“Korrupsiya olan
yerdə hər hansı inkişafdan söhbət gedə bilməz”
Əlövsət
Allahverdiyev: “Korrupsiyanın mövcudluğu ilk növbədə
ümumbəşəri və milli dəyərləri
sarsıdır”
Müsahibimiz hüquq üzrə fəlsəfə
doktoru Əlövsət Allahverdiyevdir.
- Hazırda ölkədə həyata
keçirilən korrupsiyaya qarşı mübarizə tədbirlərini
necə qiymətləndirirsiniz?
-Korrupsiyaya
qarşı mübarizə tədbirlərini əlbəttə
ki, müsbət qiymətləndirirəm, hətta indiki halda
bu mübarizənin gücləndirilməsini vacib hesab edirəm.
Korrupsiya dövlət və dövlətçilik anlamına
ziddir. Korrupsiya olan yerdə hər hansı inkişafdan
söhbət gedə bilməz. Korrupsiya vəzifəli şəxslərin
vəzifə səlahiyyətlərindən istifadə edərək
qanunları iqnor edib bu və ya digər məsələni hər
hansı bir cinayətkar qrupun xeyrinə həll etməsidir.
Odur ki, istənilən sahədə inkişafa mane olan əsas
faktorlardan hesab olunan korrupsiya müasir dövrümüzdə
dünyanın əksər ölkələrini narahat edən
problemdir. Korrupsiyanın mövcudluğu ilk növbədə
ümumbəşəri və milli dəyərləri
sarsıdır, hüquqi dövlət quruculuğuna mane olur,
iqtisadi və sosial inkişafı əngəlləyir, cəmiyyətdə
mövcud olan ehtiyatlardan səmərəsiz istifadə edilməsinə
şərait yaradır, vətəndaş hüquq və
azadlıqlarına ciddi ziyan vurur. Bu da təbii ki, dövlətin
içərisindən məhv olması deməkdir. Bunun
üçün dövlətin qarşısında dayanan ən
birinci vəzifələrdən biri korrupsiyaya qarşı
sistemli mübarizə aparmaqdır.
- Bu mübarizə tədbirlərini
effektli hesab etmək olarmı? Korrupsiyaya qarşı
mübarizə üzrə dövlət proqramının
icrası onun səviyyəsinin azaldılmasına necə təsir
göstərib?
-
Mübarizə qanunun tələbləri nəzərə
alınaraq ədalətli formada aparılmalıdır, bu halda
istənilən səviyyədə aparılan mübarizə
effektli olacaq. Bu mənada korrupsiyaya qarşı mübarizə
sahəsində görülmüş işlər nəticəsiz
ola bilməz. Bunların hər biri müsbət nəticələrlə
müşahidə olunur. Korrupsiyaya qarşı mübarizə
üzrə Dövlət Proqramının 1.5-ci bəndinə
uyğun olaraq korrupsiyaya qarşı mübarizəyə aid
qanunvericilik aktları qəbul edilmiş və Dövlət
Proqramında göstərilən
digər tədbirlərin həyata keçirilməsi
üçün 15-dən çox normativ hüquqi aktlar
hazırlanmışdır. Hesab edirəm ki, korrupsiyanın
qarşısının alınmasında təkcə
qanunların qəbulu yetərli deyil, bu sahədə mövcud
mexanizmlər zamanla işə salınmalı və gücləndirilməlidir.
Ümid edirəm ki, yaxın gələcəkdə ölkəmiz
korrupsiyaya qarşı mübarizədə dünya ölkələrinin
təcrübəsindən istifadə etməklə çox
müsbət nəticələr əldə edəcək.
-Korrupsiyanın səviyyəsinin
azaldılması üçün daha hansı tədbirlərin
həyata keçirilməsini vacib hesab edirdiniz?
-
Korrupsiyanın səviyyəsinin azaldılması
üçün birinci növbədə qanunun tələblərinə
əməl olunmalıdır. Bu tələblər “ Korrupsiyaya
qarşı mübarizə haqqında” Azərbaycan
Respublikasının Qanununda göstərilmişdir: Belə
ki, vəzifəli şəxslər qanunvericiliklə müəyyən
edilmiş qaydada mənbəyini, növünü və məbləğini
göstərməklə hər il öz gəlirləri,
vergitutma obyekti olan əmlakı, kredit təşkilatlarındakı
əmanətləri, qiymətli kağızları və digər
maliyyə vəsaitləri, şirkətlərin, fondların və
sair təsərrüfat subyektlərinin fəaliyyətində
səhmdar və ya təsisçi kimi iştirakı, bu müəssisələrdə
öz mülkiyyət payı, şərti maliyyə vahidinin
beş min misli miqdarından yuxarı olan borcu və şərti
maliyyə vahidinin min mislindən yuxarı maliyyə və əmlak
xarakterli digər öhdəlikləri barədə məlumatları
təqdim etməlidirlər. Bununla bərabər, korrupsiyaya
qarşı mübarizənin əsas prinsipləri kimi şəffaflığın
artırılması, korrupsiyaya şərait yaradan halların
aradan qaldırılması və qabaqlayıcı tədbirlərin
həyata keçirilməsi çox vacibdir. Təbii ki, bu tələbə
əməl olunarsa korrupsiyanın səviyyəsi də
azalmağa doğru gedər.
