Hərb
tarixində böyük xidmətləri olan görkəmli diaspor
nümayəndəsi
Tarixin müxtəlif dövrlərində
yaşayıb yaratmış dəyərli, görkəmli
şəxsiyyətlərimiz könüllü
və ya məcburi qaydada
mühacirət etdikləri ölkələrdə yaşayan digər soydaşlarımızla bir araya gələrək
həmin ölkələrdə Azərbaycan diasporu
kimi fəaliyyət
göstərməyə çalışmışlar. Belə
şəxsiyyətlərdən biri də
Azərbaycan diasporunun görkəmli
nümayəndələri sırasında
adı
keçən Mehralı Məmlioğludur.
Mərd sərkərdə,
cəsur ordu başçısı kimi şöhrət
qazanan, Türkiyənin milli qəhrəmanı Mehralı Məmli
oğlu 1844-cü ildə Borçalı mahalının Darvaz
kəndində anadan olmuşdur. Türk mənbələrinin
məlumatına görə, Mehralı 17-18 yaşlarında ikən
onun atası kazaklarla atışma zamanı həlak
olmuşdur. Hökumət tərəfindən onun
atasının cənazəsinin müsəlman qəbiristanlığında
dəfninə icazə verilməmiş və onu zorla,
qarapapaqların adət və ənənələrinə zidd
olan qayda ilə başqa məzarlıqda dəfn etmişlər.
Elə bu hadisə də Mehralının hökumətə
qarşı üsyan qaldırmasına səbəb
olmuşdur. Dəfn olunan günün gecəsi Mehralı bu yad
qəbiristanlığın iki keşikçisini öldürərək
atasının cənazəsini öz kəndlərinin məzarlığında
dəfn edib meşəyə qaçmışdır. Bir
müddət dağlarda, çobanların yanında
qaldıqdan sonra İrana keçən Mehralı bəyi
canişinliyin məmurları təqib etmişlər. O, yenidən
Gürcüstana qayıtmış və dağlara çəkilərək
mübarizəsini davam etdirmişdir. Az sonra Mehralının dəstəsi
xeyli böyümüş və onun şöhrəti
Axılkələk, Borçalı, İrəvan, Trialetlə
yanaşı, Qars, Ərdəhan, Çıldır,
Şürəgəl (Arpaçay), Ağbaba və başqa
bölgələrə də çatmışdır.
Mehralının ələ keçirilməsi və ya
öldürülməsi üçün çar hökuməti
tərəfindən elan olunan böyük məbləğdə
pul və rütbə vədindən sonra ələ keçəcəyindən
ehtiyat edən qiyamçı Türkiyə torpağına,
Şurəgəl qəzasında yaşayan qarapapaqlara pənah
aparmışdır. Rusiya hökuməti Osmanlı
padşahı Sultan Əbdüləzizə müraciət edərək
Mehralının Rusiyaya qaytarılmasını tələb
etmişdir. Burada da Mehralını tutmaq istəyən iki
dövlət məmurunu öldürüb yenidən doğma
yerlərə qayıtmışdır. Bir neçə
döyüşlərdən qalib çıxsa da sonuncu
döyüşdə ağır yaralanmış, Türkiyə
tərəfə keçərkən elə həmin gün də
həbs edilmişdir. Yaraları sağaldıqdan sonra
Mehralıbəy Qars həbsxanasından qaçmağa müvəffəq
olmuşdur. 1877-1878-ci illər rus-türk müharibəsi
başlamışdır. Mehralı bəy qohumlarını və
özünə yaxın bildiyi digər qarapapaqları
başına toplayıb onlara rusların zülm və işgəncələrindən
xilas olmaları naminə Osmanlıya getmələrini məsləhət
bilmiş, onunla razılaşanlarla birlikdə Osmanlıya
keçmişlər. Ona minbaşı, sonra isə albay,
miralay rütbəsi verilmişdir. Mehralı bəy
özünün mahir bir sərkərdə, cəsur bir
döyüşçü olmasını Qars və onun ətrafındakı
məşhur meydan vuruşmalarında bir daha sübut etmiş
və orduda ilk olaraq Osmanlı dövlət mükafatına da
burada layiq görülmüşdür. Bu döyüşlərdə
onun fədakarlığını Ordu Komandanı Qazi Əhməd
Muxtar Paşada yüksək qiymətləndirmiş, azərbaycanlı
döyüşçünün qəhrəmanlıqlarını
paytaxta - müvafiq instansiyalara çatdırmışdır.
Nəticədə Sultan Əbdülhəmid Anadolu cəbhəsində
ilk dəfə olaraq Mehralını Məcidiyyə
Nişanı ilə mükafatlandırmışdır.
Müharibədən sonra Sivasda yaşayan Mehralı bəyi
bir çox təhlükəli üsyan və qiyamların
yatırılmasına da cəlb etmişlər. Mehralı bəy
İraqda qiyamın yatırılmasında böyük fədakarlıq
göstərmişdir. Az sonra Osmanlı dövlətinin
tabeliyində olan Yəməndə türklərə
qarşı üsyan qaldırılanda bu üsyanın
yatırılmasına da Mehralı bəy göndərilmişdir.
Üsyan yatırılsa da Mehralı bəyin özü də
yaralanmışdır. Yəmənin istisinə tab gətirə
bilməyən Mehralı bəy yaralı halda xəstələnir
və 1906-cı ildə orada da vəfat edir. Mehralı Məmlioğlu
istər İran, istərsə, Rusiya, istərsə də
Türkiyədə olduğu illərdə daim azərbaycanlıları
birgə görmək arzusu ilə yaşamış, bu məqsədlə
müxtəlif təşəbüslər irəli
sürmüşdü.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2013.- 25 aprel.- S.15.