Diaspora “Almaniyadakı Azərbaycan diaspor təşkilatlarının hamısının məqsədi eynidir

 

Naibə Hacıyeva: “Azərbaycan həqiqətlərini, Dağlıq Qarabağ problemi və Xocalı soyqırımını burada tanıtmaq və Almaniya cəmiyyəti ilə sıx əməkdaşlıq əlaqələri yaratmaq”

 

Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naibə Hacıyevanın “OLAYLAR”-a müsahibəsi

 

-Naibə xanım rəhbərlik etdiyiniz Alman-Azərbaycan Dostluq Cəmiyyəti nə vaxtdan fəaliyyət göstərir və cəmiyyətin əsas fəaliyyət istiqamətləri nədən ibarətdir?

-Alman-Azərbaycan Dostluq Cəmiyyətini 2011-ci ildə təsis etmişəm. Alman-Azərbaycan Dostluq Cəmiyyətini təsis etməkdə əsas məqsədim bu təşkilat vasitəsilə almanlarla dostluğumuzu daha da möhkəmləndirmək, həmçinin adət-ənənələrimizi almanlara daha da yaxından tanıtdırmaq olub. Almanlara nəinki bizim yeməkləri, hətta milli rəqslərimizi, öz ana dilimizi belə öyrədirəm. Almanlar bizim musiqilərimizə çox həvəslə qulaq asırlar. Hər dəfə toplantılarımızda məndən sonrakı toplantının nə zaman olacağını həvəslə soruşurlar. Bununla bərabər, keçirdiyimiz bütün görüşlərdə onlara Azərbaycan haqqında məlumatlar verirəm. Xüsusilə, Dağlıq Qarabağ problemi, ermənilər tərəfindən Xocalıda törədilən soyqırım haqqında tez-tez söhbətlər edilir. Ümumiyyətlə, bizim təşkilatımızın əsas məqsədi Azərbaycanla Almaniya cəmiyyəti arasında dostluğu gücləndirmək, olkəmizin mədəniyyətini təbliğ etmək və ən başlıcası həmyerlilərimizlə daha sıx əlaqələr yaradıb onları bir çətir altında birləşdirməkdir.

-Almaniyada Azərbaycan diasporunun vəziyyətini necə dəyərləndirərdiniz? Bu ölkədəki diaspor təşkilatları arasında həmrəylik mövcuddurmu?

-Almaniyada müxtəlif Azərbaycan dərnəkləri, diaspor təşkilatları mövcuddur. Bu təşkilatların hamısının da məqsədi eynidir. Yəni, Azərbaycan həqiqətlərini, Dağlıq Qarabağ problemi və Xocalı soyqırımını burada tanıtmaq və Almaniya cəmiyyəti ilə sıx əməkdaşlıq əlaqələri yaratmaq. Digər tərəfdən son illər dovlət tərəfindən diaspora fəaliyyətinə ayrılan diqqət və qayğı Almaniyadakı diasporamızın fəaliyyətində də əhəmiyyətli dərəcədə hiss olunur. Almaniyanın bir çox şəhərlərində həmyerlilərimizin yaratdıqları təşkilatlar Azərbaycan həqiqətlərinin tanıdılmasında və olkələrimiz arasında mədəni əlaqələrin inkişafında çox böyük rol oynayır. Umimiyyətlə hər bir azərbaycanlının burada bir məqsədi vardir o da Vətənimizi burada layiqincə təmsil etmək, hər yanda azərbaycanlı olaraq ölkəmizin adını uca tutmaq və daha yüksək nailiyyətlər əldə etməkdir. Mən deyərdim ki, diasporamızda birlik mükəmməl şəkildə olmasa da, amma kifayət qədər hiss ediləndir. Almaniyada yaradılan KAD (Koordinations Zentrums Für Aserbaidschaner In Deutschland) –Azərbaycanlıların Almaniyada Koordinasiya Mərkəzinin fəaliyyəti bu istiqamətdə çox nəzərə çarpır. Azərbaycanlıların Almaniyada Koordinasiya Mərkəzi  daimi olaraq öz üzvlərinə Almaniyada baş verən mədəni və ictimai xəbərləri çatdırır və lazım gəldikdə Azərbaycan haqqında gedən yalnış məlumatlara kəskin şəkildə etirazını bildirməkdə yardımçı olur. Bundan əlavə bizim burada yaşayan gənclərimiz tərəfindən yaradılan tələbə və elm adamları üçün olan təşkilatları vardır ki, azərbaycanlı gənclərin bir araya toplaşmasında, elmi diskussiya aparmasında onların təhsillə və yaxud digər məsələlərlə olan problemlərinin həll edilməsində böyük rol oynayır.

