Skandinaviya ölkələrində Azərbaycan diasporu

 

Günümüzdə geniş formada təşkilatlanmış Azərbaycan diasporu dünyanın hər bir bölgəsində olduğu kimi Skandinaviya ölkələrində də uğurlu fəaliyyət stərir. Bu regiona daxil olan İsveç, Norveç, DanimarkaFinlandiyada hazırda onlarla Azərbaycan diaspor təşkilatı mövcuddur ki, onlar da öz növbəsində xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında fəallıq nümayiş etdirirlər.

 

Skandinaviya ölkələrinə daxil olan dövlətlərdən biri də İsveçdir ki, bu gün sözügedən ölkədə bir neçə fəal diaspor təşkilatımız mövcuddur. İsveçdə fəaliyyət göstərən aktiv diaspor təşkilatlarından biri Azərbaycan Federasiyası İsveçdir(AFİ). Azərbaycan Federasiyası İsveç 2000-ci ildə təsis edilmişdir. AFİ İsveçdə yaşayan azərbaycanlıların həmrəyliyi, milli-mənəvi birliyinin möhkəmlənməsi uğrunda çalışan ictimai təşkilatdır. AFİ-nin məqsədi Azərbaycan və onunla bağlı problemləri İsveç toplumu və quruluşlarına tanıtmaq, İsveçdə yaşayan azərbaycanlıların bu topluma inteqrasiyasına çalışmaqdır. Eyni zamanda, İsveçdə fəaliyyət göstərən Azərbaycan dərnəkləri, fəal şəxslər arasında əlaqələrin qurulmasına yardım etməkdir. İsveç mediasında Azərbaycan dilində proqramların yayımının təşkili də AFİ-nin qarşısına qoyduğu vəzifələrdəndir. Azərbaycan Federasiyası İsveç hazırda Səttar Sevginin rəhbərliyi altında fəaliyyət göstərir.

“Babək” Kültür Dərnəyi-“Babək” Kültür Dərnəyinin əsası İsveçin Linşoping şəhərində 1990-cı ildə qoyulmuşdur. Zaman-zaman dərnəyin fəaliyyətində fasilələr yaranmış, hətta dövlət orqanlarındakı rəsmi qeydiyyatı ləğv edilmişdir. Lakin bu ləğvolunma uzun sürməmiş, 2007-ci ilin sentyabr ayında 48 nəfər üzvün iştirakı ilə dərnək yenidən formalaşdırılmışdır. Dərnəyin Linşopingdə yaşayan azərbaycanlılarla bərabər qonşu qəsəbə və şəhərlərdən olan üzvləri də vardır. Dərnəyin məqsədi Azərbaycan mədəniyyət kursları təşkil etmək, gənclərin mədəni şüurunu istiqamətləndirmək, bununla bağlı müxtəlif təşəbbüslər göstərməkdir. “Babək” Kültür Dərnəyinin rəhbəri Aslan Ərəbluidir.

Xəzər” Azərbaycan-İsveç Dostluq Cəmiyyəti-“Xəzər” Azərbaycan-İsveç Dostluq Cəmiyyəti 1999-cu ildə İsveçin Malmo şəhərində yaradılmışdır. Cəmiyyətin uzvləri həm cənubdan, həm də şimaldan olan kimliyini danmayan, Azərbaycan türkü olması ilə fəxr edən insanlardan ibarətdir. Cəmiyyəti yaratmaqda məqsəd azərbaycanlıları bir araya gətirmək, milli adət-ənənələrimizi qoruyub yaşatmaq, İsveç cəmiyyətinə inteqrasiya olmaq, isveçlilərlə sıx əlaqə saxlamaq və onlara ölkəmizi, tariximizi, mədəniyyətimizi, musiqimizi tanıtmaqdır. “Xəzər” Azərbaycan-İsveç Dostluq Cəmiyyəti yalnız Malmodəki dərnəklərlə deyil, digər şəhərlərdəki təşkilatlarla da əlaqə saxlayır. Son illərdə isə Danimarkada fəaliyyət gostərən “Vətən” Cəmiyyəti ilə sıx əməkdaşlıq edir, Malmodəki türk, türkmən cəmiyyətlərinin tədbirlərində fəal iştirak edir. “Xəzər” Azərbaycan-İsveç Dostluq Cəmiyyətinə Leyla Kiani rəhbərlik edir.

İsveç Azərbaycanlıları Konqresi-İsveç Azərbaycanlıları Konqresinin təsis qurultayı 2010-cu ilin iyununda İsveçin paytaxtı Stokholm şəhərində keçirilmişdir. Tədbir 15 Azərbaycan diaspor təşkilatının iştirakı ilə baş tutmuşdur. İsveç Krallığında fəaliyyət göstərən bir neçə diaspor təşkilatının bu qurumu yaratmaqda məqsədi Azərbaycan həqiqətlərini, tarixini, mədəniyyətini yaşadıqları ölkənin ictimaiyyətinə çatdırmaqdan ibarətdir. Eyni zamanda, vahid diaspor təşkilatı kimi bu yolla Azərbaycan icmaları, cəmiyyətləri arasında əlaqələri inkişaf etdirmək, onların imkanlarını və güclərini səfərbər etmək, bu qurumların fəaliyyətini koordinasiya etmək, mövcud problemləri birlikdə çözməkdir. İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyevdir.

