Səhnəmizin
QAYINANASI
Nəsibə
Zeynalovasız keçən illər
Nədənsə
Nəsibə Zeynalova adının
qarşısında başqa bir söz əlavə etməyə
ehtiyac görmürəm.
Yaratdığı obrazlarla təkrarolunmazlığını
sübut edən Nəsibə Zeynalova sənətdə öz
möhürünü çoxdan
vurub. Niyə məhz qaynana adı çəkiləndə ilk olaraq Nəsibə
xanım gözümüzün
önünə gəlir? Çünki o yaratdığı obrazla
əvəzolunmaz “Qaynana”nı yaratdı. Nə qədər
keşməkeşli, acı, çətin həyatı olsa da
yaşayıb-yaratdığı illərdə heç vaxt
tamaşaçını kədərləndirmədi.
Yalnız onun ölümü
“Qaynana” sevənləri məyus etdi. Nəinki “Qaynana” sevənləri,
eləcə də Azərbaycan teatrını, kinosunun
gözünü də ağlar
qoydu.
Bu gün
dünyasını dəyişməsinə baxmayaraq yenə də
yaratdığı obrazlara baxıb qəhqəhə çəkərək
gülürük. “Nəsibə xanım bu rolu çox
gözəl oynadı” demək də sanki qəbahətdir.
Çünki o həmin rolu oynamırdı,
yaşayırdı. “Qaynana” filmində yaratdığı “Cənnət
xala”, “Hicran” tamaşasındakı “Qızbacı” obrazı hər
zaman tamaşaçını gülüş içində
boğub. Onun içində bir zaman aktrisa olacağına
ümid vardı. Elə uşaq ikən
atasının yolunu davam
etdirəcəyini deyən Nəsibə xanım,
anasının etirazlarına baxmayaraq öz qətiyyətli fikrindən heç vaxt dönməyib.
Atası Cahangir Zeynalovun 60 yaşı olarkən dünyaya gələn balaca
Nəsibə böyüdükdən sonra
anasını və özünü maddi sıxıntının girdabından xilas etmək üçün
fəhlə kimi
işləməyi qərara alır. Zavodda
Nəsibənin istedadını görən Şəmsi Bədəlbəyli
beləcə bu yolda
addımlamaq üçün ona geniş bir
cığır açır. Yavaş-yavaş
kino və teatr sahəsində
ilk addımlarını atan
Nəsibə Zeynalova yaranan
fürsətdən istifadə edərək öz
istedadını, məharətini hər kəsə göstərmiş
olur. O, yaratdığı rolun ssenarisini öyrənməklə
də kifayətlənmir. Özünün
o həzin dilini,
maraqlı, duzlu-məzəli sözlərini də həmin
ssenariyə əlavə edərək
tamaşaçının ən incə damarını
tutmağı bacaran Nəsibə xanım
söz qarşısında da heç vaxt
aciz qalmayıb. Həmişə “Qaynana” və digər film,
tamaşalarda tamaşaçının sevimlisi olmaq, onun üzündə bol-bol
gülüş yaratmaq
üçün sünilikdən qaçaraq, daha təbii səslənən
nitqə üstünlük verib. Nəsibə xanımın
yaratdığı obrazlarla səsləndirdiyi
ifadələri də hər zaman dillər
əzbəri olub. “Ağəz
dəlidir də, sarsaqlayır da”, “Ay səni görüm,
ananın qarnına şiş batsın, səni
doğan yerdə”, “Ədə Krişa, itinə de ki, bizim qapıdan keçəndə
hürməsin”, “Sülh quşu
özü gəlib sənin başına qonmuşdu” kimi digər
maraqlı deyimləri ilə bütün
həmkarlarından fərqlənən Nəsibə
Zeynalovanın yoxluğu həqiqətən
də tamaşaçı üçün
acı bir gerçəklikdir. Bu gün çəkilən
hər film də bir o qədər sevilmir. Səbəbi
isə filmlərdə Nəsibə Zeynalova
nəfəsinin duyulmamasıdır. Azərbaycan
tamaşaçısı məşhur gülüş
ustasının rol aldığı filmləri
hər zaman ekran
qarşısında oturaraq, bezmədən,
yorulmadan dəfələrlə belə
izləməyə hazırdı. Çünki
həmişəki kimi yenə də qəhqəhə
çəkərək bizi güldürəcəyini
bilirik. İstənilən
tamaşaçıdan onun rol
aldığı filmləri nə qədər izlədiyini soruşsaq yəqin ki, heç kəs dəqiq cavab
verə bilməyəcək. Səhnəyə gəlişi ilə
hər kəsi güldürdü, gedişi ilə isə
tamaşaçını göz
yaşlarına qərq etdi. Kiçikdən-böyüyə
hər kəsin qəlbində nur, üzündə
təbəssüm yaradan Nəsibə
xanım gözəl ana, nənə, həm
də QAYNANA olması ilə də heç
vaxt yaddaşımızdan silinməyəcək.
Nigar Məhərrəm
Olaylar.- 2013.- 20-22 aprel.- S.13.