- Sizcə
korrupsiyaya qarşı mübarizədə dövlət
orqanlarının fəaliyyətinə ictimai nəzarətin
gücləndirilməsi hansı effekti verə bilər?
-
Korrupsiyaya qarşı mübarizənin effektiv olması
üçün korrupsiyaya qarşı mübarizənin vahid
strategiya çərçivəsində qurulması, bu sahədə
görülən tədbirlərin səmərəli davam
etdirilməsi, zəruri qanunların qəbul edilməsi,
dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi,
səmərəli nəzarət mexanizmlərinin
yaradılması, hüquq pozuntularının aşkar edilməsi
və nəticələrinin aradan qaldırılması, yerli
özünüidarə orqanlarının, vəzifəli
şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının
və səmərəliyinin təmin edilməsi, ümumən
bu sahədə ümumi dövlət siyasətinin həyata
keçirilməsi Korrupsiyaya qarşı mübarizə
üzrə Dövlət Proqramında (2004-2006-cı illər)
göstərilib və icrası istiqamətində müəyyən
addımlar atılmışdı. Bununla yanaşı,
korrupsiyaya qarşı mübarizə sahəsində
normativ-hüquqi baza və institusional mexanizmlər təkmilləşdirilmiş,
dövlət və yerli özünüidarə
orqanlarının fəaliyyətində şəffaflığın
artırılması istiqamətində müəyyən
işlər görülüb, bu sahədə dövlət
siyasətinin həyata keçirilməsi məqsədilə
şəffaflığın artırılması, korrupsiyaya
qarşı mübarizə üzrə Milli Strategiya və onun
həyata keçirilməsi ilə bağlı Fəaliyyət
Planı hazırlanıb. Planda göstərilənlər məhz
ictimai nəzarətin vacibliyini də özündə əks
etdirir. Ümumilikdə dövlətin ictimai, siyasi, iqtisadi və
digər sahələrində dövlət orqanlarının fəaliyyəti
ilə bağlı ictimai nəzarətin olması vacibdir və
onun gücləndirilməsi labüddür. Təbii ki, bu halda
dövlət orqanı da daşıdığı məsuliyyətin
mühümlüyünün fərqində olacaq.
-
Korrupsiyanın qarşısının alınmasında vətəndaş
cəmiyyətləri və medianın rolunu necə qiymətləndirirsiniz?
-
Korrupsiyaya qarşı mübarizədə maarifləndirmə
tədbirlərini və vətəndaş cəmiyyəti
institutları ilə əməkdaşlıq öndə
dayanmalıdır. Bu sahədə təbii ki, medianın rolu
danılmazdır. Məhz maarifləndirmə tədbirləri
media vasitəsilə həyata keçirilməlidir. Korrupsiyaya
qarşı mübarizənin səmərəli surətdə
həyata keçirilməsi üçün ictimaiyyətin
maarifləndirilməsi məqsədilə müvafiq tədbirlər
həyata keçirilməli, digər ölkələrin təcrübəsindən
istifadə olunmalı, beynəlxalq təşəbbüslərdə
iştirak edilməli, eləcə də korrupsiyaya
qarşı mübarizə sahəsində fəaliyyət
göstərən dövlət və qeyri-hökumət təşkilatları,
özəl sektor, kütləvi informasiya vasitələri, beynəlxalq
təşkilatlar və digər tərəfdaşlarla əməkdaşlıq
edilməlidir. Korrupsiyanın mahiyyəti, səbəbləri və
onun doğurduğu təhlükələr haqqında maarifləndirmə
işi aparılmalı, vətəndaş cəmiyyəti
institutları, özəl sektorun və kütləvi
informasiya vasitələri maarifləndirmə işinə cəlb
olunmalıdır. Korrupsiyaya qarşı mübarizə sahəsində
həyata keçirilən tədbirlər və bununla
bağlı dövlət orqanlarının vəzifə və
səlahiyyətləri qanunun aliliyi, insan və vətəndaş
hüquq və azadlıqlarına hörmət prinsipinə əsaslanaraq
həyata keçirilməli, əldə edilməsi qanunla məhdudlaşdırılan
informasiyalar istisna olmaqla, dövlət orqanları öz fəaliyyətləri
barədə məlumatları ictimaiyyətə
çatdırmalı, dövlət orqanları öz fəaliyyətləri
barədə dövri hesabatları və məlumatları ictimaiyyətə təqdim etməlidir.
Alim
Azərbaycanın
Bütövlüyü Uğrunda Cəmiyyətin Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi
ilə həyata keçirdiyi “Korrupsiyaya qarşı
mübarizədə vətəndaş cəmiyyəti
institutlarının və medianın birgə mübarizəsinin
təşkili” layihəsi çərçivəsində
çap olunur.
Olaylar.- 2013.- 16 aprel.- S.12.