“Televizor uşaq üçün bir dayədir”

 

“Ana övladı ilə məşğul olmaq əvəzinə telefonda kiminsə qeybətini edir”

 

Ailədə uşağın tərbiyəsi çox önəmli amillərdən biridir. Tərbiyə sisteminin düzgün qurulmaması, ailədaxili münaqişələr, söz-söhbətlər, uşaqlara kifayət qədər vaxtın ayrılmaması gələcəkdə uşağın tərbiyəsinə, bir fərd kimi yetişməsinə mənfi təsir edən amillərdən hesab olunur.

 

Bu gün əksər ailələrdə uşaqların istəklərinin həyata keçirilməsi heç də bu tərbiyə sisteminin düzgün olmasından xəbər vermir. Uşaqlar yaşlarına uyğun film, cizgi filmləri izləmək əvəzinə böyüklərlə birgə oturub yayımlanan açıq-saçıq serial və filmlərə baxırlar. Daha sonra ən çox izlədiyi, sevdiyi serial qəhrəmanını yamsılayaraq özünü yaxşı, ya pis olmasından asılı olmayaraq ona bənzətməyə çalışır. Sabahımızın işığı, gələcəyimiz adlandırdığımız uşaqların tərbiyəsi ilə məşğul ola bilirikmi? Bu haqda öncə şəhər əhalisinin fikirlərini öyrənməyə çalışdıq. İki uşaq anası olduğunu deyən Gülnar Muxtarova həftə içi yalnız iki gün uşaqları ilə məşğul olduğunu söyləyib: “Həyat yoldaşımın pulu ailəni dolandırmaq, uşaqların tələbatını önləyə bilmək üçün kifayət etmədiyindən övladlarım azyaşlı da olsa işləməyi qərara aldım. Səhər tezdən uşaqları bağçaya aparıram. Həftənin yalnız iki gününü onlara sərf edə bilirəm. Nə gün görürlərsə bağçada görürlər. Altı-bazar da ev işlərindən vaxt tapan kimi onları parkda gəzməyə çıxarıram”.

Digər müsahiblərimiz də imkansızlıq, uşaqların tələbatını önləmək üçün işlədiklərini, buna görə onlara kifayət qədər vaxt ayıra bilmədiklərini söyləyib. Şəfiqə Məmmədova: “Düzdür, uşaqlara vaxt ayırmaq lazımdır. Bu fikirlə razıyam. Amma təəssüf ki, işdən, ev işlərindən heç vaxt tapa bilmirəm”. Valideynlərə ünvanladığımız “son olaraq uşağınızı nə zaman onlar üçün nəzərdə tutulan istirahət mərkəzinə aparmısınız” sualımızın qarşılığında da təəssüf ki, istədiyimiz cavabı ala bilmədik. Əksər valideynlər yalnız şənbə-bazar günləri övladlarını yaşayış yerlərinin ətrafındakı parkda gəzintiyə çıxartdığını dedi.

