“Bizim dövrün uşaqlarının başını belə nağıllarla aldatmaq olardı, indikilərin isə yox”

 

Elçin Hami Axundov: “Mən cırtdanı müasir formada çatdırsam uşaqlar üçün çox maraqsız olar”

 

Bu gün Azərbaycanda cizgi filmlərinin, müsahibimizin dili ilə desək animasiya filmlərinin durumu necədir? Sovet dövrü ilə müqayisədə bu sahədə durğunluğun yaranma səbəbləri haqda daha ətraflı öyrənmək üçün animasiya filmləri üzrə rejissor, quruluşçu rəssam, ssenarist, “AZAN” Film Studiyasının rəhbəri Elçin Hami Axundovla danışdıq.

 

-Əvvəlcə bu sahədəki fəaliyyətiniz haqda qısaca da olsa danışaq.

-1994-cü ildən “AZAN” Film Studiyasında bədii rəhbər olmuşam. 2000-ci ildə məni həm bədii rəhbər, həm də studiyanın müdiri təyin etdilər. 2000-ci illərin əvvələrindən etibarən “Basat və Təpəgöz”, “Qızıl”, “Siçan Pişik” çəkildi. Əvvəllər ildə bir film, daha sonra isə iki-üç belə film çəkildi. Əsas problemimiz isə kadr sahəsində yaranan boşluqlardır. Mədəniyyət və Turizm Nazirliyi bu sahəyə pul ayırardı. Lakin kadr boşluğunun olması bir sıra çətinliklər yaradır.

-Hazırda bu sahədə çalışanların çox az olduğunu dediniz. Təxmini barmaqla sayılası qədər?

-Təxmini belə demək olar. Öncə bizdə on-on beş animator vardısa, indi cəmi bu işlə məşğul olan bir-iki şəxs var. Və ya on iki, on beş cizgiçi rəssam vardısa indi cəmi üç nəfər bu işlə məşğul olur. 90-cı illərdə yaranan böhrandan sonra ölən ölüb, qaçan da qaçıb. Elələri var ki, indi tikiş fabrikində işləyir. Bu cür əlləri hədər etmək günahdır. Animator incəsənətin ən incəsidir.

-Niyə belə filmləri cizgi yox, animasiya filmləri adlandırırsınız?

-Belə filmləri cizgi yox, animasiya filmləri adlanmalıdır. Cizgi filmlər özü də animasiya filmlərinin bir qolunu təşkil edir. Öncələr ruslar animasiya filmlərini multfilm adlandırırdılar. Biz də meymun kimi onların dediklərini təkrarlayırdıq. Müstəqillik əldə etdikdən sonra isə türklər kimi həmin filmləri cizgi film adlandırmağa başladıq. Əslində bütün bu filmlər animasiya filmləri adlandırılmalıdır. Sözün kökündə də nəyisə canlandırmaq mənası var. Studiyamızın adı da buna görə, “AZAN” Film Studiyası adlanır. Yəni, Azərbaycan animasiya filmləri studiyası. Animasiyanın əsas məğzi hadisəni daha şux, məzəli formada çatdırmaqdan ibarətdir.

-Ümumiyyətlə sovet dövrü, 90-cı illərlə müqayisədə bu sahədə hansı dəyişikliklər var? Öncəki illərlə müqayisədə animasiya filmləri sahəsindəki durum ürəkaçan hesab olunurmu?

-90-cı illərlə müqayisədə hazırda bu sahəni çox ürəkaçan adlandırmaq olar. Lakin Sovet dövründə bu işlə məşğul olanların sayı indikindən daha çox idi. Təxminən on nəfərə yaxın rəssam, cizgiçi rəssam, rəngkar və s. var idi. Demək olar ki, bizim studiya da dağılmışdı. 90-cı illərin ikinci yarısında isə demək olar ki, heç nə çəkilmədi. İqtisadi vəziyyətin ürəkaçan olmaması bu sahəyə də öz təsirini göstərib. Vəsait azlığına görə, animasiya filmləri çəkilmirdi. Öncələr ildə 10 dəqiqəlik film təqdim etmək imkanı olurdu. 1998-ci ildən sonra isə hər il iki, ya üç filmi çəkə bilirdik. Çəkilən filmlərin hamısı on dəqiqəlik olmurdu. Onlar arasında beş, yeddi dəqiqə olanları da vardı. Bu dövrdə təkcə “AZAN” Film deyil, Firəngiz Qurbanovanın “Birlik” studiyası da fəaliyyət göstərirdi. Hazırda “Üç dost” adlanan yeni studiya yaranıb. Həmin studiyada üç ölçülü müxtəlif animasiyalı filmlər hazırlanır. Üç ölçülü belə filmlər 3D Max və ya Maya proqramı vasitəsi ilə hazırlanır. Elə sonuncu çəkdiyimiz “Balaca ev” üç ölçülü formatda 3D Max proqramında hazırlanıb. İki ölçülü, yəni cizgi film çəkmək üçün uyğun olan formatda isə qurama filmlər çəkilir.