 -Bəs Almaniyadakı türk diasporu ilə əlaqələriniz hansı səviyyədədir? Alman-Azərbaycan Dostluq Cəmiyyəti olaraq keçirdiyiniz tədbirlərdə türk diasporunun nümayəndələri, yaxud onların keçirdiyi tədbirlərdə siz də iştirak edirsinizmi?

-Bildiyiniz kimi Almaniyada türk diasporası çox güclüdür. Demək olar ki, ən öndə gedən qabaqcıldırlar. Türk diasporasının bizimlə sıx əməkdaşlıq əlaqələri var və onların buradakı dəstəyindən çox məmnunuq.

-Bəzən müxtəlif ölkələrdəki diaspor təşkilatları təfriqə salmağa, Azərbaycan diasporunda parçalanma yaratmağa cəhd göstərir. Bu kimi hallara qarşı mövqeyiniz nədən ibarətdir?

-Hesab edirəm ki, diasporumuz daxilində problemlər yaratmaq istəyən təşkilatların sayı o qədər də çox deyil və bu, heç zaman Azərbaycanın imicinə xələl gətirə bilməz. Yeri gəlmişkən, bu yaxınlarda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Avropa Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Frankfurt şəhərində diaspor nümayəndələrinin müşavirəsi keçirildi. Həmin tədbirdə Avropa Azərbaycanlıları Konqresinin bəyanatı qəbul olundu. Bəyanatda Azərbaycanın daxili siyasətinə aid məsələlərin xarici ölkələrdə yaşayan bəzi soydaşlarımız tərəfindən müzakirə obyektinə çevrilməsindən də narahatlıq ifadə edildi. Sənəddə qeyd olunduğu kimi, xaricdə yaşayan azərbaycanlıların mütləq əksəriyyəti Azərbaycanın tutduğu yolun düzgün və uğurlu olduğuna inanır.

-Soydaşlarımızın  yaşadıqları ölkələrin ictimai-siyasi həyatına inteqrasiyası qaneedici sayıla bilərmi və bu prosesi bir qədər də sürətləndirmək üçün daha hansı addımları atmaq zəruridir?

-İlk növbədə diaspor işlərində istedadlı, vətənpərvər gənclərimizin potensialından  daha çox istifadə etməliyik. Sevindirici haldır ki, Avropada təhsil alan, işləyən Azərbaycanın istedadlı gənclərinin sayı ildən-ilə çoxalır. Bu, çox müsbət haldır. Bizim gənclər çalışdıqları və təhsil aldıqları xarici ölkələrdə daim Azərbaycanın təbliğatını genişləndirməlidirlər. Mümkün qədər həmin ölkənin beyin mərkəzlərində, tədqiqat aparan universitetlərində çalışmalıdırlar. Bu da heç şübhəsiz ki, gələcəkdə həmin ölkələrdəki gənclərimizin söz sahibi olmasına gətirib çıxaracaq və Azərbaycan naminə təbliğat işlərində böyük kömək olacaq.

-Bəs  Almaniyadakı erməni lobbisi sizə qarşı hansısa çətinliklər törətməyə çalışırmı? Ümumiyyətlə, Almaniyada erməni lobbisi hansı vəziyyətdədir?

-Əvvəla onu qeyd edim ki, Almaniyada erməni lobbisi çox zəifdir və onların bizim fəaliyyətimizə heç bir təsiri yoxdur. Çünki Almaniyada türk və Azərbaycan birliyi daha möhkəmdir.

-Alman-Azərbaycan Dostluq Cəmiyyəti olaraq yaxın vaxtlarda hansı tədbirlər keçirməyi nəzərdə tutmusunuz?

-Bu ilin yayında Bonn şəhərinin mərkəzində Azərbaycanı Almaniyada yaşayan başqa millətlərə daha da yaxından tanıtmaq üçün böyük bir sərgi təşkil etməyi nəzərdə tutmuşam. Həmin sərgidə milli yeməklərimiz almanlara, eləcə də digər xalqlara tanıdılacaq. Cəmiyyətimizin üzvləri milli paltarlarımızı təqdim edəcəklər. Bir sözlə hər bir tərəfdə Azərbaycanla bağlı plakatlar asılacaq.

