Belarus azərbaycanlıları

 

Keçmiş Sovetlər Birliyinə daxil olan ölkələrdən  Belarusda da Azərbaycan diasporu fəaliyyət göstərməkdədir. Hazırda bu ölkədə yaşayan soydaşlarımızın təmsil olunduğu onlarla Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir.

 

Belarusda fəaliyyət göstərən və say baxımından daha çox soydaşımızı öz ətrafında birləşdirən diaspor təşkilatlarından biri Belarus Azərbaycan İcmaları Konqresidir. Belarus Azərbaycan İcmaları Konqresi 2003-ci ildə təsis edilmişdir. Xalqımızın tarixinin, milli-mənəvi dəyərlərinin təbliği Belarus Azərbaycan İcmaları Konqresinin fəaliyyətinin əsas istiqamətindən biridir. Hər il Belarusun paytaxtı Minskdə və ölkənin böyük şəhərlərində Novruz bayramı, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Milli Qurtuluş, Respublika, Müstəqillik günləri, eləcə də matəm günlərində – 20 Yanvar, Xocalı faciəsi, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü Belarus Azərbaycan İcmaları Konqresi tərəfindən geniş şəkildə qeyd olunur. Belarusda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin, nüfuzlu elm və sənət adamlarının da bir qayda olaraq iştirak etdikləri belə tədbirlər, sözsüz ki, Azərbaycan həqiqətlərini dünyaya tanıtmaq baxımından çox vacibdir. Belarus Azərbaycan İcmaları Konqresinin sədri, Belarusun əməkdar idman ustası Natiq Bağırovdur. Belarus Azərbaycan İcmaları Konqresinin bir neçə regional bolmələri də fəaliyyət göstərir.

Minsk şəhər şöbəsi – Qobustan Cəmiyyəti-Belarusda fəaliyyətə başlayan ilk diaspor təşkilatı hesab olunan Azərbaycan İcmaları Konqresinin Minsk şəhər şöbəsi – Qobustan Cəmiyyəti 1989-cu ildə qeydiyyatdan keçmişdir. Belarusdakı azərbaycanlıların diaspor  işində fəallığının artırılması, soydaşlarımız  arasında milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin, adət-ənənələrimizin qorunub saxlanmasında və yeni  nəsillərə ötürülməsində Qobustan Cəmiyyətinin böyük  rolu var. Qobustan Cəmiyyətinin bir təşəbbüsü  ilə 2009-cu ildə cəmiyyət öz üzvlərinin vəsaiti hesabına Belarusun Bleyka şəhərinin görkəmli yerində Azərbaycan  xalqının igid oğlu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general- mayor Həzi Aslanovun Belorusiya Rəssamlar İttifaqının üzvü Kamil Kamal Hacıyevin sənət əsəri olan əzəmətli heykəli ucaldılmış, Magilyov şəhərində isə Sovet İttifaqı qəhrəmanı Aslan Vəzirovun büstü qoyulmuşdur. Həzi Aslanovun abidəsinin açılış mərasimində iştirak edən qəhrəmanın  nəvəsi  Qobustan Cəmiyyətinin bu xidmətini yüksək qiymətləndirmişdir. 2005-ci ildən Qobustan Cəmiyyətinə Baxşı Qəhrəmanov rəhbərlik edir. Cəmiyyətin sədr müavini isə Əlvan Qasımovdur.

 Vitebsk şəhər şobəsi – Dostluq Cəmiyyəti-Dostluq Cəmiyyəti Belarusun Vitebsk şəhərində 2007-ci ildə qeydiyyatdan keçmişdir. Təşkilatın sədri Saleh Mirzəyevdir. Cəmiyyət əsasən Azərbaycanla Belarus arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, Bakı ilə Minskin dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərir.

Orşa şəhər şöbəsi- Azərbaycan İcmaları Konqresinin Orşa şəhər şöbəsi 2006-cı ildə qeydiyyatdan keçmişdir. Orşa şəhər şöbəsinə Mətləb İskəndərov rəhbərlik edir.

 Mogilyov vilayət şobəsi – “Azəri” Cəmiyyəti-“Azəri” Cəmiyyəti Belarusun Mogilyov vilayətində 2005-cı ildə qeydiyyatdan keçmişdir. “Azəri” Cəmiyyətinin sədri İlyas İlyasovdur.

Qrodno vilayət şobəsi – “Vətən” Cəmiyyəti-“Vətən” Cəmiyyəti Belarusun Grodno vilayətində 2006-cı ildə qeydiyyatdan keçmişdir. Konqresin “Vətən” Cəmiyyətinə Vahid Hüseynov sədrlik edir. Bəylər Seyidov “Vətən” Cəmiyyətinin isə sədr müavinidir. “Vətən” Cəmiyyəti əsasən Qrodno şəhərində yaşayan soydaşlarımızın üzləşdiyi problemlərin həlli prosesində yaxından iştirak edir. Cəmiyyət eyni zamanda Azərbaycan həqiqətlərinin Belarus ictimaiyyətinə çatdırılması prosesində də fəallıq nümayiş etdirir.

Bobruysk şəhər şöbəsi-Azərbaycan İcmaları Konqresinin Bobruysk şəhər şöbəsi 2007-ci ildə qeydiyyatdan keçmişdir. Konqresin Bobruysk şəhər şöbəsinin sədri Əyyub Yusifov, sədr müavini isə İltifat Haqverdiyevdir. Belarus Azərbaycan İcmaları Konqresinin Bobruysk şəhər şöbəsi əsasən mədəni-kütləvi tədbirlər keçirməklə Azərbaycanın təbliği ilə məşğul olur.

 

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

 

Olaylar.- 2013.-  11 aprel.- S.15.