Diaspora həyatından
bəhs edən sənədli filmlər
Son illər
Azərbaycan diasporunda müşahidə edilən inkişaf
meyilləri, bu istiqamətdə əldə edilən nailiyyətlər
yeni-yeni metod və texnologiyalardan istifadə üçün zəmin
yaradır. Əgər əvvəlki illərdə diasporla
bağlı yalnız kiçikhəcmli broşürlər,
kitablar çap edilirdisə, indi artıq diaspora həyatından
bəhs edən sənədli filmlər çəkilərək
ictimaiyyətə təqdim olunur. Təkcə son on il ərzində Azərbaycan
diasporundan bəhs edən onlarla belə film çəkilib.
Belə filmlərdən
biri də "Birincilər" sənədli filmidir. Film
şərq aləmində ilk demokratik respublikanın
qurucuları, hökumət fəaliyyəti və aqibəti ilə
ictimaiyyəti tanış edir. “Birincilər” sənədli
filmində qiymətli arxiv sənədlərindən geniş
istifadə olunmuşdur. Filmdə qeyd edilir ki, 1918-ci ildə Azərbaycanda ilk dəfə
demokratik respublika quruldu. Azərbaycan Xalq Cümhuriyyəti cəmi
23 ay sürən fəaliyyəti dövründə dövlətçilik
baxımından tarixi əhəmiyyət kəsb edən bir
çox yeniliyə imza atdı, qısa zaman kəsiyində
dövlətçilik tariximizə unudulmaz səhifələr
yazdı. 1920-ci ilin aprelində bolşevik işğalı nəticəsində
süquta uğrayan Demokratik hakimiyyətin liderlərinin bəzisi
mühacir həyatı yaşadı, bir qismi isə erməni
terrorunun qurbanı oldu. Yaxud
represiyalara məruz qaldı. Daha sonra filmdə 1991-ci ildə
Azərbaycan Respublikası yenidən müstəqillik qazanmasından bəhs edilir.
Bildirilir ki, müstəqil Azərbaycan respublikası
özünü Azərbaycan Xalq Cümhuriyyətinin siyasi
varisi elan etdi. Ölkədə hər il may ayının 28-i
Respublika günü kimi qeyd olunur. Milli dövlətçiliyimiz
tarixində ilk respublikanın çox önəmli yer tutduğunu nəzərə
alaraq prezident İlham Əliyev
Azərbaycan Demokratik Respublikasının 90 illik yubileyinin təntənəli
şəkildə qeyd olunması barədə sərəncam imzaladı
"Biz azərbaycanlıyıq"-sənədli
filmi tamaşaçıları Dünya azərbaycanlılarının
I Qurultayının işi ilə yaxından tanış edir.
Bildirilir ki, tale elə gətirib
ki, dünyanın bir çox ölkəsində
soydaşlarımız məskunlaşıb. Onlar müxtəlif
şəhərlərdə yaşasalar, ayrı-ayrı sahələrdə
çalışsalar da, hər birinin qəlbində eyni vətən
sevgisi vardır. Bütün millətlərə hörmətlə
yanaşan, beynəlmiləl təbiətli, tolerant
düşüncəli azərbaycanlılar harada olsalar da, əsrlərdən
gələn milli ruhu, adət-ənənəni nəsildən-nəslə
ötürərək yaşatmağa qadirdirlər.
Azərbaycan
müstəqillik qazanandan sonra müxtəlif səbəbdən
xaricdə yaşayan soydaşlarımızla əlaqələrin
daha da möhkəmlənməsinə heç bir ideoloji əngəl
qalmadı.. Diaspor təşkilatlarının fəaliyyətinin
genişlənməsi və güclənməsi, qurumlar, cəmiyyətlər,
dərnəklər arasında əlaqələrin möhkəmlənməsi,
birliyin, həmrəyliyin yeni məzmun kəsb etməsi tarixin
verdiyi imkan və zamanın tələbi oldu. Əbədiyyətə
qovuşan Ümummilli liderimiz Heydər Əliyev məhz bu zərurəti
nəzərə alıb Dünya azərbaycanlılarının
I Qurultayının keçirilməsi barədə sərəncam
imzalandı. Beləliklə, 2001-ci ilin noyabr ayında 37
ölkədən diaspor nümayəndələri Bakıda
bir araya gəldilər. İki gün davam edən ali məclisdə
dinlənən məruzə və çıxışlarda
müxtəlif icmaların, birliklərin və cəmiyyətlərin
fəaliyyəti barədə maraqlı məlumatlar səsləndi,
irili-xırdalı təşkilatların işinin daha da fəallaşması,
əhatə dairəsinin genişlənməsi, əlaqələrin
güclənməsi barədə təkliflər verildi.
Ümummilli Lider Heydər Əliyevin proqram xarakterli nitqi
qurultay nümayəndələri
tərəfindən böyük rəğbətlə
qarşılandı, gələcəyə uzanan şərəfli
bir yolun əsas istiqamətlərini müəyyənləşdirdi.
