Yazın gəlməsilə
hansı xəstəliklər oyanır?
Yazın gəlməsi və havaların
isinməsi təbiəti canlandırdığı kimi bir
sıra xəstəliklərin də canlanmasına şərait
yaradır
Əsrin
xəstəliyi
Baharın gəlişi ilə baş
qaldıran xəstəliklər müxtəlif problemlərə
yol açmaqla insanların özlərini narahat hiss etmələrinə
yol açır. Gecələrin qısalması və günlərin
uzanması, saatların dəyişməsi kimi faktorlar bədənin
hormon tarazlığını dəyişdirərək yuxu
nizamına təsir edir. Yuxu nizamında baş verən dəyişikliklər
isə orqanizmin yetərincə dincəlməməsinə,
davamlı yorğunluğa, unutqanlığa və s. səbəb
olur. Xüsusilə də sıx iş rejiminə malik olanlar,
stresli insanlar sadəcə baş ağrısı deyil,
kürək, boyun, çiyin əzələlərində və
orqanizmin müxtəlif oynaqlarında ağrılar hiss edirlər.
Yazda ən
çox rast gəlinən problemlər içərisində
ilk sırada allergiya yer alır. Statistikaya görə,
dünyada hər 10 nəfərdən 2-si allergiyadan əziyyət
çəkir. Hətta dünya alimləri XXI əsri
"allergiya əsri" adlandırıblar. Bu xəstəliyin
yaranma səbəbi və ondan qorunma ilə bağlı məlumat
verən həkim-allerqoloq Leyla
İsmayılova Milli.Az-a bildirdi ki, havada uçuşan
polen adlanan çiçək tozları yaz
mövsümündə allergik xəstəliklərə səbəb
olan ən önəmli amillərdir:
"Onun ən
çox təsir etdiyi orqanizm isə insanların gözləridir.
Mövsümlə bağlı allergiya nəticəsində
gözdə qaşınma, qızarıqlıq və reaksiyaya
bağlı olaraq damar genişlənməsi meydana gəlir. Bu
baxımdan şiddətli yanma, işığa baxa bilməmək,
bulanıq görmə yaranır. Allergiya nəticəsində
yaranan qaşınma bəzi adamlarda göz önündəki
təbəqə olan korneanın quruluşunda pozulmalara səbəb
olur ki, bunların da ən ciddisi isə görmə qabiliyyətinin
pozulmasına yol açmasıdır. Nəticədə
toxumalarda iltihablı şiş əmələ gəlir ki, bu
da gözdə şişmə, qızarma, qaşıntı və
sulanmaya səbəb olur".
Həkimin
sözlərinə görə, qaşınma səbəbi ilə
gözün davamlı olaraq əllərlə ovxalanması
başqa infeksiyaların da yaranmasına səbəb olur. Bundan
başqa, bahar aylarında sıx müşahidə olunan
göz soyuqdəymələri sadəcə allergik mənbəli
olmur, keçici və mikrobla bağlı olaraq yaranır. Həkim
deyir ki, bu fəsildə insanlarda eyni zamanda davamlı
asqırmalar, burun axıntısı, tıxanıqlıq
müşahidə edilir. Bu tıxanıqlıqla bağlı
insanlar burundan nəfəs ala bilmir və ağızdan nəfəs
alırlar ki, bu zaman alınan nəfəs nəmləndirilmədən
və isidilmədən ağciyərlərə
çatdığından buna bağlı problemlər
yaşanır. Beləliklə, nəticədə baş
ağrısı, üzdə, alında ağrı, boğazda
qıcıqlanma, yanma, davamlı udqunmağa ehtiyac olur. Astma xəstəsi
olanlarda döş qəfəsində sıxılma,
tıxanıqlıq, nəfəs alıb-vermədə çətinlik,
xırıltılı tənəffüs və öskürək
ola bilər. Həkimin sözlərinə görə, yazda
göz allergiyasından qorunmaq üçün evdə nəfəslik
yerinə kondisionerdən istifadə daha məqsədəuyğundur.
Çünki kondisionerlə xaricdəki tozların otağa
birbaşa daxil olmasının qarşısı alınır.
Həmçinin vurğulandı ki, tozlardan qorunmaq
üçün yaz və yay aylarında gün eynəklərindən
istifadə məsləhətdir: "Gözə əllə təmasdan
mümkün olduqca uzaq durmaq lazımdır. Evdə toz alarkən
belə yaş dəsmaldan istifadə edilməlidir".
Yorğun, halsız, yuxusuz və bədbəxt...
