“Bu gün hələ
o bəyanata ehtiyac yoxdur”
Prezident Administrasiyasının
ictimai-siyasi məsələlər şöbəsinin
müdiri Əli Həsənov aprelin 15-də “Media forum”
saytının suallarını cavablandırıb.
-
Aprelin 14-də prezident İlham Əliyevin sədrliyi ilə
Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün
sosial-iqtisadi inkişafının yekunlarına həsr
olunmuş iclası keçirilib. Rəsmi mətbuat əvvəlki
iclaslardan geniş məlumat yayırdı. Sonuncu iclas haqda isə
qısa məlumat verildi. İclasda hansı məsələlər
müzakirə olunub?
-
İclas ilin birinci rübünün yekunlarına həsr olunmuşdu. Bu, artıq ənənə halını alıb. Ölkə başçısı hər il dörd dəfə Nazirlər Kabinetinin sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş geniş iclasını keçirir.
Aprelin 14-də keçirilən iclasda prezident İlham Əliyev ilin üç ayının yekunlarına dair açılış nitqi söylədi. Dövlət başçısı çıxışında son üç ayda sosial-iqtisadi sahədə qeydə alınan rəqəmləri, göstəriciləri açıqladı, ümumi daxili məhsulun 3.1 faiz, əhalinin pul gəlirlərinin 6 faiz artdığını, qeyri-neft sektorunda 11.04, kənd təsərrüfatı sahəsində isə 4 faiz artım olduğunu bildirdi. Prezident dedi ki, son üç ayda Azərbaycanda
cəmi 1.2 faiz inflyasiya olub. Vergilər naziri Fazil Məmmədov,
müdafiə sənayesi naziri Yavər Camalov, səhiyyə
naziri Oqtay Şirəliyev və başqaları ilin
üç ayında gördükləri işlər və
qarşıda duran vəzifələr barədə
danışdılar.
Daha sonra
prezident İlham Əliyev bütövlükdə 2013-cü
ildə Azərbaycanın sosial-iqtisadi siyasəti, daxili və
xarici siyasəti, qarşıda duran əsas vəzifələr
haqqında danışdı, həmin vəzifələri
bir-bir göstərdi. Bununla bağlı mətbuatda geniş məlumat
yayılacaq. Bu vəzifələr iqtisadiyyatın şaxələndirilməsi
siyasətinin, əvvəlki dövrlərdə qəbul
olunmuş dövlət proqram və layihələrinin,
xüsusən də sosial layihələrin icrasının
davam etdirilməsi, iqtisadi sahədə sağlam rəqabət
mühitinin təmin olunması, bu sahədə mövcud olan
süni monopoliya yaradılması meyillərinin
qarşısının alınması üçün ciddi tədbirlərin
görülməsi, daxili bazarda rəqabətə
davamlılığın gücləndirilməsi, xarici bazar
üçün nəzərdə tutulmuş mal
istehsalının artırılması, istehsalın təşkil
olunması, sahibkarların dəstəklənməsi, o
cümlədən kreditlərin verilməsi formasında dəstəklənməsi,
ixrac mallarının nomenklaturasının genişləndirilməsi,
yeni yaranan müəssisələrdə müasir
texnologiyaların tətbiq edilməsi, kadr
hazırlığı məsələlərinin həlli,
ipoteka kreditlərinin həcminin və onların paylanması
üsullarının asanlaşdırılmasından ibarətdir.
Dövlət başçısı xüsusi qeyd etdi ki, bu
gün Azərbaycan gənclərinin mənzilə olan ehtiyacını
ödəmək üçün ölkənin valyuta
ehtiyatlarından ipoteka kreditlərinə ayrılmış vəsaitlərin
həcmi artırılmalı, gənclərə ipoteka kreditlərinin
verilməsi asanlaşdırılmalıdır. Ölkənin ərzaq,
energetika, informasiya təhlükəsizliyi ilə bağlı
məsələlər müzakirə olundu və cənab
prezident bu sahədə dövlətin qarşısında
duran məsələləri sadaladı. Dövlətin
investisiya proqramı, daxili və xarici investisiyaların
artırılması məsələlərinə toxunuldu.
Qeyd olundu ki, ötən il Azərbaycana ümumilikdə 22
milyard dollar həcmində investisiya yönəldilib. Bunun 30
faizi xarici, 70 faizi daxili investisiyadır.