Qurultay 103 nəfərdən ibarət Əlaqələndirmə
şurası, 23 nəfərdən ibarət idarə heyəti,
eləcədə sədr və müavinlər seçdi.
"Azərbaycan
deyəndə"- sənədli filmi ictimaiyyəti ümummilli
lider Heydər Əliyevin
keçdiyi şərəfli ömür yolu ilə
tanış edir. Film ümummilli liderin 85 illik yubileyinə həsr
olunub. Filmdə qeyd edilir ki, bəzən bir insan öz fədakar
əməyi ilə bir xalqın, bir dövlətin taleyində
elə iz salır ki, adı əbədi olaraq tarixə yazılır.
Çağdaş Azərbaycan üçün belə şəxsiyyət Heyər Əlirza oğlu Əliyev
idi. Onun əvəzsiz xidmətləri nəticəsində Azərbaycanın
müstəqilliyi dönməz, daimi
və əbədi oldu. Bugünkü nailiyyətlərimiz
onun apardığı
uğurlu, uzaqgörən siyasətin nəticəsidir. Təsadüfi
deyil ki, xalq onu yeni Azərbaycanın böyük memarı
adlandırır. Heydər Əliyevin mənalı
ömrü, fədakar əməyi, hər bir soydaşımızı,
xüsusən gənc nəslimizi azərbaycançılıq
məfkurəsi ətrafında birləşdirib. Bu ülvi
arzu hamımız üçün əsl vətənpərvərlik
nümunəsidir.
"Ayrılarmi
könül candan"-sənədli filmi əsasən
tamaşaçıları Diasporla İş üzrə
Dövlət Komitəsinin ilk beş illik fəaliyyətini
özündə əks etdirir. Filmdə
tamaşaçıların diqqətinə
çatdırılır ki, Azərbaycan Respublikası
müstəqilliyinin ilk illərindən dünya azərbaycanlılarının
mənafe və maraqlarının təminatçısı
olduğunu rəsmən bəyan edib. Son illər
soydaşlarımızla dövlət səviyyəsində
sistemli iş aparılması sürətlənib. Dünya Azərbaycanlılarının
Həmrəylik Gününün keçirilməsi, Dünya
azərbaycanlılarının I və II Qurultaylarının
çağırılması, "Xaricdə yaşayan azərbaycanlılarla
bağlı dövlət siyasəti haqqında" qanun,
Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə
Dövlət Komitəsinin yaradılması bu fəaliyyətin
nə qədər ciddi və geniş miqyaslı olduğunu
göstərir. Dünya Azərbaycanlılarının I
Qurultaydakı nitqində Ulu Öndər Heydər Əliyevin
söylədiyi "Mən qurultayın sonunda belə nəticəyə
gəldim ki, həqiqətən Azərbaycanda diaspor ilə
iş üçün xüsusi dövlət orqanı
yaradılmalıdır. Güman edirəm ki, biz bu günlərdə
belə bir orqan yaradacağıq, əlaqələr daha da
genişlənəcək, inkişaf edəcək, irəliyə doğru gedəcəkdir” fikri də
öz əksini tapıb. Filmdə bildirilir ki,
yarandığı ilk gündə Xarici Ölkələrdə
Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət
Komitəsinin qarşısında duran əsas vəzifələrdən
biri diaspor fəaliyyətini milli maraqlarımızın gerçəkləşdirilməsi
istiqamətində mərkəzləşdirmək idi.
Hazırda dünyanın əksər ölkəsində
soydaşlarımızın çalışdığı
400-ə yaxın icma və birlik mövcuddur. Bakıda və xarici
dövlətlərdə müxtəlif səpkili tədbirlərin
mütamadi keçirilməsi ənənəvi şəkil
alıb. Diaspor üzvlərinin tarixi vətənləri ilə
əlaqələrinin xeyli güclənməsi, Azərbaycan həqiqətlərinin
xaricdə geniş şəkildə duyurulması, azərbaycançılıq
ideyalarının təbliği
sahəsində daha fəal mövqe tutması yeni dövlət
qurumunun prezident İlham Əliyevin müvafiq sərəncamlarına,
göstərişlərinə, tövsiyyələrinə
uyğun olaraq ardıcıl və
səmərəli fəaliyyətinin nəticəsidir.
"Bir millət,
iki dövlət"-Dünya azərbaycanlılarının
II Qurultayının nəticələrinə həsr olunub.
Filmdə qeyd edilir ki, qurultay
nümayəndələri
Azərbaycan və Türk diaspor təşkilatlarına
müraciət qəbul etdilər. Müraciətdə deyilirdi
ki, qardaş xalqlarımız öz tarixlərinin məsul
anlarında həmişə bir- birinə dayaq olmuş, mənəvi
irsi qoruyaraq zənginləşdirmiş,
müstəqil dövlətləri olan Türkiyə Cümhuriyyətini
və Azərbaycan Respublikasını yaşatmaqla ulu əcdadlarımızın
bizə miras qoyduğu maddi-mədəni sərvətləri gələcək
nəsillərə ötürmək
üçün əlverişli imkan qazanmışlar. Bu da
xüsusi olaraq vurğulanır
ki, Türk dünyasının ilk böyük şəxsiyyətinin-Ulu
Öndər Mustafa Kamal Atatürkün "Azərbaycanın
sevinci bizim sevincimiz, kədəri
kədərimizdir" və Ümummilli Liderimiz Heydər Əliyevin
"Biz bir millət, iki dövlətik" kəlamları
qarşılıqlı əlaqələrin qədim tarixi
kökləri ifadə edərək, siyasi, iqtisadi və mədəni əməkdaşlığın
təməl prinsiplərini müəyyənləşdirmişdir.