Gələcəyimiz olan uşaqların düzgün təlim-tərbiyəyə ehtiyacı var. Ailədə lazımi təlim-tərbiyə, öyüd-nəsihət görməyən uşaq asanlıqla ətraf mühitin mənfi təsirinə məruz qala bilər. Buna misal olaraq, küçələrdə kimsəsiz olaraq böyüyən uşaqları göstərmək olar. Maşın silməsindən, çöl süpürməsindən asılı olmayaraq zamanla rastlaşdığım bu uşaqların əksərinin pis vərdişlərə düçar olmasını, söyüş-təhqir dolu ifadələrlə danışmasını, həmçinin siqaret kimi səhhətə zərərli olan mənfi vərdişlərə aludə olduğunu görmüşəm. Uşaq dünyaya gələrkən ağ kağız kimi təmiz olur. Heç bir zərərdən və pislikdən xəbəri olmur. Onu meşədə heyvanların yanında tərk edib getsən böyüdükcə onlar kimi hərəkət etməyə başlayacaq. Buna misal olaraq başqa nümunələr də çəkmək olar. Bütün bunlar bir daha uşağın tərbiyəsi üçün ətraf mühitin təsirinin danılmaz olduğunu söyləməyə əsas verir. Azərbaycan ailəsində hazırda uşaqların təlim-tərbiyəsinin hansı səviyyədə olması haqda psixoloqlarla da söhbət etdik. Psixoloq Elnur Rüstəmov asudə vaxtın uşaqla birgə keçirilməsinin çox faydalı olmasından danışdı: “Valideynlər uşaqların tərbiyəsinə diqqət yetirməlidir. Vaxtında övladın düzgün tərbiyə olunmaması gələcəkdə mənfi fəsadlar yarada bilər. Uşaq elə ana bətnində ikən düzgün tərbiyə olunmalıdır. Övladın dünyaya gəlişindən sonra isə bu işə daha ciddi diqqət yetirmək lazımdır. Uşağın asudə vaxtının əyləncəli, maraqlı olması üçün müxtəlif vasitələrə əl atmaq olar. Asudə vaxtlarında uşaqlarla birgə oynamaq həm onun tərbiyəsinə, həm də intellektinə müsbət təsir göstərəcək. Lakin bu gün bizim ailələrdə qeyd etdiyim nüanslara az diqqət yetirilir. Biri kompüter alıb uşağın başını qatır, digəri hansısa yüksək keyfiyyətə cavab verən mobil telefon verərək övladını bir yolla da olsa özündən kənarlaşdırmağa çalışır. Belə valideynlər uşağın onun işinə maneə olmaması üçün asan yollara əl atır. Bu zaman isə tərbiyə məsələsi arxa planda qalır. Valideyn mütləq mütəmadi olaraq övladı ilə ünsiyyətdə olmalıdır”.

Psixoloq hamiləlik dönəmində də uşaqla ünsiyyətin körpənin formalaşması üçün müsbət təsirə malik olduğunu qeyd edib: “Uşaq ana bətnində olarkən də arzuolunan olduğunu bilməlidir. Sözsüz ki, valideynlərin davranışı ona hər şeyi hiss etdirəcək. Ata-ana dünyaya gəlməyə hazırlaşan övladları ilə danışmalı, onun gəlişini gözlədiklərini hiss etdirməlidirlər. Kişi də hamilə qadınına əsəbi gərginlik yaşatmamalı, hər an onu başa düşməyə çalışmalıdır. Hamilə qadınlar özləri üçün ən rahat mühiti seçməlidirlər. Hamilə qadına qarşı zorakılıq da uşağa həm fizioloji, həm də psixoloji zərbə endirə bilər. Çünki uşaq ana bətnində ikən ananın hiss etdiklərini hiss edir, onun yeməyindən qidalanır. Hamilə qadın uşağın sağlam təfəkkürdə böyüməsi, düzgün tərbiyəsi üçün musiqiyə qulaq asmalı, açıq havada vaxt keçirməli, mütəmadi həkim nəzarətində olmalıdır. Hər hansı psixoloji problem yaranarsa psixoloqa müraciət etməyi də unutmamalıdır. Hamiləlik dönəmində qadınlarda depressiya da olur. Bu da qadının dünyaya gələcək uşağına mənfi təsir edir. Buna görə belə hallarda da ana övladı ilə ünsiyyətə girməlidir”.

E.Rüstəmov hazırda Azərbaycan ailəsində uşağın təlim-tərbiyəsi ilə bağlı mövcud durumun qaneedici olmamasını da vurğulayıb: “Mən deməzdim ki, hazırki vəziyyət qaneedicidir. Məncə valideynlər bu mövzu ətrafında ciddi şəkildə düşünməlidirlər. Əziyyət çəkib övlad dünyaya gətirib, daha sonradan onlara vaxt ayırmamaları bütün əziyyətlərini hədər edir. Buna görə valideynlər övladlarına diqqət yetirməli, ona vaxt ayırmalı, asudə vaxtını maraqlı keçirtməli, uşağın cibində nə qədər pulun olmasına fikir verməli, kimlə oturub-durduğuna birbaşa da olmasa kənardan nəzarət etməlidir. Vaxtında lazımi tədbir görülərsə istənilən müsbət nəticə əldə etmək olar”.

