“Məhkumlar”
peşəkar və uğurlu layihədir
Kazım
Abdullayev: “Mövzuları seçərkən ehtiyatlı olmaq
lazımdır”
Müsahibimiz Əməkdar artist
Kazım Abdullayevdir
- Kazım müəllim, necə oldu
ki, hazırda Tahir obrazına çəkildiyiniz “Məhkumlar”
bədii televiziya serialına dəvət aldınız?
-
İlk öncə onu qeyd edim ki, “Məhkumlar” serialının
rejissoru, istedadlı, gənc dostumuz olan Yaşar Əhmədovla
çoxdan tanışam. Bu, bizim ilk işimiz deyil. Biz onunla
birinci dəfə ANS televiziyasının istehsalı olan “Qaydasız
döyüş” serialında da işləmişik. Xüsusi
vurğulamaq istəyirəm ki, “Qaydasız döyüş”
ümumiyyətlə, Azərbaycan teleməkanında ilk serial
olub. Bu serialı yarıya qədər məhz Yaşar Əhmədov
çəkib. Sonra o, müəyyən səbəblərə
görə bu işdən uzaqlaşdı. Ondan sonra Yaşar müəllim məni
“Oscar production”un istehsalı olan “Nəfs” filminə dəvət
etdi. Və o filmdə də biz bir yerdə
işlədik. O ki qaldı “Məhkumlar”a, bu layihə
başlayanda, sözün düzü, mən ilk gündən
Yaşar müəllimdən təklif gözləyirdim. Hər halda, bu təklif gec də olsa, oldu. Görünür, qismət bu günəymiş.
Və o məni dəvət edəndə iş üslubuna,
iş xüsusiyyətinə bələd olduğum
üçün çox da fikirləşmədən
razılığımı verdim. Baxmayaraq ki,
hal-hazırda mən paralel olaraq daha iki serialda da çəkilirəm.
Onlardan biri “Qarabağnamə”di, digərininsə
hələlik adı tam dəqiqləşməyib. Etik cəhətdən doğru olmadığı
üçün şərti adını demək istəmirəm.
Yeri gəlmişkən, teatrda da işlərim
çoxdu. Tamaşalar, məşqlər... Amma bütün bunlara rəğmən Yaşar Əhmədovla
işləmək mənə xoş olduğundan onun dəvətini
qəbul etdim. Ssenarini oxuduqdan sonra
oynayacağım obraz da ilk baxışdan çox xoşuma gəldi.
Görək, sonrası necə olacaq. Bilirsiniz, serial tamaşadan, tammetrajlı filmdən fərqlənir.
Hər hansı pyesdə, tammetrajlı film
ssenarisində oynayacağı obraz xarakterinə görə,
bütün xüsusiyyətlərinə, incəliklərinə
qədər aktyora tam bəlli olur. Serialda isə məsələ
bir az başqa cürdür. Cünki
ssenari tədricən yazılır və hadisələrin necə
nəticələnəcəyi oyunçuya demək olar ki, məlum
olmur. Və bu da istər-istəməz
müəyyən çətinliklər yaradır. Hər
halda, çalışacağıq ki, bizə göstərilən
etimadı doğruldaq, ortaya tamaşaçının rəğbətini
qazanan, adımıza layiq bir iş qoyaq.
- Hal-hazırda
dövlətin maddi dəstəyi ilə ölkədə
bir-birinin ardınca seriallar çəkilməkdədir.
Artıq bu prosesin ikinci mərhələsinə də start
verilib. Bildiyiniz kimi bu günlərdə dövlət
başçısı bu işə yardım məqsədilə
6 milyon manat ayrılması üçün sərəncam verdi. Dövlətin diqqəti,
qayğısı göz önündədir. Bir peşəkar
kimi bu prosesə, ümumilikdə, çəkilən seriallara
münasibətinizi bilmək maraqlı olardı. Sizcə, hazırda yayımlanan seriallar cəmiyyətə
nə dərəcədə təsir göstərə bilir?
- Bütün hallarda dövlətin
göstərdiyi bu diqqət, qayğı təqdirəlayiqdi. Şəxsən mən bu məsələylə
bağlı ortaya qoyduğu mövqeyə görə cənab
prezidenti alqışlayıram. Dünənə
qədər bizdə xarici seriallar yayımlanırdı.
O seriallar nə qədər istər texniki, istər
yaradıcı baxımdan yüksək keyfiyyətə malik
olsalar da, unutmaq lazım deyil ki, onlar başqa, bizə tanış olmayan, bir az da yad olan mədəniyyətlərin
təzahürləri, nümunələridir. Amma
öz seriallarımız nə olursa-olsun məhz bizim
haqqımızda olacaq. Ya belə, ya elə,
fərqi yoxdur, sonucda bizim mentaletitimizə, bizim mədəniyyətimizə
uyğun olacaq. Elə bu amilin
özünün cəmiyyətimizin inkişafında, adət-ənənələrimizin
təbliğində rolu əvəzedilməz olacaq. Əlbəttə, heç nə birdən
yaranmır, hər yeni yaranan mükəmməl olmur. Bütün bunlar üçün zamana ehtiyac var. Nəzərə
almaq lazımdır ki, bu gün bu işlə əsasən gənclər
məşğul olur. Unutmaq olmaz ki, kinoyla
serial arasında çox böyük fərqlər var. Demək
olar ki, bunlar tamamilə ayrı-ayrı sahələrdir. Mən bir tərəfdən bu prosesə əsasən
gənclərin cəlb olunmasına görə sevinirəm.