Hər iki müstəqil dövlətin regionun aparıcı
qüvvəsinə çevrilməsi, qlobal inteqrasiya proseslərinə
fəal şəkildə qoşulması diaspor təşkilatlarının
birgə əməkdaşlığının möhkəmlənməsinə
daha sağlam zəmin yaradır. Azərbaycan-Türk diaspor təşkilatlarının məskunlaşdıqları ölkələrdə
birgə tədbirlər keçirməklə dünya ictimaiyyətinə
mövcud həqiqətləri daha doğru-düzgün,
dolğun və təsirli şəkildə
çatdırmağı məqsədə uyğun hesab edən
Qurultay nümayəndələri
Azərbaycan-Türk diaspor təşkilatlarının I
Forumunun keçirilməsi təklifini irəli sürdülər.
Adı məzmununu tam olaraq ifadə edən sənədli filmi
ilk dəfə 2007-ci ildə paytaxtın əzəmətli Heydər
Əliyev sarayında Azərbaycan-Türkiyə diaspor təşkilatları
rəhbərlərinin I Forumunda
nümayiş etdirildi.
"Biz 50
milyonluq xalqıq"- sənədli filmi də Dünya azərbaycanlılarının
II Qurultayının işindən bəhs edir. Filmdə
xüsusi olaraq vurğulanır ki, xarici ölkələrdə
yaşayan soydaşlarımızla əlaqələrin gücləndirilməsi Azərbaycanın dövlət siyasətinin
prioritet istiqamətlərindən biridir. Odur ki, bu sahədə
qazanılan uğurlar və qarşıda duran vəzifələr
vaxtaşırı ümumilikdə müzakirə
olunmalıdır. Bu məqsədlə Prezident İlham Əliyevin sərəncamı ilə
2006-cı ilin mart ayında Bakıda Dünya azərbaycanlılarının II
Qurultayı çağırıldı. Bu Qurultay tarixi məzmunu
və ictimai əhəmiyyətinə
görə bir çoxcəhətdən seçilirdi. Birinci
fərq Azərbaycanın
müstəqil dövlət olaraq
son illərdə keçirdiyi inkişaf yolu ilə
bağlı idi. Əldə olunmuş nailiyyətlər, birlik
ideyası və diaspor quruculuğu işinə yeni müstəvidən
yanaşmağı tələb edirdi. Filmdə o da qeyd edilir
ki, ilk qurultaydan ötən
dövr ərzində Azərbaycan diasporunun fəaliyyəti
nəzərə çarpacaq dərəcədə güclənmişdir.
Soydaşlarımızın təşkilatlanması prosesi yekunlaşırdı. Müxtəlif
qurumların, mərkəzlərin, cəmiyyətlərin
işinə gənclər daha
çox cəlb olunmağa başlamışdır. Bu, ilk
növbədə yeni nəslin
tarixi vətənlərinə marağının artması,
onlarda vətənpərvərlik ruhunun yüksəlməsi ilə
əlaqədar idi. Azərbaycanın güclənməsi,
qüdrətlənməsi, dünya dövlətləri
arasında öz layiqli yerini tutması
soydaşlarımızı həm sevindirdi, həm də onlara
mənəvi dayaq kimi yaşadıqları mühitdə
mövqelərini möhkəmlədirdi. Dünya azərbaycanlılarının
II Qurultayı diaspor təşkilatlarının fəaliyyətində
tamamilə yeni bir mərhələni müəyyənləşdirdi.
Bu foruma 49 ölkədən 593 nümayəndə, eləcə
də çoxsaylı qonaqlar dəvət olunmuşdur.
Onların arasında tanınmış elm-mədəniyyət xadimləri, dövlət və
hökümət təmsilçiləri vardı.
Bütün bunlar tədbirin artan ictimai-siyasi əhəmiyyətinin
göstəricisi idi. Qurultaydakı parlaq nitqində Prezident İlham Əliyevin tarixə
həkk olan bir ifadəsi sürəkli alqışlarla
qarşılandı: "Azərbaycan xalqı böyük
xalqdır. Biz 50 milyonuq. Bu, dünya miqyasında böyük
xalqdır. Bizim hamımızın bir vətəni var-Azərbaycan.
Çalışmalıyıq ki, doğma vətənimizi
möhkəmləndirək, zənginləşdirək,
qüdrətli dövlətə çevirək."
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2013.- 18 aprel.- S.15.