-Bu sahənin gəliri necə, varmı?

-Bu sahədə ümumiyyətlə gəlir yoxdur. Düzdür, lazım olanda vəsait ayrılır. Lakin kadr boşluğunun olması işimizə maneə olur.

-Çəkilən filmin maddi dəyəri nə ilə ölçülür?

-Hər filmin dəyəri onun mövzu dairəsindən asılıdır. Bu vaxtadək çəkilən animasiya filmi üçün ən azı beş manat xərclənib.

-Bəs, problemi aradan qaldırmaq üçün hansı zəruri addımların atılmasına ehtiyac görürsünüz?

- Bunun üçün ilk növbədə kursların təşkilinə ehtiyac görürəm. Bundan öncə də bir neçə dəfə kurs təşkil etmişəm. Sonuncu dəfə 80-ci illərdə belə kurslara rəhbərlik etmişdim. Öncə kursa səksən altı nəfər yazılmışdı. Çoxu bu işi asan bilirdi. Əsas çətinliklərin nədən ibarət olduğunu bildikdən sonra bu işi bacara bilməyənlər animasiya sahəsindən uzaqlaşdılar. Sonda mən təxminən otuz beş, qırx nəfər arasında seçim edib, iyirmi beş, otuz nəfəri seçdim. Onların da arasında  çox dəyərli rəssamlar var idi. Lakin 90-cı illərin əvvəllərində onları işlə təmin edə bilmədiyim üçün həmin istedadlı şəxslər kənara səpələndilər. Tələbələrimdən biri hazırda çox məşhur olan Disney studiyasında işləyir, digərləri isə Sankt-Peterburq, İsrail, Polşa, Fransa, Türkiyədə öz şəxsi studiyalarını açıblar. Hazırda xarici ölkələrdə də onlara tələbat böyükdür.  Yenidən kurs təşkil edib, bu sahədə müəyyən dirçəliş yaratmaq üçün 2006-cı ildə Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycanda milli animasiya filmlərinin inkişafına dair proqram təqdim etdim. Nədənsə bu proqram hələ də qəbul olunmayıb. Bunun üçün pul ayrılmalı idi. Proqramın əsas məğzinə görə bir il müddətində bu işə marağı olan bacarıqlı şəxslərlə kurs təşkil edib, onlara animasiya filmlərinin əsasını öyrətməli idim. Bu proqram qəbul olunduqdan mən kursu uğurla başa vuranlarla birgə tammetrajlı və ya silsilə formasında olan filmlər çəkə biləcəyəm. Silsilə filmlərlə hətta ölkədən kənara da çıxa biləcəyik. Əfsuslar olsun ki, 2006-cı ildən bu günə qədər bu proqram qəbul olunmur. Lakin bu il həmin vəsaitin ayrılacağına söz verilib. İşlədiyim müddətdə bizim studiyaya  bu sahədə fəaliyyət göstərmək üçün müraciət edənlər də az olmayıb. Lakin onlar bu sahəni bilmədikləri üçün mən onları işə qəbul etməmişəm. Animator hərəkətin məğzini, fizikasını, biomexanikasını, artikulyatiya, defarmatiya qanunlarını bilməlidir. Bu qanunları öyrənməmiş hərəkəti canlandırmaq olmaz. Bu işi öyrənmək üçün gərək bir ilini buna sərf edəsən. Bir var real vaxt, bir də var kino vaxtı. Bizdə aparatdan saniyədə iyirmi dörd kadr keçir. Bu işi görə bilmək kifayət qədər kadr olmalıdır.

-Bəs, bu vaxtadək ölkəmizdə animasiya filmləri sahəsində təxminən nə qədər film çəkilib?

-Azərbaycanda təxminən bu sahədə yüzdən artıq film çəkilib. Mən ilk dəfə 1968-ci ildə ilk filmin çəkilişində iştirak etmişəm.

-Bir animasiya filmi təxminən hansı müddətə tamamlanır?

-Böyük kollektivlə işləyərkən bir animasiyalı filmi təxminən səkkiz aya çəkə bilərik. Amma belə şəraitdə il yarıma çəkməli oluruq.

-Bu cür filmlər arasında efirə uyğun olmayanları da var...