 

Norveç

 

Norveçə azərbaycanlıların mühacirəti XX əsrin 50-ci illərindən sonraya təsadüf edir. Eyni zamanda XX əsrin 70-80-cı illərində İran İslam İnqilabından sonra da Norveçə mühacirət edən cənublu soydaşlarımız olub. Bu ölkədə fəaliyyət göstərən ən aktiv diaspor təşkilatlarından biri Norveç Azərbaycanlıları Gənclər Təşkilatıdır. Norveç Azərbaycanlılarının Gənclər Təşkilatı 2005-ci ildə Norveçdə yaradılmışdır. Beş nəfərdən ibarət idarə heyyəti olan NAYO dünyəvi, sivil, qeyri-siyasi və gəlir əldə etmək məqsədi olmayan bir təşkilatdır. Təşkilatın əsas məqsədi orada yaşayan azərbaycanlıların Norveç ictimaiyyətinə inteqrasiya olunmasında yardımçı olmaq, onları təşkilatlandırmaq, hüquqlarını müdafiə etmək və sosial problemlərinin həlli istiqamətində işlər görməkdir. Eyni zamanda Azərbaycan xalqının mədəniyyətini, tarixini, problemlərini və nailiyyətlərini çatdırmaqla yanaşı, iki ölkə arasında dostluq əlaqələrini möhkəmləndirmək, iqtisadi, elmi və mədəni əlaqələrin inkişafına dəstək verməklə dostluq və əməkdaşlıq körpüsü rolunu oynamaqdır. NAYO təşkilatı həm Norveçdə, həm də xaricdə davamlı olaraq müxtəlif mövzularda tədbirlər, layihələr həyata keçirir. Ən böyük layihələrdən biri kimi Norveçin Beynəlxalq Əlaqələr İnstitutunda "Azərbaycanın Cənubi Qafqazda geosiyasi rolu" mövzusunda seminarı göstərmək olar. Həmin tədbirdə Norveçdə akkreditə olan dörd səfirliyin nümayəndəsi, parlamentin üzvləri, QHT-lər iştirak etmişdir. Bundan başqa Norveçin Biznes Menecment İnstitutunda biznes təşkilatlarının iştirakı ilə "Azərbaycanın yüksələn iqtisadiyyatında investisiya imkanları" mövzusunda biznes-forum təşkil edilmişdir. NAYO-nun layihələri üç hissəyə bölünür. Belə ki, tədbirlərdə ilk olaraq Azərbaycanın potensialı, neft strategiyası, regionda mövqeyi, daha sonra isə Dağlıq Qarabağ problemi, Xocalı faciəsi və ermənilərin törətdiyi digər vəhşiliklər, nəhayət, sonda tibbi və Azərbaycanın turizm potensialını əks etdirən kitablar təqdim edilir. NAYO Azərbaycan diaspor təşkilatları içərisində şəbəkəsi olan yeganə təşkilatlardandır. Norveç Azərbaycanlıları Gənclər Təşkilatının sədri Ramil Əliyevdir.

 

Finlandiya

 

Finlandiyada mövcud olan fəal diaspor təşkilatlarından biri Azərbaycanlı Qadınlar Cəmiyyətidir. Azərbaycanlı Qadınlar Cəmiyyəti 2011-ci il, sentyabrın 26-da Helsinki şəhərində təsis edilmişdir. Azərbaycanlı Qadınlar Cəmiyyəti Finlandiya Azərbaycanlıları Assosiasiyası nəzdində fəaliyyət göstərir. Cəmiyyətin məqsədi Azərbaycanı hərtərəfli tanıtmaq, Qarabağ həqiqətlərini Avropa xalqlarına çatdırmaq, Avropanın digər olkələrində fəaliyyət göstərən müxtəlif cəmiyyətlərlə əlaqəli fəaliyyət göstərməkdir. Azərbaycanlı Qadınlar Cəmiyyətinin sədri Arzu Oqtaydır.

Azərbaycan-Finlandiya Dostluq Cəmiyyəti-Azərbaycan-Finlandiya Dostluq Cəmiyyəti 2004-cü il mayın 22-də Finlandiya Respublikasının paytaxtı Helsinki şəhərində təsis edilmişdir. Hazırda bu cəmiyyət Azərbaycan mədəniyyətini və tarixini, xalqımızın adət-ənənələrini geniş təbliğ edir, ölkəmizin qarşılaşdığı problemləri Finlandiya ictimaiyyətinə çatdırmağa çalışır. Azərbaycan-Finlandiya Dostluq Cəmiyyətinin sədri Təranə Nəzərovadır. Cəmiyyətdə sədr muavinləri isə Vaasa şəhərində yaşayan Fəridə Qədirova və Tampere şəhərində yaşayan soydaşımız Kamran Şahmərddir.

