“Uşaqlıqdan içində bişirə-bişirə gəlirsən, bir də görürsən əlində fırça var”

 

Nəvai Mətin: “Çox çox təəssüflər olsun ki, bu gün insanların başı bir parça çörək qazanmağa qarışıb və mənəvi dəyərlər arxa plana keçib”

 

"Mən uşaq olanda kənddə məftildən ən uzun avtomobili o düzəldərdi və bu gün Bakıda ən uzun avtomobilin sahibidir"

 

Müsahibimiz Türkiyənin Beynəlxalq Aktivist Sənətçilar Birliyinin təmsilçisi və təşkilatın Azərbaycan üzrə Rəsm Komitəsinin başqanı, rəssam Nəvai Mətindir.

 

- Nəvai bəy, Azərbaycanda rəssamlıq məktəbi nə vəziyyətdədir?

- Bir ölkənin incəsənətinin vəziyyəti onu təşkil edən cəmiyyətin təfəkkür tərzi ilə qiymətləndirilir. Azərbaycanda da rəssamlığın vəziyyəti toplumun nəyə qiymət verməsi ilə dəyərləndirilir. Çünki, rəssamların həyatı heç də adi insanların yaşayış tərzindən fərqli deyil, bu mənada toplumun problemlərinin birbaşa rəssamlara da aidiyyatı var. Lakin rəssamlar adi insanlardan fərqli olaraq müəyyən məsələlər çox həssaslıq göstərirlər. Çünki, ictimai həyatda baş verən proseslər ilk növbədə sənət adamlarına təsir edir. Bəzən insanların cəfəngiyyat kimi qəbul etdikləri bir hadisə sənətçi tərəfindən tamam fərqli şəkildə qiymətləndirilir. Azərbaycan rəssamlıq məktəbindən danışırıqsa, bu məktəbin təməli Sovet dönəmində qoyulub. SSRİ-nin pis tərəfləri çox olsa da, onun yaxşı cəhətlərini də qeyd etmək lazımdır. Sovetin Azərbaycanda təməlini qoyduğu rəssamlıq məktəbinin bəhrəsini hələ uzun illər görəcəyik. Türkiyədə bir neçə dəfə sərgi və festivallarda olanda orada mənə deyirdilər ki, Azərbaycanda rəssamlıq sənətinin formalaşmasında Sovet dönəminin böyük təsiri olub. Əgər bunun həqiqətən də yaxşı nəticələri olubsa, bu amil Azərbaycan rəssamlığına sadəcə müsbət keyfiyyətlər qata bilər.

- Azərbaycanlılar portret çəkdirməyə üstünlük vermirlər. Bu nə ilə bağlıdır?

- Asif Atanın çox gözəl sözü var: “Dedim: Mənəviyyat azalır! Dedilər: - Azalsın, maddi deyil!”. Çox çox təəssüflər olsun ki, bu gün insanların başı bir parça çörək qazanmağa qarışıb və mənəvi dəyərlər arxa plana keçib. Ona görə nəinki rəssamlığa kinoya, teatra, konsert salonlarına getmək adamların ağlından keçsə də, gedə bilmirlər. Çox qəribədir ki, problem təkcə Azərbaycan çərçivəsində məhdudlaşmır, bütün dünyada belədir. Bu baxımdan rəssam qarşısına keçib portret çəkdirmək insanların ağlından belə keçmir.

- Bizdə rəssamlığa maraq varmı?

- Rəssamlığa həmişə maraq olub. İnsanlar həmişə rəssamlara kosmik varlıqlar kimi baxıblar. Sanki onlar qalaktikanın yad ulduzundan Yerə eniblər. Həmin münasibət bu gün də davam edir.

- Müasir fotoaparat, fotoşhop proqramları var. Yeniliklər rəssamlığı sıradan çıxara bilərmi?

- Bəli, fotoaparatlar, fotoşoplar və internetin mövcud imkanları ilə bu gün rəssam fırçasını sındırıb atmaq istəyirlər. Bircə dəfə əlini rəssam palitrasındakı rənglərin ahəngdarlığında rəqs etdirən insan bu sənətin hansı incəliyə malik olduğunu hamıdan yaxşı bilir. Bunu hər yüz adamdan biri bilirsə, bu rəssamlığın yaşamasına əlavə ruh verər. Rəsm çəkmək əmrə tabe deyil, rəssam fırçasının yaratdığı istənilən personaj insan mənəviyyatının ehtiyacından dünyaya göz açan körpədir. Ən azından qəlbi rənglərin tablodakı rəqsindən zövq alan insanlar fırçanın nəyə qadir olduğunu bilərlər. Heç olmazsa bircə dəfə portretlərin düşündürən dərinliyindən romantikaya qapılmayan insana istəsən dünyanın ən gözəl şeirini oxu, anlamaz. Çünki, rəssam təxəyyülünün məhsulu olan bütün tablolarda hamının xəyal dünyasının romantizmdən realizmə keçidi var. Şəkillərə baxan hər kəs ürəyində bir şeyi düşünür: “Sanki, rəssam bunu mənim üçün çəkib, düşüncələrimi oxuyub çəkib”. Rəssam insanların nələr istədiyini bilir və fikirlərlə asanca yol tapır. Budur rəssamla fotoqrafın fərqi.