Dövlət
başçısı müşavirə
iştirakçıları qarşısında bu
investisiyalardan həm xaricdə, həm də daxildə səmərəli
istifadə olunması məsələsini, sosial layihələr,
korrupsiya və rüşvətxorluğa qarşı
mübarizə tədbirlərinin gücləndirilməsi tələbini
qoydu, 2014-2019-cu illər üçün yeni regional inkişaf
proqramının hazırlanması
tapşırığını verdi. Birinci regional inkişaf
proqramı bu il başa çatacaq və gələn ildən
yeni beşillik regional inkişaf proqramı həyata
keçiriləcək. Müşavirə bütövlükdə
Azərbaycanın sosial-iqtisadi, daxili-xarici siyasətinin nəticələrinin
təhlilinə, yeni vəzifələrin müəyyən
olunmasına həsr olunmuşdu.
- Müşavirə həftənin bazar
günü keçirilib. Əvvəllər belə praktika vardımı?
- Ümummilli
lider Heydər Əliyevin zamanında bazar günü
müşavirələrinin keçirilməsi praktikası
çox geniş tətbiq olunurdu. O zamanlar Prezident
Administrasiyası rəsmiləri, nazirlər, digər dövlət
məmurları bazar günləri işdə olurdular. Bu
praktika 2005-ci ilədək davam etdi, ondan sonra bazar günü
iclasları olmadı. Amma prezident İlham Əliyevin qrafiki həddindən
artıq sıxdır, aprelin 15-16-da dövlət
başçısının bölgələrə səfərləri
nəzərdə tutulub. Bunu nəzərə alaraq
müşavirəni bazar günü keçirmək qərara
alındı.
- Belə iclasların proseduru necədir?
Bazar günü nazirləri, komitə sədrlərini iclasa
toplamaq problem yaratmadı ki?
- Burada belə
bir problem yoxdur və hər şey normaldır. Protokol xidməti
iclasın bazar günü keçiriləcəyini iki gün
öncədən elan etmişdi. Biz aprelin 12-də, cümə
günündən bilirdik ki, bazar günü toplantı olacaq.
İclas təxminən saat 9:30-da başlandı və 13-də
qurtardı.
- Prezident İlham Əliyev bundan əvvəl
keçirdiyi müşavirədə məmurlara ciddi iradlar
bildirmişdi. Sonuncu müşavirədə yenidən o məsələlərə
toxunuldumu? Prezidentin narazı qaldığı və xüsusi
qabartdığı məsələlər vardımı?
- Prezident
çıxışında bu məsələnin üzərinə
bir daha qayıtdı, anti-korrupsiya tədbirlərinin davam
etdirilməsi, rüşvətxorluq və korrupsiyaya
qarşı mübarizənin gücləndirilməsi, bu
mübarizənin sistemləşdirilmiş formada
aparılması məsələlərinə və başqa
bir neçə məsələyə toxundu. Rüşvətxorluq
və korrupsiyaya qarşı mübarizənin həm inzibati, həm
iqtisadi, həm də inistitusional yolla sistemli şəkildə
aparılması sahəsində konkret tapşırıqlar
verdi, bunları bir vəzifə kimi bütün məmurların
yerinə yetirməli olduğunu vurğuladı. Cənab
prezident çıxışında həm də məmurların
vətəndaşlarla iş qaydası, onların vətəndaşlarla
ünsiyyəti, münasibəti, məmurların
özünün ümumi davranış normaları, dövlət
qulluğundakı məsuliyyətlərinin
artırılması kimi məsələlərlə
bağlı fikirlərini bildirdi.
- Nazirlər, komitə sədrləri
rayonlara gedib vətəndaşlarla görüşlər
keçirirlər. Bunda məqsəd nədir və iclasda
görüşlərin nəticələrinə toxunuldumu?
- Bu
görüşlər yeni başlanıb – aprelin əvvəlindən.
Cəmi on beş gündür ki, bu görüşlər
keçirilir və davam etdiriləcək. Fevral ayında
keçirilən müşavirədə dövlət
başçısının məmurların
qarşısında qoyduğu vəzifələrin həlli məqsədilə
nazirlər və komitə sədrləri bölgələrə
gedirlər, bu görüşlər qrafikə salınıb.
Görüşlərdə bir neçə məqsəd var.
Birinci məqsəd dövlət qulluqçuları, xüsusən
də mərkəzi icra hakimiyyəti orqanlarının təmsilçiləri
ilə əhalinin təmaslarını çoxaltmaq, əhalinin
sosial-iqtisadi və digər ehtiyaclarının ödənilməsi
sahəsində yerlərdəki strukturların fəaliyyətini
dəyərləndirmək, səmərəliliyi
artırmaqdır. İkinci məqsəd məmurlarla vətəndaşlar
arasında təması çoxaltmaqla vətəndaşların
problem və ehtiyaclarını birbaşa ödəmək və
mümkün olduğu qədər yerindəcə həll etməkdir.