-Azərbaycanın tarixində əlamətdar olan günlərlə bağlı cəmiyyət olaraq hansı tədbirlər keçirirsiniz?

-Alman-Azərbaycan Dostluq Cəmiyyəti olaraq Azərbaycanın bütün əlamətdar günləri ilə bağlı tədbirlər keçiririk. Həmin tədbirlər zamanı Almaniyadakı soydaşlarımızı bir arada görmək mənə böyük bir zövq verir. Sonuncu tədbirimiz bu ilin mart ayının 22-də Bonn şəhərində keçirdiyimiz Novruz bayramı şənliyi oldu. Bu əziz bayramımızı, həmçinin Azərbaycanı almanlara daha da yaxından tanıtdırmaq üçün bayram tədbirini çox yüksək səviyyəli bir alman restoranında təşkil etdim. Həmin tədbiri çox yüksək səviyyədə keçirdik. Stolların üstündə milli xörəklərimiz,  paxlava, şəkərbura, səməni, bir sözlə, hər şey var idi. Soydaşlarımız Almaniyanın hər tərəfindən ailəliklə həmin tədbirə qatılmışdılar. Bayram tədbirinə təşrif buyuranlar arasında  almanlar da var idi. Almaniyada yaradılan “Bakı ansamblı” öz musiqiləri ilə hamımızı heyran etdi. Onu da deyim ki, Avropanın hər yerində Novruz şənliyi qeyd olundu. Eyni zamanda Almaniyanın digər şəhərlərində fəaliyyət göstərən milli dərnəklərimiz də möhtəşəm bayram şənlikləri hazırlamışdılar. Almaniyada yaşayan azərbaycanlılar bir axşamlıq da olsa, Azərbaycan gecəsi yaşadılar.

-Almaniyada yaşayan soydaşlarımızın əsas etibarilə üzləşdiyi problemlər nələrdir və Alman-Azərbaycan Dostluq Cəmiyyəti olaraq soydaşlarımıza üzləşdikləri bu və ya digər problemlərin həllində köməklik göstərə bilirsinizmi?

-Soydaşlarımız burada daha cox inteqrasiya ilə bağlı problemlərlə üzləşirlər. Almaniya bizim cəmiyyətdən çox fərqlidir. Fərqli dil, fərqli məkan, fərqli anlayışlar və s. Amma bunlar da zaman zaman keçən, öz həllini tapan problemlərdir. Alman-Azərbaycan Dostluq Cəmiyyəti olaraq məqsədimiz ondan ibarətdir ki bizim həmyerlilərimiz uzləşdiyi bu problemlərə lazımi dəstəyi göstərə bilək.

 -Bildiyimiz  qədər Almaniyada kiçik bizneslə də məşğulsunuz. Qərib bir ölkədə bizneslə məşğul olmaq bir qədər çətin deyilmi və Almaniyadakı ermənilər bunu qısqanclıqla qarşılamırmı?

-Əlbəttə ermənilər hər zaman bizim gördüyümüz işləri qısqanclıqla və paxıllıqla qarşılayırlar. Amma həqiqət odur ki, biz onlardan hər zaman, hər bir yerdə, ən azından bir addım öndəyik. Bir faktı da qeyd edim ki, Almaniyada Türk-Azərbaycan diasporası və əməkdaşlığı çox güclü olduğu üçün ermənilərin fəaliyyəti kölgə altındadır və demək olar ki, bizim fəaliyyətlərin qarşılığında hiss edilmir.

 -Qarşıdan ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi və 28 may-Respublika Günü gəlir. Bu əlamətdar hadisələrlə bağlı Alman-Azərbaycan Dostluq Cəmiyyəti olaraq hər hansı bir tədbirlər keçirməyi düşünürsünüzmü?

-Əlbəttə. Biz Alman-Azərbaycan Dostluq Cəmiyyəti olaraq calışırıq ki, burada hər bir bayramımızı və mühüm əhəmiyyətli günlərimizi xüsusi ilə qeyd edək.. Bu baxımdan Alman-Azərbaycan Dostluq Cəmiyyəti olaraq ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi, eləcə də 28 may-Respublika Günü münasibətilə müəyyən tədbirlər keçirməyi düşünürük. Yaxın vaxtlarda bunlarla bağlı tədbirlər planı hazırlanıb icrasına başlanacaq.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

 

Olaylar.- 2013.- 16 aprel.- S.15.