Psixoloq Ramil Nəcəfli genetik amillərin də uşağın formalaşması üçün əsas rol oynadığını söyləyib: “İnsanların tərbiyəsində genetik amillərin də rolu danılmazdır. Elə insan var ki, nə qədər əzilsə də yenə də mənliyini qoruyub saxlaya bilir. Bundan başqa uşağın tərbiyəsində mühitin də rolu danılmazdır. Arzuolunmaz hadisələrin baş verməməsi üçün ailədə də həmin məsələlərə ciddi münasibət bildirilməlidir. Valideynlərə elə gəlir ki, bütün təlim-tərbiyə işləri ilə məktəb və telekanallar məşğul olmalıdır. Hər şey ilk olaraq ailədən başlayır. Valideynlərin davranışı uşağa həmişə nümunə olur. Məsələn, ər-arvad arasında uçurum, söz-söhbətlər varsa, valideynlər uşağa vaxt ayırmırsa bu gələcəkdə uşaqda müxtəlif psixoloji problemlərin yaranmasına səbəb olacaq. Uşaqların yeniyetməlik dövründə valideynlərin onlara kifayət qədər vaxt ayırmaması nəticəsində valideyn-uşaq münasibətlərində müəyyən problemlər yaranır. Onlara elə gəlir ki, uşağın maddi tələbatını ödəməklə iş bitir. Əksər ailələrimizdə valideynlər uşaqdan gününün necə keçməsi, problemləri haqda məlumat almırlar. Bütün bu amillər gələcəkdə onun tərbiyəsinin düzgün olmamasını göstərəcək”.

-Dediyiniz kimi, uşaqların tərbiyəsində ətraf mühitin rolu da danılmazdır. Onları ətrafdakı zərərli vərdişlərdən uşaqlaşdırmaq üçün nə etmək lazımdır?

-Uşaqlarda idmana marağı da artırmaq lazımdır. Bu yolla uşaqlar lazımsız işlərdən uzaq dura bilərlər. Əvəllər azyaşlılar arasında siqaret, narkotikə maraq yaranırdısa, indi daha çox onlar yaşıdlarına baxıb idmanla məşğul olmaq istəyirlər. Bəzi ailələrdə belə bir fikir var ki, guya qızın tərbiyəsi ilə ana, oğlanın tərbiyəsi ilə isə ata məşğul olmalıdır. Bu boş sözdür. Hər ikisi uşağın tərbiyəsinə ciddi nəzarət etməlidir. “İnsanlar daha çox zəmanələrinə oxşayır” fikri ilə mən də razılaşıram. Buna görə, ailədə uşağı reallığa uyğun tərbiyə etmək lazımdır. Valideynin verdiyi tərbiyə uydurma, gərəksiz olmamalıdır. Valideyn uşağa reallığı öyrətməlidir. Yəni, sabah müstəqil olaraq həyatın qoynuna atılan övlad öz valideynlərinin verdiyi tərbiyədən bəhrələnə bilməlidir.

-Bütün səslənən fikirləri ümumiləşdirsək, son olaraq uşaqların təlim-tərbiyə sisteminin pozulmasının əsas səbəblərini hansı amillərlə bağlamaq olar?

-Nəsillər arasında, ər-arvad arasında münasibət pozuntusu, valideyn-uşaq arasında ünsiyyət qırıqlığı uşaqların tərbiyəsinə mənfi təsir edir. Problemlər danışılaraq həll edilir. Amma Azərbaycan ailəsində buna məhəl qoyan yoxdur. Əvəllər kimsə oğlu üçün elçi gedəndə ağsaqqallar, ağbirçəklərlə məsləhətləşərdi. Amma indi ağsaqqal və ağbirçəyi heç sayan yoxdur. Ünsiyyət qırıqlığı gələcəkdə daha pis fəsadlar yaradacaq. Hamı girib evinə qapını bağlayıb özünə qapanır.