- Gənc rəssamların yaradıcılığı gələcəkdəki Azərbaycan rəssamlıq sənətinə nə vəd edir?

- Bu gün Azərbaycanda çox gözəl rəssam nəsli yetişməkdədir. Ad çəkmək istəmirəm. Çünki, onların sayı bir-iki deyil. Kiminsə adını çəkmərəm məndən inciyər. Həmin rəssamların ortaya qoyduqları sənət onu deməyə əsas verir ki, yaxın gələcəkdə Azərbaycan rəssamları dünyada öz sözünü deyəcək.

- Türkiyədən başqa daha hansı ölkələrdə rəsm sərginiz təşkil edilib? Nəvai bəy, planlarınızda xarici ölkələrdə sərgilər təşkil etmək varmı?

- Bildiyiniz kimi mən Beynəlxalq Aktivist Sənətçilər Birliyinin təmsilçisi və təşkilatın Azərbaycan üzrə Rəsm Komitəsinin başqanıyam. Birliyin mərkəzi Türkiyənin İzmir şəhərində yerləşir. Ona görə sərgilərim əsasən Türkiyədə keçirilir. Azərbaycandan olan həmkarım İlqar Əkbərlə Türkiyədə bir çox sərgilərə imza atmışıq. Təşkilatın Avropada bir neçə festivalları keçiriləcək. Yəqin ki, bizi də dəvət edəcəklər və sevə-sevə o tədbirlərin iştirakçısı olacağıq. Yeri gəlmişkən, Azərbaycanda da belə bir festivalın keçirilməsi üçün çalışırıq və düşünürəm ki, bu işin öhdəsindən gələcəyik. Tədbir təşkilatın yox, sırf Azərbaycan adına keçiriləcək. Məqsədimiz Azərbaycanı dünyada incəsənət ölkəsi kimi tanıtmaqdır. Ona görə də festivalda təkcə Türkiyədən yox, dünyanın ayrı-ayrı dövlətlərindən olan rəssamlar iştirak edəcəklər. İnşallah ki, sənətə qiymət verən insanların və dostların köməkliyilə bu tədbirin baş tutmasına nail olacağıq. Təsəvvür edin ki, italyan rəssam qədim tariximizin günümüzə daşınmasında əvəzsiz payı olan İçərişəhəri naturadan xolst üzərində dünyanın ən əsrarəngiz əsərini canlandırır. Əminəm ki, onun üzərindən uzun illər keçəndən sonra da o rəssam həmin anı xatirələrinin ən gözəl səhifəsi kimi xatırlayacaq. Necə ki, mənim yadımdan çıxmır, Türkiyənin Aydın şəhərindəki meydanda canlı rəsm çəkirdik və insanlar maraqla başımıza toplaşırdılar və getdikcə izdiham artırdı. Hətta evlərindən bizə meyvə, çay, yemək gətirirdilər. Həmin izdihamın təkrarsız hisslərini yaşamağın özü bir həyatdır.

- Sovet incəsənət məktəbinin metodları və ifadə formalarının tərəfdarısınızmı?

- Bununla bağlı fikirlərimi yuxarıda qeyd etmişdim. Bir daha deyirəm ki, Sovet rəssamlıq məktəbi dünya incəsənətində öz sözünü deyib.

- Çox maraqlıdır, yaratdığınız əsərlər üçün personajları haradan tapırsınız?

- Həyatda rastlaşdığım elə insan olur ki, o, mənim üçün ən gözəl əsər obrazıdır. Elə insanlar görürəm ki, onu çəkməmək mümkünsüzdür. Ona olan sevgi kətana köçür. Məsələn, Yaşar Nurini necə çəkməyəsən, onu tanıdığıma görə çox məmnunam. Bir adamın portretini çəkmək istəməyin ilk şərti onu sevməkdir. Dost kimi, sənətkar kimi, əməl sahibi kimi sevməlisən. Kiminsə çəkilmiş portreti böyük bir sevginin təzahürüdür. Bir gün bir adamın yaxşı əməlini eşidirsən, bir də baxırsan ki, artıq onu çəkmisən.

- Nəyə görə məhz rəssamlıq?

- Niyə şairlik, niyə aktyorluq, niyə bəstəkarlıq... yəni ki, bu bir tale işidir, qismət budur. Kimsənsə, nəçisənsə onu şərəfli yaşamalısan. Həm də burada daxili tələbat da əsas şərtdir. Uşaqlıqdan içində bişirə-bişirə gəlirsən, bir də görürsən əlində fırça var, qələm var. Sözümü belə bir xalq deyimilə izah etmək istərdim: “Niyyətin hara, mənzilin də ora!”. Mənim doğulduğum kənddə bir oğlan vardı. Adı Vahid idi. Mən uşaq olanda kənddə məftildən ən uzun avtomobili o düzəldərdi və bu gün Bakıda ən uzun avtomobilin sahibidir. Hörmətli professor Nizami Cəfərovun gözəl bir sözü var, o deyir ki: “Uşaq beş yaşında hansı ağıldadırsa, sonadək elə də gedəcək!”. Çox düzgün deyilmiş sözdür. Hələ yetkinlik yaşına çatmamış gedəcəyin istiqamət bəlli olur, sadəcə o yönü düzgün dəyərləndirmək lazımdır.

 

 

Mənsur Rəğbətoğlu

 

Olaylar.- 2013.- 16 aprel.- S.13.