Bahar
mövsümü insanların psixoloji vəziyyətinə də
təsir edir. Yazın gəlməsiylə yaranan hava dəyişikliyi
nəticəsində bəzi insanların özlərini
davamlı halsız hiss etmələrini və yuxudan xilas ola
bilmədiklərini deyən psixoloq Aydın Babayev bildirir ki,
yaz və payızda sıx rast gəlinən halsızlıq
maddələr mübadiləsi ilə bağlıdır. Bu
mövsümdə havada olan müsbət və mənfi
yüklü ionlarla bağlı bəzi dəyişikliklər
ortaya çıxır ki, bu vəziyyət bəzi insanlarda
ruhi sıxıntılar və halsızlıq yaradır:
"Bu vəziyyətlə
qarşılaşmamaq üçün
yaşadığınız yerin hava almasını təmin
etmək, nizamlı yuxu saatlarını müəyyənləşdirmək,
gündə 7-8 saat yatmağa çalışmaq, həftədə
ən azı 2 gün açıq havada yerimək və
ilıq duş qəbul etmək tövsiyə edilir. Gündə
2-3 litr su qəbul etmək yaz yorğunluğundan qorunmaq və
immunitet sistemini gücləndirmək üçün
vacibdir".
Yaz
depressiyasının adətən digər depressiyalara bənzər
əlamətlər daşıyan bir xəstəlik olduğunu
deyən psixoloq qeyd edir ki, insanların kifayət qədər
günəş işığı almaması beyində bəzi
kimyəvi maddələrin paylanmasını pozur:
“Əgər
bu mövsümdə hansısa bir insan özünü
yorğun, halsız, yuxusuz və bədbəxt hiss edirsə,
bu artıq yaz depressiyasının əlamətidir. Yaz
depressiyası baharda başlayan və hər il eyni vaxtlarda
müşahidə edilən bir depressiya vəziyyətidir. Əlamətlərinə
gəldikdə isə daim qayğı, yuxu pozuqluğu, əsəbilik,
çəki itirmək, iştahsızlığın və
ya əksinə artması kimi amillər yer alır. Bahar
depressiyası yaşayan insanlar məktəbə və yaxud da
işə getmək problemi yaşaya bilərlər. Bəzi əlamətlər
iki həftədən çox davam etdiyi zaman mütəxəssisə
müraciət etmək məsləhətdir. Çünki
depressiya müalicə olunmadığı halda təkrarlama
şansı arta bilər. Eyni zamanda həmin
sıxıntıların başqa bir psixoloji xəstəliyin əlaməti
olub-olmadığını da öyrənmək önəmlidir.
Xüsusilə də ailədə psixoloji problemi olan başqa
qohumlar varsa, daha diqqətli olmaq lazımdır”.
Ümumiyyətlə,
depressiyanı ciddi qarşılamaq lazım olduğunu deyən
psixoloqun sözlərinə görə, bahar depressiyası
psixoloji bir səbəbdən qaynaqlana biləcəyi kimi tiroid
hormonların nizamsızlığından da yarana bilər:
"Bahar
yorğunluğunun qarşısını almaq
üçün günəşin erkən
çıxmasından faydalanıb yuxudan tez durmaq
lazımdır. Hər gün eyni saatda yatıb-qalxmağa
çalışmaq, daha aktiv olmaq, gündə bir neçə
dəfə idmanla məşğul olmaq, avtomobil əvəzinə
piyada getməyə üstünlük vermək, hazır
qidalar əvəzinə təzə meyvə-tərəvəz
qəbul etmək lazımdır. Psixoloji baxımdan “baharda
hamı xoşbəxt ikən mən niyə beləyəm” demək
əvəzinə “Həyatımda bir sıra müsbət və
mənfi hadisələr olub, hamısı kimi bu da keçəcək”
düşünmək özünü daha yaxşı hiss etməyə
imkan yaradar".
Uşaqların "xəstəlik
mövsümü"
Yaz
mövsümü ilə bağlı dəyişikliklərin
uşaqlara da təsirsiz ötüşmədiyini deyən
pediatr Yasəmən Cəlilova bildirdi ki, bu mövsüm
uşaqlar üçün “xəstəlik mövsümü”
sayılır: “Bu mövsümdə uşaqlarda artan əsas xəstəliklər
allergiya və astmadır. Astma ilə bağlı xroniki
öskürəklə yanaşı, suçiçəyi də
müşahidə edilir. Həmçinin iltihablı göz
axıntıları infeksiya əlaməti ola bilər. Eləcə
də faringit, virusların səbəb olduğu tənəffüs
yolu infeksiyaları, ishallara da çox rast gəlinir”.
Pediatrın
sözlərinə görə, ümumiyyətlə, bu aylarda
havaların dəyişməsi, viruslara və polenlərə
bağlı olaraq uşaqlara təsir edən xəstəliklər
daha da çoxalır: "İlk olaraq valideynlər
uşaqları istiyə uyğun geyindirməli və tərləməkdən
qorumalıdırlar. İnfeksiyalara qarşı sıx-sıx əllərini
yumalıdırlar. Əgər valideyn zökəmə
yoluxubsa, maska taxmalıdır. Uşaqların düzgün
qidalanmasını təşkil etməlidir. Onlara çoxlu
süd məhsulları yedirtməlidir. Gündə yarım
saat günəşə çıxarıb gəzdirməlidir".
Nigar Abdullayeva
Olaylar.- 2013.- 11 aprel.- S.13.