Üçüncü məqsəd isə mərkəzi icra
hakimiyyəti orqanı rəhbərlərinin rayonlardakı
sosial-iqtisadi inkişafın nəticələri ilə
tanış olması, öz sahələri üzrə işlərin
görülməsi, onların dəyərləndirilməsi,
qiymətləndirilməsidir.
Bizdə əvvəllər
belə təcrübə vardı. Ümummilli lider Heydər Əliyevin
dövründə də bu praktika tətbiq olunurdu. Nazirlərin,
komitə sədrlərinin bölgələrə səfərləri
son zamanlar bir az səngimişdi. Çünki prezident
İlham Əliyevin özü bölgələrə tez-tez səfərlər
edir, məsələlərlə bilavasitə özü yerindəcə
tanış olur, tapşırıqlar verir. Dövlət
başçısı hər rayonda bir neçə dəfə
olub. O cümlədən bu səfərlər zamanı mərkəzi
icra hakimiyyəti orqanlarının, müvafiq sahələrin
rəhbərləri prezidenti müşahidə etdiyinə
görə onların ayrıca görüşlər
keçirməsinə ehtiyac bir qədər
azalmışdı. Son zamanlar isə belə səfər və
görüşlərə yenidən ehtiyac yaranıb. Cənab
prezident də müşavirədə qeyd etdi ki, bunlara ehtiyac
heç vaxt azalmayıb, vətəndaşlarla işləmək
həmişə vacibdir, insanların qayğıları ilə
mərkəzi hakimiyyət orqanları rəhbərlərinin
bilavasitə tanış olması günün aktual məsələsidir.
- Amma görüşlərin
keçirilmə formatından narazılıqlar var.
Görüşlərdə əvvəlcədən siyahı
tutulur, yerli məmurlar görüşə kimi istəyirlər
onu buraxırlar, bəzi insanlara icazə verilmir. Görüşləri
açıq formada etmək daha effektli olmazmı?
- Daxil olan
narazılıqları araşdırırıq. Biz nazirlərin
yerlərdə formal görüşlər, ütülü qəbullar
keçirməsinin tərəfdarı deyilik. Prezident İlham
Əliyev onların qarşısına bu vəzifələri
qoymayıb. Əgər nazir, komitə sədri rayona gedibsə,
həmin rayonda qəbula düşmək istəyən hər
bir şəxs qəbula yazılmalıdır və qəbul
olunmalıdır. Yerli məmurlar da buna şərait
yaratmalıdır. Bunun başqa alternativi ola bilməz.
Görüşlərin konsepsiyası bundan ibarətdir,
hamının qarşısına bu vəzifələr qoyulub.
Biz həmin görüşlərə mətbuat nümayəndələrini
də göndəririk, mətbuatda yazılanları izləyirik.
Əgər siz dediyiniz hallar müşahidə olunacaqsa,
narazılıqlar daxil olacaqsa, əlbəttə, bunlara
qarşı konkret tədbirlər görüləcək.
- Yəqin ki, Nazirlər Kabinetinin
iclasında qarşıdan gələn prezident seçkisi də
diqqət mərkəzində olub. Məsələ hansı
kontekstdə müzakirə olundu?
- Bu
müşavirədə ümumiyyətlə seçki
mövzusuna toxunulmadı. Seçkilərlə bağlı
heç bir çıxış olmadı və heç bir təhlil
aparılmadı. Bu yalnız 2013-cü ilin birinci
rübünün sosial-iqtisadi inkişafının, daxili və
xarici siyasətinin yekunlarına həsr olunmuş
müşavirə idi.
- Əli müəllim, artıq prezident
seçkisində iştirak etmək üçün namizədliyini
irəli sürən siyasətçilər var. Yeni Azərbaycan
Partiyası seçkiyə partiya sədri, dövlət
başçısı İlham Əliyevin namizədliyi ilə
gedəcəyini qeyri-rəsmi elan edib. YAP, hakimiyyət öz
namizədini rəsmi formada nə vaxt elan edəcək?
- Prezidentliyə
namizədlərin elan olunması və müvafiq olaraq
siyasi institutlar tərəfindən,
konkret olaraq siyasi partiyalar və seçicilərin təşəbbüs
qrupları tərəfindən dəstəklənməsi,
onların irəli sürülməsi proseduru Seçki Məcəlləsində
göstərilib. Bunun vaxtı, çərçivəsi var.