Psixoloq Elmir Əkbər isə həddindən artıq uşağa qarşı diqqətli olmanın da onun təlim-tərbiyəsinə müsbət təsir göstərməyəcəyini söyləyib: “Bəzən biz elə düşünürük ki, uşaqları çox sevirik. Bu əsla belə deyil. Onları həddindən artıq himayə etməyimiz yaxşı nəticə verməyəcək. Uşaq üzərində diktator rejimi qurmaq da lazım deyil. Uşağa elə nəzarət etməliyik ki, o bunu hiss etməsin. Uşağın hara gedib, hara gəlməsi, kimlərlə oturub-durmasından xəbərdar olmalıyıq. Valideynlərin səhlənkarlığı ucbatından bir çox uşaqlar dini qurum adı ilə fəaliyyət göstərən təhlükəli təşkilatların təsiri altına düşür, kamikadzelik edir. Valideynlər uşağı özlərindən asılı şəkildə böyütməyə çalışırlar. Bir çox hallarda ata-ananın övlada düzgün yanaşmaması, ona şəxsiyyət kimi münasibət bəsləməmələri, onların körpə ikən böyük maraqla verdiyi sualları “sən uşaqsan, sən bilməzsən” deyərək cavablandırmaları səhv münasibətdən xəbər verir. Çox heyif ki, biz uşağa şəxsiyyət kimi baxa bilmirik. Uşaq dünyaya gətirən valideynin bütün diqqəti övladında olmalıdır. Tərəflər özlüyündə bu məsuliyyəti dərk etməlidir. Əslində biz valideynlər uşaqlara borcluyuq. Çünki onları dünyaya gətirdiyimiz üçün bu məsuliyyəti çiyinlərimizdə daşımalıyıq. Bir çox kişilər elə düşünür ki, uşaq ancaq qadına məxsusdur, onun tərbiyəsi ilə də məhz o məşğul olmalıdır. Buna görə də əksər uşaqlar atalarını sevmirlər. Analar isə övladlarını televizor qarşısında əyləşdirirlər. Televizor uşaq üçün bir dayədir. Ana övladı ilə məşğul olmaq əvəzinə telefonda kiminsə qeybətini edir. Uşağın tərbiyəsi, sağlamlığı üçün televizor və kompüter çox zərərlidir. İmkan daxilində azyaşlını televizor və kompüterdən kənarda saxlamaq lazımdır. Əslində uşaq futbolu kompüterdə yox, real həyatda oynamalıdır. Övladı ilə oynamaq, onunla xoş dəqiqələr keçirmək valideyn üçün də faydalıdır. Uşağı mütəmadi olaraq açıq havaya çıxarmaq, onun üçün nəzərdə tutulan müxtəlif əyləncə məkanlarına aparmaq lazımdır. İşgüzar olub-olmaqdan asılı olmayaraq valideynlər mütləq uşaqlarını bağçaya qoymalıdırlar. O, bu yolla yaşıdları ilə dil tapmalı, onlarla hər şeyini bölüşməlidir. Bağçaya getməyən uşaq özünə qapalı, eqoist olur. Böyüyəndə insanlarla ünsiyyət qura bilmir”.

-Bəs, səhv iş tutan uşağa qarşı necə davranmaq lazımdır?

-Uşağı heç vaxt tənqid etmək olmaz. O, səhv iş görərkən yalnız həmin işi tənqid etmək lazımdır. Ona “bu pis işdir, bunu görmək olmaz” deməliyik. Bu zaman uşaq törətdiyi əməlin pis olduğunu dərk edərək “mən yaxşı uşağam bunu edə bilmərəm” deyərək həmin işdən uzaqlaşacaq. Amma bizim ailələrdə bu durumla bağlı vəziyyətə nəzər salsaq hər şeyin tamam başqa olduğunu görə bilərik. Biz uşağı tənqid də yox, təhqir edirik. “Sən pis uşaqsan. Səndən adam olmayacaq” deyərək onları döyürük. Həqiqətən də böyüyəndə belə uşaqlar “adam” da olmur. Uşaqları heç vaxt digər yaşıdları ilə müqayisə etmək olmaz. Heç yaxşı mənada da onları digərləri ilə müqayisə etməməliyik. Bu sonradan uşaqda eqoistlik yaradacaq. Və ya “filankəs yaxşıdır, sən pissən” də deməməliyik. Belə halda həmin uşaqlar böyüdükcə nəyisə özlərində kompleks edəcək, nədənsə çəkinəcəklər.