Digər tərəfdən isə bizim gənc
rejissorlara tövsiyyə edirəm ki, peşəkarların
xidmətindən, xüsusilə də professional aktyorlardan
yararlansınlar. Bu, ümumi işə
yalnız xeyir verə bilər. İnkişafın
təməlində peşəkarlıq və təcrübə
dayanır. Mən başa düşürəm,
maddi sıxıntılara görə çox vaxt qeyri-peşəkarlara
üstünlük verilir. Amma
beş-üç manatdan ötrü bütöv prosesi zərbə
altında qoymaq düzgün deyil. Hər
hansı serialın baxımlılığını təmin
etmək üçün ilk növbədə professional
aktyorlara müraciət etmək lazımdır. Digər mühüm problem isə seriallardakı dil
və süjet qüsurlarıyla bağlıdır. Və bir də mövzuları seçərkən ehtiyatlı
olmaq lazımdır. Əgər bu
catışmazlıqlar aradan qaldırılsa, inanıram ki,
tezliklə bizim serialların reytinqi ən yüksək həddə
olacaq. Bir sözlə, nə qədər
çox serial çəkilsə, o qədər də
böyük təcrübə əldə olunacaq. Məsələn, mən çox istərdim ki, tariximizi
əks etdirən bir nümunə ortaya qoyulsun. Başa düşürəm, tarixi mövzuya
müraciət etmək üçün böyük maddi vəsaitə
ehtiyac var. Ancaq bu heç də o demək deyil ki, bizim tarixi
film çəkməyə gücümüz çatmırsa,
bayağı kriminal süjet xəttiylə
başımızı qatmalıyıq. Bəzən
bir ailənin timsalında bütün cəmiyyətin
yaşam tərzinə güzgü tutmaq olar.
- Kazım müəllim, konkret olaraq “Məhkumlar”
haqqında – çatışmayan cəhətləri,
üstün tərəfləriylə bağlı nə deyə
bilərsiniz?
- İlk növbədə məni ən
çox sevindirən odur ki, “Məhkumlar”da bir sıra
professsionallar, özünü sənətdə çoxdan təsdiq
etmiş sənətçilər fəaliyyət göstərir. Mənim Yaşar Əhmədovun
təkilifini tərəddüdsüz qəbul etməyimin
başlıca səbəblərindən biri də budur. Çünki sən bilirsən ki, getdiyin yerdə
peşəkarlarla işləyəcəksən. Bu, çox mühüm şərtdir. “Məhkumlar”da bir sıra tanınmış sənətçilər,
Xalq artistləri, Əməkdar artistlər iştirak edir.
Elə bu faktın özü “Məhkumlar”ın
səviyyəsindən xəbər verir. Arzu
edirəm ki, digər rejissorlar da Yaşar Əhmədov kimi
işlərinə bu cür diqqət və məsuliyyətlə
yanaşsınlar. “Məhkumlar”ın digər
seriallardan fərqli və üstün cəhətlərindən
biri də odur ki, mətbuatla sıx və ardıcıl şəkildə
işləyir. Bu, çox təqdirəlayiq,
mühüm amildir. Ümumilikdə, “Məhkumlar”
peşəkar və uğurlu layihədir.
- Bu günlərdə
- aprelin altısında 60 yaşınızı - yibileyinizi
qeyd etdiniz. Bu münasibətlə Sizi təbrik edir, uzun
ömür, can sağlığı arzulayırıq.
Maraqlıdır, Kazım müəllim, 60 yaşında insan,
xüsusilə də sənət adamı, görəsən,
özünü necə hiss edir?
- Təbrikə və xoş sözlərə
görə təşəkkür edirəm. Belə
deyək də, 60 yaş yeni bir mərhələnin
başlanğıcıdır. Düşünürəm
ki, irəlidə məni vacib bir sınaq, imtahan gözləyir.
Çünki arxada qalmış illər ərzində
həm həyatda, həm də sənətdə böyük
bir təcrübə qazanmışam. Artıq
bu təcrübədən layiqincə yararlanmaq
zamanıdır. Etiraf edim ki, hal-hazırda
özümü heç də 60 yaşında hiss etmirəm.
Mənə elə gəlir ki, gəncəm, həm
də çox gəncəm. Ləyaqətlə
yaşamaq, yaratmaq, sənətə, ən başlıcası
isə xalqıma xidmət etmək istəyirəm.
- Siz hazırda “Məhkumlar”da mafiya
başçısı olan Tahir obrazını
canlandırırsınız. Yeri gəlmişkən, 60
yaşında bir mafiya başçısı rolunu oynamaq Sizdə
hansı təəssüratları yaratdı?
- Bu barədə danışmaq istəmirəm.
Hər şeyi tamaşaçının öhdəsinə
buraxıram. Qoy qiyməti
tamaşaçı versin. Tahir bir
obrazdır. Xarakter baxımından məndən
tamamilə fərqlənir. Mənim borcum
işimi peşəkarcasına görməkdən ibarətdir.
Şəxsən mənə gəldik də isə,
düşünürəm ki, həyatda ləyaqətlə
yaşamaqdan qiymətli heç nə yoxdur.
Yağmur
Olaylar.- 2013.- 24 aprel.- S.12.