Bu çərçivəyə uyğun olaraq YAP da,
seçicilərin təşəbbüs qrupları da öz təşəbbüslərini
həyata keçirəcəklər. Cənab İlham Əliyevin
namizədliyi artıq müəyyən QHT-lər, seçicilərin
təşəbbüs qrupları tərəfindən irəli
sürülüb. Bunların sırasında Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası, Ağsaqqallar Şurası, Veteranlar
Birliyi, Qızıl Aypara Cəmiyyəti və onların yerlərdəki
təmsilçiləri var. Amma siyasi institut olaraq YAP prezidentin
partiyası kimi bu proseduru Seçki Məcəlləsində
göstərilmiş çərçivəyə uyğun
şəkildə həyata keçirəcək. Bunun konkret
reallaşdırılması Seçki Məcəlləsində
müəyyənləşdirilmiş qrafikə uyğun
olacaq.
- Prezident İlham Əliyev indiyədək
prezidentliyə yenidən namizəd olub-olmayacağı haqda
mövqe bildirməyib. Bu nə ilə bağlıdır? Bu məsələdə
hansısa tərəddüdlər var, yoxsa bu,
planlaşdırılmış siyasətdir? Niyə prezident
İlham Əliyev özü bu barədə açıq bəyanat
vermir?
- Lazım
olanda bəyanat da veriləcək. Bu gün hələ o bəyanata
ehtiyac yoxdur.
- ATƏT-in Bakı ofisi və Milli
Demokratiya İnstitutu ilə bağlı müəyyən
proseslər baş verdi. Hazırda vəziyyət necədir?
Hakimiyyət Milli Demokratiya İnstitutunun fəaliyyəti ilə
bağlı araşdırmalar aparıldığını bəyan
etmişdi. Araşdırmalar başa çatıbmı? ATƏT-in
Bakı ofisinin statusunun dəyişdirilməsi gözlənirmi?
- Müzakirələr
gedir. Bununla bağlı müvafiq orqanlar iş aparır. ATƏT-lə
bağlı Xarici İşlər Nazirliyi, Milli Demokratiya
İnstitutunun Azərbaycandakı fəaliyyəti ilə
bağlı bu sahəyə aid qurumlar araşdırma
aparır. Nəticə haqqında cəmiyyətə məlumat
veriləcək.
- Hadisələr müəyyən qədər
tənqidlərə səbəb oldu. Sizcə, seçki ilində
bunlar Azərbaycanın daha çox tənqidlə üzləşməsinə
gətirib çıxarmırmı?
- Hakimiyyət
üçün belə tənqidlər də, bunun baş
verdiyi zaman kəsiyi də, tənqidlərin önəmi də
onların yalnız milli maraqlara cavab verib-verməməsi ilə
ölçülür. Dövlətin qanunları var, dövlətin
milli maraqları var, xalqın rəyi və ona müvafiq
müəyyən olunmuş xətt var. Bu xəttə
uyğun gələnlərə münasibət bildirilir, onunla
bağlı tövsiyələr nəzərə
alınır, uyğun gəlməyənlər dövlətin
öz iradəsi çərçivəsində dəyərləndirilir
və müvafiq siyasət formalaşdırılır,
addımlar atılır.
- Milli Demokratiya İnstitutu Azərbaycanın
milli maraqlarına toxunubmu?
- Mən bunu
xırdalamaq istəmirəm. Hazırda bu institutun Azərbaycandakı
nümayəndəliyinin fəaliyyəti ilə bağlı cəmiyyətdə,
jurnalistikada, dövlət qurumlarında bəlli mövqelər
var. Bu mövqelər araşdırılandan sonra konkret qərar
veriləcək.
- İctimai Televiziya və Radio
Yayımları Şirkətinin baş direktoru İsmayıl
Ömərovun səlahiyyət müddəti başa
çatıb. İsmayıl Ömərov iki dönəm
baş direktor olub. Hakimiyyət onun işini necə qiymətləndirir?
İsmayıl Ömərovun baş direktorluğa yenidən
namizəd olmasını istəyirsinizmi?
- Hakimiyyətin
İctimai Teleradionun fəaliyyətini müsbət, ya mənfi
dəyərləndirməsinin baş direktor seçkisinə,
onun əvəzlənməsinə, yaxud da işini davam etdirməsinə
dəxli yoxdur. İctimai Teleradionun Yayım Şurası və
ictimaiyyət var. İctimaiyyəti təmsil edən doqquz nəfər
məsələni müəyyən edəcək. Bundan sonra məlum
olacaq ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti
fəaliyyətinə İsmayıl Ömərovla davam edəcək,
yoxsa yeni baş direktor seçəcək.
Olaylar.- 2013.- 16 aprel.- S.8.