-Uşağın tərbiyə sisteminin pozulmasında əsas günahkar valideynlərdir...

-Bəli, uşağın tərbiyə sisteminin pozulması, pis yola düşməsi, pis əməllər törətməsinin də günahkarı valideyndir. O, lazımi məqamda diqqətsiz olduğu üçün sonradan övladını istədiyi kimi də görə bilmir.

-Uşağın tərbiyəsi ilə nə vaxtdan məşğul olmaq lazımdır?

-Uşağın tərbiyəsi ilə o dünyaya gəlməzdən öncə məşğul olmaq lazımdır. Övlad planlaşdırılarkən artıq tərbiyə sistemi yaranır. Ana-atanın nə yeməyi, necə davranması ona təsir edir. Babalarımız da belə deyirdilər ki, hamilə qadınlar Qurana qulaq asmalıdır. Çünki bu gələcəkdə uşağın səbrli, dözümlü olmasına müsbət təsir edəcək. Hamilə qadını əsəbləşdirmək olmaz. Hamilə ikən əsəbi olan ananın övladı heç vaxt normal doğulmur.

Tərbiyə sistemində hər iki tərəfin bərabər hüquqlu olduğunu qeyd edən psixoloq ata tərbiyəsinin önəmliliyindən də danışıb: “Atanın övladını tərbiyə etməsi o dünyaya gəldikdən sonra başlayır. Dünyaya göz açdıqdan sonra qabağında anasını, övladlarını sevən, qayğıkeş kişi görməyən oğlan uşaqları indiki bəzi müğənnilər və aparıcılar kimi olacaq. Belə aparıcı və müğənnilər normal ailədə böyüməyənlərdir. Atasından normal öyüd-nəsihət almayan oğlan sabah normal ailə başçısı da ola bilməyəcək”.

Psixoloq övlad tərbiyəsi üçün qadının ali təhsili olub-olmamasından daha çox digər zəruri amillərə diqqət yetirməyin önəmli olduğunu vurğulayıb: “Təhsil almaq önəmli amillərdən biridir. Hətta mən deyərdim ki, oğlandan daha çox qız uşağı üçün təhsil önəmlidir. Lakin bu o demək deyil ki, ali təhsil uşaq tərbiyəsi üçün önəmlidir. Qadın dünyagörüşlü, axtarışlı olmalı, öz üzərində işləməli, kitab oxumalı, informasiyalardan, maraqlı məlumatlardan xəbərdar olmalıdır. Bu uşağın tərbiyəsinə müsbət təsir edəcək”.

Yadıma bu mövzu ilə əlaqədar bir hadisə düşdü. Dərsə gedərkən balaca rus qızın çəmənlikdən gül dərmək istəyinə anasının “onu dərmək olmaz. O da sənin kimi balacadır. Yaşamaq, böyümək istəyir” deyə cavab verməsi mənim kimi ətrafdakıların da böyük marağına səbəb oldu. Necə də gözəl, onun anlaya biləcəyi tərzdə övladını başa salır. Mən belə güman edirəm ki, bizim valideynlər ya övladının üstünə qışqıraraq bu qadağanın səbəbini izah etməz, ya da ki “ikisini də mənə dər” deyər. “Uşaqlar bizim gələcəyimizdir” deyərək onların düzgün təlim-tərbiyəsinə ciddi vaxt ayırmalıyıq.

 

 

Nigar Məhərrəm

 

Olaylar.-2013.- 23 aprel.- S.12.