tutulur. Estoniyada Azərbaycan
diasporuna məxsus bir
sıra ictimai təşkilatlar və
kütləvi informasiya vasitələri var. Hazırda Estoniyadakı Azərbaycan diasporu yaxın zamanlarda burada məscid tikməyi
planlaşdırıb. Eyni zamanda,
burada fəaliyyət göstərən
“Bakı klubu” iki dovlət
və xalq arasında əlaqələrin
möhkəmlənməsinə təkan verir.
Soydaşlarımızın informasiya
təbliğatı işi də fəal
sayıla bilər. www.az.ee, www.azeri.ee, www.irs.ee, www.islam.pri.ee, www.fidan.ee saytlarını yaradan
azərbaycanlılar dövlətimiz və diaspor
işi haqqında ətraflı məlumatları
yerli ictimaiyyətə təqdim edirlər.
"Aydan" Azərbaycan Mədəniyyət Mərkəzi-“Aydan”
Azərbaycan Mədəniyyət Mərkəzi Estoniyada
ilk Azərbaycan diaspor
cəmiyyəti olaraq 1988-ci ildə
yaradılmışdır. Təşkilat yaradılarkən onun adı “Ocaq” Eston Azərbaycan Mədəniyyət Cəmiyyəti
olaraq seçilmişdi.
Sonradan isə təşkilatın adı
dəyişdirilmişdir..“Ocaq” Eston Azərbaycan
Mədəniyyət Cəmiyyəti kecmiş
sovet respublikaları ərazisində azərbaycanlıların
yaratdıqları ilk mədəni cəmiyyətlərdən
biridir. Cəmiyyətin əsas məqsədi
Azərbaycan və Estoniya xalqları
arasında mədəni, iqtisadi və sosial sahədə korpu yaratmaq, estonların və azərbaycanlıların
bir-birini yaxından tanımasına,
dostlaşmasına kömək etməkdir. Cəmiyyətin ilk mətbu orqanı olan “Ocaq” qəzeti 1989-cu ilin
dekabrında ayda bir dəfə
olmaqla nəşr olunmuşdur.
“Ocaq” qəzetinin əsas məqsədi
Cəmiyyətin əsas funksiya və
istiqamətlərini, gördüyü
işləri işıqlandırmaq, soydaşlarımız
arasında maarifləndirmə və təbliğat işlərinin
aparılması idi. 1988-ci ildən fəaliyyət
göstərən “Ocaq” Cəmiyyəti
1996-cı ildə ad dəyişikliyi
edərək yenidən “Aydan” Azərbaycan
Mədəniyyət Mərkəzi adı altında qeydiyyatdan kecirilmişdir.
Hazırda Cəmiyyət çox aktiv fəaliyyət göstərir. Cəmiyyətin nəzdində “Bazar
günü”
məktəbi, “İrs” Gənclər Təşkilatı,
“Fidan” Uşaq və Gənclər
Mərkəzi, “Azərbaycan” rəqs ansamblı, eyni zamanda, Cəmiyyətin Tallin
şəhərində yerləşən ofisində Azərbaycan
dili məktəbi fəaliyyət göstərir.
Cəmiyyət Estoniyada həyata keçirdiyi mədəni və ictimai layihələri ilə eston
icması və Estoniyada fəaliyyət
göstərən icmalar arasında böyük nüfuza malikdir. “Aydan” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Niyazi
Hacıyevdir.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2013.- 11 aprel.- S.15.