-Xaricdə çəkilən animasiya filmləri arasında efirə uyğun olmayanları var. Bu cür filmlərin yayımlanmaması üçün telekanallar mütləq seçim etməlidirlər. Lakin bizim teleşirkətlər  bu cür filmlər arasında seçim etmirlər. Hər animasiya filmini yayımlamaq olmaz. Hamı elə düşünür ki, animasiya filmləri yalnız uşaqlar üçün hazırlanır. Animasiya filmləri bütün yaş təbəqələri üçündür. Belə filmlərin əhatə dairəsi çox genişdir. Onlar arasında erotik filmlər də var. Məsələn, “Simson” serialına uşaqlar baxa bilməzlər. Bu uşaq tərbiyəsi üçün uyğun olan film deyil.

-Zaman dəyişdiyi üçün uşaqların maraq dairəsi də fərqli olub. Bu günki uşaq 90-cı illərdə böyüyən uşaqla eyni düşüncə tərzində deyil. O daha maraqlı şeylər tələb edir. Bəs, sizcə uşaqların diqqətini çəkmək üçün hansı mövzulara daha çox toxunmaq lazımdır?

-İlk növbədə uşaqlar üçün hazırlanan animasiya filmlərinin mövzuları müasir olmalıdır. Daha çox uşaqların diqqətini çəkən müasir mövzulara toxunub, onları məqsədyönlü formada çatdırmaq lazımdır. Yəni, hər bir ssenaridə tərbiyələndirici amil olmalıdır. Mən cırtdanı müasir formada çatdırsam bu indiki uşaqlar üçün çox maraqsız olar. Uşaq baxıb deyəcək ki, bu nədi. Komputer, mobil rabitənin inkişaf etdiyi dövrdə bu mövzular uşaq üçün maraqsız görünəcək. Bizim dövrün uşaqlarının başını belə nağıllarla aldatmaq olardı, indikilərin isə yox.

-Demək olarmı ki, bu sahənin inkişafında kinoteatrların rolu da danılmazdır. Lakin kinoteatrlara marağın azlığı...

-Sovet dövründə Bakıda, kənd və rayonlarda otuzdan artıq kinoteatr var idi. Filmin bazarının formalaşmasında kinoteatrların rolu danılmazdır. İndi iki-üç kinoteatr var. Belə bir durumda animasiya filmlərinin hansı bazarından söhbət gedə bilər. Tamaşaçı isə ümumiyyətlə yoxdur. Azərbaycanda kino heç bir gəlir gətirmir. Bu sahədə müəyyən dirçəliş yaratmaq üçün hökumət də gərək bu sahəyə vəsait ayırsın. Çünki bu təbliğat deyil. Uşaqların məqsədyönlü tərbiyəsi üçün çox önəmli olan sahələrdən biridir. Buna görə, mən böyüklər üçün çəkilən filmlərdən daha çox animasiya filmlərinə diqqət yetirərdim. Uşaqları uşaq ikən tərbiyə etmək lazımdır. Sonra gec ola bilər.

-Animasiya filmləri arasında uşaqlar üçün zəif və çox maraqsız olanları da var. Bu haqda siz nə deyə bilərsiniz?

-Çəkilən filmlər arasında çox zəif olanları da var. Məsələn, silsilə formasında verilən “Çəhrayı Pandera” çox mənasızdır. “Tom and Jerri” macəralı olduğu üçün nisbətən ondan maraqlıdır. Uşaqlar üçün çəkilən filmlərdə qəddarlıq, qan olmamalıdır. Bu cür filmlər həddindən artıq çoxdur. Bu cür filmlərə baxmadan evdəki qəddarlığı görərək psixoloji gərginlik yaşayan uşaqlar da az deyil. Hər yaş təbəqəsinə uyğun film çəkilməlidir. Bu mənada biz hələ ki, sovet dövrünün estetikasını saxlamışıq. Yazılan ssenarilərdə yalançılıq, fırıldaqçılıq pislənir, yaxşı olan nüanslar uşaqlara təqdim edilir, tarixi məsələlər işıqlandırılır. “Cavanşir” filmində də uşaqlara tarix haqda məlumat verilir. Filmlərimiz müəyyən qədər tariximiz haqda informasiya da verməlidir. Lazım olan informasiyanı verməklə uşaqları məqsədyönlü tərbiyə etməyə çalışmalıyıq.

-Milli Teleradio Şurasının bu sahədəki fəaliyyətini necə qiymətləndirərdiniz?

-Mən bunu qiymətləndirə bilmərəm. Birdən-birə həmin şura telekanallarda animasiya filmlərinin təqdimi haqda qərar qəbul etdi. Çox maraqlıdır. Kadr çatışmazlığı olan sahədə bu işi necə görə biləcəklər? Kadr yoxdur axı. Buna görə, mənim təqdim etdiyim proqram gərək qəbul oluna.

 

 

Nigar Məhərrəm

 

Olaylar.- 2013.- 18 aprel.- S.13.