Finlandiya Azərbaycanlıları Assosiasiyası-Finlandiya Azərbaycanlıları Assosiasiyası 2008-ci il martın 18-də Helsinki şəhərində təsis edilmişdir. Assosiasiyanın məqsədi Azərbaycan cəmiyyətini Finlandiyada təmsil etmək, Azərbaycan toplumunun hər cür problemləri ilə maraqlanıb onlara yardım etmək, Azərbaycan və Finlandiya xalqlarının birliyini yaratmaq, hər iki toplumun bir araya gəlməsinə və müştərək çalışmalarına şərait yaratmaqdır. Azərbaycan mədəniyyətini, Qarabağ həqiqətlərini, bir sözlə, tariximizi fin xalqına tanıtmaqdır. Eyni zamanda, fin xalqının mədəniyyətinin, tarixinin öyrənilməsi də qarşıya qoyulan vəzifələrdəndir. Finlandiya Azərbaycanlıları Assosiasiyası nəzdində Yeniyetmə Gənclər Təşkilatı da fəaliyyət göstərir. Finlandiya Azərbaycanlıları Assosiasiyasının sədri Vasif Muradlıdır.

 

Danimarka

 

Skandinaviya ölkələrinə daxil olan Danimarkada da çoxsaylı Azərbaycan diasporu fəaliyyət göstərir ki, bunlardan da biri Danimarka-Azərbaycan Dostluq Cəmiyyətidir. Danimarka-Azərbaycan Dostluq Cəmiyyəti Danimarkanın Hillerod şəhərində Elxan Hüseynov tərəfindən təsis edilib. Cəmiyyətin fəaliyyəti nəticəsində Danimarka ictimaiyyətinin Azərbaycan həqiqətləri, Ermənistanın Azərbaycana qarşı təcavüzü, erməni qəsbkarlarının dinc azərbaycanlılara qarşı Xocalı soyqırımı etməsi haqqında məlumatları artmış, ölkənin ictimai rəyində Azərbaycanın ədalətli mövqeyinə dair fikirlərin formalaşması sürətlənmişdir. Elxan Hüseynovun vəfatından sonra Danimarka- Azərbaycan Dostluq Cəmiyyətinə Kəmalə Hüseynova rəhbərlik edir.

Danimarka-Azərbaycan Dostluq Cəmiyyəti-Digər bir Danimarka-Azərbaycan Dostluq Cəmiyyətinin əsası Orhus şəhərində qoyulmuşdur. Danimarka-Azərbaycan Dostluq Cəmiyyəti danimarkalı və azərbaycanlı şəxslərdən ibarət könüllü bir cəmiyyətdir. Cəmiyyətin hədəfi cəmiyyət üzvlərinin qarşılıqlı kültür anlayışları zəminində dialoq yaratmaq və inteqrasiya prosesindən ibarətdir. Hazırda Danimarka-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Yusif Nejatbakışdır.

Danimarka-Azərbaycan Türk Qadınlar Birliyi-Danimarka-Azərbaycan Türk Qadınlar Birliyi 2009-cu ildə təsis edilmişdir. Birliyin məqsədi Danimarkada yaşayan azərbaycanlıları bir araya gətirmək, Azərbaycan haqqında həqiqətləri Danimarka ictimaiyyətinə məqsədyönlü və elmi səviyyədə çatdırmaqdır. Həmçinin, Danimarkada yaşayan azərbaycanlıların milli-mənəvi dəyər və hüquqlarının müdafiəsində, oradakı yurddaşlarımızın problemlərinin həllində yardımçı olmaq da Danimarka- Azərbaycan Türk Qadınlar Birliyinin qarşısına qoyduğu vəzifədir. Danimarka-Azərbaycan Türk Qadınlar Birliyinin sədri Anaxanım Hüseynova, sədr müavini isə Nemət Temaltaşdır.

Vətən” Cəmiyyəti-“Vətən” Cəmiyyəti 2007-ci ilin fevral ayından Hillerod şəhərində fəaliyyət göstərir. Cəmiyyətin məqsədi Azərbaycanın mədəniyyətini, tarixini Danimarka əhalisinə tanıtmaqdır. Həmçinin, Azərbaycan xalqının başına gətirilən bəlalar, torpaqlarımızın 20 faizinin ermənilər tərəfindən işğalı, 1 milyon insanın qaçqın və məcburu köçkün həyatı yaşamaq məcburiyyətində qalması, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı BMT tərəfindən qəbul edilən 4 qətnamənin tələblərinin ermənilərin yerinə yetirməməsi barədə danimarkalıların məlumatlandırılması cəmiyyətin əsas fəaliyyət istiqamətidir. “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqidir.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

 

Olaylar.- 2013.- 24 aprel.- S.15.